Məhkəmə qərarları › İş №2(011)-6627/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6627/2023

14.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6627/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, Hüseynli Mehriban Qalib qızının katibliyi, Cavabdehin nümayəndəsi X5, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İşin iddia ərizəsində qeyd edilən halları:

1. İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən mənzilə Sabunçu rayonu Qaz İdarəsinin əməkdaşları tərəfindən akt tərtib edilmiş, kənar xəttdən istifadə etməsi əsas göstərilməklə borc yazılmışdır. İddiaçı ilə qaz idarəsi arasında təbii qazın alqı-satqı müqaviləsi yoxdur, evdən kənarda və içərisində qaz xəttləri yoxdur. Ev təmirsiz evdir. İddiaçının tələbi:

3. ünvan 1 ünvanına hesablanmış 2575,38 manat borcun (abonent kodu:**********00010) Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Cavabdehin iddiaya münasibəti:

4. Cavabdeh tərəfindən ərizəçinin tələbinə qarşı yazılı etiraz, o cümlədən hər hansı sənəd daxil olmamışdır. İşdə iştirak edən şəxslərin izahatları:

5. Məhkəmə iclasında iştirak edən İddiaçı öz izahatında bildmişdir ki, xx.xx.2023-cü ildə yeni ev almış və daha sonra abonent kodunda çoxlu borc olduğunu aşkarlamış, tutmaların həyata keçirildiyini müəyyən etmişdir. İddia tələbini müdafiə edir, məhkəmədən borcun silinməsini xahiş edir.

6. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X8 öz izahatında bildirir ki, iddianın təmin olunmamasını xahiş edir. İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:

7. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* №-li akta əsasən, mənzilin qaz sayğacına baxış keçirilən zaman abonentin təbii qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etdiyi aşkarlandı.

8. xx.xx.2019-cu il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən, xx.xx.2019-cu il tarixli, ******* saylı aktın əsasında dəymiş ziyanın həcmi 1476 m3 hesablanmışdır;

9. xx.xx.2023-cü il tarixli, 1905 nömrəli İstehlakçının qaz təsərrüfatının inventar Aktına əsasən, xx.xx.2023 tarixində istehlakçıya məxsus mənzildə qaz təsərrüfatına yenidən baxış keçirildi, PQ-4 qaz xəttinə qoşulmayıb.

10. Abonentin saldosundan görünür ki, abonentin qalıq və aktlar üzrə 2018-ci ilin sentyabr ayına 1944 manat, 2018-ci ilin dekabr ayına 361,80 manat, 2019-cu ilin yanvar ayına 147,60 manat, 2019-cu ilin fevral ayına 147,60 manat, 2019-cu ilin mart ayına 147,60 manat, 2019-cu ilin aprel ayına 147,60 manat, ümumilikdə 2018-2019-cu illər üzrə, 2896,2 (iki mi səkkiz yüz doxsan altı manat, iyirmi qəpik) borcu mövcuddur.

11. İP 1040 №-li, xx.xx.2021-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı-X1 qəsəbəsi, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 42A ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDX HDQ DƏDR tərəfindən 30 mart 2011-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********02-10301 olan daşınmaz əmlakın dövlət reyestindən çəxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı- İddiaçı mülkiyyətinə verir.

12. AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur.

13. Cavabdeh baş direktorunun satış üzrə müavini Rəşad Cavadov tərəfindən İddiaçı ünvanlanmış 14-2-2/2-Q-6/24/2022-55 nömrəli, xx.xx.2023-cü il tarixli müracitə baxılması haqqında məktuba əsasən, Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsi, ev 42A ünvanında (istehlakçı hesabı **********00010) qaz təminatı mövcuddur. İstehlakçı hesabı X3 adına qeydiyyatdadır.

14. Cavabdeh baş direktorunun satış üzrə müavini Rəşad Cavadov tərəfindən İddiaçı ünvanlanmış SOCAR**********30560046X21655 nömrəli, xx.xx.2023-cü il tarixli müracitə baxılması haqqında məktuba əsasən, vətənaşa və birliyə cavab verilməsi Bakı Regional Qazın Satışı Departamentinə tapşırılmışdır.

15. Cavabdeh Bakı X9 Departamentinin baş mühəndisi Natiq Mustafayev tərəfindən verilmiş SOCAR**********30560046X22709 nömrəli, 13 dekabr 2022-ci il tarixli fərdi evin qazlaşdırılması barədə məktuba əsasən, Zabrat qəsəbəsi, Cəlil Cəlilov küçəsi, ev 42A ünvanında yerləşən fərdi yaşayış evinə Bakı Regional Qazın Satışı Departamentinin nəzdində yeni qazlaşma işlərinin aparılması ilə əlaqədar işçi qrupun nümayəndələri tərəfindən baxış keçirilmişdir. Sözügedən ünvanda 40016201 nömrəli qaz sayğacı var.

16. Disk və fotoşəkillər.

17. İş materiallarına əlavə olunmuş digər sənədlər.

Tətbiq edilən hüquq:

18. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 572.1. Alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. 614.3. Fiziki şəxs olan alıcının iştirakı ilə pərakəndə alğı-satqı müqaviləsi ilə əlaqədar bu Məcəllə ilə tənzimlənməyən münasibətlərə istehlakçıların hüquqlarının qorunması haqqında qanun və ona uyğun qəbul edilmiş digər normativ hüquqi aktlar tətbiq edilir. 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır.

19. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu:

3. (İstehlakçılar) öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. 18.0. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədilə özündə aşağıdakı tələbləri ehtiva edir: 18.0.1. istehlak bazarında satılan malların (xidmətlərin, işlərin), o cümlədən dərman vasitələrinin qablaşdırılmasının, daşınmasının, saxlanmasının və satış şəraitinin sanitargigiyenik, ekoloji, texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına, qida məhsullarının isə qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlara uyğun olmasına dövlət nəzarətini...

26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. İstehlakçının tələblərini yerinə yetirməklə yanaşı, məhkəmə həmçinin ona dəymiş mənəvi (qeyri-əmlak) zərərin də ödənilməsini həll edir. İstehlakçılar hüquqlarının pozulması barədə qaldırdıqları iddialara görə dövlət rüsumu verməkdən azad edilirlər.

20. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 11.6. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. 13.8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. 13.8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. 13.9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 4.2. Məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6 Qaz sayğaclarının üzərində Xidmətin və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 31 may tarixli 87 nömrəli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən Qaydalar”: 5.1. Əgər istehlakçı ilə qazın verilməsi haqqında bağlanmış müqavilədə fasilə nəzərdə tutulmayıbsa, qazın verilməsi fasiləsiz həyata keçirilir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smartkart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu ödənilir. 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumunu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi:

25. Məhkəmə mülki iş üzrə iddia ərizəsini və əlavə edilmiş sənədləri nəzərdən keçirib təqdim edilmiş sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslıdır və təmin edilməlidir.

26. Belə ki, məhkəmə araşdırması zamanı əlum oluşdur ki, iddiaçı İP 1040 №-li, xx.xx.2021-ci il tarixli Alqı-satqı və ipoteka müqaviləsinə əsasən, satıcı-X1 qəsəbəsi, Zabrat qəsəbəsi, Məmmədyarov küçəsi, ev 42A ünvanında yerləşən və mülkiyyət hüquqları AR ƏMDK yanında DƏDX HDQ DƏDR tərəfindən 30 mart 2011-ci il tarixində verilmiş, qeydiyyat nömrəsi ********** və reyestr nömrəsi **********02-10301 olan daşınmaz əmlakın dövlət reyestindən çıxarışa əsasən ona məxsus daşınmaz əmlakı alıcı - İddiaçı mülkiyyətinə vermişdir. (§11) AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş ********** qeydiyyat nömrəli, xx.xx.2021-ci il tarixli Çıxarışa əsasən, ünvan 4 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur. (§12)

27. Mülki iş materiallarına əlavə edilmiş sənədlərdən məlum olur ki, iddiaçının mülkiyyətində olan evin qaz abunə koduna 2019-ci ilə kimi müxtəlif tarixlərdə cərimə borcları yazılmış, Abonentin saldosunda 2023-cü ilin iyul ayında iddiaçıya məxsus evin abunə kodundan 2575.38 qəpik borc olduğu qeyd edilmişdir. (§10) Hal-hazırda mülkiyyətində olan əmlakın qaz abunə kodunda (**********00010 saylı abunə kodu) keçmiş mülkiyyətçiyə aid borclar qalmaqda davam edir və tutmalar həyata keçirilir.

28. Mülki araşdırma zamanı məlum olmuşdur ki, iddiaçı müxtəlif vaxtlarda cavabdehə qaz sayğacının quraşdırılması ilə bağlı müraciət etmişdir.(§13, §14, §15) İstehlakçının qaz təsərrüfatının inventar Aktından da görünür ki, PQ-4 qaz xəttinə ümumiyyətlə qoşulmamışdır. (§9)

29. Məhkəmə hesab edir ki, əvvəlki mülkiyyətçiyə, o cümlədən istehlakçıya aid borc məbləği iddiaçının mülkiyyətində olan **********00010 saylı abunə kodundan silinməlidir, əvvəlki istehlakçının (mülkiyyətiçinin) borcu iddiaçıdan tələb edilə bilməz.

30. Belə ki, Qaz təchizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən istehlakçı istehlakçı istehlak etdiyi qazın dəyərini tam ödəmək öhdliyi daşıyır, digər istehlakçıya aid və yaqaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır və iddiaçıya itirilmiş qazın bərpası üçün hesablanmış borc məbləği (başqa istehlakçıya aid borc məbləği) silinməli, istehlakçıdan cəriməyə görə tutulmuş məbləğ geri qaytarılmalıdır.

31. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən iddiaçının əvvəlki istehlakçının borcu kimi **********00010 abunə koduna hesablanmış 2575,38 (iki min beş yüz yetmiş beş manat otuz səkkiz qəpik) manat məbləğində borc silinməli, iddia tələbi təmin edilməlidir.

Məhkəmə xərcləri:

32. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.2-ci maddəsinə görə, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Məhkəmə hesab edir ki, iddiaçı istehlakçıların hüquqlarının pozulması ilə bağlı dövlət rüsumunu ödəməkdən azad olduğundan iddianın qiymətinə mütənasib olaraq, yəni 45,75 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət gəlirlərinə alınmalıdır.

33. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə,

QƏT ETDİ:

1. İddia təmin edilsin.

2. Cavabdeh tərəfindən İddiaçı məxsus evin **********00010 saylı abunə koduna hesablanmış 2575,38 (iki min beş yüz yetmiş beş manat otuz səkkiz qəpik) manat məbləğində borc silinsin.

3. Cavabdehndən 45,75 (qırx beş manat yetmiş beş qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin.

4. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Hakim: Samirə Eyvazova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar