Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6630/2021 12.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının nümayəndəsi Guseinov Gasanın iştirakı ilə, İddiaçı ASC-nin Cavabdeh qarşı “lizinq müqaviləsinin ləğv edilməsi, dəymiş zərər və borcun ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı ASC Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, İddiaçı ASC ilə bağlanmış 01 iyun 2017-ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsinin ləğv edilməsi, Cavabdeh 01 iyun 2017-ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsinə əsasən lizinq obyektini müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 mart 2019-cu il tarixə 565.35 manat əsas, 135.88 manat mükafat və həmin günə hesablanmış 331.76 manat dəbbə pulu, 5.307 manat dəymiş zərər, ümumilikdə 6.339,99 manat borcun və ödənilmiş 30 manat dövlət rüsumunun İddiaçı ASC-nin xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış 01 iyun 2017-ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsinə əsasən, X1 ilə 2014-cü il buraxılışlı, “Runna” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NAAUFE7ET044442 ban, 25120 mühərrik nömrəli, ağ rəngli avtomobil 9.550 manat məbləğində İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 10 iyul 2017-ci il tarixdə X5, X6 və İddiaçı ASC arasında AL-606 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və 01 iyun 2017-ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsi üzrə X6 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Lizinq şirkəti ilə X6 arasında imzalanmış yeni ödəniş cədvəlinə əsasən o illik 17 faiz hesablanmaqla 35 aylıq müddətə hər ay sabit olaraq 353.90 manat, ümumilikdə isə 12.386,06 manat lizinq şirkətinə ödəməyi öhdəsinə götürmüşdür. 13 dekabr 2017-ci il tarixdə X6, X3 və İddiaçı ASC arasında AL-606 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və 01 iyun 2017-ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsi üzrə X3 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 24 mart 2018-ci il tarixdə X3, X4 və İddiaçı ASC arasında AL-606 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və 01 iyun 2017-ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsi üzrə X4 bütün öhdəlikləri öz üzərinə götürmüşdür. 24 aprel 2018-ci il tarixdə X4, Cavabdeh və İddiaçı ASC arasında AL-606 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və 01 iyun 2017ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Runna” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 mart 2019-cu il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5.307 manat ziyan dəymişdir. Cavabdeh tərəfindən lizinq şirkətinə sonuncu ödəniş 15 yanvar 2019-cu il tarixdə 354 manat məbləğində olmuşdur. Eyni zamanda Cavabdeh 01 iyun 2017-ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsi üzrə lizinq obyektinə müvəqqəti sahiblik və istifadə edilməsinə görə 15 mart 2019-cu il tarixə 565.35 manat əsas, 135.88 manat mükafat və həmin günə hesablanmış 331.76 manat dəbbə pulu, cəmi 1032,99 manat borcu yaranmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barəsində lazımi qaydada məlumat göndərilsə də, o, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan sənədlərdən görünür ki, İddiaçı ASC ilə X5 arasında bağlanmış 01 iyun 2017-ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsinə əsasən, X1 ilə 2014-cü il buraxılışlı, “Runna” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı, NAAUFE7ET044442 ban, 25120 mühərrik nömrəli, ağ rəngli avtomobil 9.550 manat məbləğində İddiaçı ASC-nin mülkiyyətinə alınmış və sifarişçinin müvəqqəti sahiblik və istifadəsinə verilmişdir. 24 aprel 2018-ci il tarixdə X4, Cavabdeh və İddiaçı ASC arasında AL-606 saylı öhdəliklərin ötürülməsi müqaviləsi bağlanmış və 01 iyun 2017-ci il tarixli AL- 606 saylı daxili lizinq müqaviləsi üzrə Cavabdeh bütün öhdəlikləri öz üzərinə götürmüşdür. Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Runna” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 mart 2019-cu il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5.307 manat ziyan dəymişdir. Lizinq alan lizinq verən qarşısında öhdəlik götürməsinə baxmayaraq, öhdəliyin icrasını təmin etməmiş, o cümlədən lizinq obyektinə maddi zərər yetirmiş, lakin borcun və zərərin ödənilməsi ilə bağlı iddiaçının xəbərdarlıqlarını yerinə yetirməmişdir. Bununla da, lizinq verən tərəfindən lizinq obyektinə dair müqavilənin ləğv edilməsi, lizinq obyektinə dəymiş zərərin və borcun tələb edilməsi üçün əsas yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Həmin Məcəllənin 748-1.5-ci maddəsinə əsasən, lizinq müqaviləsi qanuni qüvvəyə mindikdə lizinq alanın (müvafiq olaraq lizinq verənin lizinq verəndən (müvafiq olaraq lizinq alandan) lizinq müqaviləsi üzrə öhdəliklərinin yerinə yetirilməsini tələb etmək və onların yerinə yetirilmədiyi təqdirdə lizinq obyektinin qəbuluna hazırlıq zamanı vurulmuş zərərin, əgər bu hazırlıq üçün bilavasitə xərc çəkilibsə, lizinq verən (müvafiq olaraq lizinq alan) tərəfindən ödənilməsini məhkəmə yolu ilə tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.8-ci maddəsinə əsasən, lizinq müqaviləsinə xitam verildikdən sonra lizinq alan lizinq obyektini normal köhnəlmə (amortizasiya) və ya lizinq müqaviləsi ilə şərtlənən köhnəlmə nəzərə alınmaqla, lizinq verənə ondan aldığı vəziyyətdə (halda) qaytarmalıdır. Həmin Məcəllənin 748-1-9-cu maddəsinə görə, lizinq alan lizinq obyektini qaytarmayıbsa və ya vaxtında qaytarmayıbsa, lizinq verənin gecikmə vaxtı üçün ödəniş tələb etmək hüququ vardır. Həmin Məcəllənin 748-1.12-ci maddəsinə görə, lizinq verənin lizinq alanın lizinq obyektindən istifadə şəraiti lizinq müqaviləsinin şərtlərinə və ya lizinq obyektinin təyinatına uyğun deyilsə; lizinq alan lizinq verənin icazəsi olmadan sublizinq həyata keçirirsə; lizinq alan lizinq obyektini işlək halda saxlamırsa və bu da onun istehlak keyfiyyətlərini pisləşdirirsə; lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə pul məbləğlərini və lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsini vaxtından əvvəl ləğv etmək hüququ vardır. Həmin Məcəllənin 748-7.1-ci maddəsinə görə, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, həmçinin onun məhv edilməsi, itirilməsi, korlanması, talanması, vaxtından əvvəl sıradan çıxması, quraşdırılması və ya istifadəsi zamanı buraxılan səhvlərdən və istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyəti, lizinq müqaviləsi ilə ayrı qayda nəzərdə tutulmayıbsa, lizinq obyektinin faktiki qəbulu anından lizinq alan daşıyır. Həmin Məcəllənin 748-10.1-ci maddəsinə əsasən, lizinq müqaviləsinin qüvvədə olduğu müddət ərzində həmin müqavilə üzrə ödənişlərin ümumi məbləği lizinq ödənişləri hesab edilir. Lizinq ödənişləri lizinq müqaviləsi üzrə lizinq alana verilmiş lizinq obyektindən istifadəyə görə onun tərəfindən lizinq verənin xeyrinə həyata keçirilən ödənişlərdir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə görə isə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlara və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Qeyd edilənlərlə müəyyən olundu ki, Cavabdeh İddiaçı ASC ilə bağladığı 01 iyun 2017-ci il tarixli müqavilə üzrə götürdüyü öhdəliklərə əməl edib, lizinq ödənişlərini, lizinq verənin mükafat məbləğini, ona hesablanmış cəriməni, o cümlədən lizinq obyektinə vurduğu zərəri ödəməmişdir, hansı ki, maddi zərər yetirilmiş avtomobil iddiaçıya geri qaytarılmış, tərtib edilmiş qüsur aktı ilə müəyyən edilmişdir ki, avtomobilin ehtiyat hissələrinin yenisi ilə əvəz olunması, təmir və digər işlərin görülməsi üçün ümumilikdə 5.307 manat tələb olunur. Məhkəmə qeyd olunan maddi hüquq normalarının tələblərinə və işin faktiki hallarına əsasən hesab edir ki, məhkəmədə müəyyən olunmuş faktiki hallar tərəflər arasındakı hüquqi münasibətlərə uyğun gəldiyindən, eləcə də cavabdeh müqavilə üzrə lizinq verən qarşısında öhdəlik götürdüyündən, lizinq obyekti olan əmlakın zərərin bütün növlərindən qorunması, istismarı zamanı yol verilən risklərdən qorunması ilə bağlı məsuliyyət daşıdığından ödənilməmiş pul məbləğlərini, habelə lizinq obyektinə vurduğu maddi zərəri iddiaçıya ödəməlidir. Məhkəmə iddiaçı tərəfindən tələb edilən əsas borcu və mükafatı nəzərdən keçirib, iddiaçı tərəfindən təqdim edilmiş və cavabdehin 15 mart 2019-cu il tarixinə olan borcunu əks etdirən 16 sentyabr 2021-ci il tarixli, 557 nömrəli maliyyə arayışını mötəbər sübut kimi qiymətləndirib hesab edir ki, iddia tələbi əsas borcun və mükafatın tutulması hissəsində tam təmin edilməli, Cavabdeh 565.35 manat məbləğində əsas borc və 135.88 manat mükafat iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, iddiaçının tələb etdiyi 331.76 manat məbləğində cərimə məbləği tənasübsüz surətdə yüksək olduğundan dəbbə məbləği azaldılaraq 10 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin cavabdehdən 5.307 manat dəymiş zərərin tutulması hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi həmin hissədə də əsaslıdır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh müvəqqəti istifadəsinə verilmiş İddiaçı ASC-nin mülkiyyətində olan “Runna” markalı, **-PJ-*** dövlət qeydiyyat nişanlı avtomobil 15 mart 2019-cu il tarixdə istifadəyə yararsız vəziyyətdə şirkətin müvəqqəti duracağında yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 5.307 manat ziyan dəymişdir. 01 iyun 2017-ci il tarixli AL- 606 saylı “Daxili Lizinq” müqaviləsinin 11.4-cü bəndinə əsasən, Lizinq obyekti məhv olduqda, həmçinin onun zədələnməsi nəticəsində bərpası mümkün olmayan vəziyyətə düşdükdə, lizinq alan lizinq ödənişləri ilə lizinq obyektinin məhv olması anına ödənilmiş lizinq ödənişləri arasındakı fərqi lizinq verənə ödəməli və ya öz hesabına istifadəsinə verilmiş lizinq obyektinə analoji olan əmlakı əldə etməyi dərhal həyata keçirməlidir. İş materiallarına əlavə edilmiş maliyyə arayışından görünür ki, Cavabdeh 01 iyun 2017-ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsi üzrə 15 mart 2019-cu il tarixə lizinq obyektinə vurduğu zərərə görə 5.307 manat zərər yaranmışdır. Belə olduğu halda, məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə də təmin olunmalı, 5.307 manat zərərin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iddia tələbinin “daxili lizinq müqaviləsinin ləğv edilməsi” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tərəfindən cavabdehə 22 avqust 2019-cu il tarixdə xəbərdarlıq (pretenziya məktubu) göndərilərək daxili lizinq müqaviləsi üzrə yaranmış borc məbləğinin 7 gün ərzində ödənilməsi tələb edilmiş, əks halda daxili lizinq müqaviləsinin ləğv edilməsi və yaranmış borcun məhkəmə qaydasında tutulması barədə xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası MM-nin 421.2-ci maddəsinə əsasən, tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur. Həmin Məcəllənin 423.2-ci maddəsinə əsasən, müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Bununla belə, məhkəmə cavabdehə ünvanlanmış bu pretenziya məktubunu iddiaçı tərəfindən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 423.2-ci maddəsinin tələblərinə riayət edilməsi kimi qiymətləndirir və belə qənaətə gəlir ki, iddiaçı hüquqi nəticə etibarı ilə müqavilələrin ləğv edilməsi təklifi ilə cavabdehə müraciət etmişdir və bu səbəbdən iddia tələbi 01 iyun 2017-ci il tarixli daxili lizinq müqaviləsinin ləğv edilməsi hissəsində əsaslıdır və təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı ASC ilə bağlanmış 01 iyun 2017-ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsi ləğv edilməli, Cavabdeh 01 iyun 2017-ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsinə əsasən 565.35 manat əsas, 135.88 manat mükafat, 10 manat dəbbə pulu, 5.307 manat dəymiş zərər, ümumilikdə 6.018,23 manat borc İddiaçı ASC-nin xeyrinə tutulmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ödəniş tapşırığından görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, cavabdehdən 27 manat dövlət rüsumu alınaraq iddiaçıya ödənilməli, 3 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. İddiaçı ASC ilə bağlanmış 01 iyun 2017-ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsi ləğv edilsin. Cavabdeh 01 iyun 2017-ci il tarixli AL-606 saylı daxili lizinq müqaviləsinə əsasən 565.35 (beş yüz altmış beş manat otuz beş qəpik) manat əsas, 135.88 (yüz otuz beş manat səksən səkkiz qəpik) manat mükafat, 10 (on) manat dəbbə pulu, 5.307 (beş min üç yüz yeddi) manat dəymiş zərər, ümumilikdə 6.018,23 (altı min on səkkiz manat iyirmi üç qəpik) manat borc pul vəsaiti və 27 (iyirmi yeddi) manat dövlət rüsumu alınaraq İddiaçı MMC-yə ödənilsin. 3 (üç) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6630/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6630/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver