Məhkəmə qərarları › İş №2(011)-6690/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6690/2024

16.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6690/2024 16.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Kazımov Samir Vaqif oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş akta əsasən ona qanunsuz hesablanmış 777,60 manat borcun silinməsi, iddia ərizəsinin yazılmasına görə vəkilə ödənilmiş 200 manat pulun, dəymiş mənəvi zərərə görə 800 manat məbləğində pulun və 30 manat dövlət rüsumunun cavabdeh "Azəriqaz" İB-dən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ünvan 1 ünvanında yaşayır. Daimi yaşadığı ünvan 1 ünvanında **********03780 abonent kodlu qaz sayğacı quraşdırılıb. Qışa hazırlıqla əlaqədar bir neçə gün bundan əvvəl qaz sayğacına 10 manat məbləğində qaz yükləmişdir. Lakin qaz sayğacının göstəricilərinə diqqət yetirdikdə yüklədiyi pulun qaz sayğacında olan göstəricilərlə uyğunsuzluğunu müəyyən etmişdir. Bu hal bir neçə dəfə davam etdi. Bununla əlaqədar iddiaçı Bakı şəhəri Suraxanı Qaz idarəsinə müraciət etmişdir və ona bildirilmişdir ki, onun qaz sayğacına 777,60 manat cərimə yazılıb və bu səbəbdən yüklədiyi pulun yarıdan çoxu borcun bağlanması üçün tutulur. Belə ki, Cavabdeh İB-nin BRQSD-nin əməkdaşları tərəfindən yaşadığı evə quraşdırılmış G4 markalı 1702AZ**********24 saylı sayğacda “ALARM-1” rejimi aşkar edildiyi üçün cəmi 6.480 m3 qazın güya tərəfindən talanması aşkar edilərək 777,60 manat borc hesablanmışdır. Bundan sonra o Cavabdeh İB-nə şikayət ərizəsi ilə müraciət edərək, birinci qrup əlil olduğunu və tərəfindən sayğaca hər hansı müdaxilənin edilmədiyini bildirməklə borcun silinməsini xahiş etsə də, bu istiqamətdə hər hansı tədbir görülməməklə qanunsuz hesablanmış 777,60 manat borc silinmir. Hazırda o, yaşadığı ünvanda hər dəfəsində qazdan istifadəyə görə müəyyən məbləğlərdə hesaba pul yükləyir və yüklədiyi pulun 50 faizini akt əsasında ona hesablanmış 777,60 manat qanunsuz sərfiyyata çıxırlar. Bu isə qüvvədə olan bütün qanunvericilik aktlarının tələblərini pozmaqla yanaşı Cavabdeh İB BRQSD-nin əməkdaşlarının özbaşına hərəkətlərindən başqa bir şey deyil və hesab edilmişdir ki, Cavabdeh İB-nin BRQSD-nin əməkdaşları tərəfindən onun yaşadığı evə quraşdırılmış G4 markalı 1702AZ**********24 saylı **********03780 abonent kodlu sayğacda ALARM-1 rejimi aşkar edildiyi üçün müəyyən edilmiş 777,60 manat qaz sərfiyyatı qanunsuz olduğu üçün silinməlidir. Belə ki, qeyd olunan aktın hansı tarixdə tərtib olunduğu göstərilsə də, aktın ayında qaralamalar olduğu üçün dəqiq tarixi müəyyən etmək olmur. Əlavə olaraq akt tərtib edilərkən onu Cavabdeh İB BRQSD-nin əməkdaşları Ramazanlı Elnur və Hacı Eldar adında şəxslər imzalayıblar. Azərbaycan Respublikası inzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq bu tipli aktlar tərtib edilərkən iki hal şahidinin iştirakı məcburidir. Lakin aktdan da göründüyü kimi aktı bir tək işin nəticəsində maraqlı olan Cavabdeh İB BRQSD-nin əməkdaşları imzalayıblar. Əlavə olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin tələblərinə uyğun olaraq, bu tipli aktlar tərtib edilərkən aktı tərtib edənlərin adı, soyadı və ata adı aktda qeyd olunmalıdır. Lakin aktda nəzərə yetirdikdə aktın imzalayanların soyadı və adı qeyd edilsə də ata adları qeyd edilməyib. İstehlakçı olaraq sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə və ya onda olan nasazlıqlara görə iddiaçı şəxsən cavabdehlik daşımır. Həmçinin bu cür aktlar tərtib edildikdə onun abonent olaraq iştirakı bir qayda olaraq təmin edilməli idi. Lakin bu hal baş verməmişdir və o, akt barədə məlumatı bir neçə ay sonra almışdır. Qazdan istifadəni tənzimləyən bu qanunvericilik normaları qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısının qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmasını, dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməsini, qazın verilməsinin dayandırılması və bərpa edilməsinin hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməsi və aktın bir nüsxəsinin istehlakçıya təqdim edilməsini tələb edir. Bundan əlavə onun evinə aid qaz sayğacında hər hansı problemin olmasına dair həmçinin heç bir video və ya foto çəkilişdə aparılmamaqla aktda da bu barədə heç bir hal qeyd olunmayıb. Həmçinin Qaz İdarəsindən ona təqdim edilmiş abonent saldosundan göstərilən sərfiyyatın nəyə əsaslanaraq hesablandığı müəyyən etmək mümkün olmur. O, birinci qrup əlil kimi yeriyə bilmir və daimi olaraq əlil arabası ilə hərəkət etmək məcburiyyətindədir. Fiziki olaraq tam iflic olduğu üçün əlil arabasının hərəkətə gətirilməsi kənar müdaxilə olmadan gerçəkləşdirilməsi qeyri-mümkündür. O, bu vəziyyətdə yaşlı həyat yoldaşının köməkliyi ilə bir neçə dəfə həm Bakı şəhəri Suraxanı rayon Qaz idarəsinə və həmçinin Cavabdeh İB-nə gedib yüksək vəzifəli şəxləri ilə görüşsə də, yaşadığı evə quraşdırılmış qaz sayğacına hesablanmış 777,60 manat borc silinmir. Son olaraq isə onlar onu nəyinki qəbul etmək heç inzibati binaya buraxmaq istəmirlər və ona “get ürəyin hara istəyirsə şikayət et sənin borcunu silməyəcəyik” demişlər. Bu münasibətdən məyus olduğu üçün çox təsirləndi və depressiyaya düşmüşdür. Artıq bir necə aydır düzgün qidalana da bilmədiyi üçün xəstəlikləri daha da ağırlaşıb və daimi həkim nəzarəti lazım olduğundan demək olar ki, hər gün yaşadığı ünvana təcili yardım briqadası gəlir. Ona təcili tibbi yardım edilməsə o ağır vəziyyətdən çıxa bilmir. Sözün əsl mənasında ölmək istəyir. Onun bu hallara düşməyinin bir tək səbəbi ona hesablanmış qanunsuz borcdur. Bu hal onu ağır depressiyaya salmaqla ona mənəvi istirablar verir. Göstərilənləri nəzərə alıb məcbur qalıb yazılmış qaz borcunun silinməsi üçün məhkəməyə iddia ərizəsinin yazılması üçün vəkilə müraciət etmiş və bu məqsədlə vəkili Elçin Əmirovla müqavilə bağlayıb iddia ərizəsinin yazılması üçün 9 saylı Vəkil Bürosunun bank hesabına 200 manat rəsmi ödəniş etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını araşdıraraq və iddiaçının izahatını dinləyərək, hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X2nın pozulması haqqında” xx.xx.2024-cü il tarixli ******* nömrəli aktdan görünür ki, xx.xx.2024-cü il tarixli dövlət yoxlamasına əsasən 17-072224 saylı sayğacda “ALARM-1” rejimi aşkar olunub. Sayğac istismara yararsızdır. İş materiallarında olan İddiaçı məxsus **********03780 saylı abonentin saldosundan görünür ki, abonentin 2024-cü ilin fevral ayı üzrə cədvəlin “qalıq və aktlar” bölməsində 777,60 manat borcu mövcud olmuşdur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2024-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 6.480 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə MSK – 14-2-2/3-5- 9838/Q001 saylı xx.xx.2024-cü il tarixli aktın surətindən görünür ki, sayğaca baxış keçirilmişdir. Sayğacda xx.xx.2023-cü və xx.xx.2023-cü il tarixində “ALARM-1” rejimi aşkar olunub. Sayğac istismara yararsızdır. İş materiallarında olan 26 iyul 2024-cü il tarixli hüquqi yardımın göstərilməsi haqqında müqavilədən görünür ki, vəkil ona həvalə edilən tapşırıq (iddia ərizəsinin hazırlanması) əsasında hüquqi yardım göstərməyi, müraciət edən şəxs isə hüquqi yardıma görə haqq ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci maddəsinə əsasən hüquqi yardıma görə haqq qarşılıqlı razılıqla 200 manat müəyyən olunur və başqa razılaşma yoxdursa bir qayda olaraq müqavilə bağlandığı vaxtda ödənilir. İş materiallarında olan qəbzdən görünür ki, xx.xx.2024-cü il tarixində 200 manat məbləğində pul vəsaiti X1. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş 6.480 m3 qazın bərpası üçün hesabat aparılmış və iddiaçıya dəymiş ziyan olaraq 777,60 manat məbləğində borc hesablanmışdır. Həmçinin dövlət yoxlanılması nəticəsində müəyyən edilmişdir ki, ünvanda qurşadırılmış qaz sayğacı istismara yarasız olmuşdur. Belə ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X2 ilə tənzimlənir. X2 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X2 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X2”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:

1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;

2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;

3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-ci maddəsinə görə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının “Təbii qazın ölkədaxili tariflərinin tənzimlənməsi barədə” 16 oktyabr 2021 -ci il tarixli 13 nömrəli Qərarına əsasən, əhali abonentləri üçün təbii qazın illik istehlak həcminin 1200 m3 (1200 m3 daxil olmaqla) olan hissəsi üçün hər 1 m3-i 0,12 manat, illik istehlak həcminin 1200 m3-dən 2500 m3dək hissəsi üçün 0,20 manat, illik istehlak həcminin 2500 m3-dən çox olan hissəsi üçün isə 0,25 manat qiymət müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Göründüyü kimi, Mülki-Prosessual Məcəllənin 77.2-ci maddəsinin tələblərinə əsasən borcun hesablanmasına əsas olan aktı cavabdeh təşkilat qəbul etdiyindən, bu borcun əsaslı olmasını sübut etmək vəzifəsi məhz cavabdehin üzərinə düşür. Belə ki, istehlakçının qazın talanmasında, habelə sayğaca müdaxilə etməsində təqsirli olması müvafiq orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Cavabdeh istinad etdiyi xx.xx.2024-cü il tarixli ******* saylı akt üzrə göstərilən sübutlar məhkəməyə təqdim edilməmişdir. Belə ki, məhkəmə hesab edir ki, cavabdehin iddiaçıdan təbii qazın istehlakına görə 777,6 manat məbləğində borcun ödənilməsini tələb etməsi qanunsuz və əsassızdır. Belə ki, iddiaçının sayğaca müdaxilə etməsi şübhədən kənar sübutlarla öz təsdiqini tapmamışdır. Buna görə də, iddia təmin edilərək, qaz sərfinə görə iddiaçıya hesablanmış 777,6 manat məbləğində borc silinməlidir. İddiaçının mənəvi zərər çəkməsi ilə bağlı məhkəmə qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında qeyd edilir ki, mülki qanunvericilikdə şəxsin ölümü və ya sağlamlığına zərər yetirilməsi ilə əlaqədar mənəvi zərərin ödənilməsi əsaslarını müəyyən edən konkret hüquq normasının nəzərdə tutulmaması bu barədə iddia tələbinin rədd edilməsi üçün əsas ola bilməz və belə tələb Mülki Məcəllənin 23-cü maddəsinə əsaslanmaqla mənəvi zərərin ödənilməsi qaydasında irəli sürülə bilər. İşin mübahisəsiz halları ilə müəyyən edilir ki, cavabdehin işçiləri iddiaçının birinci qrup əlil olduğunu nəzərə almayaraq, onu inzibati binaya buraxmamışlar, həmçinin ona kobudcasına davrandığından iddiaçıda mənəvi sarsıntılar, şüurunda mənfi hallar, ümidsizlik, yaşamaq eşqinin azalması və s. kimi hallar yaratmışdırlar. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 aprel 2020-ci il tarixli Qərarında da deyilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Habelə, “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il 3 noyabr tarixli qərarında göstərilir ki, şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Beləliklə, şərh edilənlər əsasında məhkəmə hesab edir ki, cavabdehin iddiaçıya əsassız borc hesablaması iddiaçıya psixoloji stress, sarsıntı və s. formada mənəvi zərərin yetirməsi ilə nəticələnmişdir. İddiaçının ona mənəvi zərərin dəyməsinə görə tələb etdiyi pul məbləği həcminə görə qismən əsaslıdır. Məhkəmə mənəvi zərərin həddini müəyyən edərkən iddiaçının mənəvi sarsıntılar küçirməsini, birinci qrup əlil olmasını, habelə cavabdehin maddi vəziyyətini də nəzərə alaraq, iddiaçının xeyrinə ona dəymiş mənəvi zərərin əvəzi olaraq cavabdehdən 200 manat pulun tutulmasını ağlabatan hesab edir. Məhkəmə iddia ərizəsinin hüquqi yardımla bağlı tələbinə qiymət verərək, hesab edir ki, hüquqi yardıma görə çəkilmiş xərcin məbləği olan 200 manat məbləği cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 121.1-ci maddəsinə əsaəsn, məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə (abonent kodu: **********03780) İddiaçı 2024-cü ilin fevral ayı üçün hesablanmış 777,60 (yeddi yüz yetmiş yeddi manat altmış qəpik) manat məbləğində borc silinsin. Dəymiş mənəvi ziyana görə 200 (iki yüz) manat məbləği, hüquqi yardıma görə ödənilmiş 200 (iki yüz) manat məbləği və 30 (otuz) manat dövlət rüsümu olmaqla, cəmi 430 (dörd yüz otuz) manat pul vəsaiti Cavabdehndən alınaraq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aynur Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar