Məhkəmə qərarları › İş №2(011)-6723/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6723/2021

08.10.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6723/2021 08.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, abonent saldosunda Cavabdeh İB-nin 18 ədəd epizodda hesabladığı iddiaçının evində qaz sərfinə 4.488 manat borcun hesabından silinməsi, 06.2010-cu ildən 05.2012-ci ilədək qaz sərfiyyatı 454 manat dəyərində olduğu halda artıq ödədiyi 830 manat pulun ona geri qaytarılması, ona saxtakarlıqla elan olunmuş evində qaz sərfinə borc üzrə 10 il ərzində Cavabdeh İB tərəfindən dəymiş mənəvi və maddi zərərin 5.000 manat həcmində ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının ərizəsi əsasında 15 iyul 2021-ci ildə Xəzər Rayon Məhkəməsinin hakimi Emin Məmmədlinin sədrliyi ilə Xəzər Rayon Məhkəməsinin hakimi Əkrəm Qəhrəmanovun 2(003)-1750/2018 nömrəli qiyabi qətnaməsinin ləğvinə qərar verilmişdir. Bu qərarın əsasında iddiaçının evində qaz sərfinə 4.260 manat borcdan 3.523 manat pozulmuş və cəmi bir akta istinad olunaraq 727 manat borc ondan tutulmuşdur. Cavabdeh İB-nin abonent saldosunda iddiaçının evində qaz sərfinə görə 8.021 manat borc qeyd olunmuşdur. Qiyabi qətnamənin ləğvi üzrə 8.021 manat ümumi borcdan 3.533 manat pul pozulmuşdur. Belə olan halda iddiaçıya elan olunmuş 8.021 manat borcdan 4.488 manat borc qalır. Həmin borc qiyabi qətnamə üzrə 9 ədəd saxta akt üzrə hesablanmış 3.533 manat saxta borc silindikdən sonra qalıq qalmışdır. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış 4.562,20 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia təmin olunmalıdır. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 16 may 2018-ci il tarixli 2(003)-1750/2018 saylı qiyabi qətnaməsindən görünür ki, cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə 4.260,10 manat məbləğində əsas borcun və 30 manat məbləğində dövlət rüsumunun Cavabdeh İB-nin xeyrinə tutulması qət edilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1750/2018 saylı, 16 iyun 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-1750/2018 saylı 16 may 2018-ci il tarixli qiyabi qətnaməsi ləğv edilmişdir. Xəzər Rayon Məhkəməsinin 15 iyul 2021ci il tarixli 2(003)-3264/2021 saylı qətnaməsi ilə cavabdeh İddiaçı 727.20 manat pul vəsaiti tutularaq Cavabdeh İB-nin xeyrinə ödənilməsi qət edilmişdir. Sözügedən qətnamə ilə 26 yanvar 2018-ci il tarixə qədər cavabdeh təşkilat tərəfindən tərtib edilmiş aktlara qiymət verilmişdir. Cavabdeh təşkilat tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında 20 noyabr 2019-cu il, 30 oktyabr 2019-cu il və 12 mart 2020-ci il tarixli 3 akt məhkəməyə təqdim edilmişdir. Məhkəmə təqdim edilmiş aktlarla bağlı qeyd edir ki, iddiaçı 20 noyabr 2019-cu il tarixli akta əsasən 142.2 manat, 30 oktyabr 2019-cu il tarixli akta əsasən 295.2 manat və 12 mart 2020-ci il tarixli akta əsasən 118.1 manat məbləğində cərimə edilmişdir. Qanunvericiliyin tələblərindən də göründüyü kimi Cavabdeh İB-nin tələb etdiyi 4.562,20 manat zərərin hesablanmasının əsaslarını sübut etmək vəzifəsi bu cavabdehin üzərinə düşür. Lakin, məhkəməyə iş üzrə cavabdeh tərəfindən 3 aktdan başqa hər hansı sübut təqdim edilməmişdir. Məhkəmə cavabdeh tərəfindən təqdim edilmiş 3 akta münasibətdə qeyd edir ki, cavabdeh təşkilat həmin aktların tərtib edilmə əsaslarını qanuna uyğun şəkildə sübuta yetirə bilməmişdir. Belə ki, məhkəməyə təqdim edilmiş aktlara iddiaçının ünvanını əks etdirən hər hansı fotoşəkil və ya digər sübut əlavə edilməmişdir. Eyni zamanda iddiaçıya aid saldoda iddiaçının fərqli tarixlərdə də cərimələnməsi göründüyü halda cavabdeh təşkilat bu cərimələrin hansı akta əsasən və hansı əsaslarla yazılmasını sübuta yetirə biləcək hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, istehlakçı tərəfindən istehlak qaydaları pozulduğu zaman istehsalat birliyi tərəfindən akt tərtib olunaraq həmin akt əsasında istehlakçının törətdiyi qayda pozuntusu nəticəsində ondan müvafiq vəsait tutulmalıdır. Hazırkı iş üzrə istehlakçı tərəfindən hansı qaydaların pozulması, ona yazılmış borc məbləğinin hansı əsasla və hansı akt əsasında yazılması iş materialları ilə sübuta yetirilməmişdir. Azərbaycan Respublukası MPM-nin 14.2-ci maddəsinin tələblərinə əsasən məhkəmə yalnız tətəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələblərinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə öz qətnaməsini yalniz məhkəmə iclasında tadqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyri-qanuni xətlə qoşulması halı öz təsdiqini tapmadı. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından, cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı əsassız hesablanmış 4.562,20 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 500 manatdan artıq olduğundan və iddia tələbi tam təmin olunduğundan cavabdehdən 30 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçının **********00220 saylı abunə koduna hesablanmış 4.562,20 (dörd min beş yüz altmış iki manat iyirmi qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar