Məhkəmə qərarları › İş №2(011)-673/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-673/2022

23.06.2022 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-673/2022 23.06.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı “müqavilənin, protokoldan çıxarışın və onun əsasında əldə edilmiş çıxarışın etibarsız hesab edilməsi” barədə iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında olan müqavilə, protokoldan çıxarış və onun əsasında əldə edilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 İddiaçı qarşı ünvan 1 ünvan ünvan 2 təhvil verilərək, onun mənzilə köçürülməyinə dair Xətai Rayon Məhkəməsinə müraciət edərək bu barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının iddianı verməyə, yəni ona məxsus mübahisəli mənzilə köçürülməyi tələb etməyə subyektiv hüququ yoxdur. 14 avqust 2009-cu il tarixdə Cavabdeh1 MTK ilə ünvan 3 ünvanında tikilən 16 mərtəbəli yaşayış binasının 7 mərtəbəsində, ümumi sahəsi 98,2 kv.m olan 1-ci blok, mənzil 38-də 2 otaqdan ibarət olan mənzili bir pay olaraq iddiaçıya verməyi Cavabdeh1 MTK öhdəsinə götürmüşdür. Mənzilin iddiaçıya verilməsi ilə bağlı aralarında 106 saylı müqavilə bağlanmışdır. Müqavilə bağlandıqdan sonra iddiaçı müqavilədə göstərilmiş şərtlərə uyğun olaraq müvafiq ödəniş etdikdən sonra mərhələli formada mənzilində müəyyən təmir işləri aparmağa başlamışdır və hal-hazırda təmir işlərini davam etdirir. Lakin sonradan iddiaçıya məlum olmuşdur ki, onun mənzili ilə bağlı digər şəxslə müqavilə bağlanmış, həmin şəxs DƏDRX-nə müraciət edərək çıxarış almışdır. İddiaçı bu şəxsin Cavabdeh2 olduğunu öyrənmişdir. Mənzilin digər şəxsin adına olmasından onun “mənzilin təhvil verilməsi və mənzilə köçürülmə” ilə bağlı Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia qaldırıldıqdan və iddianın təmin tədbiri qismində təmir-tikinti işlərinin həyata keçirilməsinin qadağan edilməsi barədə 29 yanvar 2021-ci il tarixli qərardad icraya yönəldikdən sonra xəbəri olmuşdur. Bu mənzil daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İddia ərizəsinə əlavə edilmiş müqavilədən, qəbzlərdən və maliyyə arayışından da göründüyü kimi, Cavabdeh1 MTK ilə iddiaçının arasında müqavilə bağlanmış, həmin müqaviləyə əsasən öhdəliyi yerinə yetirmişdir və mənzil iddiaçıya təhvil verilmişdir, hətta iddiaçı orada təmir işləri aparmışdır. İddiaçının mənzilinə dair Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında olan müqavilədən məlumatı olmamışdır. Həmin müqavilə qanunsuz olaraq tərtib edilmiş və onun əsasında çıxarış alınmışdır. Odur ki, cavabdehlər Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında bağlanmış 19 noyabr 2020-ci il tarixli müqavilə, ümumi yığıncağın protokolundan çıxarış və onun əsasında əldə edilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarış etibarsız hesab edilməlidir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş tərəflər məhkəməyə gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Belə ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Qərarında qeyd edilmişdir ki, iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub olmadığının müəyyən olunmasıdır. Hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Hazırkı mülki iş üzrə iddiaçı onunla Cavabdeh1 MTK arasında bağlanmış alğı-satqı müqaviləsinə əsaslanaraq öz müqaviləsinin etibarlı olmasına və cavabdehin müqaviləsindən daha öncə bağlanmasına istinad etməklə cavabdehin müqaviləsinin etibarsız hesab olunmasını xahiş etmişdir. Məhkəmə araşdırması zamanı Cavabdeh1 MTK-nı təmsil edən nümayəndə, həmçinin direktoru məhkəmədə izahat verərək MTK ilə iddiaçı arasında hər hansı müqavilə bağlanmadığını və iddiaçının hazırkı iddianı irəli sürmək üçün hüquqi əsasının olmadığını qeyd etmişdir. Məhkəmə yuxarıda istinad edilən Plenum Qərarına əsasən iddiaçının müqaviləsinin etibarlılığını yoxlamağı zəruri hesab edir. Hazırkı sahə xüsusi bilik tələb edən sahə olduğundan iddiaçının məhkəməyə təqdim etdiyi müqavilə üzrə rəy verilməsi üçün mülki iş materialları ekspertizaya yönəldilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş 15 aprel 2022-ci il tarixli 4/401-5/324 saylı ekspert rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Cavabdeh1 MTK-nın direktoru Şahid2 ilə İddiaçı adlarından olan 14 avqust 2009-cu il tarixli 106 nömrəli müqavilədə “payçı” qrafasındakı imza-İddiaçı tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş Cavabdeh1 MTK-nın direktoru Şahid2 ilə İddiaçı adlarından olan 14 avqust 2009-cu il tarixli 106 nömrəli müqavilədə “Kooperativ” qrafasındakı imza-Şahid2 tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Tədqiqata təqdim edilmiş Cavabdeh1 MTK-nın direktoru Şahid2 ilə İddiaçı arasında bağlanmış 14 avqust 2009-cu il tarixli 106 nömrəli müqavilənin ikinci vərəqində olan möhür əksi relyef klişedən sənədin üzərinə birbaşa vurulmuşdur. Təqdim edilmiş Cavabdeh1 MTK-nın direktoru Şahid2 ilə İddiaçı arasında bağlanmış 14 avqust 2009-cu il tarixli 106 nömrəli müqavilənin ikinci vərəqində olan “Azərbaycan Respublikası Mənzil-Tikinti-Kooperativi Cavabdeh1 MTK” məzmunlu möhür əksi, eyni məzmunlu möhürün sərbəst və eksperimental əks nümunələri ilə eynilik təşkil etmir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Belə ki, alğı-satqı müqaviləsi tərəflər üçün konkret hüquq və vəzifələr yaradır. Alğısatqı müqaviləsi satıcının müəyyən əşyanı alıcının mülkiyyətinə verəcəyi, alıcının isə həmin əşyanı qəbul edərək, əvəzində müəyyənləşdirilmiş pul məbləğini, yəni əşyanın qiymətini satıcıya ödəyəcəyi haqqında razılaşmadır. Belə müqavilə üzrə satıcı müqavilənin predmeti olan əşyanı alıcının mülkiyyətinə verməlidir. Satıcının üzərinə müqavilədən irəli gələn borcunu real olaraq icra etmək vəzifəsi qoyulur. Bunun nəticəsində həmin əşya üzərində satıcının mülkiyyət hüququna xitam verilir və onun üzərində alıcının mülkiyyət hüququ yaranır. Alğı-satqı müqaviləsi bağlanan zaman tərəflər arasında yazılı şəkildə müqavilə tərtib olunur, tərəflər öz iradə ifadələri ilə sərbəst surətdə həmin müqaviləni imzalayırlar. Qanunun mənasına görə alğı-satqı müqaviləsi satıcı və alıcı arasında bağlanan elə bir mülki hüquqi əqdir ki, bunun əsasında onların arasında öhdəlik hüquq münasibəti yaranır. Müqavilənin hüquqi məqsədi tərəflərin onların özləri üçün mülki hüquq və vəzifələrin əmələ gəlməsi, dəyişməsi və ya xitam olunması barədə subyektiv arzusunu ifadə edir. Alğı-satqı müqaviləsi vasitəsilə satıcı əmlak üzərində mülkiyyət hüququnu itirir, alıcı isə satın aldığı həmin əmlak üzərində mülkiyyət hüququ, yəni, mütləq əşya hüququ qazanır. Satıcının əşyanı alıcıya verməsi müqavilənin icrasına yönələn hərəkətdir. Azərbaycan Respublikası MM-nin 324.1-ci maddəsinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.4-cü maddəsinə əsasən müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Qanunvericinin tələblərinə əsasən alğı-satqı müqavilələri bağlanarkən tərəflərin iradə ifadəsi müqavilələrin bağlanılmasının zəruri şərtidir. Hər hansı əqdin (o cümlədən, alğısatqı müqaviləsinin) etibarlılığı üçün onun bağlanmasında lazımi subyektlərin (səlahiyyətli şəxslərin) iştirakı, onların arasında iradə və onun bildirilməsi vahidliyinin mövcudluğu, əqdin forma və məzmununun qanunvericiliyin tələblərinə uyğun olması vacibdir. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Beləliklə, məhkəmə ekspert rəyinə əsaslanaraq hesab edir ki, iddiaçının əsaslandığı müqavilənin cavabdeh MTK-nın direktoru tərəfindən imzalanması sübuta yetirilməmişdir. Eyni zamanda iddiaçının təqdim etdiyi müqavilənin üzərində təsvir olunmuş möhür MTK tərəfindən ddiaçının müqaviləsi ilə eyni vaxt aralığında dihər şəxslərlə tərtib edimliş alğısatqı müqaviləsinin üzərində əks olunmuş möhür nümunəsi və MTK-nın məhkəməyə təqdim etdiyi hər iki (həm köhnə, həm təzə) möhür nümunələri ilə üst-üstə düşməmişdir. Əlavə olaraq məhkəmə qeyd edir ki, iddiaçı ilə cavabdeh MTK arasında bağlanması istinad olunan alğı-satqı müqaviləsinin tarixi 14 avqust 2009-cu il olması qeyd edilsə də, müqavilənin sonuncu vərəqində iddiaçının ad, soyadı və imzası əks olunan hissədə iddiaçıya məxsus 2010-cu il tarixdə əldə olunmuş şəxsiyyət vəsiqəsinin məlumatları qeyd edilmişdir. Yuxarıda sadalanan halların məcmusu məhkəməyə belə qənaətə gəlməyə zəmin yaradır ki, iddiaçı ilə MTK arasında bağlandığı istinad edilən müqavilə qanunvericiliyin tələblərinə zidd olaraq bağlanmışdır. Belə olan halda istinad olunan müqavilə tərəflərdə hər hansı hüquq və vəzifələr yarada bilməz. Məhkəmə iddiaçının cavabdehin müqaviləsinin etibarsızlığı ilə bağlı mövqeyinə qiymət verərək hesab edir ki, 38 saylı mənzil Şahid1 27 iyul 2014-cü il tarixli müqaviləyə əsasən məxsus olmuşdur. İş materiallarına əlavə edilmiş və qanuni qüvvəsini almış məhkəmə qətnamələri ilə 27 iyul 2014-cü il tarixli müqavilənin etibarlılığı yoxlanılmış və hazırkı müqavilə etibarlı müqavilə kimi qəbul edilmişdir. Daha sonra məhkəmə tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə sorğu ünvanlanmış, 28 mart 2022-ci il tarixdə sorğuya cavab məktubu göndərilmişdir. Həmin məktubdan görünür ki, Şahid1 27 iyul 2014-cü il tarixli müqavilə əsasında 38 saylı mənzili 41.244 manata Cavabdeh1 MTK-dan almış, mənzilin dəyərini tam şəkildə ödəmişdir. Daha sonra Şahid1 02 noyabr 2020-ci il tarixdə Cavabdeh1 MTK-ya ərizə ilə müraciət edərək, ünvan 4 ünvanında inşa edilən yaşayış binasının 1 saylı girişinin 7-ci mərtəbəsində olan 38 saylı mənzildən Cavabdeh2 xeyrinə imtina etdiyini bildirmiş, onun kooperativə payçı kimi qəbul edilməsini xahiş etmişdir. Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında 23 noyabr 2014-cü il tarixdə alğı-satqı müqaviləsi bağlanmış, 38 saylı mənzil Cavabdeh2 satılmışdır. Beləliklə, yuxarıda istinad olunanlara əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddia tələbi təmin edilə bilməz. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan 01 noyabr 2012-ci il tarixli vəsiqədən görünür ki, İddiaçı birinci qrup Qarabağ əlilidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azaddırlar. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxs olduğundan o, qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 238-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı cavabdehlər Cavabdeh1 MTK-ya və Cavabdeh2 qarşı - Cavabdeh1 MTK ilə Cavabdeh2 arasında olan müqavilə, protokoldan çıxarış və onun əsasında əldə edilmiş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış ********** qeydiyyat nömrəli çıxarışın etibarsız hesab edilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar