Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6774/2025 24.12.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi, İddiaçı, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qȧrşı “hesablanmış borcun silinməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2 (abonent kodu: **********00000) ünvanı üzrə yazılmış 5.000 manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ünvan 2 (abonent kodu: **********00000) ünvanında yaşayır. Həmin mənzildə yerləşən sayğac iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evində yoxlama apararkən akt tərtib edilmişdir. Aktda qeyd edilmişdir ki, güya iddiaçı sayğaca müdaxilə etmişdir və ona görə iddiaçıya haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra iddiaçı qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görüb. Hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əlavə sual-cavab zamanı o bildirmişdir ki, onun yaşadığı mübahisəli ünvanda bir hasarın daxilində 3 yaşayış evi vardır. Bu evlər ayrı-ayrılıqda ona, bacısına və qardaşına məxsusdur. Bacısının adına ayrıca sayğac quraşdırılıb. Qardaşı Hakimin adına sayğac quraşdırılmayıb. Həmin ünvanda kənar xətt onu qardaşı tərəfindən çəkilib. Özü heç vaxt kənar xətdən istifadə etməyib. Qardaşının çəkdiyi və istifadə etdiyi kənar xəttə görə onun abonent hesabına borc hesablanması qanunsuzdur. O, əlavə etmişdir ki, həmin ünvanda az yaşayır. Tətil və sair zəruri vaxtlarda ailəsi ilə Masallı rayonunda yaşayır. Borc yazıldığını görəndən sonra o, qaz sərfiyyatına görə borcu ödəməmişdir. Ünvanda istilik üçün müxtəlif vaxtlarda kondisioner, odun peçi və kombi istifadə edir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin cavabdeh məhkəmədə nümayəndənin iştirakını təmin etməmişdir. Cavabdehin məhkəmə iclasına gəlməməsinin səbəbləri barəsində məlumat olmadığından, Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının Energetika Nazirliyinin tabeliyində X1 Agentliyinin Bakı filialının nümayəndəsi X3 məhkəmə iclas zalında iştirak etmişdir və bildirmişdir ki, borcun hesablanılması mövcud qaydalara uyğun aparılmamışdır. Sual-cavab zamanı o bildirmişdir ki, kombi qızdırıcısı saatda 2,6 m3 təbii qaz sərf edir. Məhkəmə mülki işin materiallarını araşdıraraq, hesab edir ki, borcun silinməsinə dair iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı məxsus **********00000 saylı abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2019-cu ilin yanvar ayı üzrə 1.645,40 manat borcu, dekabr ayı üzrə 885,60 manat borcu, 2020-ci ilin yanvar ayı üzrə 295,20 manat, 2020-ci ilin fevral ayı üzrə 295,20 manat , 2020-ci ilin mart ayı üzrə 236,20 manat, 2022-ci ilin fevral ayı üzrə 518,40 manat borcu mövcud olmuşdur. İş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2019-cu il tarixli ******* nömrəli aktdan görünür ki, baxış zamanı sayğacdan kənar qeyri-qanuni xətt aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2019-cu il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 8.856 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, baxış zamanı sayğacdan kənar qeyri-qanuni birləşmə aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.520 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2022-ci il tarixli ******* nömrəli aktdan görünür ki, 29/1710-00618-1 nömrəli rəyə əsasən sayğaca baxış keçirilib. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. İş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan istifadə edildiyi aşkar olunub. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.952 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan “Təbii X4nın pozulması haqqında” xx.xx.2020-ci il tarixli ******* nömrəli aktdan görünür ki, sayğacdan kənar qeyri-qanuni birləşmə ilə təbii qazdan sayğacsız istifadə mövcuddur. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2020-ci il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”sindən müəyyən olunur ki, İddiaçı barəsində tərtib olunmuş ******* saylı akta əsasən 2.362 m3 həcmində itirilmiş qaz həcmi hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə MSK-29/1710-00618-1 saylı xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, 20408828 №-li plomb kəsilərək G-4 SM/0138 qutu açıldı. Sayğaca baxış keçirildi. Sayğacın hesablama mexanizminin plastmas qapağının alt hissəsi deşici alətlə deşilib. İş materiallarında olan qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında ******* nömrəli xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında quraşdırılmış **********0 nömrəli mexaniki “Zenner G-4” tipli qaz sayğacı çıxarılaraq, **********4 nömrəli “Zenner G4” tipli qaz sayğacı ilə əvəz edilmişdir. İş materiallarında olan 10 oktyabr 2025-ci il tarixdə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə ünvanlanmış mütəxəssis rəyindən görünür ki, xx.xx.2022-ci il tarixə qədər “Azəriqaz" İB tərəfindən tərtib edilmiş 6 akt əsasında cavabdehə hesablanmış 3.876 manat borc məbləğinin düzgünlüyü haqqında rəy vermək mümkün deyil. Dəymiş ziyanın məbləği kimi iddiaçının abonent hesabına daxil edilmiş borc məbləğlərindən heç bir ödəniş olmamışdır. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır və xx.xx.2022-ci il tarixə qədər 6 akt əsasında iddiaçıya 3.935 manat borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X4 ilə tənzimlənir. X4 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X4”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, mütəxəssis rəyində borcun hesablanılmasının düzgün aparılmadığı qeyd edilsə də, qaz xəttinə müdaxilə (kənar xəttin mövcudluğu) öz təsdiqini tapdığından, iddia tələbləri qismən təmin edilərək, iddiaçıya hesablanmalı borcun məbləği müəyyən edilməlidir. Belə ki, iddiaçının izahatından görünür ki, iddiaçı tərəfindən işlədilən cihazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4), 1 ədəd kombi qızdırıcısı daxildir. Mövcud qaydalara əsasən cavabdeh təşkilat tərəfindən ən azı 3 ayda 1 dəfə yoxlanılmalı aparılmalı olduğundan, iddiaçıya hesablanmalı borc 90 gün (3 ay) müddətinə hesablanmalıdır. Qaz xəttinə kənar qoşulma halında bu cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi, 1 ədəd kombi üçün saatlıq 2.6 m3 üzrə hesablanmalıdır. Hər cihaz üçün 12 saat orta günlük iş rejimi və 90 gün hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 4.104 m3 təşkil edir. (12x90x1,2 m3=1.296 m3, 12x90x2.6 m3=2.808 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 410,4 manat təşkil edir. Belə ki, həmin dövrdə 1 m3 qaz sərfiyyatı üçün ödəniş 0,10 manat müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, hesablanmış borc faktiki istifadə ilə əlaqədar sayğacdan keçən (faktiki sərfiyyatla bağlı sayğacın qeydiyyata aldığı) qaz sərfiyyatı olmadığından, limitlərin nəzərə alınması məqsədəuyğun deyil. Belə ki, limitlərin tətbiqi sayğacdan keçən (sayğacın qeydə aldığı) sərfiyyatın ödənilməsi üçün tətbiq olunan hesablama və ödəniş qaydasıdır, 90 gün üçün gündəlik 12 saatlıq qaz sərfiyyatı isə - faktiki istifadə ilə əlaqəli olmamaqla, qaz xəttinə müdaxilə zamanı dəymiş ziyanın hesablanması üsuludur. Buna görə də hesablanmış qaz həcmi tarif üzrə müəyyən edilmiş 1 m3 qaz sərfiyyatına görə 0.10 manat olmaqla hesaba alınmalıdır. Bununla da üç aylıq müddət üçün ödənilməli məbləğ 410,4 manat olmalıdır. İşdən görünür ki, iddiaçıya 2019-cu ilin yanvar ayı üzrə 1.645,40 manat, dekabr ayı üzrə 885,60 manat, 2020-ci ilin yanvar ayı üzrə 295,20 manat, 2020-ci ilin fevral ayı üzrə 295,20 manat , 2020-ci ilin mart ayı üzrə 236,20 manat, 2022-ci ilin fevral ayı üzrə 518,40 manat, 2022-ci fevral ayı üzrə 518,40 manat borc hesablanmışdır. 2019-cu ilin yanvar ayında borc hesablandığından, 2018-ci ilin noyabr, dekabr ayları, 2019-cu ilin yanvar ayları üzrə üç aylıq müddətə görə hesablanmalı borc 410,4 manat kimi qiymətləndirilərək, 2019-cu ilin yanvar ayında hesablanmış 1.645,40 manat borcun 1.235 manat hissəsi silinməlidir. (1.645,40-410,4=1.235). Daha sonra 2019-cu ilin dekabr ayında borc hesablandığından, 2019-cu ilin oktyabr, noyabr, dekabr ayları üzrə üç aylıq müddətə görə hesablanmalı borc 410,4 manat kimi qiymətləndirilərək, 2019-cu ilin dekabr ayı üçün hesablanmış 885,60 manat borcun 475,2 manat hissəsi silinməlidir. (885,6-410,4=475,2). Daha sonra ardıcıl olaraq 2020-ci ilin yanvar, fevral, mart aylarında hər ay 295,20 manat olmaqla, 2020-ci ilin yanvar ayından həmin ilin aprel ayınadək abonentə cəmi 885,6 manat borc hesablanmışdır. Bu üç ardıcıl ay üzrə hesablanmalı borc 410,4 manat kimi qiymətləndirilərək, 2020-ci ilin yanvar ayından həmin ilin aprel ayınadək olan dövr üçün hesablanmış 885,6 manat borcun 475,2 manat hissəsi silinməlidir. (885,6- 410,4=475,2). İşdən görünür ki, daha sonra abonentə 2022-ci ilin fevral ayında sayğaca müdaxilə əsası ilə 518,40 manat borc hesablanmışdır. Bu borcla bağlı məhkəmə qeyd edir ki, sayğaca müdaxilə ilə bağlı hallar cavabdeh tərəfindən sübuta yetirilmədiyindən, qeyd olunan hissədə iddia təmin edilərək, iddiaçıya 2022-ci ilin fevral ayı üçün hesablanmış 518,40 manat silinməlidir. İddiaçının mübahisəli ünvanda az yaşaması, hasarın daxilində kənar xətt olmasına baxmayaraq, ondan istifadənin olmaması; həmçinin, istiliyi əlavə olaraq odun peçi və kondisioner vasitəsilə təmin etməsinə dair dəlillərinə gəldikdə məhkəmə qeyd edir ki, qeyd olunan hallara dair müvafiq sübutlar təqdim edilmədiyindən, bu dəlillər əsaslı hesab edilmir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 47,04 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi:
İddia tələbi qismən təmin edilsin. İddiaçı (abonent kodu: **********00000) Cavabdeh İB tərəfindən 2019-cu ilin yanvar ayı üçün hesablanmış 1.645,40 (bir min altı yüz qırx beş manat qırx qəpik) manat borcdan 1.235 (bir min iki yüz otuz beş) manat borc məbləği, 2019-cu ilin dekabr ayı üçün hesablanmış 885,60 (səkkiz yüz səksən beş manat altmış qəpik) manat borcdan 475,2 (dörd yüz yetmiş beş manat iyirmi qəpik) manat borc məbləği, 2020-ci ilin yanvar ayından aprel ayınadək hesablanmış 885,6 (səkkiz yüz səksən beş manat altmış qəpik) manat borcdan 475,2 (dörd yüz yetmiş beş manat iyirmi qəpik) manat borc məbləği, 2022-ci ilin fevral ayı üçün hesablanmış 518,40 (beş yüz on manat qırx qəpik) manat borc məbləği, cəmi qeyd edilmiş dövrlərə aid 2.703,8 ( iki min yeddi yüz üç manat səksən qəpik) borc məbləği silinsin. İddia qalan hissədə təmin edilməsin. 47,04 (qırx yeddi manat dörd qəpik) manat dövlət rüsumu Cavabdeh İB-dən dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva