Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6785/2023 28.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq obyektinə dəymiş zərərin ödənilməsi və inzibati xəta haqqında protokola görə ödənilmiş pulun geri qaytarılması” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:
1. xx.xx.2021-ci il tarixdə tərəflər arasında MAS-3986 saylı daxili lizinq müqaviləsi (bundan sonra – Lizinq müqaviləsi) bağlanmışdır. Həmin müqaviləyə və müqavilənin 1 saylı Əlavəsinə əsasən iddiaçı mülkiyyətində olan “Khazar SD” markalı, **- PY-*** dövlət qeydiyyat nişanlı avtomobili (bundan sonra - Avtomobil) illik 23 % olmaqla, aylıq 429,49 manat ödəmək şərti ilə, 48 ay müddətinə cavabdehə lizinqə verilmişdir. Müqavilənin qiyməti 24016 manat müəyyən edilmişdir. Avtomobil xx.xx.2021-ci il tarixdə iddiaçı tərəfindən cavabdehə təhvil verilmişdir.
2. Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-3472/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə iddiaçının “lizinq müqaviləsinin ləğv edilməsi, lizinq obyektinin qaytarılması və borcun ödənilməsi” tələbinə dair iddiası qismən təmin edilərək tərəflər arasında 25 iyun 2021-ci il tarixdə bağlanmış MAS-3986 saylı "Daxili lizinq” müqaviləsinin ləğv edilməsi, Avtomobilin iddiaçıya qaytarılması, Lizinq müqaviləsinə görə xx.xx.2022-ci il tarixə 968,78 manat əsas, 1179,66 manat mükafat, 50 manat dəbbə pulu olmaqla, cəmi 2198,44 manat məbləğində pul və 44,15 manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması qət edilmişdir. Avtomobil xx.xx.2022-ci il tarixdə iddiaçıya qaytarılmış və bu barədə eyni tarixli Akt tərtib edilmişdir.
3. 21.11.2022-ci il tarixdə İddiaçı MMC Servisdə yoxlanılarkən Avtomobilə 320 manat ziyan dəydiyi müəyyən edilmiş və bu barədə eyni tarixli Qüsur atı tərtib edilmişdir.
4. Həmçinin, təhvil verildikdən sonra müəyyən edilmişdir ki, Avtomobil cavabdehin istifadəsində olduğu müddətdə onun barəsində yol hərəkəti qaydalarının pozulması barədə 4 dəfə (xx.xx.2021-ci il, xx.xx.2022-ci, xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixlərində) yol hərəkəti qaydalrının pozulması ilə bağlı inzibati qərar çıxarılmış, cərimələr vaxtında ödənilmədiyindən üzərlərinə dəbbə pulu əlavə olunmuşdur. Sözügedən inzibati qərarlar üzrə cərimələr (dəbbə pulu ilə birlikdə) iddiaçı tərəfindən xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə ödənilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
5. İddiaçı lizinq obyekti olmuş “Khazar SD” markalı **-PY-*** dövlət qeydiyyat nişanlı avtomobilin təmir olunması üçün tələb edilən 320 manat, inzibati xəta haqqında protokollara görə ödənilmiş 146 manat pulun və 30,40 manat dövlət rüsumunun cvabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
6. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, cavabdehə qarşı lizinq obyektinin qaytarılması və borcun ödənilməsi tələbinə dair iddia ərizəsi Xətai Rayon Məhkəmənin qətnaməsi ilə qismən təmin edilərək Avtomobilin iddiaçıya qaytarılması və cavabdehdən ümumilikdə 2198.44 manat məbləğində borcun tutulması qət edilmişdir. Cavabdehin müvəqqəti istifadəsinə verilmiş Avtomobil istifadəyə yararsız vəziyyətdə xx.xx.2022-ci il tarixdə şirkətin müvəqqəti duracağına yerləşdirilmiş və servis mərkəzi tərəfindən tərtib olunmuş qüsur aktına əsasən avtomobilə 320 manat məbləğində maddi ziyanın dəydiyi müəyyən olunmuşdur. Həmçinin lizinq obvetkti olan avtomobil cavabdehin istifadəsində olan müddət ərzində inzibati xəta ilə əlaqədar sürücü AR DİN DYP və Bakı Nəqliyyat Agentliyi tərəfindən inzibati qaydada cərimələnmişdir. Həmin protokollara görə də ümumilikdə 146 manat məbləğində pul vəsaiti ödənilmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
7. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək, iddia tələbinin təmin edilməsini xahiş etdi.
8. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat vermədiyindən Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikası Mülki Məcəlləsi
9. Maddə 21.1 Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın.
10. Maddə 21.2 Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.
11. Maddə 443.1. Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur.
12. Maddə 443.7. Əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur.
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
13. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
14. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
15. Maddə 217.4 Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
İşə baxan məhkəmənin mövqeyi:
16. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
17. Məhkəmə qeyd edir ki, iddia tələbi cavabdehin müqavilə öhdəliklərini pozması (cavabdehin lizinq obyektinin saz və işlək vəziyyətdə saxlamaq vəzifəsi Lizinq müqaviləsinin 4.4.2-ci bəndində nəzərdə tutulmuşdur) və Avtomobilin istismarı zamanı cavabdehin yol hərəkəti qaydalarını pozması ilə əlaqədar tətbiq edilmiş cərimələrin iddiaçının ödəməsi ilə çəkdiyi xərc formasında dəymiş maddi ziyanın tələb edilməsi barədədir.
18. İddiaçının tələbinin birinci hissəsi, yəni cavabdehin Lizinq müqaviləsinin icrası zamanı öhdəliyini pozaraq Avtomobilə zərər vurması ilə bağlı məhkəmə qeyd edir ki, yuxarıda qeyd edilən müddəalardan göründüyü kimi, zərərin vurulmasına səbəb olan əməlin qanuna zidd olması, zərər vuran şəxsin təqsirli (qəsd və ya ehtiyatsızlığı) olması, zərərçəkənə ziyan və zərər vurulması və təqsirkar şəxsin əməli ilə (ziyan və ya zərər vurulmasına gətirib çıxaran) nəticə arasında səbəbli əlaqənin olması əməlin mülki hüquq pozuntusu olmasını şərtləndirən əsaslardır. Göstərilən şərtlərin hər birinin (tam) mövcud olması mülki hüquq pozuntusu üçün məsuliyyətin yaranmasına səbəb olur.
19. İddiaçı bildirir ki, Avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində Avtomobilə zərər vurulmuş və bunun nəticəsində avtomobilin müəyyən ehtiyyat hissələri dəyişdirilmişdir. İddiaçı tərəfindən tərtib edilmiş qüsur aktına əsasən ehtiyyat hissələrinə və görülmüş işlərə görə ümumilikdə 320 manat məbləğində ödəniş iddiaçı tərəfindən edilmişdir.
20. Məhkəmə qeyd edir ki, iddia tələbi avtomobilin təmir-bərpa olunması üçün tələb olunan pul vəsaitinin cavabdehdən tutulması hissəsində təmin edilə bilməz.
21. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli akt əsasında müəyyən olunur ki, Məhkəmənin xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən Avtomobilin iddiaçıya geri qaytarılması qərara alındığından Avtomobil xx.xx.2022-ci il tarixdə iddiaçıya təhvil verilmişdir. Avtomobilə dəymiş zərərin 320 manat məbləğində təşkil edildiyini müəyyən edən qüsur aktı isə xx.xx.2022-ci il tarixdə, yəni Avtomobil iddiaçıya təhvil verildikdən 2 ay sonra tərtib edilmişdir. Avtomobilə dəymiş zərərin məhz cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verməsini təsdiq edən sübutları isə iddiaçı məhkəməyə təqdim etməmişdir. Belə ki, Avtomobil iddiaçıya təhvil verildikdən sonra onun başqası tərəfindən idarə olunub-olunmaması, Avtomobilə dəymiş zərərin məhz cavabdehin Avtomobili idarə etdiyi dövrdə onun təqsirli hərəkətləri nəticəsində törədilməsi müəyyən olunmur.
22. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəfindən Avtomobilə zərərin dəyməsi iş materialları əsasında öz təsdiqini tapmadığından iddia tələbi Avtomobilin təmir-bərpa olunması üçün çəkilmiş xərcin tutulması hissəsində təmin edilə bilməz.
23. Məhkəmə həmçinin hesab edir ki, iddia tələbi inzibati cərimələrə görə ödənilmiş pul vəsaitinin cavabdehdən tutulması hissəsində təmin edilməlidir.
24. Belə ki, iş materiallarına əlavə edilmiş sübutlar əsasında müəyyən olunur ki, Avtomobil cavabdehin istifadəsində olduğu müddət ərzində inzibati xəta ilə əlaqədar cavabdeh AR DYP tərəfindən inzibati qaydada 4 dəfə cərimə edilmiş, lakin vaxtında cavabdeh onları ödəmədiyindən üzrəinə dəbbə pulu əlavə edilmişdir. Həmin cərimlər və onlara hesablanmış dəbbə pulu isə iddiaçı tərəfindən ödənilmiş və buna görə iddiaçı maddi zərər çəkmişdir. Odur ki, iddaçının iddiası həmin hissədə əsaslıdır, onun tərəfindən ödənilmiş cərimə və dəbbə pulu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir.
25. Məhkəmə hesab edir ki, 38,28 manat məbləğində dövlət rüsumu iddianın təmin olunması nisbətində (iddia ümumi tələbin 31%-i nisbətində təmin edilmişdir) tərəflərə aid edilməlidir.
26. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ: İddia qismən təmin edilsin. İnzibati xəta haqqında protokollara görə ödənilmiş 146 manat məbləğində pul və 9,42 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ASC-yə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Ödənilmiş dövlət rüsumunun 20,98 manat hissəsi iddiaçıya aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı