Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-679/2025 29.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Eyvazova Samirə Əli qızının sədrliyi, X5 qızının katibliyi, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı iştirakı ilə, İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehnə qarşı (Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyini mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb etdiyi) “borcun silinməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: İlkin iddia ərizəsində qeyd edilən işin halları:
1. İddiaçı traktor sürücüsüdür və iki ildir "Belarus-89.2" markalı ** BA *** dövlət qeydiyyat nişanlı traktoru alıb ayrı-ayrı vətəndaşlara kənd təsərrüfatı işləri üçün xidmət etməkdədir. 05 sentyabr 2024-cü il tarixdə özünə məxsus idarə etdiyi həmin traktorla Şamaxı rayonu Günəşli kəndi ərazisində X4 məxsus icarəyə götürdüyü təxminən 1 ha əkin sahəsinin şumunu çıxararkən gözlənilmədən torpağın 3-5 santimetr dərinliyində olan polietilen turbalarla çəkilmiş 160 mm-lik qaz xətti tkaktorun kotanına ilişib qırıldı. Bu onun üçün tamamilə gözlənilməz olmuşdur, çünki şumladığı ərazi əkin sahələrinin kənarıdır. Hətta qırılmış polietilen turbanın hadisə yerində əyri formada əkin sahəsinin daxilindən keçirilməsi sonradan ona aydın olmuşdur. O, idarə etdiyi traktorla torpağın alt hissəsində olan qaz xəttinin tərəfimdən qırılması barədə dərhal mobil telefonla saat 01:44-də zəng edib X9 sahəsinə Qəza Xidmətinə 04-ə məlumat vermiş, hadisənin Şamaxı rayonu Günəşli kəndi ərazisində baş verdiyini bildirmişdir. Qaz İstismar sahəsinin işçiləri 02:04-də onunla telefon əlaqəsi saxlayaraq hadisə yerinə gəlmiş və qaz xətti qaz buraxdığı halda şəkil çəkərək idarəyə zəng edib məlumat vermişlər. 20 dəqiqəyə kimi bu proses uzanmışdır. Həmin ərazidə hər hansı qaz xəttinin olması barədə heç bir xəbərdarlıq nişanı olmamış, turba da torpağın altında olduğundan görünmürdü. Turba kotana ilişəndən sonra iddiaçı torpağın altında 3-5 santimetr dərinlikdə qaz xətti keçdiyini görmüşdür. Əlavə olaraq qaz turbası polietilən məmulatdan olmasına baxmayaq polad boru kimi göstərilmişdir.
İlkin iddia tələbi:
2. "Azəriqaz" Ístehsalat Birliyinin və X9 Sahəsinin mənə qarşı qanunsuz hesabladığı 1049 (min qırx doqquz) manat 20 qəpik ziyanın silinməsinə və ödədiyi 31 manat məbləğində dövlət rüsumunun ona qaytarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir.
Cavabdehin qarşılıqlı iddia tələbi və ilkin iddiaya münasibəti:
3. Cavabdeh xx.xx.2024-cü il tarixdə məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət edərək qarşılıqlı iddia üzrə cavabdeh Şamaxı rayon Günəşli (Saqyan) kəndində yaşayan İddiaçı kamil oğlu oğlundan Cavabdeh Ağsu X7 İdarəsinə dəymiş 1049.20 (bir min qırx doqquz manat iyirmi qəpik) manat məbləğində maddi ziyanın, İddia ərizəsi üçün ödənilmiş 30.50 manat dövlət rüsumunun, ümumilkdə 1079.70 (bir min yetmiş doqquz manat yetmiş qəpik) manat məbləğin iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İşdə iştirak edən şəxslərin izahatları:
4. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı öz izahatında bildirmişdir ki, torpaq şumlayanda torpağın altında olan qaz borusunu kotanla çəkib çıxarmışam. Hadisədən sonra qəza xidmətinə zəng etdim. 1 saatdan sonra gəldilər. Amma 10 dəqiqəyə də gəlib qazı bağlaya bilərdilər. Onlar gələnə qədər də qaz itkisi oldu. Həmin hissədə heç bir işarə yox idi. Qaz borusu plastmas boru idi. Kotanın diametri təxminən 15 sm-dir. 15 sm dərinliyə şumlayırıq. İddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
5. Məhkəmə iclasında iştirak edən Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Bakı Filialının nümayəndəsi X3 öz izahatında bildirmişdir ki, Mübahisə haqqında ətraflı məlumatım yox idi. danışıqlara əsasən belə aydın oldu ki, iddiaçı torpaq sahsində torpağı şumlayarkən qaz xəttini zədələyib. Torpaq şumlanarkən kotanın dərinliyi təxminən 20 sm hesablanır. Tikinti normaları ilə bağlı qaydalarda qaz boru xəttinin çəkilişi ilə bağlı qaydalar müəyən edilir. Həmin qaydalara əsasən polietilen qaz boru xətləri diametrindən asılı olmayaraq yerin 1 metr, 80 sm dərinlikdə yerləşdirilməsi nəzərdə tutulur. İndi həmin sahədə relyef necədir, bilmirik. Boru xətti torpağın 1 metr dərinliyindən çəkilməlidir. Altı və üstü torpaqlanmalıdır. Borunun üstündə qum, onun da üstü ilə lent getməlidir. Lentanın əhəmiyyəti ondadır ki, həmin torpaqda şumlama aparıldıqda, ekskavatorda kotan boruya çatsa həmin lentə ilişsin, boru olduğu bilinsin.
6. Məhkəmə iclasında iştirak edən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi X6 öz izahatında bildirmişdir ki, möhtərəm hakim, iddia tələbini qəbul etmirik. İddiaçı özü də iddia ərizəsində qeyd edib ki, torpağı şumlayarkən qaz borusunu zədələmişdir. Fakt var. Zədələndikdən sonra da qaz havaya getmişdir. Onu bağlamaq üçün əlavə tədbirlər görülmüşdür. Hər bir qaz xəttinin giriş və çıxışında, müəyyən hissələrdə müvafiq planşetlər yerləşdirlir "Azəriqaz” İstehsalat Birliyi tərəfindən. Onu şumlanan torpaq sahəsinin ortasında qurasdırmaq mümkün deyil. Qaz borusu çəkilərkən plastmas borudan istifadə edilməsi doğrudur. Plastmaz borular dəmir borulardan daha etibarlıdır. Ona görə ki, dəmir borularda korroziya halı olur. Həmin torpaq sahəsinin müvafiq şəxsin mülkiyyəti olub-olmaması hələ bilinmir. Zəbt edilmiş torpaq da ola bilər. Hər bir xəttin çertyoju olur. iddia tələbinə etiraz etmiş və iddianın təmin edilməməsini xahiş etmişdir.
İş materiallarına əlavə edilmiş sənədlər və onlara əsasən təsdiq edilən faktlar:
7. Qaz kəmərinin zədələnməsi zamanı qaz itkisinin hesablanmasına əsasən, Şamaxı rayonu, Saqyan kəndində xx.xx.2024-cü il tarixdə baş vermiş qəza zamanı itirilmiş qazın dəyəri 1049,2 manat təşkil edir.
8. Cavabdeh X12 İdarəsinin xx.xx.2024-cü il tarixli Aktına əsasən, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Saqyan kəndində olan Şamaxı QPS-dən qıdalanan Şərədil xəttinin həmin ərazidə “Belarus” markalı traktor **-BA-*** dövlət qeydiyyat nişanlı texnika yer şümlayarkən yeraltı orta təzyiqli qaz xəttini tam yararsız hala salmağı barədə məlumat daxil olmuşdur. Həmin ünvana baxış keçirilib və qaz təminatı Qurutəpə kəndi ərazisində olan siyitmədən dayandırılmışdır. Qəza baş verən zaman orta təzyiqli qaz xəttində 100mbar mənbədən qaz verilmişdir. Qəza zamanı 55 dəqiqə yəni 02.15 radələrində bağlamdığına görə havaya qaz üfürülmüşdür.
9. Şamaxı rayonu, Saqyan kəndi ərazisində baş vermiş qəzanın prinsipial sxemi.
10. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3255 saylı ekspert rəyinə əsasən, 1-ci sual: Şamaxı rayonu, Günəşli (Saqyan) kəndində yerləşən qaz kəmərinin üzərinə qoyulduğu torpaq sahəsinin qalınlığı nə qədər təşkil edir və qeyd edilən torpaq sahəsi azsıxılma qabiliyyətlidirmi? 2-ci sual: Şamaxı rayonu, Günəşli (Saqyan) kəndində yerləşən qaz kəmərində eroziya əlamətləri mövcuddurmu və borunun qırılması traktorun kotanın ilişməsi ilə birbaşa əlaqə təşkil edirmi? Traktorun kotanın uzunluğu nə qədərdir? 3-cü sual: Günəşli (Saqyan) kəndində yerləşən qaz kəməri "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri" haqqında Nazirlər Kabinetinin qərarına uyğun şəkildə yerləşdirilmişdirmi? Qaz kəmərinin yerləşməsi, quraşdırılması və əlaqəli digər hallarla bağlı "Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri" haqqında Nazirlər Kabinetinin qərarının tələbləri pozulmuşdurmu? Pozulmuşdursa hansı qaydalar? 4-cü sual: Şamaxı rayonu, Günəşli (Saqyan) kəndində yerləşən qaz kəməri AzDTN 2.13-1 "Qaz təchizatı. Layihələndirmə normaları" haqqında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarına uyğun şəkildə yerləşdirilmişdirmi? Qaz kəmərinin yerləşməsi, quraşdırılması və əlaqəli digər hallarla bağlı AzDTN 2.13-1 "Qaz təchizatı. Layihələndirmə normaları" haqqında Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin qərarının tələbləri pozulmuşdurmu? Pozulmuşdursa hansı normaları pozulmuşdur? 5-ci sual: Şamaxı rayonu, Günəşli (Saqyan) kəndində yerləşən qaz kəmərinin keçdiyi ərazidə məlumatlandırıcı lövhələr olmalıdırmı? Olmalıdırsa hadisə baş verən ərazidə bu lövhələr mövcuddurmu? Tədqiqatın nəticələri: 1-ci sual üzrə: Şamaxı rayonu, Günəşli (Saqyan) kəndində yerləşən polietilen qaz kəmərinin 17 metr hissəsinin torpağın üzərində olduğu, digər hissələrin (mübahisəli ərazidə) 5-10 sm dərinliyində torpağın altı ilə çəkildiyi (max dərinlik 19 sm) müəyyən olundu. boru xəttinin üzərində olan torpaq sahəsinin azsıxılma qabiliyyətli olduğu müəyyən olundu. 2-ci sual üzrə: Qəza baş verən hissədəki qüsurların aradan qaldırıldığını nəzərə alaraq, qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. Eyni zamanda qeyd olunur ki, traktorun kotanının dişinin (torpağa girən hissəsi) uzunluğunun 22 sm-dir. 3-cü sual üzrə: Çəkilən qaz xəttinə dair layihə sənədləri və sxem təqdim olunmadığına görə qərardadın bu sualı üzrə tədqiqat aparılmadı. 4-cü sual üzrə: Şamaxı rayonu, Günəşli (Saqyan) kəndində yerləşən polietilen qaz kəmərinin mövcud vəziyyətinin AzDTN 2.13-1 Qaz təchizatı. Layihələndirmə normalarının" 6.92. maddəsinin tələbinə uyğun olmadığı müəyyən olundu (Polietilen gaz kəmərlərinin çəkilməsi borunun yuxarı səthindən 1m-dən az olmayan dərinlikdə nəzərdə tutulmalıdır). 5-ci sual üzrə: AzDTN 2.13-1 "Qaz təchizatı. Layihələndirmə normalarının", 6.108. Yaşayış məskənlərindən kənarda çəkilən polietilen qaz kəmərlərinin trassalarının göstərilməsi məqsədilə kəmərinin keçdiyi ərazidə məlumatlandırıcı lövhələr olmalıdır. Lakin baxış zamanı hadisə baş verən ərazidə bu lövhələrin olmadığı müəyyən olundu.
11. İş materiallarına əlavə edilmiş digər sənədlər.
Tətbiq edilən hüquq:
12. Azərbaycan Respublkasının Mülki Məcəlləsi: 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. 1108.1. Ətrafdakılar üçün yüksək təhlükə ilə bağlı fəaliyyəti (nəqliyyat vasitələrindən, mexanizmlərdən, yüksək gərginlikli elektrik enerjisindən, atom enerjisindən, partlayıcı maddələrdən, güclü təsir edən zəhərlərdən və i.a. istifadə edilməsi; tikinti fəaliyyətinin və onunla bağlı digər fəaliyyətin həyata keçirilməsi və s.) nəticəsində mülki hüquq pozuntusu törətmiş fiziki və hüquqi şəxslər yüksək təhlükə mənbəyinin vurduğu zərərin əvəzini ödəməyə borcludurlar, bu şərtlə ki, zərərin qarşısıalınmaz qüvvənin təsiri və ya zərərçəkənin qəsdi nəticəsində əmələ gəldiyini sübuta yetirməsinlər. Zərərin əvəzini ödəmək vəzifəsi yüksək təhlükə mənbəyinə mülkiyyət hüququ ilə və ya digər qanuni əsasla (icarə hüququ ilə, nəqliyyat vasitəsini idarə etmək hüququna dair etibarnamə üzrə və i.a.) sahiblik edən fiziki və ya hüquqi şəxsin öhdəsinə qoyulur. 1129.2. İşin və ya xidmətin qüsurları nəticəsində vurulmuş zərərin əvəzini işi görmüş və ya xidməti göstərmiş şəxs (icraçı) ödəməlidir.
13. Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları 2.13-1 "Qaz təchizatı. Layihələndirmə normaları" (Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 02. 03. 09. tarixli 17 №-li əmri ilə təsdiq edilib və 01. 04. 2009-c ildən qüvvəyə minib): 6.13. ....Təzyiqi 0,6MPa və artıq olan qəsəbələrarası qaz kəmərlərindən torpaq tökümünün dabanına və qazıq yamacının kənarına qədər və ya ümumi dəmir yolu şəbəkəsinin sıfır səviyyəsində kənar relsindən olan məsafələr 50 m-dən az olmamaqla qəbul edilməlidir. Cətin şəraitlərdə Azərbaycan Respublikası Nəqliyyat Nazirliyinin razılığı ilə həmin məsafələrin AzDTN 2.6-1 normativ sənədində göstərilən ölçülərə qədər azaldılmasına yol verilir. Bu halda həmin sahədə qaz kəmərləri 2,0 m-dən az olmayan dərinlikdə çəkilməli və boruların divarlarının qalınlığı hesabi ölçülərdən 2-3 mm artıq qəbul edilməlidir, eyni zamanda bütün qaynaq birləşmələri dağıdıcı təsiri olmayan nəzarət üsulu ilə yoxlanılmalıdır. 6.90. ...Polietilen boruların (polad borularda çəkilməyən) açıq çəkilən sahələri yaxınlaşma yerlərində mexaniki zədələnmələrdən (metal futlyarlar, torlar, dəmirbeton tavalar və. s.) mühafizə olunmalıdırlar. 6.92. Polietilen qaz kəmərlərinin çəkilməsi borunun yuxarı səthindən 1m-dən az olmayan dərinlikdə nəzərdə tutulmalıdır. 6.99. Qaz kəmərlərinin kanalsız çəkilən yeraltı mühəndis kommunikasiyaları ilə, dərəcəsi olmayan torpaq yollarla, o cümlədən kənd məskənləri arasındakı yollarla kəsişdiyi yerlərdə futlyarların qoyulması zərurəti və onların konstruksiyalarının qəbul edilməsi, layihə təşkilatı tərəfindən həll edilir. Bu halda futlyarların asbesement və ya polietilen borulardan nəzərdə tutulmasına və yolun altında 1,5 m-dən az olmayan dərinlikdə çəkilməsinə yol verilir. 6.108. Yaşayış məskənlərindən kənarda çəkilən polietilen qaz kəmərlərinin trassalarının göstərilməsi, bir-birindən 500 m-dən artıq olmamaqla, qaz kəmərlərinin oxundan qazın hərəkəti üzrə sağ tərəfdən 1 m məsafədə həmçinin dönmələrdə, qollar ayrılan və nəzarət borucuqları yerləşdrilən yerlərdə fərqləndirici nişanların qoyulması yolu ilə və ya (daimi bağlanma nöqtələri olmadıqda) qaz kəmərlərinin trassaları boyu izolyasiya olunmuş en kəsiyi 2,5-4 mm2 olan alüminium və ya mis naqillərinin çəkilməsi üsulu ilə nəzərdə tutulmalıdır. Qaz kəməri trassasının göstərilməsi üçün izolyasiya olunmuş naqil istifadə edildikdə, fərqləndirici nişanların naqilin yer səthinə çıxan yerlərində və nəzarət borucuqları yerləşən yerlərdə qoyulmasına yol verilir. 6.112. Polad qaz kəmərlərinin yenidənqurulması üçün hazırlanan layihə sənədlərində polad əlavə etmələrin, girişlərin və qaz kəmərlərinin digər metal sahələrinin elektrokimyəvi korroziyadan mühafizə olunması həlləri nəzərdə tutulmalıdır. Yenidən qurulan qaz kəmərinin aktiv mühafizəsinin saxlanması zərurəti qaz kəməri xəttinin keçdiyi konkret şəraitdən, birgə mühafizənin olub-olmamasından və onun digər yeraltı qurğulara təsirindən, qaz kəmərinin ayrıayrı sahələrinin məsuliyyət dərəcəsindən, onun texniki vəziyyətindən asılı olaraq layihə təşkilatı tərəfindən həll edilir.
14. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: 23.1. Qaz təchizatı obyektlərinin layihələndirilməsi, tikintisi, genişləndirilməsi və yenidən qurulması Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinə, şəhərsalma və tikintiyə dair digər normativ hüquqi aktlara, o cümlədən texniki normativ hüquqi aktlara uyğun olaraq həyata keçirilir. 23.2. Qaz təchizatı obyektlərinin tikintisi, genişləndirilməsi, yenidən qurulması, təmiri və istismarı məqsədilə torpaq sahələri üzərində hüquqlar torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq əldə edilir. 23.3. Qaz təchizatı sektorunda dövlət ehtiyacları üçün torpaqların alınması “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən həyata keçirilir. 23.4. Qaz təchizatı obyektlərinin layihələndirilməsi, tikintisi, genişləndirilməsi və yenidən qurulması həyata keçirilərkən “Texniki təhlükəsizlik haqqında” Azərbaycan Respublikasının Qanunu nəzərə alınmaqla bu Qanun və digər normativ hüquqi aktlarla müəyyən edilən tələblərə əməl olunmalıdır. 23.5. Qazın nəqli üçün uzunluğu 20 km və daha çox olan, diametri 500 mm və daha çox olan boru kəmərlərinin layihələndirilməsi mərhələsində “Ətraf mühitə təsirin qiymətləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada ətraf mühitə təsirin qiymətləndirilməsi (bundan sonra - ƏMTQ) sənədi hazırlanmalı və həmin sənədin dövlət ekoloji ekspertizası keçirilməlidir. 25.1. Qaz təchizatı obyektlərinin mühafizəsinin təmin olunması, istismarı üçün normal şəraitin yaradılması və zədələnməsinin qarşısının alınması, habelə insanların həyat və sağlamlığının, təhlükəsizliyinin təmin edilməsi məqsədilə qaz təchizatı obyektlərinin ətrafında mühafizə zonaları müəyyənləşdirilir. 25.2. Mühafizə zonalarında Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə qadağan olunmayan təsərrüfat işləri aparıla bilər. 25.3. Qaz təchizatı obyektlərinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunur. 25.4. Hər təqvim ilinin birinci ayında qaz nəqli sistem operatoru və qazpaylayıcı sistem operatoru qaz təchizatı obyektlərinin koordinatlarını, funksiyalarını, yer səthində yerləşmə səviyyələrini və uzunluqlarını göstərən elektron xəritəni, habelə xəritədə qeyd olunan obyektlər barədə tənzimləyici tərəfindən müəyyən olunan məlumatları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) və tənzimləyiciyə təqdim etməlidir.
27. Qaz təchizatı subyektinin təqsiri üzündən insanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə dəymiş zərər həmin zərəri vuran qaz təchizatı subyekti tərəfindən tam aradan qaldırılmalı və ya dəymiş zərərin əvəzi tam ödənilməlidir. İnsanların həyatına, sağlamlığına, əmlakına və ətraf mühitə zərər vurulana qədər mövcud vəziyyətin tam bərpası mümkün olmadıqda, dəymiş zərərin əvəzi Azərbaycan Respublikasının mülki qanunvericiliyinə uyğun olaraq ödənilir.
15. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 97.1 işə baxılarkən xüsusi bilik tələb olunan sualları izah etmək üçün məhkəmə işdə iştirak edən şəxsin vəsatəti və ya öz təşəbbüsü ilə ekspertiza təyin edə bilər. 124.1. İşə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır; 217.1. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.3. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
Məhkəmənin mövqeyi:
16. Məhkəmə mülki iş üzrə iddia ərizəsini, tərəflərin izahını, əlavə edilmiş sənədləri, nəzərdən keçirib, təqdim edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, ilkin iddia əsaslıdır və təmin edilməlidir.
17. İlk növbədə qeyd olunmalıdır ki, hər hansı iddia tələbi üzrə hüquqi dəyərləndirmə prosesi ilk addım kimi iddiaçının tələbinə uyğun gələn iddia tələbinin qanuni əsasının tapılmasından və məhkəməyə bildirdiyi faktiki halların həmin iddia tələbinin qanuni əsasının dispozisiya şərtlərinə uyğun olmasının yoxlanılmasından ibarətdir. Buna görə, əgər irəli sürülmüş iddia tələbinin qanuni əsası tapılmırsa və ya faktiki hallar tapılan iddia tələbinin qanuni əsasının şərtləri, yəni dispozisiya əlamətləri ilə uzlaşmırsa hüquqi dəyərləndirmə məhkəmə üçün artıq başa çatmalıdır.
18. Belə ki, məhkəmə tərəfindən iş materialları araşdırılarkən müəyyən edilmişdir ki, ilkin iddia tələbi üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin Şamaxı rayon Günəşli (Saqyan) kəndində yeraltı qaz borusunu zədələməsi ilə ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh Ağsu X7 İdarəsinə dəymiş maddi ziyanın dəyəri müəyyən olunmuş və hesablanmış məbləğ iddiaçıdan tələb edilmişdir.
19. Qarşılıqlı iddia tələbi üzrə iddiaçı Cavabdeh İB üzrə cavabdeh Şamaxı rayon Günəşli (Saqyan) kəndində yaşayan İddiaçı kamil oğlu oğlundan Cavabdeh Ağsu X7 İdarəsinə dəymiş 1049.20 (bir min qırx doqquz manat iyirmi qəpik) manat məbləğində maddi ziyanın, İddia ərizəsi üçün ödənilmiş 30.50 manat dövlət rüsumunun, ümumilkdə 1079.70 (bir min yetmiş doqquz manat yetmiş qəpik) manat məbləğin iddiaçı Cavabdeh xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
20. Göründüyü kimi, həm ilkin iddianın, həm də qarşılıqlı iddianın hüquqi əsasını mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəlik təşkil edir.
21. Məhkəmə qeyd edir ki, mülki hüququn vacib institutlarından biri olan mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər mülki hüquq öhdəlikləri sistemində əsas yerlərdən birini tutur. Bu öhdəliyin məzmunu hər hansı bir şəxsə ziyan vuran subyektin məsuliyyəti ilə şərtlənir və pozulmuş hüquq və mənafelərin bərpası məqsədini daşıyır. Zərər vurmadan irəli gələn öhdəliklər zərərçəkmişin əmlak və qeyri-əmlak hüquqlarının pozulması nəticəsində yaranır, mütləq xarakter daşıyır, zərər vuranın hesabına və yaxud qanunla üzərinə zərərin əvəzinin ödənilməsi vəzifəsi qoyulan başqa şəxslərin hesabına qeyd edilən hüquqların tam bərpa olunmasının təmin edilməsinə yönəlir. Delikt öhdəliyinin yaranması üçün zərər mövcud olmalı, bu, zərərvuran şəxsin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməli, qanunsuz hərəkət və hərəkətsizliklə zərər arasında səbəbli əlaqə olmalıdır. Bundan başqa, zərərvuran şəxsin təqsirindən asılı olmayaraq maddi məsuliyyət daşıması halları istisna olmaqla, zərərvuran şəxsin təqsiri müəyyən edilməlidir.
22. İşin mübahisəsiz hallarından görünür ki, Cavabdeh X12 İdarəsinin xx.xx.2024-cü il tarixli Aktına əsasən, xx.xx.2024-cü il tarixdə Şamaxı rayonu, Saqyan kəndində olan Şamaxı QPS-dən qıdalanan Şərədil xəttinin həmin ərazidə “Belarus” markalı traktor **-BA-*** dövlət qeydiyyat nişanlı texnika yer şümlayarkən yeraltı orta təzyiqli qaz xəttini tam yararsız hala salmağı barədə məlumat daxil olmuşdur. Həmin ünvana baxış keçirilib və qaz təminatı Qurutəpə kəndi ərazisində olan siyitmədən dayandırılmışdır. Qəza baş verən zaman orta təzyiqli qaz xəttində 100mbar mənbədən qaz verilmişdir. Qəza zamanı 55 dəqiqə yəni 02.15 radələrində bağlamdığına görə havaya qaz üfürülmüşdür.
23. Məhkəmə hesab edir ki, baş vermiş hadisə zamanı ilk növbədə qanunvericiliyin tələbinə uyğun olaraq qaz kəmərinin çəkilib çəkilməməsi, bununla da ilkin iddiaçı və qarşılıqlı cavabdehin baş vermiş hadisədə təqsirli olub olmaması araşdırılmalı və təqsir məsələsi sübuta yetirildikdən sonra hadisə nəticəsində vurulmuş zərərin həcmi araşdırılaraq tərəfdən tələb edilməlidir.
24. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının Dövlət Tikinti Normaları 2.13-1 "Qaz təchizatı. Layihələndirmə normaları"na əsasən qaz kəmərlərinin kanalsız çəkilən yeraltı mühəndis kommunikasiyaları ilə, dərəcəsi olmayan torpaq yollarla, o cümlədən kənd məskənləri arasındakı yollarla kəsişdiyi yerlərdə futlyarların qoyulması zərurəti və onların konstruksiyalarının qəbul edilməsi, layihə təşkilatı tərəfindən həll edilir. Bu halda futlyarların asbesement və ya polietilen borulardan nəzərdə tutulmasına və yolun altında 1,5 m-dən az olmayan dərinlikdə çəkilməsinə yol verilir. (§12)
25. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3255 saylı ekspert rəyinə əsasən, tədqiqat Şamaxı rayonu, Günəşli (Saqyan) kəndində yerləşən torpaq sahəsi və polietilen qaz xətti üzrə aparılmışdır. Ekspert baxışı zamanı müəyyən edilmişdir ki, mübahisə predmeti olan qaz xətti polietilen materialdandır, onun 17 metr hissəsi torpağın üzərində, digər hissələri isə (mübahisəli ərazidə) əsasən 5–10 sm, maksimum isə 19 sm dərinlikdə torpağın altı ilə çəkilmişdir. Qəza baş verən hissənin faktiki olaraq sonradan bərpa edildiyi də aşkar olunmuşdur. (§10)
26. Həmçinin baxış zamanı qaz xətti boyunca (mübahisəli hissədə) məlumatlandırıcı və xəbərdaredici lövhələrin olmadığı müəyyən edilmişdir. Bundan əlavə, traktorun kotanına baxış zamanı aparılan ölçmələr nəticəsində kotanın torpağa daxil olan hissəsinin uzunluğunun 22 sm olduğu müəyyən edilmişdir. AzDTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə normaları”nın 6.92-ci maddəsinə əsasən, polietilen qaz kəmərlərinin çəkilməsi borunun yuxarı səthindən 1 metrdən az olmayan dərinlikdə nəzərdə tutulmalıdır. Lakin faktiki vəziyyətin bu normativ tələblərə uyğun olmadığı açıq şəkildə müəyyən edilmişdir. 6.108-ci maddəsinə əsasən, yaşayış məskənlərindən kənarda çəkilən polietilen qaz kəmərlərinin trassaları mütləq qaydada fərqləndirici nişanlar və məlumatlandırıcı lövhələr vasitəsilə göstərilməlidir. Buna baxmayaraq, hadisə baş verən ərazidə bu cür lövhələrin olmadığı ekspert baxışı zamanı aşkar edilmişdir. Beləliklə: qaz kəməri normativlərə zidd olaraq ya torpaq üzərində, ya da normadan xeyli az dərinlikdə çəkilmiş və qaz xəttinin trassası barədə xəbərdaredici nişanlar quraşdırılmamışdır. (§12)
27. Məhkəmə hesba edir ki, baş vermiş qəzaya layihə təşkilatı tərəfindən həll edilməli, məsul olduğu məsələlərə qanunvericiliyin tələbinə dəqiq riayət edilməməsi səbəb olmuşdur. YəniAzəriqaz tərəfindən qüvvədə olan normativ-texniki tələblərə riayət edilməmişdir ki, bu da baş vermiş qəza hadisəsi ilə birbaşa səbəbli əlaqədədir.
28. Belə ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 10/3255 saylı ekspert rəyində açıq şəkildə müəyyən edilmişdir ki, Şamaxı rayonu, Günəşli (Saqyan) kəndində yerləşən polietilen qaz kəmərinin 17 metr hissəsi torpağın üzərində, qalan hissələri isə normativ tələblərə zidd olaraq cəmi 5–10 sm (maksimum 19 sm) dərinlikdə çəkilmişdir. Halbuki AzDTN 2.13-1 “Qaz təchizatı. Layihələndirmə normaları”nın 6.92-ci maddəsinə əsasən, polietilen qaz kəmərləri borunun yuxarı səthindən ən azı 1 metr dərinlikdə çəkilməlidir. Bu tələbin kobud şəkildə pozulması qaz xəttinin mexaniki təsirlərə qarşı müdafiəsiz vəziyyətdə qalmasına səbəb olmuşdur. (§10)
29. Diqqətəlayiqdir ki, traktorun kotanının torpağa daxil olan hissəsinin uzunluğu 22 sm olduğu halda, qaz kəməri torpağın cəmi 5–10 sm dərinliyində yerləşmişdir. Bu isə onu göstərir ki, adi və təsərrüfat məqsədli torpaq şumlama işləri zamanı belə qaz kəmərinin zədələnməsi qaçılmaz olmuşdur. Belə vəziyyətdə baş vermiş qəza təsadüfi hal kimi deyil, ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının normativ tələbləri pozması nəticəsində yaranmış texniki təhlükə kimi qiymətləndirilməlidir. Göstərilən hallar bütövlükdə qəzanın baş verməsində qaz təsərrüfatı orqanlarının normativ tələblərə əməl etməməsinin mühüm rol oynadığını açıq şəkildə təsdiq edir. (§10)
30. Beləliklə, qaz kəmərinin normativlərə uyğun olmayan dərinlikdə çəkilməsi, trassanın işarələnməməsi və təhlükəsizlik tədbirlərinin görülməməsi ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının hərəkətsizliyinin (səhlənkarlığının) baş vermiş qəza ilə birbaşa səbəbli əlaqədə olduğunu təsdiq edir. Bu səbəbdən də yaranmış zərər və nəticələrə görə mülki-hüquqi məsuliyyət ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının üzərinə düşür.
31. Məhkəmə hesab edir ki, ilkin iddiaçının, qarşılıqlı iddia üzrə cavabdehin təqsiri sübuta yetririlmədiyindən vurulmuş ziyanın həcminin də müəyyən edilməsi əhəmiyyət kəsb etmir, belə ki, ixtisaslaşmış qeum olan ilikin iddiaşı üzrə cavabdeh və qarşılıqlı iddiaçı bu məbləği özü müəyyən etmişdir.
32. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, ilkin iddia tələbi təmin edilməli, "Azəriqaz" Ístehsalat Birliyinin və X9 Sahəsinin İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehə qarşı qanunsuz hesabladığı 1049 (min qırx doqquz) manat 20 qəpik borc silinməlidir və qarşılıqlı iddia tələbi təmin edilməməlidir.
Məhkəmə xərcləri:
33. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh iddia ərizəsində 31 manat tələb edir, lakin bu hissədə məhkəmə iddia tələbini qismən əsaslı hesab edir. İddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30.49 (otuz manat qırx doqquz qəpik) manat məbləğində pul Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçıdan ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin xeyrinə tutulmalıdır.
34. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115-ci maddəsində işə baxılması ilə əlaqədar məsrəflərin siyahısına həmçinin ekspertlərə verilməli olan məbləğlər aid edilmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunduğu üçün, mülki iş üzrə keçirilmiş məhkəmə-trasoloji ekspertizası üzrə 100 manat məbləğində olmaqla, ekspertiza tədqiqatının dəyəri ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehndən tutularaq dövlət gəlirlərinə alınmalıdır.
35. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 227 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
1. İlkin iddia qismən təmin edilsin.
2. İlkin iddia üzrə Cavabdeh tərəfindən dəymiş maddi ziyanın ödənilməsi üçün ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı Kamil oğluna hesablanmış 1049.20 (bir min qırx doqquz manat iyirmi qəpik) manat məbləğində ziyan silinsin
3. İlkin iddia üzrə Cavabdehndən 30.49 (otuz manat qırx doqquz qəpik) manat dövlət rüsumu alınaraq ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı kamil oğluna ödənilsin.
4. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri 100 (yüz) manat məbləğində pul ilkin iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdehndən tutularaq X1, Kod 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ******************** SFİFT BİK: CTREAZ 22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, AZ34CTRE******************** nömrəli hesabına köçürülsün.
5. İlkin iddia qalan hissədə təmin edilməsin
6. Qarşılıqlı iddia təmin edilməsin.
7. Ödənilmiş dövlət rüssumu qarşılıqlı iddiaçının özünə aid edildin.
8. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan kabinetdən elektron qaydada) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Hakim: Samirə Eyvazova