Məhkəmə qərarları › İş №2(011)-6794/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6794/2021

28.09.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Lizinq müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6794/2021 28.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı MMC Cavabdeh qarşı “lizinq müqaviləsi üzrə borcun ödənilməsi tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 19.12.2019-cu il tarixli 01/560/19-T saylı nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 4073,64 manat, 3070,37 manat cərimə olmaqla, cəmi 7144,01 manat borcun və 30 manat ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli 01/560/19-T saylı nisyə alqı-satqı müqaviləsinə əsasən iddiaçı qiyməti 4173,64 manat olan 1 ədəd 2018-ci il buraxılışlı TEPLO markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafıkinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. Hazırda cavabdehin həmin müqaviləyə əsasən qalan borcu 4073.64 manat, dəbbə pulu 3070.37 manat olmaqla, cəmi 7144.01 manat təşkil edir. Müqavilədən irəli gələn qeyd olunan ödənişlərin həyata keçirilməsi barədə cavabdehə rəsmi qaydada bildiriş göndərilmiş, lakin buna baxmayaraq, cavabdeh tərəfindən müqavilə üzrə ödənişlər edilməsi 575 gün müddətində gecikdirilmiş və beləliklə də, müqavilədən irəli gələn öhdəliklər icra edilməmişdit. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Lakin, ərizə ilə məhkəməyə müriət edərək, işə iştirakı olmadan baxılmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə müvafiq qaydada məlumatlandırılmalarına baxmayaraq cavabdeh məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə təqdim edilən sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İddiaçı MMC ilə Cavabdeh arasında bağlanmış 19.12.2019-cu il tarixli 01/560/19-T saylı nisyə alqı-satqı müqaviləsinin və 27.12.2019-cu il tarixli təhvil-təslim aktının surətindən müəyyən olunur ki, İddiaçı qiyməti 4173,64 manat olan 1 ədəd 2018-ci il buraxılışlı TEPLO markalı divardan asılan məişət qaz qazanını sənəd və ləvazimatları ilə birlikdə cavabdehə təhvil vermiş, cavabdeh isə bunun müqabilində müqaviləyə əlavə olan Ödəniş qrafıkinə müvafiq olaraq aybaay ödəniş etməyi öhdəsinə götürmüşdür. 29.07.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh əşyanın ödənilməmiş dəyəri 4073,64 manat, 3070,37 manat cərimə olmaqla, cəmi 7144,01 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə görə hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər. 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 386.1-ci maddəsinə əsasən öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür. 443.1-ci bəndinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Beləliklə məhkəmə tərəflər arasında hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilələri bağlanmış hesab edir o səbəbdən ki, alqı-satqı müqaviləsinin əsas mühüm şərti alqı-satqının predmeti haqqında razılaşmanın olması ilə yanaşı digər mühüm şərtləri 1) malın qiyməti, 2) ödənişlərin qaydası, 3) müddətləri və 4) məbləğləri müqavilədə nəzərdə tutulmuşdur. Beləliklə, məhkəmə işin faktiki hallarına qeyd olunan maddi hüquq normalarını tətbiq edərək hesab edir ki, Cavabdeh İddiaçı MMC ilə bağlanmış 19.12.2019-cu il tarixli 01/560/19-T saylı nisyə alqı-satqı müqaviləsində nəzərdə tutulan öhdəliklərini lazımınca yerinə yetirməməsi, müqavilə üzrə ödənilməmiş 4073,64 manat borcunun qalması təsdiq olunur. Ona görə də, həmin borc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Bununla yanaşı, məhkəmə hesab edir ki, borcun vaxtında ödənilməməsinə görə 3070,37 manat məbləğində cərimənin alınması tələbi qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Bu baxımdan məhkəmə belə bir nəticəyə gəlir ki, 3070,37 manat məbləğində dəbbə pulu tənasübsüz yüksək dəbbə pulu hesab olunmalı, buna görə tələb olunan dəbbə pulu 370,37 manat məbləğinədək azaldılmalıdır. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təqribən 62 faiz həcmində təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbləğində dövlət rüsümunun 18,60 manat cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikasının MPM-nin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikasının MPM-nin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, ərizədə qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 19.12.2019-cu il tarixli 01/560/19-T saylı nisyə alqı-satqı müqaviləsi üzrə əşyanın ödənilməmiş dəyəri 4073,64 manat, 370,37 manat cərimə olmaqla, cəmi 4444,01 (dörd min dörd yüz qırx dörd manat 01 qəpik) manat borc və ödənilmiş dövlət rüsumunun 18,60 (on səkkiz manat 60 qəpik) manat hissəsi İddiaçı MMC-nin xeyrinə tutulsun. İddia tələbi qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar