Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-6821/2022 21.10.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Əliyev Şəhriyar İbrahim oğlu, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “vəzifələrə uyğun işlə təmin olunma, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsindən imtina edilməsinə dair” iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyən etdi: X2 iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 nümayəndəsi qismində iddia ərizəsini imzalamaqla cavabdehlər Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “X1” MMC-də və “X4” ASC-də tutduqları vəzifələrə uyğun işlə təmin olunmaları, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlərdən görünür ki, iddia tələbi əmək münasibətlərindən irəli gələn mübahisədir, cavabdeh kimi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi göstərilmişdir, X2 İddiaçı1 münayəndəsi və vəkili kimi, digər iddiaçıların isə nümayəndəsi qismində çıxış edir, İddiaçı5 tərəfindən X.F.İsgəndərova verilmiş xx.xx.2021-ci il tarixli etibarnamə xx.xx.2022-ci il tarixdə qüvvəsini itirmişdir. Məhkəmə qeyd edir ki, əvvəla iddia ərizəsi ilə bağlı tələblərə iddiaçılardan hər birinə münasibətdə riayət edilməli olduğu halda, hazırkı iş üzrə iddia ərizəsi, İddiaçı1 istisna olmaqla, digər iddiaçılara münasibətdə vəkil orderi olmadan, İddiaçı5 münasibətdə isə həmçinin qüvvədə olan etibarnamə olmadan imzalanmışdır ki, bu da iddia ərizəsinin hüququ olmayan şəxs tərəfindən imzalanması kimi qiymətləndirilməlidir. İkincisi, iddiaçıların hər biri ayrı-ayrı fərdi müqavilələrindən irəli gələn əmək mübahisələri üzrə tərəf kimi çıxış edirlər ki, bundan irəli gələn tələblər müştərəkliklə ifadə olunmur və bir iddiaçının tələbi digəri ilə əlaqədar deyil. Üçüncüsü, məhkəmə qeyd edir ki, cavabdeh olaraq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi göstərilsə də, iddia ərizəsində iddiaçının cavabdehlərin hər birinə qarşı yönələn konkret tələbi - hansı cavabdehin hansı tələbi yerinə yetirməli olduğu iddia ərizəsində aydın göstərilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia ərizəsi, onu imzalamağa hüququ olmayan şəxs tərəfindən imzalandığından, habelə iddia ərizəsi qanunla müəyyən olunmuş forma və məzmuna riayət edilməməklə verildiyindən ona əlavə olunmuş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 51.1-ci maddəsinə əsasən, iddia müştərək qaydada bir neçə iddiaçı tərəfindən və ya bir neçə cavabdehə qarşı qaldırıla bilər. İddiaçıların və ya cavabdehlərin hər biri digər tərəfə dair prosesdə müstəqil çıxış edir. Həmin Məcəllənin 149.1-ci maddəsinə əsasən, iddia ərizəsi məhkəməyə yazılı şəkildə verilir. O, iddiaçı və ya onun bunu imza etməyə səlahiyyəti olan nümayəndəsi tərəfindən imzalanır. Həmin Məcəllənin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.1.1-ci maddəsinə əsasən, iddia ərizəsinin bu Məcəllənin 149cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə və ya bu Məcəllənin 150.1.1-ci maddəsində göstərilən sənədlər iddia ərizəsinə əlavə edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.2-ci maddəsinə əsasən, iddia ərizəsi imzalanmadıqda və ya onu imzalamağa hüququ olmayan şəxs tərəfindən, yaxud xidməti vəziyyəti göstərilməyən şəxs tərəfindən imzalandıqda hakim iddia ərizəsi və ona əlavə olunmuş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.3-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. Qərardad ləğv edildikdə, iddia ərizəsi məhkəməyə müraciət edildiyi gündən verilmiş hesab edilir. Bununla belə məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 266-268-ci maddələrini rəhbər tutaraq qərara aldı: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3, İddiaçı4, İddiaçı5, İddiaçı6 Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “vəzifələrə uyğun işlə təmin olunma, həmçinin ödənilməmiş əmək haqqı məvaciblərinin hesablanaraq ödənilməsindən imtina edilməsinə dair” iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Qərardaddan, tərəflərə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6821/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-6821/2022
21.10.2022 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver