Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-683/2024 06.04.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 2-ci Səbail yaşayış massivi 50-ci ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı adına (abonent kodu: **********00500) əsassız olaraq borc kimi yazılmış olan 39.744 m3 qazın dəyərinin Cavabdeh tərəfindən tam silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Səbail rayonu, 2-ci ünvan 2 ünvanda abonent kodu **********00500 olmaqla iddiaçı cavabdeh tərəfindən qaza qoşulmuşdur. Evdə təmir işləri aparıldığı və yaşayış olmadığına baxmayaraq, həmin küçədə qaz borusu çəkilən zaman və gələcəkdə həmin evdə yaşamaq niyyəti ilə qaz istismarı müqaviləsi bağlamışdır. 2023-cü ilin iyul ayının sonlarında iddiaçı qaz sayğacına avans ödəniş yükləmək niyyəti ilə “Milliön” aparatına yaxınlaşdığı zaman həmin əməliyyat səhv göstərmişdir və iddiaçı “ASAN” kommunala müraciət etdiyi zaman orada külli miqdarda borcun olduğu müəyyən olunmuşdur. Səbail qaz istismarı idarəsinə müraciət etsə də, orada ona heç bir cavab verilməmişdir və Bakı Regional Qaz Satışı Departamentinə müraciət etməyi tövsiyə edilmişdir. Bundan sonra iddiaçı dəfələrlə borcun yaranması əsaslarının müəyyən edilməsi üçün Bakı Regional Qaz Satışı Departamentinə müraciət etməsinə və çoxsaylı şikayətlər ünvanlamasına baxmayaraq, iddiaçıya sənədlər cavab əvəzi olaraq yalnız 12 oktyabr 2023-cü il tarixdə təqdim edilmişdir. İddiaçıya təqdim edilmiş 25 may 2023-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktın surətindən tərtib olunmuşdur və həmin aktda dəymiş ziyanın hesablanması və kənar xəttin ləğv edilməsi qeyd olunmuşdur. Həmin akta əsasən iddiaçıya 31 may 2023-cü il tarixli tələbnamə təqdim olunmuş və həmin tələbnamədə guya vurduğu ziyan əvəzi olaraq 39.744 m3 qazın dəyirinin ödənilməsi tələb olunmuşdur. Yuxarıda göstərilən ******* saylı 25 may 2023-cü il tarixli akt kobud qanun pozuntusu ilə tərtib edilmiş və bu səbəbdən də hər hansı “ziyanın ödənilməsi” barədə tələb qanunsuzdur. Belə ki, cavab sənədləri araşdırılan zaman müəyyən edilmişdir ki, Bakı Regional Qaz Satışı Departamentinin işçiləri Vafiq Bayramov və Ehtiram Babayev həmin küçədə 60 metr məsafədə yerləşən qonşu evdə qanunsuz xəttə qoşulma hallını aşkar etmişdirlər, lakin həmin ev üzrə abonent müəyyən edilmədiyi və həmin evdə 20 ilə yaxındır ki, yaşayışın olmadığı səbəbindən “əlacları qalmayıb” borcu 60 metr kənarda olan abonentə, yəni iddiaçının üzərinə yazmışdırlar. Qaz borusuna qoşulması yeri kimi şəkildə göstərilən yer qonşunun evidir, həmin şəkilin üzərinə sözün əsl mənasında qanunsuzluğa yol verərək iddiaçının həyətinin şəkili qoyulmuş və guya o, həmin yerdir kimi qələmə verilmişdir. Bu fakt həmin yerlə yerli baxış keçirilən zaman da açıq aşkar müəyyən etmək olacaqdır. Qazın qoşulduğu yerə və evə iddiaçının heç bir aidiyyəti yoxdur və olmayıb da. Ona görə də hesab edir ki, əsassız olaraq borc kimi yazılmış olan 39.744 m3 qazın dəyərinin Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Daha sonra iddiaçının vəkili Vəkil Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Səbail rayonu, 2-ci Səbail yaşayış massivi 50-ci ünvanda yerləşən fərdi yaşayış evinin İddiaçı adına (abonent kodu: **********00500) əsassız olaraq borc kimi yazılmış olan 4.769,28 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçının vəkili Vəkil ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan 25 may 2023-cü il tarixli ******* saylı aktdan görünür ki, abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 4.769,28 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, iddiaçının 2023-cü ilin may ayına 4.769,28 manat borcu mövcuddur. Məhkəmə tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 02 fevral 2024-cü il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, təqdiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iclasında iddiaçı tərəfindən qaz xəttinə qaz sayğacından kənar qeyriqanuni xətlə qoşulması halı öz təsdiqini tapmamış, cavabdeh tərəfindən bu halı təsdiq edən hər hansı mötəbər dəlil məhkəməyə təqdim edilməmişdir. Bu səbəbdən məhkəmə iddiaçının abonent hesabına 2023-cü ildə hesablanmış 4.769,28 manat məbləğində cəriməni qanunsuz hesab edir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək akt tərtib edilsə də və həmin akt abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etməsi halı məhkəmə araşdırması zamanı öz təsdiqini tapmadığından, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurması halı sübuta yetirilmədiyindən, iddiaçı cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00500 saylı abunə koduna hesablanmış 4.769,28 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64 manat müəyyən edilmişdir. Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan cavabdehdən 67.69 manat məbləğində dövlət rüsumu, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 manat cavabdehdən alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00500 saylı abunə koduna hesablanmış 4.769,28 (dörd min yeddi yüz altmış doqquz manat iyirmi səkkiz qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 67.69 (altmış yeddi manat altmış doqquz qəpik) manat dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza xərci olan 64 (altmış dörd) manat alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-683/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-683/2024
06.04.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver