Məhkəmə qərarları › İş №2(011)-684/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-684/2025

25.02.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-684/2025 25.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əsassız olaraq yazılmış borcun silinməsi tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İşin faktiki halları:

1. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 13 nömrəli yataqxanada yerləşən 5068 saylı otaq üzrə **********05680 saylı abonent kodu ilə qeydiyyata alınmışdır.

2. Cavabdeh tərəfindən iddiaçının yaşadığı yataqxana otağına dair 2017-ci ilin yanvar-may, avqust-dekabr ayları, 2018-ci ilin yanvar-dekabr ayları, 2019-cu ilin yanvardekabr ayları, 2021-ci ilin yanvar-dekabr ayları, 2022-ci ilin yanvar-dekabr ayları, 2023-cü ilin yanvar-dekabr ayları üzrə və 2024-cü ilin yanvar-avqust ayları üzrə borc hesablanmışdır. Abonent saldosunun “qalıq və aktlar” bölməsində hesablanmış bocun illər üzrə göstəricisi belədir: 2017-ci il üzrə 115,51 manat, 2018-ci il üzrə 450,55 manat, 2019cu il üzrə 924,85 manat, 2020-ci il üzrə 214,78 manat, 2021-ci il üzrə 950,47 manat, 2022ci il üzrə 1007,14 manat, 2023-cü il üzrə 1007,14 və 2024-cü il üzrə 271 manat, ümumilikdə 4941,98 manat.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

3. İddiaçı Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 13 nömrəli yataqxanada yerləşən 5068 saylı otağa qaz sayğacı ilə bağlı cavabdehin əməkdaşları tərəfindən 2017-ci il üzrə 115,51 manat, 2018-ci il üzrə 450,55 manat, 2019-cu il üzrə 924,85 manat, 2020-ci il üzrə 214,78 manat, 2021-ci il üzrə 950,47 manat, 2022-ci il üzrə 1007,14 manat, 2023-cü il üzrə 1007,14 və 2024-cü il üzrə 271 manat, ümumilikdə 4941,44 manat əsassız hesablanmış borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

4. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən 13 nömrəli yataqxanadakı 5-68 nömrəli otaq ona məxsusdur. Uzun müddətdir ki, həmin ünvanda yaşamır. Həmin ünvanda quraşdırılmış qaz sayğacı onun adına rısmləşdirilmişdir. Cavabdehin əməkdaşları onun məlumatı olmadan sözügedən ünvana gəlmiş və müxtəlif vaxtlarda ona ümumilikdə 4941,44 manat əsassız borc yazmışlar. Borcun yaranmasına əsas olan sənədləri cavabdehdən tələb etsə də, ona yalnız abonenet saldosu təqdim edilmiş, borca görə yazılmış aktlar və digər sənədlər isə mövcud olmamışdır. Borc üçün əsas olan sənədlərin olmaması bir daha onu deməyə əsas verir ki, borc əsassız yazılmışdır. Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

5. Cavabdeh iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

6. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı bildirdi ki, mübahisəli mənzildə şərait olmadığından iddiaçı orada faktiki olaraq yaşaya bilmir və kirayəyə də verə bilmir.

7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin o, məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

8. Mütəxəsis qismində məhkəməyə dəvət olunmuş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının aparıcı müfəttişi X1 məhkəmə iclasında bildirdi ki, mübahisəli mənzil yaşamaq normal şəraitdədir. Mübahisə predmetiolan ünvan yataqxanadır, orada bütün ünvanlar üzrə bir qaz sayğacı quraşdırılır. Bu halda kimin hansı həcmdə təbii qazdan istifadə etdiyini müəyyən etmək ola bilməz. Ümumiyyətlə yataqxanaların qazlaşdırılmasının həyata keçirilməsi qadağandır. İddiaçının aylıq qaz sərfiyyatının miqdarı təxminən 30-35 manat təşkil edə bilər.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın

11. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

12. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

13. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir.

14. 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir.

15. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

16. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır.

17. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar.

18. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

19. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

20. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

21. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

22. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

23. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir.

24. Belə ki, iş materialları ilə müəyyən edilir ki, yuxarıda qeyd edilən ünvan yataqxana tipli yaşayış otaqlarıdır və həmin ünvana kollektiv sayğac quraşdırılaraq bir neçə ailənin istifadəsinə verilmişdir. İş materiallarında olan abonent saldosunun “qalıq və aktlar” bölməsindən görünür ki, mübahisələndirilən dövr üzrə iddiaçıya 2017-ci ilin yanvardekabr ayları üzrə 115,51 manat, 2018-ci ilin yanvar-dekabr ayları üzrə 450,55 manat, 2019-cu ilin yanvar-dekabr ayları üzrə 924,85 manat, 2020-ci ilin yanvar-dekabr ayları üzrə 214,78 manat, 2021-ci ilin yanvar-dekabr ayları üzrə 950,47 manat, 2022-ci ilin yanvar-dekabr ayları üzrə 1007,14 manat, 2023-cü ilin yanvar-dekabr ayları üzrə 1007,14 və 2024-cü ilin yanvar-avqust ayları üzrə 271 manat olmaqla, ümumilikdə 4941,98 manat borc hesablanmaışdır.

25. Məhkəmə qeyd edir ki, cavabdeh eyd olunan borcun məhz iddiaçının təbii qazdan istifadə etməsi, yaxud qazdan istifadə qaydalarının pozulması nəticəsində yarandığını sübuta yetirməli olsa da, həmin borcun qeyd edilən əsaslardan hər hansı biri üzrə yarandığını təsdiq edən sübutlarını məhkəməyə təqdim edə bilməmişdir.

26. Həmçinin, iş materiallarına əlavə edilmiş abonent saldosundan görünür ki, iddiaçıya yaşadığı otaq üzrə abonent kodu verilsə də, oraya sayğacın nə vaxt, yaxud hansı tipli və nömrəli sayğacın quraşdırılması əks olunmamış, habelə sayğacın quraşdırılması ilə bağlı müvafiq akt cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir.

27. Məhkəmə iclasında mütəxəsis qismində dəvət olunmuş Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialının aparıcı müfəttişi Əhməd Əhmədov da bildirmişdir ki, Nazirlər Kabinetinin ---------tarixli qərarına əsasən yataqxana tipli yaşayış binalarında bütün sakinlərin qazdan sitfadələri ilə bağlı ümumi bir sayğac quraşdırılır. Yataqxana tipli yaşayış otaqlarına isə ayrılıqda sayğaclar quraşdırılmır. Ona görə də iddiaçının adına olan abonent saldosunda onun yaşayış otağına quraşdırılmalı olan sayğacın nə tarixi, nə tipi, nə də digər göstəriciləri qeyd edilməmişdir.

28. Yyuxarıda qeyd edilən müddəalardan da görünür ki, qanun istehlakçıların qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsinin bağlanmasını, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsini vacib hesab etmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə qoyulur.

29. Lakin işin məhkəmədə araşdırılması zamanı müəyyən edilir ki, iddiaçı ilə nə qazın alqı-satqısı müqaviləsi bağlanmamış, nə də onun yaşadığı otağa qaz sayğacı quraşdırılmamışdır. Bu halda isə cavabdehin iddiaçıdan təbii qazın qazın istifadəsinə görə göstərilən məbləğdə borc tələb etməsi əsassız olacaqdır.

30. Məhkəmə qeyd edir ki, iddiaçı istehlakçı olduğundan, verilmiş iddia üzrə dövlət rüsumundan azaddır, bu halda təmin iddia tələbinə mvafiq olan dövlət rüsumu cavabdehdən tutulmalıdır. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci (iddia qiyməti 1000 manatadək olduqda 30 manat dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur.

31. Odur ki, məhkəmə hesab edir ki, 69,41 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

32. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Nizami rayonu, Rüstəmov küçəsində yerləşən 13 nömrəli yataqxanada yerləşən 5-68 saylı otaq üzrə İddiaçı hesablanmış 2017-ci il üzrə 115,51 manat, 2018-ci il üzrə 450,55 manat, 2019-cu il üzrə 924,85 manat, 2020-ci il üzrə 214,78 manat, 2021-ci il üzrə 950,47 manat, 2022-ci il üzrə 1007,14 manat, 2023-cü il üzrə 1007,14 və 2024-cü il üzrə 271 manat olmaqla, ümumilikdə 4941,44 manat (abonent kodu **********05680) məbləğində borc silinsin. 69,41 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar