Məhkəmə qərarları › İş №2(011)-6841/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6841/2023

15.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6841/2023 15.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona hesablanmış 2073,6 manat məbləğində borcun əsassız hesab edilərək silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, o, Qaradağ rayonu Lökbatan qəsəbəsi 1-ci massiv ünvanında yaşayır və ev onun mülkiyyətindədir. Qeyd edilən yaşayış evinə Cavabdeh tərəfindən qaz xətti çəkilmiş və onunla "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasıda qazın alqı-satqısı barədə müqavilə” imzalanmışdır. Qeyd edilən müqavilənin şərtlərinə əsasən onun ünvanında mexaniki sayğac quraşdırılmışdır. O, mütəmadi olaraq işlətdiyi qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh əməkdaşları tərəfindən həmin sayğacın üzərində plombun olmaması əsas gətirilmiş və xəbəri olmadan barəsində akt tərtib edilmiş, həmin Akta əsasən onun abonent hesabına 2073,60 manat cərimə hesablanıb, cərimə əsassız olduğundan həmin məbləğin silinməsi tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yerin barədə lazımi qaydada məlumat verilməsinə baxmayarq onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “mənzilə aid ÇPÇ15342974 nömrəli sayğacına dövlət yoxlamasından sayğacın hesablama mexanizmində müdaxilə rəyi verilib” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********2640) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 17280 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan Gasrep sənədindən görünür ki, İddiaçı məxsus **********2640 abonent kodu üzrə 2016-cı ilin sentyabr ayından 2023-cü ilin mart ayına qədər ödəniş 163, sərfiyyat 1608 olmuş, borca görə tutulma olmamışdır. İş materiallarında olan 29 avqust 2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********2640 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 06/2023cü il tarixi üzrə 2073,60 manat borc yazılmışdır. İş materiallarında olan MSK-14-2-2/3-5-6423/Q001 nömrəli Aktdan görünür ki, 1502AZ**********74 seriya nömrəli qaz sayğacı ilə bağlı yoxlamanın nəticəsi kimi “sayğaca ümumi baxış keçirildi, .... sayğac istismara yararsızdır” qeyd edilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca xx.xx.2023-cü il tarixdə cavabdeh tərəfindən baxış keçirilmiş, yoxlama zamanı “mənzilə aid ÇPÇ15342974 nömrəli sayğacına dövlət yoxlamasından sayğacın hesablama mexanizmində müdaxilə rəyi verilib” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin - iddiaçının **********2640 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 06/2023-cü il tarixi üzrə 2073,60 manat borc yazılmışdır, hazırda həmin məbləğ ondan tələb edilir. Bununla belə, iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, iddiaçı itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən onun abonent koduna əsassız olaraq hesablanmış 2073,60 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Tarif Şurasının 1 noyabr 2021-ci il tarixdən qüvvəyə minmiş Qərarına əsasən, əhali qrupu üzrə 1200 kub.m-dək (1200 kub.m daxil olmaqla) (manat/1000 kub.m, ƏDV ilə) 120 manat həddində müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00000) itirilmiş qazın bərpası məqsədilə yazılmış 2073,60 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox 10000 manatdan az olduğundan, iddia tələbinin həcmi nəzərə alınmalı cavabdehdən dövlət mədaxilinə 40,74 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********02640 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 2073 (iki min yetmiş üç) manat 60 (altmış) qəpik borc silinsin. Cavabdehndən 40 (qırx) manat 74 (yetmiş dörd) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar