Məhkəmə qərarları › İş №2(011)-6843/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6843/2021

07.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Alqı-satqı müqaviləsi üzrə mübahisələr - Yaşayış sahəsi üzrə - Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6843/2021 07.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı və onun vəkili X1, Cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “çıxarışın, alğı-satqı nömrəsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “çıxarışın, alğı-satqı nömrəsinin etibarsız hesab edilməsi, qeydiyyat vəsiqəsinin ləğv edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 adına verilmiş 02 oktyabr 2003-cü il tarixli çıxarışın ləğv edilməsi, onunla X7 arasında 21 noyabr 2003-cü il tarixli 4Ə/914 reyestr nömrəli alğı-satqı nömrəsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında X3 adına verilmiş ÖM seriyalı 179267 nömrəli 08 yanvar 2004-cü il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, ev 189 özbaşına tikilidir, həyətdə üç ev tikilmişdir. Ümumi sahəsi 41.2 kv.metr olan 2 otaqlı evdə X5 ailəsi ilə birlikdə, ümumi sahəsi 146.4 kv.metr olan 5 otaqlı evdə Q.M.Baloğlanov ailəsi ilə birlikdə, ümumi sahəsi 50 kv.metr olan evdə C.S.Musayeva ailəsi ilə birlikdə yaşayırlar. Həmin evlərin heç bir hüquqi sənədi yoxdur. Evlər özbaşına tikilidir. Hərə öz yaşadığı sahəyə görə kommunal xərcləri ödəyir. İddiaçının atası X5 05 noyabr 2007-ci il tarixdə vəfat etmişdir. Onların xəbəri olmadan yaşadıqları və qeydiyyatda olduqları evə Bakı şəhəri, Xətai rayonu, (Nobel) indiki 8 Noyabr prospektində yerləşən 189 saylı evə istifadə hüquqları itirilməklə pasport qeydiyyatından çıxarılmışlar. Daha sonra iddiaçının əmisi X8 evə öz adına çıxarış almışdır. Bundan sonra isə ayrıayrı olan üç evi Cavabdeh satmışdır. Sonradan iddiaçı yaşadığı evə məhkəmə yolu ilə pasport qeydiyyatına salınmışdır. Məhkəmə iclasında iddiaçı və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdehin etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, bilavasitə məhkəmə iclasında tətqiq edilmiş, mümkün və mötəbər sübutlara tam, hərtərəfli, obyektiv və qərəzsiz baxdıqdan sonra bu sübutlarla tətbiq edilməli hüquq normalarına müvafiq hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia ərizəsi rədd edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu, Nobel prospekti, 189 ünvanında yerləşən mənzil 02 oktyabr 2003-cü il tarixdə ilkin olaraq X4 adına qeydiyyatdan keçmişdir. 6 saylı DNK-nın 21 noyabr 2003-cü il tarixli 4Ə/914 reyestr nömrəli alğısatqı müqaviləsinə əsasən Cavabdeh adına qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. Məhkəmə qeyd edir ki, iddiaçı iddia tələbinin əsası kimi əmisi X4 onların yaşadığı evə dair qanunsuz olaraq çıxarış almasına istinad etmiş, həmin çıxarışın və alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsini tələb etmişdir. Lakin iddiaçı iddia tələbinin əsasını təşkil edən hallarla bağlı məhkəməyə mötəbər sübut təqdim edə bilməmiş, bu hallar məhkəmə iclasında işin hər hansı halı ilə sübuta yetirilməmişdir. Halbuki, Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Sadalanan mülki prosessual hüquq normalarının mənasına görə iddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını, mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Cavabdeh isə iddiaya qarşı etirazını əsaslandıran faktları sübut etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli Qərarına əsasən, məhkəmə qərarını tərəfləri dəvət etmədən özünün qulluq mövqeyinə görə irəli sürdüyü hüquqi dəlillərlə əsaslandıra bilməz. Məhkəmə iş üzrə sübutları yalnız tərəflərin vəsatəti əsasında və onlar həmin sübutları müstəqil qaydada əldə edə bilmədikdə tələb edə bilər. Bu zaman zəruri sübutu müstəqil qaydada əldə edə bilmədiyini sübut etmək yükü də müvafiq tərəfin üzərinə düşür. Mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatı zamanı məhkəmələr ədalət mühakiməsini çəkişmə və tərəflərin bərabərliyi prinsipinə riayət etməklə, tərəflərin təqdim etdiyi sübutlar və faktlar əsasında həyata keçirməli, öz qərarlarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, təqdim etdikləri və Mülki-Prosessual Məcəllənin tələblərinə müvafiq olaraq əldə edilmiş sübutlarla əsaslandırmalı, həmin sübutların araşdırılmasından irəli gələn həqiqəti müəyyən etməlidir. Məhkəmə yuxarıda qeyd edilənlərə əsasən hesab edir ki, iddiaçının tələbi sübutlarla təsdiq edilmədiyindən rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı 20 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ödənilmiş 20 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi : İddiaçı Cavabdeh qarşı - X2 adına verilmiş 02 oktyabr 2003-cü il tarixli çıxarışın ləğv edilməsi, onunla X7 arasında 21 noyabr 2003-cü il tarixli 4Ə/914 reyestr nömrəli alğı-satqı nömrəsinin etibarsız hesab edilməsi və həmin alğı-satqı müqaviləsi əsasında X3 adına verilmiş ÖM seriyalı 179267 nömrəli 08 yanvar 2004-cü il tarixli qeydiyyat vəsiqəsinin ləğv edilməsi barədə iddia tələbi rədd edilsin. Ödənilmiş 20 (iyirmi) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar