Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6915/2024 23.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 (abonent kodu:**********00002) yerləşən fərdi yaşayış evine 205.70 manat borcun Cavabdeh tərəfindən silinməsi və ödədiyi puldan borc kimi tutulmuş cəmi 269.50 manat pulun ona geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. xx.xx.2024-cü il tarixli məhkəmə iclasında İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh İB tərəfindən abonent koduna əsassız olaraq yazılmış 205,70 manat məbləğində borcun silinməsi və 168 manat pulun ona geri qaytarılmasına dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndi, Bağlar adlı ərazidə yerləşən fərdi yaşayış evində (abonent kodu:**********00002) yerləşən sayğac onun adına rəsmiləşdirilmişdir. "Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən AKT tərtib edərək sayğacı yoxlanılması üçün laborotoriyaya göndərilmişdir. Laborotoriya rəyində qeyd edilmişdir ki, guya o sayğaca müdaxilə etmişdir və ona görə haqsız yerə cərimə borcu yazılmışdır. Sayğac evdən kənarda yerləşir və "Azəriqaz” İstehsalat Birliyinin nümayəndələri sözügedən sayğaca hətta sayğacın qorunması üçün istifadə olunan qaba bele yerləşdirməmişlər. Cərimə yazıldıqdan bir müddət sonra qaz kartina yüklədiyim puldan tutulmaların olduğunu görmüşdür, yazılmış borc qanunsuz və əsassız, həmin borca görə isə ondan tutulmalar olmuşdur, buna görə də, əsassız olaraq yazılmış borc üzrə 205,7 manat məbləğin hesabından silinməsini və tutulmuş 168 manat məbləğin geri qaytarılmasını xahiş edir. Sonda İddiaçı iddia tələbinin təmin olunmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli ******* saylı “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktın surətindən görünür ki, “14-2-2/3-5-3190-1 №li rəyə əsasən sayğacın klapanı işlək deyil, sayğac mənfiyə işləyib. Qaz keçir, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir” nöqsanı qeyd edilmiş, dəymiş ziyanın hesablanması və ödənilməsi tələb edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus ünvan 1 ünvanı üzrə **********00002 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 03/2023 tarixi üçün 86,40 manat borc, ödəniş qrafasında həmin tarixə “- 286,80” yazılmış, 03/2023 tarixində ay sonuna borc 373,20 manat, 06/2024-cü il üçün ayın sonuna borc 205,70 manat hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Sabunçu rayonu, Nardaran kəndi, Bağlar-0500-0001 ünvanında yerləşən yaşayış evinə quraşdırılmış **********00002 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı aktda “14-2-2/3-5-3190-1 №li rəyə əsasən sayğacın klapanı işlək deyil, sayğac mənfiyə işləyib. Qaz keçir, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin - iddiaçının **********00002 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 03/2023 tarixi üzrə 86,40 manat borc, ödəniş qrafasında həmin tarixə “-286,80” yazılmış, 03/2023 tarixində ay sonuna borc 373,20 manat, 06/2024cü il üçün ayın sonuna borc 205,70 manat olmuşdur, iddiaçı əsassız olaraq yazılmış 205,7 manat borcun silinməsi və həmin əsassız borca görə ödədiyi 168 manatın ona qaytarılmasını tələb edir. Bununla belə, iddiaçı və onun ailə üzvləri tərəfindən təbii qaz sayğacına müdaxilə olunması, sayğacda yaranmış nasazlıqla bağlı onların təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilmədi. Məhkəmə qeyd edir ki, əvvəla, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər, ikincisi, iddiaçıya məxsus mənzildə quraşdırılan sayğaca baxış keçirilən zaman sayğaca müdaxilə edilməsi, qanunsuz qoşulma əsası ilə aktlar tərtib edilsə də, Aktlar əsasında “Qalıq və aktlar” qrafasında 03/2023 tarixi üzrə 86,40 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar, həmçinin 03/2023 il tarixinə Ödəniş” qrafasında borc kimi yazılmış “-286,80” məbləğin yaranmasına əsas verən hər hansı sübut məhkəmə tərəfindən müəyyən edilməmişdir, üçüncüsü, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 205,70 manat borc silinməli və borca görə əsassız tutulmuş 168 manat geri qaytarılmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxiləyə dair iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00002) itirilmiş qazın bərpası məqsədilə yazılmış 205,70 manat məbləğində borc silinməli və borca görə əsassız tutulmuş 168 manat geri qaytarılmalıdır. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırkı iddia təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti (205,70 + 168) nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00002 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 205 (iki yüz beş) manat 70 (yetmiş) qəpik məbləğində borc silinsin. İddiaçı **********00002 saylı abonent kodu üzrə ödənilmiş 168 (yüz altmış səkkiz) manat məbləğində pul vəsaiti geri qaytarılsın. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-6915/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6915/2024
23.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver