Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6919/2025 05.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayeva Aynur Aydın qızının sədrliyi, Nəcəfova Evelina Ramid qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi X3, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Agentliyinin Bakı filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən tərtib edilmiş aktın ləğv edilməsi, ona təbii qaza görə əsassız hesablanmış 6.093,89 manat borcun silinməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh təşkilat arasında 2012-ci ildə «qazın alqı-satqısı» müqaviləsi imzalanaraq onun yaşadığı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yeni qaz sayğacı quraşdırılmışdır. 2023-cü il yay ayında Cavabdeh əməkdaşları onun yaşadığı ünvana gələrək sayğacın istismar müddətinin başa çatdığını bildirərək sayğacı çıxarmış və onu yeni tipli sayğacla əvəz etmişlər. Onlar bu barədə akt tərtib ediblər və həmin akta ona imza etdirmişlər. Sonrada iddiaçıya məlum olmuşdur ki, Cavabdeh İstismar Birliyinin əməkdaşları tərəfindən tərtib edilmiş akt əsasında qərar tərtib edilmiş və həmin qərarda qaz sayğacına müdaxilə nəticəsində 6.093,89 manat məbləğində borc hesablanmışdır. Həmin akta «sayğacdan kənar təbii qazdan qeyri-qanuni olaraq istifadə» qeydi sayğaca müdaxilə kimi qiymətləndirərək qaz itkisi olduğu göstərilmişdir. Bu barədə cavabdeh təşkilata müraciət edərkən ona sayğaca müdaxilə edildiyi və bu səbəbdən cərimə yazıldığı bildirilmişdir. Halbuki, o heç vaxt qaz sayğacına müdaxilə etməmiş və daim istehlak etdiyi qaza görə borcunu ödəmişdir. Lakin cavabdeh təşkilat qaz sayğacına müdaxiləni onun tərəfindən edilməsini sübuta yetirmədən və heç bir əsas olmadan ona yüksək məbləğdə cərimə hesablamışdır. Müqaviləyə və qanunvericiliyin normalarına uyğun olaraq o, təqsiri olmadan baş vermiş hadisəyə görə də öhdəlik daşımır. Hazırki iş üzrə sübutetmə vəzifəsi cavabdehin üzərinə düşür. Cavabdeh təşkilat zərərin onun qanunsuz hərəkət və yaxud hərəkətsizliyi nəticəsində vurulmasını, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olmasını və onun təqsirli olmağını sübuta yetirməlidir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. O, öz izahatında bildirmişdir ki, ona məxsus ünvanda iki il əvvəl kənar xətlə qazdan istifadə halı olub, lakin onun kənar xəttin mövcüdluğundan məlumatı olmamışdır. Həmin ünvanda qardaşları tərəfindən dükan açılmışdır və idarə edilmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, yaşayış evində 1 ədəd dörd gözlü qaz peçi, 1 ədəd “odluq peçi” və 1 ədəd su qızdırıcısı vardır. O bildirmişdir ki, abonent kodu atasının adına olub. Atası rəhmətə gedib. Atasının adı saldoda səhv olaraq “Allahverdi” kimi göstərilib. Cavabdehin nümayəndəsi X6 məhkəmə iclasında iddiaya etiraz edərək, məhkəmədən iddianın təmin edilməməsini xahiş etmişdir. Sual-cavab zamanı o bildirmişdir ki, təsdiq edir ki, mübahisəli ünvanda abonent kodu iddiaçının atasının adına olub. İddiaçının atası rəhmətə gedib, adı isə səhvliklə “Allahverdi” yazılıb. Mübahisəli ünvanda sayğac və qaz xətti faktiki olaraq iddiaçı tərəfindən istifadə olunur. Müstəqil tələb irəli sürməyən üçüncü şəxs X1 Agentliyinin Bakı filialının nümayəndəsi X4 məhkəmə iclasında bildirmişdir ki, kənar xətdən istifadə edildiyi halda ünvanda quraşdırılmış 1 ədəd 4 gözlü qaz peçi (PQ4) üçün 1,2 m3, “odluq peçi” üçün 1.5 m3 və su qızdırıcısı (QSQ) üçün 1.5 m3 saatlıq qaz sərfi hesablanmalıdır. İş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, iddia tələbi qismən əsaslıdır. Buna görə də həmin tələb qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan “Təbii X5nın pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, abonent sayğacdan kənar təbii qazdan qeyriqanuni olaraq istifadə edir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair tələbnamə”dən müəyyən olunur ki, Allahverdi Əlmərdanov barəsində tərtib olunmuş ******* saylı akta əsasən 17.280 m3 həcmində itirilmiş qaz hesablanmışdır. İş materiallarında olan Allahverdi Əlmərdanova məxsus **********10000 saylı abonentin saldosundan görünür ki, cədvəlin “qalıq və aktlar” bölməsində abonentin 2023-cü ilin avqust ayı üzrə 2.073,60 manat borcu mövcud olmuşdur. İş materiallarında olan müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyinin xx.xx.2025-ci il tarixli mütəxəssis rəyindən görünür ki, xx.xx.2023-cü il tarixli, ******* nömrəli akt üzrə aparılmış hesabatlar qanunvericiliyin tələbinə əməl edilmədən aparıldığından, həmin akt üzrə hesablanmış 2.073,60 manat dəymiş ziyan məbləği abonentdən tələb edilə bilməz. Göründüyü kimi, cavabdeh təşkilat tərəfindən iddiaçıya məxsus fərdi yaşayış evində itirilmiş qazın bərpası üçün hesabat aparılmışdır və dəymiş ziyan olaraq 2.073,60 manat məbləğində iddiaçıya borc hesablanmışdır. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən istehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər. Həmin Qanunun 18-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Həmin Qanunun 26-cı maddəsinə əsasən istehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinin 6-cı bəndinə müvafiq olaraq qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqısatqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 2022-ci ilin 01 may tarixindən qüvvədə olan 13-cü maddəsinin 8- 1-ci hissəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş X5 ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “X5”nın 1.3 və 1.4-cü bəndlərinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. Həmin Qaydaların 4.1-ci bəndinə əsasən qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, AİBNDA tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. Qaydaların 4.2-ci bəndinə əsasən məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Qaydaların 4.8-ci maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 6.5-1-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması zamanı aşağıdakı şərtlər nəzərə alınır:
1. sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə edildiyi müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü;
2. əvvəlki dövrün orta gündəlik qaz sərfi;
3. istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası. Həmin Qaydaların 6.5-2-ci maddəsinə görə istehlakçı tərəfindən qazın talanması məqsədilə qaz sayğacına müdaxilə edildikdə (plomb qoparıldıqda, baxış şüşəsi sındırıldıqda, gövdəsi zədələndikdə və sayğaca vizual baxış nəticəsində qüsurun müəyyən edilməsi mümkün olan digər hallarda), qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və bu Qaydaların 3.1.10-cu yarımbəndinə uyğun olaraq qaz sayğacına keçirilmiş sonuncu baxış tarixindən sayğaca müdaxilə halları aşkar edildiyi tarixədək, lakin 3 (üç) aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Həmin Qaydaların 6.5-3-cü maddəsinə görə istehlakçı tərəfindən qanunsuz qoşulma hallarında qaz paylayıcısı tərəfindən pozuntu aradan qaldırılmalı və qazpaylayıcı şəbəkəyə keçirilmiş sonuncu baxış tarixindən qanunsuz qoşulma halları aşkar edildiyi tarixədək, lakin on iki aydan çox olmayan müddətdə istifadə edilmiş qazın dəyəri hər bir hal üzrə bu Qaydaların 6.5-1-ci bəndi ilə müəyyən edilmiş şərtlərin, habelə məişət abonentlərinə münasibətdə sutkanın on iki saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla hesablanır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: 9.1-ci maddəsinə əsasən ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. 9.3-cü maddəsinə əsasən hakim bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. 218.1-ci maddəsinə əsasən qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən edir. 220.4-cü maddəsinə əsasən qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. İş materiallarını araşdıraraq məhkəmə qeyd edir ki, mütəxəssis rəyində borcun hesablanılmasının düzgün aparılmadığı qeyd edilsə də, qaz xəttinə müdaxilə faktı öz təsdiqini tapdığından, iddia tələbləri qismən təmin edilərək, iddiaçıya hesablanmalı borcun məbləği müəyyən edilməlidir. Belə ki, işdən görünür ki, iddiaçı tərəfindən işlədilən cihazların siyahısına 1 ədəd dörd gözlü qaz peçi (PQ-4), 1 ədəd qızdırıcı və 1 ədəd su qızdırıcısı daxildir. Mövcud qaydalara əsasən cavabdeh təşkilat tərəfindən ən azı 3 ayda 1 dəfə yoxlanılmalı aparılmalı olduğundan, iddiaçıya hesablanmalı borc 90 gün (3 ay) müddətinə hesablanmalıdır. Qaz xəttinə kənar qoşulma halında bu cihazlar üzrə 1 ədəd dörd gözlü qaz peçi üçün 1,2 m3 saatlıq qaz sərfi, 1 ədəd odluq peçi üçün saatlıq 1.5 m3 və 1 ədəd su qızdırıcısı üçün 1.5 m3 saatlıq qaz sərfi hesablanmalıdır. Hər cihaz üçün 12 saat orta günlük iş rejimi və 90 gün hesabat müddəti nəzərə alındıqda ümumi qaz sərfiyyatı 4.536 m3 təşkil edir. (12x90x1,2 m3=1.296 m3, 12x90x1.5 m3=1.620 m3, 12x90x1.5 m3=1.620 m3). Həmin qaz sərfiyyatına görə ödənilməli məbləğ 913 manat təşkil edir. (İlkin limitlə bağlı 1.200 m3 üçün 144 manat, 2.500 m3-dək olan limit sərfiyyatı üçün 0,20 qəpik məbləğindən hesablanmaqla 260 manat (2500-1200 = 1300 m3; 1300 m3 x 0,20 = 260), qalan sərfiyyat olan 2.036 m3 üçün 0,25 qəpik məbləğindən hesablanmaqla 509 manat məbləği müəyyən edilir. Bununla da, 144 + 260 + 509 = 913 manat təşkil edir. Məhkəmə hesab edir ki, qaz xəttinə kənar qoşulma nəticəsində ödəniləcək məbləğin cavabdeh təşkilat tərəfindən 2.073,60 manat məbləğində hesablanması düzgün deyildir. Belə ki, istifadə edilən cihazların sərfiyyat göstəriciləri və sair yuxarıda sadalanmış zəruri hallar nəzərə alınmaqla, iddiaçıya 2023-cü ilin avqust ayı üçün hesablanmış ümumi 2.073,60 manat borcun 913 manat hissəsi saxlanılmaqla, qalan borc, yəni 1.160,60 manat məbləğində borc iddiaçının abonent hesabından silinməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Cavabdeh tərəfindən tərtib edilmiş ******* nömrəli akt əsasında hesablanmış borcun silinməsi barədə iddia tələblərinin qismən təmin edilməsinə baxmayaraq, həmin aktın ləğv edilməsi ilə bağlı iddia tələbləri təmin edilməməlidir. Belə ki, aktın yazılması nəticəsində hesablanmış borcun qanuna uyğun hesablanmaması iş materialları ilə öz təsdiqini tapsa da, həmin aktın ləğvi üçün əsaslar iş materialları ilə müəyyən edilmir. Qeyd olunan akt özü-özlüyündə hər hansı bir faktın və ya hadisənin baş verməsini təsdiq edən sənəddir. İş materiallarından da göründüyü kimi, iddiaçının mübahisələndirdiyi akt onun mənzilində quraşdırılmış sayğacın istismarı ilə bağlı müəyyən edilmiş nöqsanların (təbii qazdan sayğacdan kənar istifadə) qeydiyyatının aparılması ilə bağlı cavabdeh tərəfindən tərtib edilmiş sənəddir. Bu baxımdan, cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş həmin akt borc məbləğinin silinməsinə dair iddia üzrə sübut növlərindən biri kimi qəbul edilməlidir və aktın yazılması nəticəsində hesablanmış borc silinməklə, aktın ləğvi barədə tələblər təmin edilməməlidir. Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. İddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 31,61 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
qətetdi: İddia qismən təmin edilsin. ünvan 2 ünvanı üzrə (abonent kodu: **********10000) 2023-cü ilin avqust ayında abonent Allahverdi Əlmərdanovun abonent hesabına hesablanmış 2.073,60 (iki min yetmiş üç manat altmış qəpik) manat borcdan 1.160,6 (bir min yüz altmış manat altmış qəpik) manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 31,61 (otuz bir manat altmış bir qəpik) manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsi ilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Aynur Abdullayeva