Məhkəmə qərarları › İş №2(011)-6934/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6934/2021

24.11.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6934/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1 iştirakları ilə, İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması, əmlakın hərracdan satılması və məhkəmə qətnamələri ilə tanınan borc məbləğinin əmlak hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “bağışlanma müqaviləsinin etibarsız hesab edilməsi, əmlaka dair mülkiyyət hüququnun ilkin vəziyyətə qaytarılması, əmlakın hərracdan satılması və məhkəmə qətnamələri ilə tanınan borc məbləğinin əmlak hesabına ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 və Cavabdeh2 arasında ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması, Cavabdeh1 mülkiyyətinə qaytarılmış ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına Cavabdeh1 məhkəmə qətnamələri ilə iddiaçıya münasibətdə üzərinə qoyulmuş pul öhdəliklərinin icrasına yönəldilməsi, dövlət rüsumunun və ödənilən vəkil xərcinin tutulması qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 hal-hazıradək iddiaçıya 80.000 manatadək borcu yaranmış, o, müxtəlif üsul və vasitələrdən istifadə edərək borc məbləğini ödəməkdən yayınmışdır. Belə ki, Cavabdeh1 14 aprel 2016-cı il tarixli kredit müqaviləsi üzrə 53.000 manat pul vəsaitini borc alaraq, 14 oktyabr 2017-ci il tarixədək ödənilməsini öhdəsinə götürmüş, lakin müqavilə öhdəliyini icra etməmiş, mülkiyyətində olan əmlakların formal qaydada 3-cü şəxslərin adına rəsmiləşdirilməsinə nail olmuşdur. Cavabdeh1 Xətai Rayon Məhkəməsinin 06 noyabr 2018-ci il tarixli icra sənədi, 2(011)-634/2020 saylı, 22 yanvar 2020-ci il tarixli icra sənədi və Cavabdeh5ndə olan iddiaçıya münasibətdə digər icra sənədləri üzrə könüllü icra tədbirlərini təmin etmək əvəzinə, 2011-ci il tarixdən faktiki mülkiyyətində olan ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv.m sahədən ibarət 5 otaqlı 100 nömrəli mənzili 2020-ci il tarixdə dövlət qeydiyyatına aldırmışdır. Cavabdeh hazırkı mənzil ilə bağlı mülkiyyət hüququnu 2020-ci ildə öz adına dövlət qeydiyyatına aldırmış, bundan sonra əmlakı satıb üzərində olan borc öhdəliyini icra etmək əvəzinə icra sənədlərinin icrasından yayınmaq məqsədilə eyni vaxtda notariat kontoruna müraciət edib bağışlama müqaviləsi əsasında əmlakı formal olaraaq 07 noyabr 1994-cü il təvəllüdlü oğlu Cavabdeh2 adına keçirmişdir. Sözügedən formal hərəkət nəticəsində məhkəmə aktlarının icrasına maneə törədən uydurma əqd bağlanmış və əmlak hüquqlarının pozulmasına növbəti cəhd edilmişdir. Sözügedən uydurma əqdlərin mövcudluğu icra mərhələsində məlum olmuş və borclu Cavabdeh1 mülkiyyətində olan əmlakların özgəninkiləşdirilməsinə qadağa olmasına baxmayaraq 2017-ci ildən, yəni borc öhdəliyi üzrə məhkəmə mübahisəsi yarandığı zaman borclu Cavabdeh1 daşınar və daşınmaz əmlakları üçüncü şəxslərin adına rəsmiləşdirilməsinə nail olmuş və bu qaydada uydurma əqdlərin bağlanması icra edilmişdir. Məhkəmə iclasında iddiaçının etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasında Cavabdeh1 iddia tələbinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş digər cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, digər cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, ünvan 3 ünvanı 6 saylı NK-nın 4Ə- 1972 reyestr nömrəli 13 oktyabr 2020-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən Cavabdeh2 adına qeydiyyata alınmışdır və hazırda mülkiyyətindədir. Hazırkı iş üzrə İddiaçı1 iddia ərizəsində və məhkəmə iclasında nümayəndəsinin verdiyi izahatlarda cavabdehlər arasında bağlanmış əqdin pərdələnmiş əqd olmasına, Cavabdeh1 ona olan borc öhdəliyinin icrasından yayınmaq məqsədilə öz əmlakını oğluna bağışlamasına, əqdin tərəflər arasında formal olaraq bağlandığına və əsl niyyətinin müqavilənin bağlanması olmadığına istinad etmiş, həmin əqdin etibarsız hesab edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, göstərilən münasibətlər əqdin əhəmiyyətsiz hesab edilməsi ilə bağlı olduğundan hazırkı mübahisəyə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 14cü fəslində (əqdlərin etibarsızlığı) olan müddəalar tətbiq edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəllənin 324-cü maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Mülki Məcəlləyə və ya tərəflərin razılaşmasına uyğun olaraq bağlanması üçün bir tərəfin iradə ifadəsinin zəruri və yetərli olduğu əqd birtərəfli əqddir. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. Müqavilə əqdlərin bir növü kimi mülki hüquq münasibətlərinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir (Mülki Məcəllənin 389.1-ci maddəsi). Həmin Məcəllənin 340-cı maddəsinə əsasən uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçün bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. Həmin Məcəllənin 340.2-ci maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq olunur. Həmin Məcəllənin 337.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 02 aprel 2021-ci il tarixli qərarında göstərilmişdir ki, Mülki Məcəllənin 337.3-cü maddəsinə görə, əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıbsayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Göründüyü kimi, qanunda əqdin əhəmiyyətsizliyi hallarında etibarsızlıqla bağlı nəticələrin tətbiqi üçün məhkəmə qərarına ehtiyac olmadığı ifadə edilmişdir. Qanunvericiliyin imperativ göstərişlərinə zidd olan və etibarsız hesab edilməsi üçün hər hansı əlavə qayda və şərt nəzərdə tutulmayan əqdlər əhəmiyyətsizdir. Beləliklə, əhəmiyyətsiz əqd mübahisələndirilmədən, məhkəmə qərarından, müddətlərdən və s. şərtlərdən asılı olmadan bağlandığı andan etibarən özlüyündə etibarsız olan, yəni arzu olunan hüquqi nəticəni yaratmaq qabiliyyətinə malik olmayan əqddir. Məhkəmə yuxarıda sadalanan qanunvericilik normalarına əsaslanaraq belə hesab edir ki, hazırkı iş üzrə əqdin etibarsız hesab edilməsi ilə bağlı hər hansı əsasın olması məhkəmə tərəfindən aşkarlanmamışdır. Belə ki, sözügedən müqavilə qanunvericiliyin tələblərinə uyğun bağlanmış, müqavilə bağlanarkən hər hansı qanun pozuntusuna yol verilməmiş, tərəflərin iradə ifadəsinə uyğun olaraq bağlanmışdır. Odur ki, iddia tələbi bağışlama müqaviləsinin etibarsız hesab edilməsi hissəsində əsassız olmaqla rədd edilməlidir. Məhkəmə iddia tələbinin “Cavabdeh1 ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması” hissəsinə qiymət verərək belə hesab edir ki, iddia tələbinin bu hissəsi törəmə tələb olduğundan, bu tələbin təmin olunub-olunmaması bilavasitə iddia tələbinin “bağışlama müqaviləsinin etibarsız hesab edilməsi” hissəsinin təmin olunub olunmamasından asılıdır. Odur ki, iddia tələbi bu hissədə də rədd edilməlidir. Göründüyü kimi, 6 saylı NK-nın 4Ə-1972 reyestr nömrəli 13 oktyabr 2020-ci il tarixli bağışlanma müqaviləsi ilə bağlı qanunvericiliyin tələblərinin pozulması halları aşkar edilməmiş, bu səbəbdən qeyd edilən bağışlama müqaviləsinin etibarsız hesab edilməsi və ondan yaranan hüquqi nəticələrin ləğv edilməsi üçün hər hansı hüquqi əsas yoxdur. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 30 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilmədiyindən, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu onun özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı1 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı - Cavabdeh1 və Cavabdeh2 arasında ünvan 1 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226,6 kv/mdən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair bağışlama müqaviləsinin etibarsız hesab edilməsi, Cavabdeh1 ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilə dair hüquqlarının Azərbaycan Respublikası Dövlət Əmlak Komitəsinin DƏDRX-də bərpa edilərək ilkin vəziyyətə qaytarılması, Cavabdeh1 mülkiyyətinə qaytarılmış ünvan 2 ünvanda inşa edilən 1 saylı yaşayış binasının tikinti sahəsi 226.6 kv/m-dən ibarət 5 otaqlı 100 nömrəli mənzilin açıq hərracdan satılması, əldə olunmuş vəsait hesabına Cavabdeh1 məhkəmə qətnamələri ilə iddiaçıya münasibətdə üzərinə qoyulmuş pul öhdəliklərinin icrasına yönəldilməsi, dövlət rüsumunun və ödənilən vəkil xərcinin tutulması barədə iddia tələbi rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar