Məhkəmə qərarları › İş №2(011)-6943/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6943/2024

24.12.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6943/2024 24.12.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi ilə, Ərizəçi–şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizəsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi : Ərizənin dəlilləri: Ərizəçi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, oğlu – 03 sentyabr 2001-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi və ərizəçinin onun üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, ərizəçinin 03 sentyabr 2001-ci ildə anadan olmuş bioloji oğlu X3 “G 80.0 Kvadroplegik spastik serebral iflic, Spastik uşaq serebral iflici. Ağırlaşma G82.4 Spastik tetraplegiva, spastik tetraplegiva. əzələ gücü 2 bal diaqnozu qoyulmuşdur. Qeyd edilən xəstəlik anadan gəlmədir. Uzun müddət müalicə müəssisələrində müalicə alsa da, səhhətində heç bir irəliyiş olmamışdır. Hal-hazırda müalicə alır. AR-sı ƏƏSMN-yi Tibbi Sosial Eksepert Komissiyasında sonuncu müayinəyə dair arayışı əsasən oğluna birinci dərəcəli əlillik verilmişdir. Onu evdə tək qoymaq mümkün olmur. Gündəngünə vəziyyəti daha da kəskinləşir, ona qulluq etmək dözülməz hal alır. Hərəkətlərinin mənasını dərk etmir və onları şüurlu idarə etmək iqtidarında deyil. Oğlunun xəstəliyi ilə əlaqədar köməksiz vəziyyətdə olduğuna görə onun daimi nəzarət altında olmaqla ilkin tibbi yardım olunmasına, kənar şəxsin köməyinə ehtiyacı vardır. Daha sonra ərizəçi Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək oğlu – 03 sentyabr 2001-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin Qəyyumluq və Himayəçilik Komissiyası məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Barəsində fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə tələbi irəli sürülmüş X3 03 sentyabr 2001-ci il tarixdə anadan olmuşdur. X1 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizənin məzmunundan göründüyü kimi, ərizəçi oğlunun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsini onun əqli vəziyyəti ilə əsaslandırmışdır. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-6943/2024 saylı 05 sentyabr 2024-cü il tarixli qərardadına əsasən iş üzrə məhkəmə-psixiatriya ekspertizası keçirilməsi qərara alınmışdır. Məhkəmə-psixiatriya ekspertizasının 3084 saylı, 22 oktyabr 2024-cü il tarixli rəyindən görünür ki, X2 uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə müəyyən olunur. X3 öz hərəkətlərinin mənasını dərk etmək və onalrı şüurlu idarə etmək iqtidarında deyildir. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. X2 müəyyən edilən uşaq serebral iflicinin qalıq əlamətləri, dərin əqli geriliklə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Hazırkı işin hallarından görünür ki, ərizəçi, X1 anasıdır. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. İşə baxan məhkəmənin mövqeyi: X1 əqli və psixi cəhətdən xəstə olması nəticəsində öz hərəkətlərinin mənasını başa düşməməsi və öz hərəkətlərinə rəhbərlik edə bilməməsi ərizəçinin izahatı ilə və iş üzrə təyin edilmiş məhkəmə-psixatriya ekspertizasının rəyi ilə və işin digər mötəbər sübutları ilə tam sübuta yetirildi. Buna görə də məhkəmə hesab edir ki, X3 əqli, psixi və fiziki xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşmədiyindən və öz hərəkətlərinə rəhbərlik edə bilmədiyindən, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizə əsaslıdır. Odur ki, ərizə təmin edilərək X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Göstərilən qanunvericilik aktı normalarna əsasən məhkəmə hesab edir ki, Ərizəçi X1 anası olduğundan, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair iş qaldırmaqda haqlıdır. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan qəbzdən görünür ki, ərizəçi 100 manat dövlət rüsumu ödəmişdir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, ərizə təmin edildiyindən, ərizəçinin ödədiyi 100 manat dövlət rüsumu onun özünə aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 317-321 və 216- 220-ci maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi : Ərizə təmin edilsin. 03 sentyabr 2001-ci il tarixdə Neftçala rayonu, Aşağı Surra kəndində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Ərizəçi ödədiyi 100 (bir yüz) manat dövlət rüsumu onun özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar