Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6967/2022 26.12.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X6 qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X3, Cavabdehin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh ASC X9 İdarəsinin mütəxəssisi X2 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı “borcun silinməsi, su borcunun orta aylıq hesabla ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC-nin Xətai rayon üzrə idarəsinin, ünvan 1 ünvanında yerləşən, abonent kodu **********085 olan sayğaca görə yazılan 1.053,51 manat borcun tam olaraq silinməsi, yeni sayğac qoyulan tarixdən bu günə kimi istifadə olunan su borcunun orta aylıq hesabla ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında abonent kodu **********085 olan sayğacla bağlı Xətai rayonu Cavabdeh idarəsi tərəfindən haqsız olaraq 1.018,51 manat borc ödənilməsi barədə çek təqdim edilmişdir. İddiaçının su sayğacı kart vasitəsilə istismar olunan sayğac olmuşdur. Təxminən 2 il bundan öncə iddiaçının müraciəti əsasında sayğacın kart hissəsində yaranan nasazlıqla bağlı Cavabdeh ASC-nin işçiləri tərəfindən yerində baxış keçirilmiş və sayğacın kart istifadə bölməsinin yararsız olması nəticəsində ləğv edilmiş, yalnız elektron formada işləyən hissəsi olduğu kimi saxlanılmışdır. Bundan sonra hər ay mütəmadi olaraq Cavabdeh ASC-nin işçisi sayğaca baxış keçirərək aylıq borcla bağlı qəbz təqdim etmək istəsə də, sistemdən çekin çıxmadığını bildirmişdir. Bir müddət sonra Cavabdeh ASC-nin Xətai rayon idarəsinə iddiaçı və həmin ünvanda yaşayan oğlu tərəfindən dəfələrlə müraciət olunmasına baxmayaraq problem aradan qaldırılmamış, sayğac yenisi ilə əvəz edilməmişdir. Təxminən 10 ay öncə Cavabdeh ASC-nin işçisi çek təqdim edərək bildirmişdir ki, iddiaçının 881.51 manat borcu vardır. Bundan sonra iddiaçının oğlu yenidən Cavabdeh ASC-nin Xətaidəki idarəsinə gedərək etirazını bildirmiş, lakin heç bir nəticə əldə etməmişdir. Daha sonra iddiaçı ərizə yazıb sayğacın dəyişdirilərək yenisi ilə əvəz edilməsi və köhnə sayğacın laboratoriyada yoxlanılaraq rəy verilməsi barədə rəsmi şəkil müraciət etmişdir. Ərizəni təqdim etdikləri gündən 1 gün sonra gəlib sayğacı dəyişmişlər və aktlaşdıraraq sayğacı laboratoriyaya verməyi üçün iddiaçıya təhvil vermişlər. Cavabdeh ASC-nin laboratoriyasına iddiaçının oğlu şəxsən sayğacı təhvil vermişdir. Bir neçə gündən sonra onlar sayğaca heç bir müdaxilə edilmədiyi barədə aktı Xətai rayon Azərsu idarəsindən əldə etmişlər. Hazırda bu günə yazılan ümumi borc məbləği 1053,51 manat təşkil edir. Məhkəmə iclasında İddiaçı etibarnamə üzrə nümayəndəsi X5 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və onun təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək onun rədd olunmasını xahiş etdi. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 iddiaçının oğludur. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. Həmin Məcəllənin 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. Məhkəmə tərəflərin izahatını dinləyərək, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Aparılmış məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçının evinə smart tipli sayğac quraşdırılmışdır. Su sayğacı quruluş olaraq elektron və mexaniki hissələrdən ibarət olmuşdur. İddiaçının sayğacı ilə bağlı problem yaranmamışdan öncə ona aylıq sərfiyyatı ilə bağlı məlumat verilərkən Cavabdeh ASC-nin işçisi tərəfindən bildirilmişdir ki, sayğacında müəyyən problemlər mövcuddur. Belə ki, elektron hissə ilə mexaniki hissənin göstəriciləri arasında fərq vardır. Bu barədə məlumatı iddiaçı öz izahatında qeyd etmişdir. Daha sonra iddiaçı müəyyən müddət sayğacı bu şəkildə istifadə etdikdən sonra sayğacın elektron hissəsində problemlər yaranmış, elektron hissə sıradan çıxmışdır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi sayğacın elektron hissəsinin sıradan çıxması barədə Cavabdeh ASC-yə məlumat verildiyini bildirsə də, bununla bağlı hər hansı sübutu məhkəməyə təqdim edə bilməmişdir. Yalnız sayğac tam sıradan çıxdıqdan sonra o, rəsmi qaydada Cavabdeh ASC-yə müraciət etmiş və sayğac yenisi ilə əvəzlənmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı bir müddət istifadəsində olan sayğacın elektron göstəricisi ilə mexaniki göstəricidə fərq olmasına baxmayaraq sərf etdiyi suyun dəyərini sayğacın elektron hissəsinin göstəricisi ilə müəyyən edilən məbləğdə ödəmişdir. Sayğacın elektron hissəsi sıradan çıxandan sonra iddiaçı ümumiyyətlə sərf etdiyi suyun dəyərini ödəməmişdir. İddiaçı 2022-ci ilin əvvəllərində sayğacın dəyişdirilməsi ilə bağlı ərizə ilə Cavabdeh ASC-yə müraciət etmişdir. Cavabdeh ASC-nin işçiləri tərəfindən 2022-ci ildə sayğac çıxarılmış və laboratoriyaya aparılmışdır. Cavabdeh ASC tərəfindən 23 may 2022-ci il tarixli mexaniki su sayğacının təmiri və ya dəyişdirilməsi barədə rəy tərtib edilmiş, 30 oktyabr 2020-ci il tarixdə quraşdırılmış sayğac işləmədiyi üçün 24 may 2022-ci il tarixdə yenisi ilə əvəz edilmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi iş materiallarına əlavə edilmiş laborator akta istinad edərək sayğacın istismara yararsız olduğunu, sayğacın yararsız vəziyyətə düşməsində hər hansı təqsirinin olmadığını bildirərək yazılmış borcun silinməsini və ya adambaşına su sərfiyyatı ilə bağlı normativlərə istinad edilərək borcun yenidən hesablanmasını xahiş etmişdir. Məhkəmə işin araşdırılması zamanı prosesdə iştirak edib fikrini bildirməsi üçün Cavabdeh ASC X9 İdarəsinindən mütəxəssis cəlb etmişdir. Fikri dinlənilən mütəxəssis İlqar Kərimov bildirmişdir ki, su sayğacında elektron və mexaniki hissə bir çalışır, sayğacın elektron hissəsində sərfiyyat həcminin ölçülməsi ilə bağlı hər hansı problemlər yaşandıqda, elektron hissə xarab olduqda mexaniki göstərici daim sərfiyyatın həcmini əks etdirir. Yalnız sayğacın mexaniki hissəsi də sıradan çıxarsa göstərici sərfiyyatı qeydə almayacaqdır. İddiaçıya məxsus sayğac yoxlanılması üçün laboratoriyaya gətirildikdə artıq yoxlamaq üçün yararsız vəziyyətdə olmuşdur. Lakin hazırkı iş üzrə sayğacın elektron göstəricisi siradan çıxmış olsa da mexaniki göstərici sərfiyyatı qeydə almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Belə ki, “Su təchizatı və tullantı sular haqqında” Azərbaycan Respublikasının Qanununun 4.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər sudan istifadə qaydaları ilə tənzimlənir. Sudan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli, 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə Qaydaları”nın 1.6-cı bəndinə əsasən su təchizatı və kanalizasiya müəssisəsi tərəfindən göstərilən su təchizatı və tullantı sularının axıdılması xidmətləri üçün istehlakçı ilə su təchizatı və kanalizasiya müəssisəsi arasında bağlanılmış alğı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, iddiaçıya yazılmış borc iddiaçının sayğac üzrə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə etməsi nəticəsində yaranmış, lakin iddiaçı tərəfindən dəyəri ödənilməmiş borc məbləğidir. Bu hal abonent hesabat cədvəlində də öz təsdiqini tapmışdır. İddiaçı tərəfin məhkəmə iclaslarında verdiyi izahatlardan da göründüyü kimi, iddiaçı tərəfindən 2020-ci ildən etibarən borca görə heç bir ödəniş edilməmişdir. Odur ki, məhkəmə belə qənaətə gəlir ki, iddiaçıya yazılmış borc onun tərəfindən istifadə edilmiş su təchizatı və kanalizasiya xidmətləri nəticəsində yazıldığından, həmin borcun silinməsi mümkün deyildir. Odur ki, yuxarıda sadalananlara əsasən məhkəmə belə qənaətə gəlir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, hazırkı iş üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad edilmişdir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı - Cavabdeh ASC-nin Xətai rayon üzrə idarəsinin, ünvan 1 ünvanında yerləşən, abonent kodu **********085 olan sayğaca görə yazılan 1053,51 manat borcun tam olaraq silinməsi, yeni sayğac qoyulan tarixdən bu günə kimi istifadə olunan su borcunun orta aylıq hesabla ödənilməsi barədə iddia tələbi rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai rayon məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-6967/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6967/2022
26.12.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver