Məhkəmə qərarları › İş №2(011)-6977/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-6977/2023

27.12.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6977/2023 27.12.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona məxsus ünvan 1 ünvanında quraşdırılmış qaz say ğacı (abonent kodu: **********00009) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə mənə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 4147 (dörd min yüz qırx yeddi) manat 20 qəpik məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında bildirmişdir ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi ona məxsusdur. O, vaxtı-vaxtında özünə aid qaz sayğacından qanunauyğun formada istifadə etmişdir. Cavabdeh İB-nin əməkdaşları onun məlumatı olmadan guya həmin ünvana baxış keçirtmiş guya həmin ünvanda təbii qazdan qeyri-qanuni istifadə etdiyimizi aşkar etmişdirlər. Buna görə də ona 4147,20 manat məbləğində əsassız borc yazmışdırlar. Qeyd edilən ünvanda təbii qazdan qeyri-qanuni istifadəetmə halı olmadan Birliyin əməkdaşları ondan məlumatsız akt tərtib etmiş, bu aktlar əsasında əsassız borc yazmışdırlar. Sözügedən akt onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkillər isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkillər ona məxsus ünvanda çəkilməmişdir. Başqa sözlə sözügedən ünvanda təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Birliyin əməkdaşları tərəfindən aparılmış hesablamalarla da razı deyil. Belə ki, Birliyin əməkdaşları tərəfindən tərtib ollunmuş tələbnamədə ona məxsus ünvana borc hesablayarkən qaz sayğacının nominal saatlıq qaz sərfinin 4 kub metr, orta günlük iş reyimi 24 sast və hesabat müddəti 360 gün qəbul edilməklə hesabat aparılmışdır. Əvvəla, hər hansı bir qaz cihazının 360 gün ərzində 24 saat fasiləsiz işləməsi mümkün deyildir. Bu hal həmin cihazların istehsalçıları tərəfindən də qadağan olunur. Digər tərəfdən isə sözügedən ünvanda 360 gün ərzində eyni həcmdə qaz sərfiyyatının olması heç bir halda ağlabatan deyildir. Belə ki, bütöv bir il ərzində qaz cihazlarından eyni qaydada istifadə etmək zərurəti olmur. Çünki 360 günün böyük əksəriyyəti ilin isti vaxtlarına təsadüf etdiyi üçün həmin dövrlərdə istilik cihazlarından istifadə etmək zərurəti yaranmır. Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiyanın üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Bütün bunlar Komissiyanın formal mülahizələr əsasında hesablama apardığını sübut edən hallardır. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Sonda İddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırmasına baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, həmçinin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin edilməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçının izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, İddiaçı məxsus ünvan üzrə “sayğacın çıxış plasmas borusu deşilib” nöqsanı qeyd edilmişdir. İş materiallarında olan Cavabdeh İB-nin xx.xx.2023-cü il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, istehlakçı İddiaçı məxsus abonent koduna (**********00009) xx.xx.2023-cü il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə 34560 m3 qazın dəyərinin ödənilməsi barədə hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, İddiaçı məxsus **********00009 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 05/2023-cü il tarixi üzrə 4147,20 manat göstərilmişdir. İş materiallarında olan “Gasrep” sənədindən görünür ki, iddiaçı **********00009 abonent kodu üzrə 2023-cü ilin yanvar ayından 2023-cü ilin may ayına qədər 1437 manat ödəniş həyata keçirmiş, borca görə tutulma olmamışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, onun yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca cavabdehin əməkdaşları tərəfindən baxış keçirilmiş, yoxlama zamanı “sayğacın çıxış plasmas borusu deşilib” əsasları ilə akt tərtib olunmuş və həmin akt nəticəsində abonentin - iddiaçının **********00009 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 05/2023-cü il tarixi üzrə 4147,20 manat borc yazılmışdır, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilir. Bununla belə, məhkəmə hesab edir ki, Akt əsasında 05/2023-cü il tarixə yazılmış 4147,20 manat borc məbləği ilə bağlı iddiaçı tərəfindən sayğaca müdaxilə olunmasına dair hallar, sayğacda yaranmış nasazlıqla bağlı iddiaçının təqsirini sübut edən hallar məhkəmə tərəfindən müəyyən edilməmiş, buna görə də, iddiaçı əsassız olaraq hesablanmış 4147,20 manat borcun hesabdan silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından, o cümlədən, sayğaca müdaxilədə iddiaçının təqsiri müəyyən edilmədiyindən, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının hesabına (abonent kodu: **********00009) itirilmiş qazın bərpası məqsədilə yazılmış 4147,20 manat məbləğində borc silinməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan çox 10000 manatdan az olduğundan, iddia tələbinin həcmi nəzərə alınmalı, cavabdehdən dövlət mədaxilinə 61,48 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00009 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 4147 (dörd min yüz qırx yeddi) manat 20 (iyirmi) qəpik borc silinsin. Cavabdehndən 61 (altmış bir) manat 48 (qırx səkkiz) qəpik dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar