Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-6985/2024 25.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Abbasova Əminə Rauf qızı, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi barədə kiçik iddiaya dair mülki işə sadələşdirilmiş icraat qaydasında baxaraq, müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 1296 manat məbləğində cərimə borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində ailəsi ilə birlikdə yaşayır. xx.xx.2023-cü il tarixdə Azəriqazın əməkdaşları tərəfindən istifadəsində olan qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz edilmişdir. Yeni sayğacdan bir müddət istifadə etdikdən sonra ona bildiriblər ki, tərəfindən çıxarılmış qaz sayğacına müdaxilə olunduğu üçün ona 1296 manat məbləğində cərimə hesablanmışdır. Sayğaca müdaxilə dedikdə ona bildiriblər ki, çıxarılmış sayğac yoxlamadan keçirilmiş, yoxlama zamanı qaz sayğacının çıxış plastmas borusunun deşildiyi müəyyən edilmişdir və buna görə ona 1296 manat cərimə hesablanmışdır. Abonent saldosuna baxdıqda açıq aydın görünür ki, o istifadə etdiyi qazın dəyərini daim vaxtında ödəmişdir. Buradan da cavabdeh təşkilatın qanunsuz əməlləri aydın görünür. İddiaçı qeyd etmişdir ki, qaz sayğacı yaşayış evindən kənarda onun mühafizə edə bilməyəcəyi yerdə quraşdırılmışdır. Digər tərəfdən qaz sayğacı çıxarılarkən sayğacın plombları üzərində olmuşdur. Belə olan halda sayğaca müdaxilə etmək qeyri mümkündür. Onun istifadəsində olan qaz sayğacına müdaxilə etməyib və istifadə etdiyi qazın dəyərini artıqlaması ilə daim ödəmişdir. Bütün bunların qanunsuz və əsassız olmasını bildirməyinə baxmayaraq İstehsalat Birliyinin əməkdaşaları onun iradlarına tələblərinə məhəl qoymamışlar. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi məhkəməyə etirazı təqdim edərək iddianın tamamilə əsassız olduğu bildirimiş, məhkəmədən iddianın rədd edilməsini xahiş etmişdir. İşin halları İddiaçı barəsində xx.xx.2024-cü il tarixdə ******* saylı akt tərtib edilmişdir. Aktda sayğacın çıxış plastmas borusunun istismar müddətində fiziki təsir nəticəsində deşildiyi, sayğacın istismara yararsız olduğu qeyd edilmişdir. Abonent adına xx.xx.2024-cü il tarixli akta əsasən 1296 manat məbləğində borc hesablanmışdır (abonentin saldosu). İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsaslıdır və təmin edilməlidir. Belə ki, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, istehlakçının təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən istehlakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmişdir. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən İddiaçı barəsində tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında 1296 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli və Cavabdeh İB-i tərəfindən iddiaçıya hesablanmış 1296 manat məbləğində borc silinməlidir. Məhkəmə qeyd edir ki, cavabdeh məhkəməyə təqdim etdiyi etirazda iddianın əsassız olduğunu iddia etsə də, məhkəməyə bununla bağlı hər hansı dəlil təqdim etməmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinin verilməsindən iddiaçının məlumatı olmadığını bildirsə də, bununla bağlı məhkəməyə hər hansı sübut təqdim etməmişdir. Digər tərəfdən iddia ərizəsi iddiaçının adından verilmiş və imzalanmışdır. Məhkəmə məhkəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 32.96 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq, dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 üzrə İddiaçı (abonent kodu: **********50000) xx.xx.2024-cü il tarixli ******* saylı akta əsasən hesablanmış 1296 (min iki yüz doxsan altı manat) manat məbləğində borc silinsin. Cavabdeh İB-dən 32.96 (otuz iki manat doxsan altı qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq, dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova