Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7060/2021 12.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X1, Cavabdeh iştirakı ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “pul tələbinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN E T D İ: İddiaçı MMC Cavabdeh qarşı “pul tələbinə dair” iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən iddiaçının xeyrinə 7.675,11 ABŞ dolları əsas borc və 1.558,83 ABŞ dolları faiz borcu olmaqla, 9.233,94 ABŞ dolları məbləğində borcun və 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh (alıcı) Cavabdeh 16.05.2018ci il tarixdən etibarən iddiaçı (satıcı) İddiaçı MMC-dən nisyə alqı-satqı müqaviləsi əsasında kənd təsərrüfatı təyinatlı gübrə və dərman preparatları götürmüş və nəticə etibarilə götürdüyü malların pulunun tam ödənilməsini həyata keçirməmişdir. Tərəflər arasında 25.06.2020-ci il tarixdə imzalanmış “Üzləşmə aktı”nda və ona əlavədə cavabdeh, nisyə aldığı mallara görə ödəməli olduğu 8.420 ABŞ dollarını 30.12.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürsə də, öhdəliyinə əməl etməmişdir. Tərəflər arasında 14.01.2021-ci il tarixdə imzalanmış Protokolda cavabdeh, işlətdiyi istixananın rentabelli işləmədiyini, aldığı malların dəyəri olan 8.263ABŞ dollarını etiraf etdiyini, həmin məbləği istixananı satmaqla ödəyəcyini bildirmişdir. Lakin cavabdeh, həmin tarixdən sonra yalnız 587,89 ABŞ dolları ödəniş etmiş və qalan 7.675,11 ABŞ dolları məbləğini isə ödəməmişdir. Cavabdehə 24.06.2021-ci il tarixdə təklif (pretenziya) göndərilsə də, onu almaqdan imtina etmiş, mübahisənin həlli üçün heç bir tədbir görməmiş, pulu ödəməmişdir. Göründüyü kimi, cavabdeh bu hərəkəti ilə müqavilə öhdəliyinə əməl etməmişdir. 2021-ci il üçün Azərbaycan Mərkəzi Bankının uçot dərəcəsi 6,25 faiz həddində müəyyən edilmişdir. Cavabdeh 39 aydır ki, aldığı malların pulunu ödəmir, odur ki, ondan tutulmalı olan hesablanmış faizlərin miqdarı 1558,83 ABŞ dolları təşkil edir. Belə ki, 7675,11 USD-nin 6,25 faizi=479,69:12 ay=39,97 x 39 ay=1.558,83 USD. Cavabdeh iddia ərizəsinə etiraz edərək göstərmişdir ki, iddia mümkün sayılmamalıdır.Belə ki,ona məxsus olan istixana digər istixana sahibi olan Hüseynov Şamo adlı şəxsin istixanasının qonşuluqunda yerləşir. Qonşu olaraq yanaşı işləmiş və hər kəs aldığı kübrə və dərman preparatlarının pulunu vermişdir və qəbzləri də özündədir. Məhkəməyə təqdim edəcək. Hüseynov Şamo sağlamlığı yerində olmayan bir şəxs idi. Onun xahişi ilə vaxtı olan zaman ona kömək etmiş, yəni, maliyyə işi ilə əlaqədar olmayan işlərinə Ş.Hüseynovun özünə aid olan götürülmüş kübrə və digər dərmanlarla əlaqədər olan sənədlər və qəbzlər hamısı onun öz adındadır. Elə alındı ki, Ş.Hüseynov xəstəliyi ilə əlaqədar 17.01.2020-ci ildə rəhmətə getmiş, bundan sonra istixanada aparılan işlərin bütün məsuliyyəti onun həyat yoldaşı Gülnarə Hüseynovanın üzərinə düşmüşdür. Hələ Ş.Hüseynov rəhmətə getməmişdən ona demişdi ki, əgər başına bir iş gəlsə, yoldaşı ilə birlikdə istixananı satıb pullari ödəsin. O rəhmətə getdikdən sonra vicdanı daxilində onun həyat yoldaşına kömək edərək istixananı işə salmışdır. Bir müddətdən sonra MMC-nin nümayəndələri istixanaya yaxınlaşaraq Ş.Hüseynovun adına olan pulların aqibətinin necə olacağı ilə maraqlanmış, buna görə rəhbərliyin çox narahat olduğunu bildirmişdır. Onlara bildirmişdir ki, “Sizə bu köməyliyim olar ki, rəhmətliyin həyat yoldaşına kömək edib onların istixanasını sataraq pulunuzu ödəyə bilərlər.” Bundan sonra nümayəndələrin ona belə bir təklif olundu ki, bu “dediyin halları sənətləşdirək ki, müdüriyyətə biz sənəd təqdim edək.” Onlar hüquqi savadı olmadığı üçün borclu olan məsul şəxslərlə görüşün və borcların ödənilməsinin tələb olunması haqqında protokol imzalatdılar. Bildirir ki, bu işdə nə borclu olan şəxsdir, nə də məsul şəxs, bu adamlar kobud qanun pozunluğu törədərək belə bir sənədi imzaladıblar. Onların iddia tələbi əsasında məhkəmə bildirişi gələndə şoka düşmüşdür ki, əlaqəsi olmadığı işlə əlaqədər nə üçün cavab verməliidir. Qeyd olunan borcun hamısı Şamo Hüseynova aiddir. Göstərilənləri nəzərə alaraq məhkəmədən iddia tələbinin mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil, nümayəndəsi X3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdirlər. Məhkəmə iclasında Cavabdeh iddia tələbini qəbul etməyərək iddia ərizəsinə etirazın məzmununa uyğun izahat vermiş və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında 25.06.2020-ci il tarixdə imzalanmış “Üzləşmə aktı”ndan və ona əlavədən görünür ki, cavabdeh, nisyə aldığı mallara görə ödəməli olduğu 8.420 ABŞ dollarını 30.12.2020-ci il tarixədək ödəməyi öhdəsinə götürmüşdür. İş materiallarında olan İddiaçı MMC ilə Cavabdeh arasında 25.06.2020-ci il tarixdə imzalanmış Protokoldan görünür ki, cavabdeh, işlətdiyi istixananın rentabelli işləmədiyini, aldığı malların dəyəri olan 8.263 ABŞ dollarını etiraf etdiyini, həmin məbləği istixananı satmaqla ödəyəcyini bildirmişdir. İş materiallarında olan İddiaçı MMC tərəfindən Cavabdeh ünvanlanmış 24.06.2021-ci il tarixli pretenziyadan görünür ki, cavabdehə borcun ödənilməsi barədə xəbərdarlıq edilmişdir. İş materiallarında olan 21.06.2021-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh İddiaçı MMC-yə olan əsas borcu 7.675,11 ABŞ dolları təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. 398.1-ci maddəsinə görə müqavilənin icrası tərəflərin razılaşması ilə müəyyənləşdirilmiş qiymət üzrə ödənilir. Qanunda nəzərdə tutulmuş hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyənləşdirilən və ya tənzimlənən qiymətlər (tariflər, normalar, dərəcələr və s.) tətbiq edilir. 601.1-ci maddəsinə görə əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2-ci maddəsinə əsasən hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir. 600.4-cü maddəsinə əsasən əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 882.1-ci maddəsinə görə borcun etiraf edilməsini, həm də öhdəliyə əsas verən şəkildə etiraf edilməsini nəzərdə tutan hər hansı müqavilənin (mövcud borcun etirafı haqqında mücərrəd müqavilənin) yalnız o halda qüvvəsi vardır ki, borc öhdəliyi yazılı şəkildə və mövcudluğu etiraf edilən borcun əsaslandırılması üçün müəyyənləşdirilmiş forma üzrə verilsin. Əgər mövcudluğu etiraf edilmiş öhdəlik münasibətlərinin yaranması üçün ayrı forma nəzərdə tutulubsa, etiraf üçün də belə forma tələb edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətləri etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsində qeyd edilmişdir ki, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunun ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. 448.1-ci maddəsinə əsasən borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir və 448.2-ci maddəsinə görə isə borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 9.3-cü maddəsinə görə qanunu bilməmək və ya onu yanlış başa düşmək qanunun tətbiq edilməməsinə və ya nəzərdə tutulmuş məsuliyyətdən azad edilməyə əsas verə bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verhesab edir ki, işin məhkəmədə araşdırılmış halları ilə iş üzrə Cavabdeh İddiaçı MMC-yə 7.675,11 ABŞ dolları məbləğində ödənilməmiş borcunun olması, həmin borc məbləğinin müəyyən olunmuş müddətdə qaytarmaması təsdiq edilmişdir. Cavabdeh qeyd olunan borcun ona deyil, 17.01.2020-ci ildə vəfat etmiş Şamo Hüseynov adlı şəxsə aid olduğunu bildirsə də, etirazını əsaslandıra bilməmişdir. Halbuki, mülki qa nunvericiliyin tələbinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Odur ki, iddia tələbi əsas borcun tutulması hissəsində təmin edilməlidir. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbi borcun vaxtında qaytarılmamasını görə bank uçot dərəcəsi əsas götürülməklə hesablanmış faizlərin ödənilməsi hissəsində də qismən təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə əsasən özgəsinin pul vəsaitini qanunsuz saxlamaqla, onu qaytarmaqdan boyun qaçırmaqla, onun ödənilməsini digər şəkildə gecikdirməklə və ya başqa şəxsin hesabına pul vəsaitini əsassız əldə etməklə və ya toplamaqla ondan faydalanmağa görə həmin vəsaitin məbləğindən faizlər ödənilməlidir. Faizlərin miqdarı pul öhdəliyinin və ya onun müvafiq hissəsinin icra edildiyi gün üçün bank uçot dərəcəsi ilə müəyyənləşdirilir. Borc məhkəmə qaydasında tutulduqda məhkəmə kreditorun tələbini qərarın çıxarıldığı gün üçün bank uçot dərəcəsini əsas götürməklə ödəyə bilər. Həmin Məcəllənin 449.2-ci maddəsinə görə isə Bank uçot dərəcəsini Azərbaycan Respublikasının Mərkəzi Bankı müəyyənləşdirir. Azərbaycan Respublikası Mərkəzi X2 2021-ci il üçün uçot dərəcəsinin sabit saxlanılması haqqında qərar qəbul etmiş, uçot dərəcəsi 6,25%, faiz dəhlizinin aşağı həddi 5,75%, faiz dəhlizinin yuxarı həddi isə 6,75% səviyyəsində qalmışdır. İş materiallarından müəyyən olunur ki, yaranmış borcun qaytarılmaması müddəti 39 ay təşkil etmişdir. Ona görə də hesablanmış faiz məbləği aşağıdakı kimi olacaqdır: 7675,11 USDnin 6,25 faizi=479,69:12 ay=39,97 x 39 ay=1.558,83 USD. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğində münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin edildiyinə görə iddianın qaldırılması üçün ödənilmiş 30 manat məbdəğində dövlət rüsümu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən Azərbaycan Respublikası MPM-nin 119, 216-220, 227, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. Cavabdeh 7.675,11 ABŞ dolları əsas borc və 1.558,83 ABŞ dolları faiz borcu olmaqla, 9.233,94 (doqquz min iki yüz otuz üç dollar 94 sent) ABŞ dolları borc (ödəniş günü rəsmi məzənnəyə uyğun olaraq Azərbaycan manatı ilə) və ödənilmiş 30 (otuz) manat dövlət rüsumu tutulub İddiaçı MMC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətinə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-7060/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7060/2021
12.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver