Məhkəmə qərarları › İş №2(011)-7069/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7069/2025

21.10.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7069/2025 21.10.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində yerləşən ona məxsus yaşayış evində quraşdırılmış qaz sayğacı (abonent kodu:**********02156) ilə bağlı Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş akta görə itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2747,52 manat məbləğində əsassız borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin əməkdaşları onun məlumatı olmadan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində yerləşən ona məxsus fərdi yaşayış evinə gəlmişlər, guya onun təbii qazdan sayğacdan kənar xətt vasitəsi ilə istifadə etdiyini aşkar etmişdirlər. Buna görə xx.xx.2024-cü il tarixdə akt tərtib edilmiş, ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 2747,52 manat məbləğində əsassız borc yazmışdırlar. Məhkəmənin nəzərinə çatdırmaq istəyir ki, sözügedən akt onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkil isə həmin ünvana məxsus deyildir, yəni həmin akta əlavə olunan fotoşəkil ona məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. Sözügedən ünvanda fasilərlə yaşayır. Yaşadığı müddət ərzində təbii qazdan qanuna uyğun formada istifadə etmiş, istehlak etdiyi təbii qazın dəyərini də ödəmişdir. Buna baxmayaraq Birliyin əməkdaşları yaşadığı ünvan üçün heç bir əsas olmadan ona əsassız olaraq 2747,52 manat məbləğində əsassız borc yazmışdırlar. Bundan əlavə, yazılmış borc heç bir hüquqi normaya əsaslanmır və aparılmış hesablamalar da ağlabatan deyildir. Belə ki, Birliyin əməkdaşlarından ibarət komissiya tərəfindən tərtib olunmuş rəydə (tələbnamədə) ona məxsus ünvanda istifadədə olan qaz cihazlarının adı, onların saatlıq sərfiyyatı göstərilmiş, orta günlük iş rejimi 12 saat olmaqla 360 gün dövr üçün hesabat aparılmışdır. Əvvəla qeyd edir ki, hər hansı bir qaz cihazının 12 saat fasiləsiz işləməsi mümkün deyildir. Bu hal həmin cihazların istehsalçıları tərəfindən də qadağan olunur. Digər tərəfdən hesabatın 360 günlük dövr üçü aparılması da ağlabatan deyil. Belə ki, bu dövrün böyük əksəriyyəti ilin isti dövrünə düşdüyü üçün bu müddətdə qaz cihazlarından istifadə etmək zərurəti yaranmır. Göründüyü kimi Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib olunmuş aktlarda göstərilən məbləğlərin heç bir hüquqi əsası olmadığı kimi ağlabatan da deyildir. Bu ondan irəli gəlir ki, Birlik sözügedən ünvana qaz sərfiyyatına görə borc hesablayarkən qanuni normalara deyil, formal mülahizələrə əsaslanmışdır. Cavabdeh İB tərəfindən təşkil olunmuş komissiya üzvlərinin heç olmazsa birinin bu sahədə xüsusi biliyə malik mütəxəssis-ekspert olması barədə də iş materiallarında hər hansı bir sübut mövcud deyildir. Komissiyanın sırf Cavabdeh İB-nin əməkdaşlarından təşkil olunması həmin komissiyanın rəyini şübhə altına almağa əsas verir. Belə bir komissiyanın Birliyin maraqlarına uyğun rəy verməsi heç kimə sirr deyildir. Buna görə də qanunvericilikdə bu cür aktların qəbul olunması üçün əsas olan halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə qoyulmuşdur. Təbii qazdan qanunsuz istifadə etməyi heç bir sübutla təsdiq olunmadığı halda cavabdehin əməkdaşları tərəfindən ona 2747,52 manat məbləğində borcun hesablanması qanuni və ədalətli ola bilməz. Ona görə də borc silinməlidir. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasında iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda təbii qazdan qeyriqanuni istifadə edildiyi aşkar edilməsi barədə qeydlər aparılmışdır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib edilmiş və imzalanmış aktdan görünür ki, iddiaçının mənzilində qaz sayğacından kənar təbii qazdan istifadə edildiyinə görə təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəymiş ziyanın həcminin 22896 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2024-cü ilin fevral ayı üzrə 2747,52 manat məbləğində borcunun olması əks olunmuşdur. İşin müəyyən edilən halları: İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evi üzrə **********02156 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçı barəsində təbii qazdan qeyri-qanuni istifadənin aşkar edilməsi faktına görə Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmişdir. Aktda qeyd edilmiş pozuntuya əsasən 22896 m3 miqdarında ziyanın dəyməsi müəyyən olunmuş və 2747,52 manat məbləğində borc hesablanmışdır. Hazırda İddiaçı Cavabdeh İB tərəfindən xx.xx.2024-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 2747,52 manat məbləğində borcun silinməsini tələb edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Mülki Məcəllə: Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13, 8-1 hissə. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın: 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir. 4.1-ci bəndinə əsasən Qaz paylayıcısı və istehlakçı arasında balans mənsubiyyəti sərhədində qazın sərfinə görə hesablaşma aparılması üçün layihəyə uyğun olaraq, Xidmət (Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) tərəfindən tipi təsdiq edilərək dövlət reyestrinə daxil edilmiş və sertifikatlaşdırılmış müvafiq qaz sayğacları quraşdırılmalıdır. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11ci maddəsinə uyğun olaraq həyata keçirilir. 4.2-ci bəndinə əsasən Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.3-cü bəndinə əsasən Qaz sayğacları Xidmət tərəfindən müəyyən edilmiş dövlət standartlarının tələblərinə uyğun olaraq dövlət yoxlamasından keçirilir. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Maddə 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 8.1.2. İddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi miqdarında dövlət rüsumu ödənilir. Maddə 9.1.5. İstehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının izahatını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Məhkəmə ilk növbədə qeyd etməyi zəruri hesab edir ki, bu sahəni tənzimləyən qanunvericilikdə qaz sayğaclarının quraşdırılması, onların işlək vəziyyətdə saxlanılmasına nəzarət edilməsi, istehlakçı tərəfindən həmin sayğaclarının zədələnməsi, habelə təbii qazdan sayğacdan kənar (qanunsuz qoşulma yolu ilə) istifadə edilməsi hallarının müəyyən edilməsi, rəsmiləşdirilməsi, zərərin hesablanması, eyni zamanda istehlakçının bu prosesə cəlb edilməsi qaydası təsbit edilmiş və bu işlərin görülməsi (sayğacın işlək vəziyyətdə saxlanılmasına və təbii qazdan düzgün istifadə edilməsinə nəzarət edilməsi də daxil olmaqla) cavabdehin səlahiyyətlərinə aid edilməklə, aşkar edilmiş pozuntulara istehlakçı tərəfindən yol verilməsini sübut etmək vəzifəsi də məhz cavabdehin üzərinə qoyulmuşdur. Mülki prosessual qanunvericilik konkret sübut edilməli olan halın yalnız qanunvericilikdə göstərilən sübutetmə vasitəsi ilə təsdiq edilməli olduğunu qeyd edir. Hazırda da “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-1-ci bəndində də sübut edilməli olan halın, yəni baş vermiş zərərin məhz istehlakçının təqsirli və qanunsuz hərəkəti və ya hərəkətsizliyinin nəticəsi olmasının yalnız göstərilən sübutetmə vasitəsi ilə təsdiq olunmalı olduğu nəzərdə tutulur. Belə ki, qaz paylayıcısının vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etmək hüququ, onun qazın talanmasında təqsirli olması faktı müvafiq səlahiyyətli orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildiyi təqdirdə əsaslı hesab olur. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçının qanunsuz hərəkətlərə yol verdiyi halı yalnız cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş akt əsasında təsdiq edilməsi Mülki Prosessual Məcəllənin 81-ci maddəsinin, həmçinin sözügedən qanunun tələblərinə ziddir. Çünki qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olub-olmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər. Lakin işdən görünür ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmamış, akt tərtib edilərkən onun bir nüsxəsi həmin dövrdə qüvvədə olan qanunvericiliyin tələbinə uyğun olaraq nə iddiaçıya (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), nə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), yaxud cinayət təqibi orqanına təqdim edilməmiş, beləliklə də iddiaçının (istehlakçının) qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən olunmamışdır. Beləliklə, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması iş materialları ilə müəyyən edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, eləcə də, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı özü daşığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır. Məhkəmə xərclərinin bölüşdürülməsi: Məhkəmə qeyd edir ki, iddiaçı istehlakçı kimi qanunla dövlət rüsumunu ödəməkdən azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutulmalıdır. Ona görə iddianın qiymətinə uyğun olaraq 47,47 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia ərizəsi təmin edilsin. Cavabdeh tərəfindən tərtib edilmiş xx.xx.2024-cü il tarixli, ******* saylı akt əsasında Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Quşçuluq yaşayış massivində yerləşən fərdi yaşayış evi üzrə İddiaçı məxsus **********02156 nömrəli abonent koduna hesablanmış 2747,52 manat məbləğində borc silinsin. 47,47 manat məbləğində dövlət rüsumu Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar