Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7071/2024 10.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Xızı rayonu, Yarımca kəndində yerləşən fərdi yaşayış evi (abonent kodu **********00380) ünvanda yerləşən mənzilə əsassız olaraq borc kimi yazılmış 1.193,40 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayonu, Yarımca kəndində yerləşən fərdi yaşayış evi (abonent kodu **********00380) iddiaçının mülkiyyətindədir. İddiaçı həmin fərdi yaşayış evində yaşamır. Həmin yaşayış evinə arada bir gedir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə sayğac dəyişdirilərək yeni sayğaclar quraşdırmağa başlamışlar. Cavabdeh əməkdaşları tərəfindən həmin köhnə qaz sayğacı aparıldıqdan sonra və sonradan məlumat verdilər ki, sizin sayğacda problem olub və siz cərimə ödəməlisiniz. Həmin fərdi evin qaz xəttinin sayğacdan sonra olan hissəsinin sınması nəticəsində qaz sızması yaranmışdır. İddiaçı həmin evdə yaşamadığı üçün həmin nasazlıqdan xəbəri olmamışdır. Həmin evdə istifadəyə görə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaranmamışdır. Çünki iddiaçı istehlakçı olaraq öz üzərinə düşən öhdəliyi yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcunu ödəmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. O, verdiyi izahatda bildirmişdir ki, həmin ünvanda yerləşən sayğac evin əvvəlki mülkiyyətçisinin adına rəsmiləşdirilmiş, hazırda isə iddiaçının istifadəsindədir. Həmin ünvanda qazdan istifadə edilməmişdir. Sayğac evdən xeyli uzaqda yerləşir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçı Xızı rayonu, Yarımca kəndində yerləşən fərdi yaşayış evini 17 mart 2015-ci il tarixli alğı-satqı müqaviləsinə əsasən X1 almışdır və ev hazırda iddiaçının xüsusi mülkiyyətindədir. Həmin ünvanda quraşdırılmış qaz sayğacı evin keçmiş mülkiyyətçisi X3 adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İddiaçının abonent hesabına yazılmış borcla əlaqədar iddiaçı, cavabdeh təşkilata müraciət etmiş, cavab olaraq bildirilmişdir ki, həmin ünvanda yerləşən mənzilin qaz xəttinin sayğacdan sonra olan hissəsinin sınması nəticəsində qaz sızması olmuşdur. Sayğacdan sonra baş verə biləcək hər hansı bir hadisəyə qaz paylayıcı cavabdehlik daşımır. Hadisə ilə bağlı polisə müraciət edilmiş, müraciətin cavabı olaraq Xızı rayon Polis şöbəsindən bildirilmişdir ki, müraciətdə hər hansı inzibati və ya cinayət xarakterli hüquqpozma aşkarlanmadığından iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə edilir. İddiaçının Energetika Nazirliyi X2 Agentliyinin Xaçmaz filialına etdiyi müraciətə cavab olaraq bildirilmişdir ki, fərdi evin qaz xəttinin sayğacdan sonra olan hissəsinin sınması nəticəsində qaz sızması yaranmış və 1.293,40 manat borc əmələ gəlmişdir. Borcun ödənilməsi istehlakçı tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iddiaçı tərəfindən təqdim edilmiş diskdəki video fayla baxış keçirilmiş, həmin videolardan görünür ki, qaz sayğacı evdən uzaqda quraşdırılmış, həmin sayğacdan iddiaçıya məxsus ünvana boru vasitəsilə qaz çəkilmişdir. Sayğacda evin arasındakı məsafədə boru kəsilmiş və qaz sızması baş vermişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2019-cu ilin iyun ayından 2022-ci ilin iyul ayına qədər iddiaçıya məxsus ünvanda qazdan istifadə olmamışdır. 2020ci ilin mart ayında iddiaçının 7287 kub metr qazdan istifadə etməsi ilə 728.70 manat borc yazılmışdır. Abonent saldosunun ayın sonuna borc qrafasından görünür ki, iddiaçının 1.193,40 manat borcu mövcuddur. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddiaçıya məxsus ünvana aid sayğac evdən uzaqda quraşdırılmış, həmin sayğacdan evə boru xətti çəkilərək ev qazla təchiz edilmişdir. Həmin borunun zədələnməsi nəticəsində qaz sızması baş vermiş və qaz xəttinin sayğacdan sonra olan hissəsinin sınmasının istehlakçı olan iddiaçının təqsiri olduğu əsas gətirilərək ondan 1.293,40 manat borc tələb edilmişdir. Daha sonra iddiaçı həmin borcdan 100 manat ödəniş etmiş, iddiaçının ayın sonuna 1.193,40 manat borcu qalmışdır. Məhkəmə hesab edir ki, qaz sayğacı evdən xeyli kənarda quraşdırıldığından, həmin sayğacdan evə gələn qaz xətti, yəni qaz xəttinin sayğacdan sonra olan hissəsi iddiaçının nəzarət edə bilməyəcəyi ərazidə yerləşdiyindən, həmin borcun iddiaçıdan tələb edilməsi qanunsuzdur. Belə ki, hazırkı iş üzrə qaz sayğacının və qaz xəttinin işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, qaz xəttinin yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz xəttinin təmir olunması, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının istifadəsində olan abunə koduna hesablanmış 1.193,40 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********00380 saylı abunə koduna hesablanmış 1.193,40 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 31.93 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı istifadəsində olan **********00380 saylı abunə koduna hesablanmış 1.193,40 (bir min yüz doxsan üç manat qırx qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 31.93 (otuz bir manat doxsan üç qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7071/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7071/2024
10.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver