Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7094/2023 14.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı pul tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:
1. Cavabdeh Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsi, A.Bakıxanov küçəsində yerləşən fərdi yaşayış evi üzrə **********10101 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. Abonent saldosunun “sayğac oxunması” bölməsində iddiaçının sərf elektrik enerjisinin pul vahidi nisbətində dəyəri 1658,89 manat, “aktlar” bölməsində 237,31 manat, “ödəmələr” bölməsində isitifadə etdiyi elektrik enerjisinə görə ödənişin 1641 manat, “borc” bölməsində isə 255,20 manat olması əks olunmuşdur.
2. Həmçinin, Abonent saldosunun “bağlanan aktlar” bölməsində elektrik enerjisindən sayğacsız istifadəyə görə 121,74 manat borcun hesablnamsında dair xx.xx.2011-ci il tarixə aid Rİ 218171 nömrəli aktın tərtib edilməsi barədə məlumat qeyd edilmişdir.
İddia ərizəsinin və ona etirazın dəlilləri:
a) İddia ərizəsinin dəlilləri
3. İddiaçı **********10101 saylı abonent koduna hesablanmış 255,2 manat borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
4. İd diaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ünvanda yerləşən fərdi yaşayış evi onun mülkiyyətindədir. Sözügedən fərdi yaşayış evinə quraşdırılmış **********10101 abonent kodlu işıq sayğacına onun xəbəri olmadan baxış keçirilmişdir. Keçirilmiş baxış əsasında ona müxtəlif vaxtlarda bu günə qədər ümumilikdə 255.20 manat məbləğində əsassız borc yazılmışdır. O, Bakı şəhəri, Xətai rayonu. General Mehmandarov kiiçəsi. c\ 92 ünvanında yerləşən 54 saylı mənzildə qeydiyyatda olmaqla, həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Bakı şəhəri, Sabunçu rayonu, Nardaran kəndİ, Yeni massiv ünvanında yerləşən fərdi yaşayış evində isə 2023-cü ilin iyun ayından ailə üzvləri ilə birlikdə yaşayır. Bu ilə qədər isə kənddə yaşayan, kimsəsiz olan, fəhləlik fəaliyyəti ilə məşğul olan birinə evə nəzarət edib baxması məqsədilə həmin ünvanda bəzi günlərdə qalmasına icazə vermişdir. O, artıq uzun illərdir ki, işıq enerjisindən istifadə edir və bunun qarşılığında istehlak dəyərini vaxtlı-vaxtında ödəyir. Bu qədər borcun sözügedən ünvanda yaşamamağına və kommunal xidmətlərdən istifadə etməməyinə baxmayaraq birdən-birə yaranması tamamilə absurddur. O, heç bir zaman qanunsuz xətdən istifadə etməmişdir. Ona bugünədək borclar haqqında məlumat verilməmiş, heç bir rəsmi bildiriş göndərilməmişdir. O, bu baxışın necə aparılması, onun nəticələri və akt tərtib olunubolunmaması, eləcə də əsassız borcun mövcudluğu barədə abunə haqqında çıxarışın ona təqdim olunması əsasında xəbərdar olmuşdur. Bu situasiyanın araşdırılması məqsədilə Azərbaycan Respublikası Energetika Nazirliyi Enerji Məsələlərini Tənzimləmə Agentliyi Bakı Filialına ərizə ilə müraciət edilmişdir. Lakin müraciəti nəticəsiz qalmış, ona əsassız olaraq hesablanmış borcun silinməsinə müvəffəq ola bilməmişdir. Həmçinin məktubda 21.12.201 İ-ci il tarixdə Rİ ******* nömrəli akta əsasən sayğacsız hesabat aparılaraq dəyəri 121.7-4 manat məbləğində borcun olduğu qeyd edilmişdir. Lakin həmin zaman heç sözü gedən ünvanda ümumiyyətlə yaşayış olmamış, hətta həmin fərdi yaşayış evi tikilməmiş, həyət ancaq hasarlarla əhatələnmişdi. O, 2-ci dərəcəli əlildir. Eyni zamanda anası Nümayəndə da 2-ci dərəcəli əlildir. O, əmək qabiliyyətsiz olduğundan, ailənin zəruri xərclərini ödəməkdə bir sıra problem və çətinliklərlə qarşılaşır.
b) Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:
5. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.
Məhkəmə iclasında verilən izahatlar:
6. İddiaçının nümayəndəsi məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi.
7. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onlar sonuncu məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
Mülki işə tətbiq edilən hüquq:
Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:
8. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 18 saylı xx.xx.2005-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”
9. Bənd 7.1 Dövlət elektroenergetika müəssisəsi ilə enerjitəchizatı müəssisəsi arasında, dövlət elektroenergetika müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə müstəqil enerji istehsalçısı arasında, enerjitəchizatı müəssisəsilə abonent arasında və abonent ilə subabonent arasında elektrik enerjisi sərfinə görə hesablaşmaq üçün elektrik qurğuları lazımi uçot cihazları ilə təmin olunmalıdır.
10. Bənd 7.3. Hesablaşma uçot cihazları, o cümlədən aktiv və reaktiv enerji, aktiv və reaktiv güc elektrik sayğacları, həmçinin cəmləşdirici qurğular və avtomatlaşdırılmış uçot sistemləri “Elektrik qurğularının quraşdırılması qaydaları”na uyğun quraşdırılmalıdır.
11. Bənd 7.6 Enerjitəchizatı müəssisəsi ilə istehlakçı, o cümlədən məişət abonenti arasında elektrik enerjisinə görə hesablaşma aparılması üçün enerji ötürən hər bir elektrik qurğusu hesablaşma elektrik sayğacları ilə, həmçinin elektrik enerjisinin uçotunun digər vasitələri - cəmləşdirici qurğularla, avtomatlaşdırılmış uçot və nəzarət sistemlərilə və s. qanunvericilikdə nəzərdə tutulmuş qaydada təchiz olunur və balans mənsubiyyətinin sərhəd nöqtələrində quraşdırılır, onlar enerjitəchizatı müəssisəsi tərəfindən standartların müəyyən etdiyi müddətlərdə plan üzrə dəyişdirilir və istismar edilir.
İşə baxan məhkəmənin mövqeyi:
12. Məhkəmə iddiaçının nümayəndəsinin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.
13. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana quraşdırılan elektrik sayğacı mənzildən kənarda quraşdırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, aktda qeyd edilən pozuntunun törədilməsində iddiaçının təqsiri sübut olunmadığından, iddiaçının mənzilini elektrik enerjisi ilə təmin edilməsi üçün quraşdırılan elektrik sayğacı onun məsuliyyəti həddindən kənarda, yəni pilləkən meydançasında yerləşdiyindən, bununla da sayğacda aşkar edilmiş qüsura görə iddiaçı məsuliyyət daşımadığından cavabdehin hesabladığı borc məbləğini iddiaçıdan tələb etməsi əsassızdır.
14. Lakin məhkəmə qeyd edir ki, iddia tələbi həcminə görə qismən təmin edilməlidir.
15. Belə ki, əvvəldə də qeyd edildiyi kimi, iddiaçının adına olan abunə haqqında saldodan müəyyən olunur ki, iddiaçının aktlar üzrə 237,31 manat məbləğində borcu var. Həmin aktlar, eləcə də, onların hansı əsasla tərtib edilməsi ilə bağlı sübutlar isə cavabdeh tərəfindən məhkəməyə təqdim edilməmişdir. Qalan 17,89 manat isə onun elektrik enerjisindən qanuni əsaslarla istifadə etməsi nəticəsində yaranmış sərfiyyatdır. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, 237,31 manat məbləğində borc cavabdeh tərəfindən silinməlidir.
16. Həmçinin məhkəmə hesab edir ki, iddia tələbi istehlakçıların hüquqlarının pozulması ilə bağlı olduğundan, həmçinin iddianın qiyməti 1000 manatadək olduğundan, iddiaçı isə müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən qanunla azad edildiyindən, 30 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.
17. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. "xxxx" ASC tərəfindən İddiaçı (abonent kodu: **********10101) hesablanmış 237,31 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 30 manat məbləğində dövlət rüsumu "xxxx" ASC-dən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən: Pərviz Zamanlı
-