Məhkəmə qərarları › İş №2(011)-711/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-711/2023

07.03.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-711/2023 07.03.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Nuriyev Xaliq Firqət oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və cərimənin silinməsi” barədə iddia tələbinə mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC-nin Nəzarət Departamenti Satışa Nəzarət İdarəsinin 029395 nömrəli xx.xx.2022-ci il tarixli aktın ləğv edilməsi və 625,95 manat cərimənin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək öz izahatında bildirdi ki, Xətai rayonu, Polad Həşimov küçəsi 5/8 saylı evdə yaşayır, cavabdeh tərəfindən xx.xx.2022-ci il tarixdə ona 652,95 manat cərimə yazılmışdır, eyni tarixdə NDM 029395 nömrəli akt tərtib edilməklə onun xəttinə kənar xətt qoşulduğu qeyd edilmişdir, akt qaydalara uyğun tərtib olunmamışdır, özü Laçın rayonundan məcburi köçkündür və təqaüddə olan hərbiçidir, ona işığa müdaxilə olunması barədə məlumat vermişlər, lakin cavabdehin nümayəndəsi belə bir şey olmadığını bildirmişdir, ünvana baxış keçirilmiş, ona “ehtimal edirik ki, əlavə işıq götürmüsünuz” demişdirlər, bu zaman onlara ona bu barədə bildiriş gəlmədiyini, 3 gündür ki, ünvanda işıq olmadığını bildirmiş, xəbərdarlıq gəlmədiyi halda nə üçün işığı kəsdiklərini soruşduqda hadisənin gecə vaxtı olduğunu bildirmiş, bu səbəbdən xəbər verilmədiyini bildirərək, “biz həmişə belə edirik” demişdirlər, onu sayğaca yenidən baxılması üçün Elşən Vəliyev adlı şəxsin yanına göndərmişdirlər, lakin bunun bir nəticəsi olmamışdır, mübahisəli ünvanda yerləşən ev həyət evidir, sayğac isə həmin evdən çöldədir, evdə yaşayış yoxdur, təmir olunması üçün sökülmüşdür, yaşamaq üçün yararlı halda deyildir, dostu müvəqqəti olaraq orada qalır, lakin az enerji -hər ay 20-25 manat işlədir, cərimə yazıldığı müddətdən bəri ödəniş etməmişdir, hazırda işıq vardır, kəsilməmişdir, aktın yazılması üçün heç bir əsas olmamışdır. Sonda İddiaçı qeyd etdiklərinin nəzərə alınmasını və iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. xx.xx.2023-cü il tarixli məhkəmə iclasında cavabdehin nümayəndəsi F.K.Abdullayev izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir, ünvan üzrə fevral ayının göstəricisi yoxdur, sonuncu göstərici yanvar ayına aiddir, 652,30 manat borc akt əsasında yazılmışdır, qalan borc isə sərfiyyatdır, ünvan üzrə 6 aydan bir nəzarət həyata keçirilir, adi nəzarətçi hər ay gedir və sayğacları yoxlayır, onun istifadəsində xüsusi vasitələr olur, nəzarətçilər rayonlara baxır, nəzarət departamenti isə ayrıcadır. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş materiallarını araşdıraraq, iddiaçının izahatını dinləyərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2022-ci il tarixli NDM 029395 nömrəli aktın surətindən görünür ki, İddiaçı abonent olduğu Xətai rayonunda yerləşən evə (**********50032) quraşdırılmış sayğaca baxış zamanı fərdi yaşayış evinə sayğac sxemindən kənar faz xətti daxil olur, kənar faz xətti, sayğacın giriş faz xəttinin, hasarın üstü ilə düşən hissəsindən izolasiya pozularaq budaqlanma yolu ilə çəkildiyi qeyd olunmuş, kənar xəttin ləğv edilməsi tələb olunmuşdur. İş materiallarında olan "xxxx" ASC Bildirişindən görünür ki, ünvan 1 ünvanı (**********50032) üzrə ödəniləcək məbləğ 652,95 manatdır. İş materiallarında olan xx.xx.2007-ci il tarixdə verilmiş AA seriyalı 166411 saylı “Məcburi köçkün vəsiqəsi”nin surətindən görünür ki, İddiaçı 1970-ci ildə Laçın rayonunda anadan olmuşdur, 1992-ci ildə daimi yaşayış yeri olan Laçını tərk etmişdir, hazırda məskunlaşdığı ünvan Xətai rayonudur. İş materiallarında olan İddiaçı ünvan 1 ünvanı üzrə “Abunə haqqı” barədə çıxarışından görünür ki, borc 690,75 manatdır, 09/2022-ci il üzrə 3,44 manat, 10/2022-ci il üzrə 5,28 manat, 11/2022-ci il üzrə 7,76 manat, 12/2022-ci il üzrə 12,80 manat, 01/2023cü il üzrə 24 manat məbləğdə borc yazılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli NDM 029395 nömrəli akt əsasında tərtib olunmuş xx.xx.2022-ci il tarixli qərarın surətindən görünür ki, “baxış keçirilən zaman fərdi yaşayış evinə sayğac sxemindən kənar faz xətti daxil olur, kənar faz xətti, sayğacın giriş faz xəttinin, hasarın üstü ilə düşən hissəsindən izolasiya pozularaq budaqlanma yolu ilə çəkilmişdir” qüsuru qeyd edilməklə, (1.32 kvt x 24 saat x (0,7) x 270 = 5987 kvts) cəmi 652,31 manat cərimə məbləği hesablanmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində elektrik enerjisindən istifadə məqsədilə elektrik sayğacı quraşdırılmışdır, abonent kodu **********50032-dir, sayğac mənzildən kənarda yerləşir, həmin sahədə elektrik enerjisindən istifadə olunmasına nəzarət cavabdeh "xxxx" ASC tərəfindən aparılır, elektrik enerjisindən istifadəyə nəzarət məqsədilə xx.xx.2022-ci il tarixdə sayğaca baxış keçirilmiş, baxış zamanı “fərdi yaşayış evinə sayğac sxemindən kənar faz xətti daxil olur, kənar faz xətti, sayğacın giriş faz xəttinin, hasarın üstü ilə düşən hissəsindən izolasiya pozularaq budaqlanma yolu ilə çəkilmişdir” qüsuru qeyd edilməklə, eyni tarixli NDM 029395 nömrəli akt tərtib edilmiş, həmin akt əsasında qərar qəbul olunmuş, qərara görə itirilmiş elektrik energisi kimi 5987 kvts müəyyən olunmuş, həmin elektrik enerjisinə görə əlavə 652,31 manat hesablaşma aparılmışdır, bir saat üzrə 1.32 kvt olmaqla hesablaşma 270 gün 24 saat dövrünü əhatə edir, iddiaçıya 09/2022-ci il üzrə 3,44 manat, 10/2022-ci il üzrə 5,28 manat məbləğdə borc yazılmışdır. Bununla belə, iddiaçının sayğaca müdaxilə etməsi halları məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə, ünvan 1 ünvanında yerləşən mənzilə itirilmiş elektrik enerjisi sərfiyyatının bərpası məqsədilə hesablanmış 652,31 manat məbləğə münasibətdə qeyd edir ki, əvvəla, elektrik sayğacı fərdi yaşayış evindən kənarda quraşdrıldığından onun işlək vəziyyətdə saxlanması vəzifəsi abonentin deyil, cavabdehin üzərinə düşür ki, bu da onda həmin ünvan üzrə elektrik sayğacına mütəmadi nəzarət etmək öhdəliyi yaradır. Belə olan halda, əlavə hesablaşmanın 270 gün, yəni 9 ay müddətinə hər gün 24 saat olmaqla aparılması, həmin ünvanda elektrik enerjisinin itirilmiş məbləğinə mütənasib hesab oluna bilməz. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, elektrik sayğacına kənar müdaxilə edilməsi səbəbindən abonentə itirilmiş elektrik enerji sərfiyyatına görə hesablanmış məbləğ elektrik avadanlıqlarının gücünə görə 270 gün, hər gün 24 saat üçün istifadə edilə biləcək elektrik enerjisi miqdarında deyil, iddiaçının əvvəlki aylarda elektrik enerji sərfiyyatı nəzərə alınmaqla 1 ay müddətinə, hər ay 12 saat həddində hesablanmalıdır. Məhkəmə, 1 aylıq itirilmiş elektrik enerjisi sərfiyyatına münasibətdə qeyd edir ki, sərfiyyat qərarda göstərilmiş düstura müvafiq olaraq 30 gün üzrə hesablanmalı, bu zaman cari ayın sərfiyyatı nəzərə alınmalıdır. Belə olan halda, akta görə hesablanmış məbləğ 29,29 manat {(1.32 kvt x 0.7 x 12 saat x 30 gün) - bir aylıq sərfiyyat olan 333 kvts; həmin sərfiyyatın limit həddi 200 kvts təşkil edir ki, bu da Azərbaycan Respublikası Tarif Şurasının qüvvədə olan xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarına əsasən 200 kVts-a qədər 0,08 manatdan hesablandıqda 16 manat, 200 kVts-dan 300 kVts-a qədər olan 100 kVts sərfiyyat üçün 0,09 manatdan hesablanmaqla 9 manat, 300 kVts-dan çox olan 33 kvt sərfiyyat isə 0,13 manatdan hesablanmaqla 4,29 manat, ümumilikdə isə 29,29 manat} həddində müəyyən edilməlidir. Belə olan halda məhkəmə hesab edir ki, akt əsasında hesablanmış 652,31 manat borcdan 623,02 manat (652,31 - 29,29) silinməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. “Elektroenergetika haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən, enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi istilik enerjisinin dəyərini sayğacın göstəricilərinə (sayğac yalnız binanın istilik şəbəkəsinə qoşulma nöqtəsində quraşdırıldığı halda isə bu Qanunun 11-ci maddəsinin birinci hissəsində göstərilən istilik enerjisindən istifadə qaydalarına) əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik və istilik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik və istilik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın 7.9-cu bəndinə əsasən, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması hər bir yaşayış sahəsi, o cümlədən üçün yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə - pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.11-ci maddəsinə əsasən, yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.16-cı maddəsinə əsasən, istehlakçının, o cümlədən məişət abonentinin təqsiri olmadan uçot müvəqqəti pozulduqda, elektrik enerjisi sərfinin hesabatı enerjitəchizatı müəssisəsinin və istehlakçının razılığına əsasən uçot pozulana qədər və ya ucot bərpa edildikdən sonrakı dövrün orta gündəlik sərfinə uyğun aparılır. Elektrik enerjisinin orta gündəlik sərfinə görə hesablaşma dövrü bir aydan artıq olmamalıdır, bu müddət ərzində hesablaşma elektrik sayğaclarının normal işi enerjitəchizatı müəssisəsi tərəfindən bərpa olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafıəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Azərbaycan Respublikası Tarif Şurasının “Elektrik enerjisinin ölkədaxili tariflərinin tənzimlənməsi barədə” xx.xx.2021-ci il tarixli 14 nömrəli qərarına əsasən əhali qrupu üçün elektrik enerjisi tarifi aylıq istehlak həcminin 200 kVts-a qədər (200 kVts daxil) olan hissəsi üçün 8,0 qəpik /kVts, aylıq istehlak həcminin 200 kVts-dan 300 kVts-a qədər (300 kVts daxil) olan hissəsi üçün 9,0 qəpik/kVts, aylıq istehlak həcminin 300 kVts-dan çox olan hissəsi üçün 13,0 qəpik /kVts müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı **********50032 saylı abonent koduna "xxxx" ASC tərəfindən hesablanmış 623,02 manat borc məbləği silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə, habelə məcburi köçkün kimi iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tələbi qismən təmin edildiyindən, cavabdehin dövlət rüsumu ödəməkdən azad edilməsi halları məhkəmə tərəfindən müəyyən edilmədiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, təmin edilmiş iddianın qiyməti, onun 1000 manatadək olması nəzərə alınmaqla, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.1.20-ci maddəsinə əsasən, məhkəmədə verilən iddialar üzrə şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görə 30 manat dövlət rüsumu ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı **********50032 saylı abonent koduna hesablanmış borc məbləğindən 623 (altı yüz iyirmi üç) manat 02 (iki) qəpik borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən, onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində, Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar