Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7127/2025 23.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Yusubzadə Nərmin Şirastan qızının katibliyi, İddiaçı, Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinə qarşı “borcun silinməsi” tələbi barədə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ tərəfindən Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü, 5/9 A ünvanında yerləşən, **********119 abonen kodlu fərdi yaşayış evinə sudan istifadəyə görə əsassız hesablanmış, cəmi 774 (yeddi yüz yetmiş dörd) manat məbləğində borcun, o cümlədən yekun məhkəmə aktı hüquqi qüvvəsini alanadək hesablanmış ümumi borcun silinməsinə dair qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2026-cı il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" tərəfindən yazılmış borcun 240 manat saxlayaraq yerdə qalan borcun silinməsi barədə qətnamə qət edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri, Xətai rayonu, Elvin Şükürlü, 5/9 A ünvanında yerləşən, mənə məxsus, **********119 abonen kodlu fərdi yaşayış evinə 774 (yeddi yüz yetmiş dörd) manat məbləğində borc yazılmıştır. Bu barədə mənə hiç bir rəsmi bildiriş göndərilməmişdir. Qeyd edim ki, sözügedən fərdi yaşayış evində uzun müddətdir faktiki olaraq yaşayış olmamışdır. Bundan sonra bu məsələ ilə bağlı "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ Xətai rayon Sukanal İdarəsinə müraciət edilmiş, lakin heç bir köməklik göstərilməmişdir. Məlumat üçün bildirirəm ki, 774 (yeddi yüz yetmiş dörd) manat məbləğində müəyyən edilmiş borcun 240 (iki yüz qırx) manat hissəsi cərimə kimi tətbiq olunmuş, qalan hissəsi isə guya su istifadəsinə görə hesablanmışdır. Bildirilməsi zəruridir ki, 2023-cü il tarixində su sayğacının quraşdırılması üçün müvafiq orqana tərəfimdən müraciət edilmişdir. Su sayğacının quraşdırılması üçün yaşayış yeri haqqında arayış və şəxsiyyət vəsiqəmin surəti müvafiq orqana təqdim edilmişdir. Su sayğacının quraşdırılması üçün baxış keçirilmiş və heç bir problem olmadığı, sayğacın quraşdırılacağı bildirilmişdir. Lakin, bu günə qədər sayğac quraşdırılmamışdır. "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" PHŞ Xətai rayon Sukanal İdarəsinə bu məsələ ilə bağlı müraciət olunan zaman bildirilmişdir ki, həmin dövrdə fəaliyyət göstərmədikləri üçün bu məsələ ilə bağlı heç bir kömək göstərə bilməyəcəklər. (Qeyd edim ki, Azərbaycan Ordusunda hərbi qulluqçu olduğum üçün 2023-cü il tarixindən burda olmamışam və sayğacın quraşdırılıbquraşdırılmaması ilə bağlı dəqiq məlumatım olmamışdır.) Bildirilməsi zəruridir ki, sözügedən fərdi yaşayış evində uzun müddət faktiki yaşayış olmamışdır. Buna baxmayaraq, cavabdeh qurum tərəfindən fərdi yaşayış evinə su təchizatı xidməti göstərilmədiyi halda, hər ay ödəniş sənədləri (çeklər) tərtib olunmuş, nəticədə əsassız olaraq borc məbləği formalaşdırılmışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsinin nümayəndəsi X2 izahat verərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli “Abonent kartı”ndan görünür ki, xx.xx.2023-cü il tarixli, 47226465 №-li müqaviləyə əsasən, İddiaçı Bakı şəhəri, Xətai rayonu, Dənizçi küç, ev-15/32 ünvanında **********119 saylı abonent koduna 2023-cü il üzrə 240 manat cərimə olmaqla 373 manat, 2024-cü il üzrə 241 manat, 2025-ci il üzrə 221 manat borc yazılmışdır, yekun borc 835 manatdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı Bakı şəhəri, Xətai rayonu, Dənizçi küç, ev-15/32 ünvanında yaşayır, ünvana xx.xx.2025-ci il tarixdə 25036583 nömrəli sayğac quraşdırılmış, iddiaçının **********119 saylı abonent koduna 2023-cü il üzrə 240 manat cərimə olmaqla 373 manat, 2024-cü il üzrə 241 manat, 2025-ci il üzrə 221 manat olmaqla ümumilikdə 835 manat borc yazılmışdır. İddiaçı cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" tərəfindən yazılmış borcun 240 manat borcunu saxlayaraq yerdə qalan borcun silinməsini tələb edir. Məhkəmə iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçıya 4 nəfərlik ailə tərkibi əsas götürülməklə cəmi 835 manat borc yazılmışdır. Borcun əsaslı olması barədə sübutetmə yükü cavabdeh "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti"-nin üzərinə düşsə də, cavabdeh bu barədə mötəbər, şübhədən kənar sübutları məhkəməyə təqdim etməmişdir. Əlavə olaraq iddiaçı 240 manat borcu ödəməyi öz üzərinə götürərək cavabdeh tərəfindən yazılmış borcun 240 manat borcunu saxlayaraq yerdə qalan borcun silinməsini tələb edir. Belə olan halda məhkəmə hesab edir ki, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı **********119 saylı abonent koduna hesablanmış 534 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Öz məzmunundan və xarakterindən asılı olaraq, öhdəlik tərəflərdən hər birinin üzərinə istər müqavilə münasibətləri zamanı, istərsə də belə münasibətlərdən sonra digər tərəfin hüquqlarına və əmlakına xüsusi qayğı göstərmək vəzifəsini qoya bilər. Həmin Məcəllənin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasinin Qanununun 30cu maddəsinə əsasən, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsi ilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən suyun hesabı tam ödənildikdən sonra, su təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış suyun dəyərini su təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin Qanunun 31-ci maddəsinin 1-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların suölçən cihazlarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi su təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Həmin Qanunun 58-ci maddəsinə əsasən, ödənişlər bu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən suyun götürülməsinə görə vəbu Qanuna müvafiq olaraq verilmiş icazəyə əsasən tullantı sularının və tullantıların atılmasına görə müəyyənləşdirilir. Ödənişlərin miqdarı, onların hesablanması və ödənilməsi qaydaları müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilir. Beləliklə, məhkəmə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı **********119 saylı abonent koduna hesablanmış 534 manat borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan və iddianın təmin edilmiş hissəsi, onun həcmi nəzərə alınmaqla (1000 manatdan az olduğundan), cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 124.3-cü maddəsinə əsasən, iddia qismən təmin edilmişsə, cavabdeh isə məhkəmə xərclərini ödəməkdən azad olunmuşsa, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər məhkəmə xərclərini ödəməkdən azad edilmiş iddiaçıdan tutularaq, iddia tələblərinin təmini rədd edilmiş hissəyə münasib olaraq dövlət mədaxilinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatadək olduqda iddia ərizəsinin verilməsinə görı 30 manat dövlət rüsumu ödənilməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsi tərəfindən İddiaçı **********119 saylı abonent koduna hesablanmış 534 (beş yüz otuz dörd) manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” publik hüquqi şəxsindən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7127/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7127/2025
23.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver