Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7154/2023 21.09.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı – Ərizəçi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək müəyyənetdi: Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək, ИT-1№2365825 saylı əmək kitabçasında Ərizəçi doğum tarixini 1964-cü il, atasının adının Osman kimi qeyd edilərək həmin sənədin ona məxsus olması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə hesab edir ki, ərizənin yolverilməzliyinə görə, icraata qəbul edilməsindən imtina edilməlidir. Belə ki, ərizəyə əlavə edilmiş sənədlərdən görünür ki, ИT-1№2365825 saylı əmək kitabçasında doğum tarixinə 1963-cü il, ata adı qrafasına Müseyib yazılaraq yanlışlığa yolverilmişdir. 26 dekabr 1996-cı il tarixli “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 3.12-ci bəndinə əsasən, işçinin soyadının, adının, atasının adının əmək kitabçasında dəyişdirilməsi son iş yerində işəgötürən tərəfindən müvafiq sənədlərə əsasən aparılır. Belə halda hansı sənədlərə istinad edilməsi göstərilməlidir. Dəyişikliklər əmək kitabçasının birinci səhifəsində edilir. Göründüyü kimi, hazırkı tələbə ümumi məhkəmədə baxıla bilməz. Yuxarıda qeyd olunan qərardan göründüyü kimi son iş yerində işəgötürən tərəfindən müvafiq sənədlərə əsasən əmək kitabçasında yaranmış yanlışlıqları dəyişdirə bilərdi. Həmçinin sənədlərdə yaranmış yanlışlıqlara düzəliş inzibati orqanın funksiyalarını icra edən müvafiq icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Belə olan halda, ərizəçiyə izah edilməlidir ki, o, əmək kitabçasında yaranmış yalnışlıqlara düzəliş edilməsi tələbinə uyğun iddia ilə inzibati icraat qaydasında məhkəməyə müraciət etmək hüququna malikdir. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 №-li qərarının 15.4-cü bəndində göstərilir ki, eyni ilə, inzibati və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi MPM-də nəzərdə tutulmamışdır. Bu səbəblə nəzərə alınmalıdır ki, inzibati məhkəməyə aid iddia ərizəsi ümumi məhkəməyə verilmişdirsə, MPM-in 153.2, 153.2.1-ci maddələrinə əsasən, ərizəyə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbulundan imtina olunmalı, inzibati məhkəməyə aid iş səhvən ümumi məhkəmənin icraatına qəbul edilmişdirsə, MPM-nin 261.0, 261.0.1-ci maddələrinə əsasən, işə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmaması əsası ilə iş üzrə icraata xitam verilməli, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Göstərilən xüsusata əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı deyildir. Buna görə də ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 153.2.1-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, iddianın yolverilməzliyinə görə iddia ərizəsinin qəbul edilməsindən imtina edilir. Sadalanan qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, mövcud iddia ərizəsinə mülki məhkəmə icraatı qaydasında ümumi məhkəmədə baxılmalı olmadığından, yolverilməzliyə görə iddia ərizəsinin icraata qəbul edilməsindən imtina edilməli və iddiaçıya aidiyyəti üzrə inzibati məhkəməyə müraciət etmək hüququnun olması izah olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 153, 263-264, 267-ci maddələrini rəhbər tutaraq qəraraaldı: Ərizəçi ИT-1№2365825 saylı əmək kitabçasında Ərizəçi doğum tarixini 1964-cü il, atasının adının Osman kimi qeyd edilərək həmin sənədin ona məxsus olması barədə iddia ərizəsi, ərizənin yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilsin. İddiaçıya aidiyyəti üzrə inzibati orqana müraciət etmək hüququnun olması izah olunsun. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Sahibə Hacıyeva İş № 2(011)-7154/2023 Məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət barədə PROTOKOL xx.xx.2023-cü il Bakı şəhəri Bakı şəhəri Xətai rayon Məhkəməsinin hakimi Hacıyeva Sahibə Cavid qızı, Ərizəçi iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək məhkəmə iclasından kənar ayrıca prosessual hərəkət etdi. Prosessual hərəkət saat 09:30-da başlandı. Ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək qərardad qəbul etdi. Prosessual hərəkət saat 09:45-də qurtardı. Protokol xx.xx.2023-cü il tarixdə tərtib edilmişdir. Hakim Sahibə Hacıyeva
Məhkəmə qərarları › İş №2(011)-7154/2023
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7154/2023
21.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver