Məhkəmə qərarları › İş №2(011)-7159/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7159/2021

14.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7159/2021 14.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Cəfərzadə Fərid Zülfəli oğlunun katibliyi, İddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil, Cavabdeh1, onun vəkili X2, Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “kompensasiya ödənilməklə istifadə hüququnun itirilməsi və mənzildən çıxarılma” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 10.000 manat kompensasiya ödənilməklə hər iki cavabdehin iddiaçının şəxsi mülkiyyətində olan ünvan 1, ev 37, 121 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1, ev 37, 121 saylı mənzil iddiaçının şəxsi mülkiyyətindədir. Cavabdeh1 iddiaçının qızı, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Onlar 1980-ci ildən sözügedən mənzildə yaşayırlar. Mənzildə qeydiyyatda olan Cavabdeh1, X1 və X4 razılıq ərizələri əsasında həmin mənzil mülkiyyət hüququ ilə iddiaçının adına rəsmiləşdirilmişdir. İddiaçının qızı X3 mənzildə qeydiyyatda olsa da, ailə həyatı quraraq mənzildən köçmüşdür, ailəsi ilə birlikdə özünə məxsus mənzildə yaşayır, iddiaçının digər qızı X6 da həmin mənzildə qeydiyyatda olsa da, ailə həyatı quraraq oradan köçmüşdür. İddiaçının mənzildə qeydiyyatda olan qızı Cavabdeh1 uzun illərdir ki, iddiaçının mülkiyyətində olan həmin mənzildə onunla birlikdə yaşamışdır. Cavabdeh1 2019-cu ildə digər Cavabdeh2 ilə ailə həyatı quraraq kirayə mənzildə yaşamışlar. Bir müddət sonra iddiaçının razılığı əsasında onlar mübahisəli mənzilə köçərək orada yaşamağa başlamışlar. 2020-ci ildə pandemiya ilə bağlı iddiaçının qızının həyat yoldaşı olan Cavabdeh2 Bakı şəhərində daimi pasport qeydiyyatı olmadığından iddiaçı onun mülkiyyətində olan mənzilə qeydiyyata düşməsinə razılıq vermişdir. Cavabdehlər iddiaçının digər qızının həmin mənzilə gəlməsinə icazə verməmiş, onu evdən qovmuşlar. İddiaçı artıq dörd aydan çoxdur ki, mülkiyyətində olan mənzili tərk edərək kirayədə yaşamağa məcbur olmuşdur. Cavabdehlər iddiaçıya öz mülkiyyətində olan mənzildə yaşamağa imkan vermirlər. Daha sonra iddiaçı Azərbaycan Respublikasının MPM-nin 53-cü maddəsinə əsasən, ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 12.000 manat kompensasiya ödənilməklə hər iki cavabdehin iddiaçının şəxsi mülkiyyətində olan ünvan 1, ev 37, 121 saylı mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarılmaları barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı, onun etibarnamə üzrə nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdilər və iddia ərizəsinin məzmununa uyğun izahat verdilər. Məhkəmə iclasında cavabdehlər və Nazirə Kərimovanın vəkili X5 iddia tələbinə etiraz edərək onun təmin olunmamasını xahiş etdilər. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İşin mübahisə edilməyən halları ondan ibarətdir ki, Azərbaycan Respublikası Bakı şəhər İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş 07 yanvar 2005-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən, ünvan 1, ev 37, 121 saylı mənzil üzərində iddiaçının mülkiyyət hüquqları tanınmışdır. Cavabdeh1 iddiaçının qızı, Cavabdeh2 isə onun həyat yoldaşıdır. Onlar hal-hazırda iddiaçıya məxsus mənzildə qeydiyyatda olmaqla orada yaşayırlar. Məhkəmə iddia tələbinin Cavabdeh1 kompensasiya ödənilməklə onun mənzildən istifadə hüququna xitam verilməsi hissəsini araşdıraraq hesab edir ki, iddia həmin hissədə təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Məhkəmə iclasında müəyyən olundu ki, iddiaçı 1980-ci ildən mübahisəli mənzildə öz ailəsi ilə birlikdə yaşamışdır. ünvan 1, 37 saylı evin 121 saylı mənzilinə iddiaçının mülkiyyət hüququ 2005-ci ildə tanınmışdır. Məhkəmə hesab edir ki, tərəflər arasında mənzillə bağlı hüquq münasibətləri 1980-ci ildə yarandığından hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. Belə ki, Azərbaycan Respublikası MPM-nin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123-cü maddəsinə əsasən, yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddibüluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, Cavabdeh1 1980-ci ildən iddiaçı ilə birlikdə mübahisəli mənzildə yaşamış, onun həmin mənzilə istifadə hüququ yaranmışdır. Mübahisəli mənzil üzərində 07 yanvar 2005-ci il tarixdə İddiaçı mülkiyyət hüququ tanınmışdır. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirməsi ilə müraciət edərək Cavabdeh1 12.000 manat kompensasiya ödənilməklə onun qeyd edilən mənzildən istifadə hüququnun itirilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli Qərarının hüquqi mövqeyindən çıxış edərək məhkəmə belə hesab edir ki, hazırkı mülki iş üzrə münasibətlər 2000-ci ildən əvvəl yarandığı üçün Köhnə Mənzil Məcəlləsinin normaları tətbiq edilmişdir, lakin həmin məcəllənin normalarında istifadə hüququna xitamla bağlı müddəa nəzərdə tutulmadığı üçün Mülki Məcəllənin kompensasiya ilə bağlı normaları analogiya üzrə hazırkı mülki işə tətbiq edilməlidir. Mülki Məcəlləyə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. (MM-nin 228.2-ci maddəsi) Qanunvericiliyin tələblərindən irəli gələrək hər hansı bir şəxsin istifadə hüquqlarına xitam verilməsi üçün müvafiq qaydada kompensasiya ödənilməsi nəzərdə tutulmuşdur. Məhkəmə cavabdehin mübahisəli mənzilə istifadə hüququnun mövcud olduğunu nəzərə alaraq, iddiaçı tərəfindən təklif olunan kompensasiya məbləğini ağlabatan hesab edir və qeyd edilən kompensasiya məbləği ödənildikdən sonra cavabdehin qeyd edilən mənzildən istifadə hüququnun itirilməsi ilə bağlı iddia tələbinin təmin olunmasını və cavabdehin mübahisəli mənzildən çıxarılmasını məqsədə müvafiq hesab edir. R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin MİÜMK-nın 31.03.2006-cı il tarixli qərarının Azərbaycan Respublikasıın Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli qərarında göstərilir ki, “Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin”. Bu səbəbdən məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 228.2-ci maddəsinə əsasən cavabdehə 12.000 manat məbləğində kompensasiya verilməklə Cavabdeh1 ünvan 1 ünvanında yerləşən 37 saylı evin 121 saylı mənzilindən istifadə hüquqları itirilməli, cavabdeh həmin mənzildən çıxarılmalıdır. Məhkəmə iddia tələbinin digər Cavabdeh2 ilə bağlı hissəsinə qiymət verərək hesab edir ki, iddia tələbi həmin hissədə əsassız olmaqla rədd edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdeh2 mübahisəli mənzilə 2020-ci ildən qeydiyyata alındığından hazırkı mübahisəli hüquq münasibətinə həmin dövrdə qüvvədə olan maddi hüquq normalarının tələblərinə uyğun olaraq hüquqi qiymət verilməlidir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 27 iyul 2001-ci il tarixli qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228-ci maddəsinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Göründüyü kimi, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun yaranması üçün mülkiyyətçi ilə yazılı razılaşmanın bağlanılması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mütləq şərt kimi göstərilmişdir. Sadalanan xüsusatlara və qeyd edilən qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, mənzilin mülkiyyətçisi ilə Cavabdeh2 arasında heç bir notariat qaydasında təsdiqlənmiş yazılı razılaşma olmadığından və istifadə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da cavabdehin qeyd edilən mənzildən istifadə hüququ yaranmadığından, yaranmayan istifadə hüququ məhkəmə tərəfindən itirilə bilməz. Yuxarıda qeyd edilən halları nəzərə alaraq məhkəmə Cavabdeh2 mübahisəli mənzildən qeydiyyatdan çıxarılmasını məqsədəmüvafiq hesab edir. Hazırkı qətnamə qanuni qüvvəyə mindikdən sonra qətnamə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən cavabdehin mənzildən yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas sayılacaqdır. Məhkəmənin qeyd etdiyi bu qayda müvafiq dövlət orqanının üzərinə vəzifə qoyulması deyil, qanunun göstərişinin iddiaçıya və müvafiq dövlət orqanına izah edilməsidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə qənaətə gəlir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh1 12.000 manat kompensasiya ödənilməklə ünvan 1, 37 saylı evin 121 saylı mənzilindən onun istifadə hüquqlarına xitam verilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1, 37 saylı evin 121 saylı mənzilindən çıxarılmalı, iddia tələbi qalan hissədə rədd edilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarında olan qəbzin surətindən görünür ki, iddiaçı 10 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə dövlət rüsumunun tutulması hissəsinə qiymət verərək hesab edir ki, ödənilmiş 10 manat dövlət rüsumu iddiaçının özünə aid edilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233 və 360-cı maddələrinə əsasən, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 12.000 manat kompensasiya ödənilməklə Cavabdeh1 ünvan 1, 37 saylı evin 121 saylı mənzilindən istifadə hüququna xitam verilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 ünvan 1, 37 saylı evin 121 saylı mənzilindən çıxarılsınlar. İddia tələbi qalan hissədə rədd edilsin. Bu qətnamə Cavabdeh2 ünvan 1, 37 saylı evin 121 saylı mənzilindən qeydiyyatdan çıxarılması üçün əsasdır. Ödənilmiş 10 (on) manat dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir ay) müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar