Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-719/2022 08.02.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Mehrəliyev Sərdar Bəşərəddin oğlunun sədrliyi, Xəlilzadə Cəfər Həmid oğlunun katibliyi, maraqlı şəxs X1 nümayəndəsi və vəkili X2 iştirakı ilə, Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına və X3 qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” mülki işə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasını maraqlı şəxs qismində cəlb etdiyi “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizə ilə məhkəməyə müraciət edərək 20.08.1982-ci il təvəllüdlü X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, X4 ilə 18.11.2007-ci ildə ailə qurmuş, birgə nikahdan 15.10.2008-ci il təvəllüdlü Məmmədli Əsmanur doğulmuşdur. Əvvəllər münasibətləri normal olsa da, sonrakı dövrlər ailədə səbəbsiz yerə narazılqlar baş qaldırmışdır. Münaqişələrin təşəbbüskarı isə arvadı olmuşdur. Müəyyən müddət keçdikdən sonra arvadının özünü qəribə aparmasının, qəribə psixi hallar hallar keçirməsinin şahidi olmuşdur. Bunu onun 13-ə yaxın əməliyyat keçirməsi və elə o qədər də narkoz qəbul etməsi ilə bağlamışdır. Bununla belə bu cür hallar onda artmağa başladı. Son dəfə isə onun başqa bir oğlanla yazışmalarının şahidi olmuş və telefonu əlindən almışdır. Onun ailəsi isə qızlarının bu vəziyyətini qəbul etmək istəmir, əksinə boşanma və yeganə qızının onunla qalması barədə iddia vermişlər. Qızının taleyi həddən artıq narahat edir. Çünki arvadı bir neçə dəfə qızını da səbəbsiz yerə döymüşdür, qızını və onu ölümlə hədələmişdir. Onun bu hərəkətlərini əsəb pozğunluğu və psixikasında baş verən dəyişiklərlə bağlayır. Çox vaxt söz və hərəkətlərə heç bir reaksiya verməmiş, bəzi hallarda isə əksinə lazımsız yerə əsəbi olaraq qıcıq yaratmışdır. Hal-hazırda arvadının psixi vəziyyəti ilə bağlı özü tərəfindən hüqüqlarının və qanunla qorunan maraqlarının həyata keçirilməsi mümkün deyildir. Bununla əlaqədar olaraq, onun fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə, onun hüqüqlarının və qanunla qorunan maraqlarının həyata keçirilməsi üçün üzərində qəyyumu təyin edilməsinə zərurət yaranmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə Ərizəçi qanunla müəyyən edilmiş qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmənin icraatında olan digər bir işlə bağlı hazırki iş üzrə icraatın dayandırılmasını xahiş etmişdir. Maraqlı şəxs X1 nümayəndəsi və vəkili X5 məhkəməyə ərizə təqdim edərək, göstərdi ki, ərizəçi artıq üçüncü dəfədir ki, məhkəmə iclaslarına gəlmir. Onun məhkəmə iclasına gəlməməsi yalnız mübahisəyə baxılmasının uzadılması məqsədi daşıyır. Bu səbəbdən də mülki işə onun iştirakı olmadan mahiyyəti üzrə baxılmasını xahiş etdi. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.4-cü maddəsinə əsasən tərəflər və yaxud iddiaçı məhkəmə baxışının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilib, lakin onlar məhkəmə iclasına təkrar gəlmədikdə məhkəmə həmin işə baxmağa haqlıdır. Belə hallarda bu Məcəllənin müvafiq olaraq 259.0.6-cı və 259.0.7-ci maddələri tətbiq edilir. Məhkəmə qeyd edilənləri və maraqlı şəxsin nümayəndəsinin işə mahiyyəti üzrə baxılmasını tələb etməsini nəzərə alaraq hazırkı mülki işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün sayır. Maraqlı şəxs X1 nümayəndəsi və vəkili X5 ərizəni qəbul etməyərək izahatında göstərdi ki, təmsil etdiyi şəxsin hazırki iş üzrə Ərizəçi qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın paylar müəyyən olunmaqla bölünməsi və mənzilə köçürülmə tələbinə dair” iddiası üzrə mülki iş Siyəzən Rayon Məhkəməsinin icraatında olmuş, ərizəçi həmin iş üzrə icraatın dayandırılmasına nail olmaq məqsədi ilə həzırki ərizə ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra ərizəçi əmlak bölgüsü tələbinə dair işin dayandırılması ilə bağlı Siyəzən Rayon Məhkəməsinə vəsatət vermiş, məhkəmə tərəfindən vəsatət təmin edilməyərək, iş üzrə yekun qətnamə çıxarılmışdır. Belə olan halda, ərizənin formal olaraq verildiyi təsdiq olunur. Göstərilənlərə əsasən, ərizənin təmin olunmaması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməməlidir. İş materiallarında olan Siyəzən Rayon Məhkəməsinin 10.01,2022-ci il tarixli, 2(059)- 42/2022 saylı qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdeh Ərizəçi qarşı “birgə nikah dövründə əldə edilmiş əmlakın paylar müəyyən olunmaqla bölünməsi və mənzilə köçürülmə tələbinə dair” iddiası qisməh təmin edilmişdir. İşdə olan Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 22.10.2021-ci il tarixli, 2(011)- 2897/2021 saylı qətnaməsinin surətindən görünür ki, tərəflər arasında Bakı şəhəri Səadət Sarayında 18.11.2007-ci il tarixli, 3985 saylı akt qeydinə əsasən bağlanmış nikah pozulmuş, 15.10.2008-ci il təvəllüdlü X6 anası Elnarə Məmmədovanın yanında qalmış, uşağın saxlanılması üçün Ərizəçi hər ay qazancının (başqa gəlirlərinin) 1/4 hissəsi miqdarında alimentin tutularaq Elnarə Məmmədovaya ödənilməsi qət edilmişdir. Qeyd etmək lazımdır ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 82.3cü maddəsinə görə, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 23.1-ci maddəsinə görə nikah müvafiq icra hakimiyyəti orqanında pozulduqda pozulmanın dövlət qeydiyyatına alındığı gündən, məhkəmə qaydasında pozulduqda isə bu barədə məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gündən nikaha xitam verilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə görə ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən qəyyumluq və himayəçilik fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli fiziki şəxslərin hüquq və mənafelərinin müdafiəsi üçün təyin edilir. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə isə, qəyyum və ya himayəçi öz razılığı ilə təyin edilir. Bu zaman onun əxlaqi və digər şəxsi keyfiyyətləri, qəyyumluq və ya himayəçilik vəzifələrini yerinə yetirmək qabiliyyəti, onunla qəyyumluğa və ya himayəçiliyə ehtiyacı olan şəxs arasında mövcud münasibətlər, mümkünsə, həm də qəyyumluqda və ya himayədə olanın arzusu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə baxır. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 9-cu maddəsinə əsasən məhkəmə ədalət mühakiməsini faktlar əsasında həyata keçirməli, tərəflər öz tələblərini sübutlarla əsaslandırmalı, proses çəkişmə prinsipi əsasında aparılmalı və hakimin qərarı yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırılmalıdır. Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun “İ.Şabanovanın şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki kollegiyasının 24 oktyabr 2011ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 27 avqust 2012-ci il tarixli Qərarına görə mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “N.Məmmədovanın şikayəti üzrə məhkəmə aktlarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 31.01.2006-cı il tarixli Qərarında göstərmişdir ki, məhkəmə qətnaməsi hüquqla bağlı mübahisəyə baxıldıqdan sonra məhkəmə iclasında müəyyən olunmuş işin faktiki halları və hüquq normaları əsasında çıxarılır. İddiaçının hüququnun pozulması təsdiqlənərsə, məhkəmə öz qətnaməsilə bu hüququ müdafiə etməlidir. Əgər iddiaçının hüququnun pozulması təsdiqlənməzsə, məhkəmə onun iddiasını rədd etməli və bununla da, cavabdehin iddiaçının əsassız hərəkətləri və ya fikirləri ilə pozula biləcək hüquqlarını müdafiə etməlidir. Hər bir halda məhkəmənin qətnaməsi, ilk növbədə, məhz mübahisə tərəflərinin fərdi hüquqlarını və qanuni mənafelərini müdafiə edən akt kimi çıxış etməlidir. Azərbaycan Respublikasının MPM-nin 14.2, 217.3 və 217.4-cü maddələrinə əsasən mahiyyəti üzrə işə baxan məhkəmə tərəfındən qətnamə tərəflərin məntiqi izahı əsasında deyil, yalnız tərəflərin təqdim etdikləri sübutlardan istifadə etməklə məhkəmə iclasında müəyyən edilmiş həqiqi hallar və tədqiq olunmuş sübutlar üzrə çıxarılır. Azərbaycan Respublikasının MPM-nin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. İstinad edilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. Azərbaycan Respublikasının MPM-nin 80-ci maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin Məcəllənin 89.3-cü maddəsinə əsasən yazılı sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Əgər baxılan işə sənədin yalnız bir hissəsi aiddirsə, belə olan halda, bu sənəddən təsdiq olunmuş çıxarış təqdim edilir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, mülki prosessual qanunvericiliyə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Avropa İnsan Hüquqları Məhkəməsi “Mahmudov Rusiya Federasiyasına” qarşı 26.07.2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affırmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, araşdırılmış sübutlarla və ərizədə də qeyd etdiyi kimi, tərəflər arasında münasibətlərin pozulması məticəsində Ərizəçi ilə maraqlı şəxs X4 arasında mövcud olmuş nikahın pozulması müəyyən olunmuşdur. Bundan başqa, ərizəçi X1 psixi xəstəlik nəticəsində öz hərəkətlərini idarə etmək qabiliyyətindən məhrum olmasını iddia etsə də, bu barədə ərizəyə heç bir mötəbər sübut əlavə etməmiş, ümumi mülahizələrlə kifayətlənmişdir. Halbuki, mülki prosessual qanunvericiliyin tələbinə görə hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə qeyd edir ki, sübuta yetirilməyən tələb əsaslı hesab edilə bilməz. İşin obyektiv həlli üçün yalnış mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən faktla birmənalı bağlı olmalı, yəni, həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Ona görə də, məhkəmə hesab edir ki, Ərizəçi X1 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə dair məhkəməyə müraciət etmək hüququ yaranmadığından, həmçinin, ərizə əsassız və qanunsuz olduğundan rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119-cu maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizəçi maraqlı şəxslər Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinin nəzdində Qəyyumluq və Himayəçilik Komissiyasına və X3 qarşı “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair” ərizəsi təmin edilməsin. Ödənilmiş 40 (qırx) manat dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Sərdar Mehrəliyev
Məhkəmə qərarları › İş №2(011)-719/2022
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-719/2022
08.02.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver