Məhkəmə qərarları › İş №2(011)-7191/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7191/2021

13.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7191/2021 13.09.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızı, Ərizəçi hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, hüquqmüəyyənedici sənəd kimi Bakı şəhər XDS İK-nin (indiki BŞİH-nin) sözügedən 22 dekabr 1989-cu il tarixli, 14/519 saylı qərarına əlavə edilmiş 124 nömrəli bağ tikinti kooperativlərinin üzvlərinin siyahısında 5-ci şəxs kimi X1 qeyd olunsa belə, həmin sənədin şəxsiyyət vəsiqəsi üzrə Ərizəçi adına verilməsi və ona məxsus olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 6-cı bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirərək hesab edir ki, ərizəçi X2 Bakı şəhər XDS İK-nin (indiki BŞİH-nin) 22 dekabr 1989-cu il tarixli, 14/519 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışında X1 yerinə Ərizəçi kimi düzəliş edilərək yenidən sözügedən qərardan çıxarışın təqdim edilməsi üçün Milli Arxiv İdarəsinə müraciət etmiş, Milli Arxiv İdarəsi müvafiq icra strukturlarının arxiv sənədlərinə hər hansı düzəliş edilməsinin onun səlahiyyəti daxilində olmadığını bildirərək imtina etmişdir. Məhkəmə yuxarıda sadalananlara əsasən hesab edir ki, ərizəçi müvafiq qərar ilə təsdiq edilmiş arxiv çıxarışını vermiş müvafiq səlahiyyətli orqana-Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət edərək, həmin orqandan imtina məktubunu almadan birbaşa məhkəməyə müraciət etdiyindən ərizənin məhkəmə icraatı mümkün deyildir. Odur ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 1.6-cı bəndinə əsasən, məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPM-nin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPM-nin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 152.1.1-ci maddəsinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ya ona əlavə olunmuş sənədlər geri qaytarır. Məhkəmə yuxarıda qeyd edilənlərə əsaslanaraq belə hesab edir ki, ərizəçi Bakı şəhər XDS İK-nin (indiki BŞİH-nin) 22 dekabr 1989-cu il tarixli, 14/519 saylı qərarından təsdiq edilmiş arxiv çıxarışında olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsi ilə bağlı Azərbaycan Respublikası Bakı Şəhəri İcra Hakimiyyətinə müraciət etməli və qeyd edilən orqandan imtina cavabı almasına dair sənədi ərizəsinə əlavə etməklə məhkəməyə müraciət etməlidir. Məhkəmə həmçinin qeyd edir ki, Azərbaycan Respublikası MPM-in 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 152, 263-264 və 268-269-cu maddələrini rəhbər tutaraq, qərara aldı: Ərizəçi “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi izah edilsin ki, ərizənin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan onun tərəflərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar