Məhkəmə qərarları › İş №2(011)-7209/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7209/2024

17.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7209/2024 17.09.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyeva Sahibə Cavid qızının sədrliyi, Behbudov Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçınun Cavabdehnə qarşı “borcun silinməsi” barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyənetdi: İddia tələbi: İddiaçı Cavabdehnə qarşı – ünvan 1 ünvanında yerləşən yaşayış evinə (abonent kodu:**********00090) 9591,79 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələblərinin həcminin artırılması barədə ərizə ilə müraciət edərək, məhkəmədən ünvan 1 ünvanında yerləşən yaşayış evinə (abonent kodu:**********00090) əsassız olaraq borc kimi yaılmış 10791,36 manatın Azəriqaz” İstehsalat Birliyi tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəlilləri: İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış evi (abonent kodu **********00090) iddiaçının mülkiyyətindədir. Həmin evdə iddiaçı oğlu ilə bərabər yaşayır. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinin sayğacına baxış keçirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilmişdir. Həmin yaşayış evinin sayğacına baxış keçirilən və aktlar tərtib olunan zaman iddiaçının iştirakı olmamışdır. Həmin cərimə aktlarından xəbəri olmamışdır. Bir müddət əvvəl yaşayış evinin sayğacı Cavabdeh nümayəndələri tərəfindən çıxarılaraq aparılmışdır. Sayğac aparıldıqdan sonra iddiaçının həmin cərimələr və aktlardan xəbəri olmuşdur. Həmin evdə istifadəyə görə yaranmış borclar aybaay gecikdirilmədən ödənilmişdir. İndiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı mübahisə yaranmamışdır. İddiaçı bildirir ki, istehlakçı olaraq öz üzərinə düşən öhdəliyini yerinə yetirmiş və istifadə etdiyi təbii qaza görə dövlətə olan borcunu ödəmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında izahat verərək tərəfindən bir il yarım müddətində gündə bir saat olmaqla yemək bişirmək üçün təbii qazdan sayğacdan kənar isifadə etdiyini etiraf etmişdir. Cavabdehin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddianın əsassız olduğundan təmin edilməməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş: İş materiallarında olan abonent saldosundan görünür ki, iddiaçıya 2018-ci il tarixə 1944 manat , 2022-ci il tarixə 1555,20 manat , 2023-cü il tarixə 5892,48 manat, 2024-cü il tarixə 1399,68 manat məbləğində borc hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2018-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın çıxış plastmas borusunun deşilməsi aşkarlanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2022-ci il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın plastmas borusu deşilib, xətalar normadan artıqdır, minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmədiyi aşkarlanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacın giriş hissəsindən dəmir süzgəc kəsilib, çıxış plastmas borusu deşilib, sayğacın istismara yararsız olduğu aşkarlanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2023-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2024-cü il tarixli, ******* saylı aktın surətindən görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkarlanmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 6.2-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Qeyd edilən Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Yenə həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilən Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Həmin Qaydaların 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir Həmin Qanunun 13-cü maddəsinin 8-ci hissəsinə əsasən, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 87 saylı xx.xx.1999-cu il tarixli qərarı ilə təsdiq edilmiş “Qaz paylayıcıları tərəfindən qaz təchizatının ümumi şərtlərini təyin edən” Qaydaların 5.1-ci bəndinə əsasən, paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərini qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin. 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 217.4-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə iddiaçının və cavabdehin izahatlarını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır. Buna görə də iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə iclasında işin həqiqi halları ilə müəyyən edilmişdir ki, iddiaçı tərəfindən bir il yarım, yəni 18 ay müddətində təbii qazdan sayğacdan kənar istifadə edilmiş və buna görə də cavabdehin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması ilə bağlı aktlar tərtib edilmiş və müvafiq olaraq itirilmiş qazın bərpası üçün hesabat aparılaraq 10791,36 manat məbləğində borc tələb edilmişdir. İddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə edilməsi etiraf edilsə də, lakin məhkəmə Cavabdeh İB tərəfindən itirilmiş qaz sərfiyyatının bərpası məqsədilə hesabatın aparılması qaydasını və hesablanmış borcun məbləğini düzgün və ədalətli hesab etmir. İşdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Sayğacın göstəricilərinə əsasən iddiaçı tərəfindən qazın istehlakına görə hər ay az məbləğdə qaz sərf edildiyi, halda, ödəniləcək məbləğin 10791,36 manat məbləğində hesablanmasını məhkəmə ağlabatan hesab etmir. Cavabdeh tərəfindən qanunsuz qaz xətti aşkar edildikdə, onun dərhal şəbəkədən ayrılmasına dair qanunvericiliyin imperativ tələbinə riayət edilməsi də iş materialları ilə müəyyən edilmir. Cavabdeh tərəfindən 2018-2024-cü illər ərzində qazdan istifadəyə görə ümumilikdə 10791,36 manat borc hesablanmışdır. Cavabdeh tərəfindən ilk dəfə şəbəkəyə qanunsuz qoşulma halını aşkar etdikdən sonra qazın verilməsini dayandırmaması, qanunsuz xətti qazpaylayıcı şəbəkədən ayırmaması və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq dərhal iddiaçıdan tələb etməməsi şəbəkəyə qanunsuz qoşulma barədə iddiaçının iştirakı olmadan tərtib olunmuş aktlarda göstərilənlərin işin hallarına uyğun olmadığını təsdiq edir. Mülki Məcəllənin 21.3-cü maddəsinə əsasən qeyd olunan zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratmasının nəzərə alınmalıdır. Belə ki, əgər ilk aktın tərtib edilməsindən sonra Cavabdeh İB həmin akta əsasən hesablanmış məbləğin tutulması üçün məhkəməyə müraciət etsəydi və abonentin mülkihüquqi məsuliyyətə cəlb edilməsini, yəni zərərin əvəzini ödəmək öhdəliyinin onun üzərinə qoyulmasını tələb etsəyidi, zərərin həcmi 10791,36 manata qədər artmazdı. Çünki hüquqpozma (o cümlədən mülki hüquqpozma) törədən şəxs məsuliyyətə (o cümlədən mülki məsuliyyətə) ona görə cəlb olunur ki, onun növbəti hüquqpozma törətməsinin qarşısı alınsın. Lakin Cavabdeh İB neçə il ərzində öz hərəkətsizliyi ilə zərərin həcminin artmasına şərait yaradıb. Ona görə də hesabat müddəti 540 gün (yəni 18 ay) nəzərə alınmaqla dəymiş ziyanın həcmi müəyyən edilməlidir. Məhkəmənin iclasında müəyyən edilmişdir ki, iddiaçı tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində 4 gözlü qaz plitəsi olmuşdur. Aktlardan da göründüyü kimi, yoxlayıcılar evin daxilinə baxış keçirməmiş sayğacdan kənar, kənar xəttdən evin daxilində hansı qaz işlədicilərinin qidanlamasını araşdırmamışdır. Məhkəmə hesab edir ki, analoji işlər üzrə PQ-4-nin maksimal saatlıq qaz sərfi 1.2 m3/saat olduğundan, orta günlük iş rejimi 6 saat və hesabat müddəti 540 gün nəzərə alınaraq dəymiş ziyanın həcmi 1.2 x 6 x 540= 3888 m3 müəyyən edilməlidir. xx.xx.2021-ci il tarixli Tarif (qiymət) Şurasının qərarına əsasən əhali qrupu üçün təbii qazın tarifi illik istehlak həcmi 1) 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün bir kubmetrə görə 12 qəpik, 2) 1200-2500 m3 olan hissəsi üçün bir kubmetrə görə 20 qəpik, 3) 2500 m3-dən çox olan hissəsi üçün isə bir kubmetrə görə 25 qəpik müəyyən edilmişdir. Beləliklə, məhkəmə qazın hər m3 üçün qiymətinin 12 qəpik olduğunu nəzərə alaraq hesab edir ki, dəymiş ziyanın həcmi 466,56 manat (3888 x 0,12 = 466,56) müəyyən edilməlidir. Odur ki, iddia qismən təmin edilərək, ünvan 1 yerləşən fərdi yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********00090 olan) hesablanmış 10324,80 (10791,36 – 466,56 =10324,80) manat borc silinməlidir. Məhkəmə xərcləri: Məhkəmə həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu da cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın təmin edilmiş hissəsi 10324,80 manat olduğundan cavabdehdən 120,98 manat məbləğində rüsum tutularaq dövlət nəfinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qətetdi: İddia qismən təmin edilsin. ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə qaz sərfinə görə İddiaçı (abonent kodu **********00090 olan) hesablanmış 10324,80 (on min üç yüz iyirmi dörd manat, səksən qəpik) manat borc silinsin. Cavabdehndən 120,98 (yüz iyirmi manat, doxsan səkkiz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim: Sahibə Hacıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar