Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7216/2023 01.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, iddiaçı İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçının tələb və dəlilləri: İddiaçı İddiaçı Cavabdeh İB-nə qarşı qeyri-qanuni hesablanmış 1555,20 manat məbləğində borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. İddiaçının dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçıya məxsus Ramana qəsəbəsində yerləşən fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı qazı fasilə ilə buraxdığına görə o, Cavabdeh İB-nin çağırı mərkəzinə zəng etmiş və bu barədə məlumat vermişdir. Cavabdeh İB-nin əməkdaşları qaz sayğacını yenisi ilə əvəz etmişdir. Köhnə qaz sayğacı Cavabdeh İB-nin Metrologiya Departamentində birtərəfli qaydada yoxlanılaraq rəy verilmişdir ki, guya, sayğacın gövdəsi kənar təsir nəticəsində əzilib. Bu əsasla da iddiaçıya 1555,20 manat məbləğində cərimə hesablanmışdır. Cavabdehin etirazının dəlilləri Cavabdehin nümayəndəsi X2 iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. İşin halları - İddiaçı **********00000 kodlu abonent hesabına 2023-cü ilin aprel ayında 1555,20 manat məbləğində borc hesablanmışdır (**********00000kodlu abonent saldosu); - İstehlakçı İddiaçı barəsində akt tərtib edilmiş, aktda “sayğacın gövdəsi kənar təsir nəticəsində əzilib, xətalar normadan artıqdır, sayğac minimal sərfiyyatda 100 % nisbi xətayla işləyir, hesablama mexanizmi minimal sərfiyyatda keçən qazın həcmini qeyd etmir” qeyd edilmişdir. Bu əsasla da iddiaçıta 1555,20 manat məbləğində borc hesablanmışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanun Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir
9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.
Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
Məhkəmənin mövqeyi:
Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca müdaxilə aşkar edildikdə bu barədə akt tərtib etməli, aktın bur nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməli idilər. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə cavabdeh təşkilat tərəfindən vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edilə bilərdi. Lakin hazırkı mülki işin məhkəmə araşdırması zamanı Cavabdeh İB əməkdaşları tərəfindən müvafiq akt tərtib edilsə də, abonentin təqsirinin müəyyən edilməsi və qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi istiqamətində hər hansı tədbirlərin görüldüyü müəyyən edilməmişdir. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən isthelakçının təqsiri qanunvericiliklə müəyyən edilmiş qaydada sübuta yetirilmədən dəymiş zərər istehlakçıdan tələb edilmiş, bununla yamaşı ziyanın hesablanması “Təbii qazdan istitifadə qaydaları” ilə müəyyən edilmiş normalarına uyğun aparılmamışdır. Göstərilənlərə əsasən məhkəmə belə qənaətə gəlir ki, cavabdeh tərəfindən iddiaçı İddiaçı barəsində tərtib edilmiş akt əsasında 1555,20 manat məbləğində borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia təmin edilməli və Cavabdeh İB tərəfindən iddiaçıya hesablanmış 1555,20 manat məbləğində borc silinməlidir. Məhkəmə mərhəmə xərclərinin tutulması ilə bağlı məsələyə qiymət verərək belə qənaətə gəlir ki, iddia təmin edildiyinə görə məhkəmə xərcinə daxil olan 35,55 manat məbləğində dövlət rüsumu da “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsi və Mülki Prosessual Məcəlləsinin 119.2-ci maddəsinə əsasən cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdeh İB tərəfindən ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi üzrə abonent İddiaçı (abonent kodu:**********00000) hesablanmış 1555,20 (bir min beş yüz əlli beş manat iyirmi qəpik) manat məbləğində borc silinsin. 35,55 (otuz beş manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: Əminə Abbasova