Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7234/2025 04.11.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Nağıyev Vüqar Güloğlan oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı və Cavabdeh İB-nin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Mülki işin mahiyyəti: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, fərdi ev (abonent kodu:**********00115) ünvanı üzrə cərimə kimi yazılmış olan 1500 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Xəzər rayonu, ev (abonent kodu:**********00115) mənzildə ailə üzvləri ilə birlikdə yaşayır. Həmin mənzildə yerləşən sayğac iddiaçının adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama aparılarkən akt tərtib edilərək sayğac yoxlanılması üçün laborotoriyaya göndərilmişdir. Laborotoriya rəyində qeyd edilmişdir ki, guya iddiaçı sayğaca müdaxilə etmiş və ona görə haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. Ona yazılmış borc qanunsuz və əsassızdır. Tərəflərin mövqeləri: İddiaçı məhkəmə iclasında iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etmişdir. İddiaçı izahatında bildirmişdir ki, cavabdeh tərəfindən akt tərtib edilərkən çəkilmiş foto şəkillər onun evinə aid deyil. Abonent koduna borc xx.xx.2021-ci il tarixdə hesablanmışdır. Həmin zaman o, Cavabdeh İB-nə müraciət etmiş, birliyin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərək borcun texniki səhvə yol verilərək iddiaçının abonent koduna hesablandığı müəyyən olunaraq borc silinmişdir. Lakin, 1 ay sonra təkrarən borc yazılmışdır. Hesablanmış miqdarda borcun yığılması qeyrimümkündür, çünki 1 gün təbii qazın dəyəri ödənilmədiyi təqdirdə təbii qazın verilməsi dayandırılır. Cavabdeh İB-nin nümayəndəsi məhkəmə iclasında iddia tələbinə etiraz edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Nümayəndə izahatında bildirmişdir ki, həqiqətən də 2021-ci ildə texniki səhvə yol verilərək iddiaçıya məxsus abonent hesabına borc hesablanmış və akt tərtib edilmişdir. Daha sonra texniki səhv aşkarlanan kimi 2022-ci ilin aprel ayında 1512 manat məbləğində borc silinmişdir. Lakin, iddiaçının hazırda silinməsini tələb etdiyi borc məbləği iddiaçının istifadə etdiyi lakin dəyərini tam ödəmədiyi təbii qazın dəyəridir. Belə ki, iddiaçı 2020-ci ildə 59,40 manat dəyərində təbii qazdan istifadə etmiş, heç bir ödəniş olmamışdır. 2021-ci ildə 780 manat dəyərində təbii qazdan istifadə etmiş, 293 manat məbləğində ödəniş edilmiş, təxminən 500 manat məbləğində borc yaranmışdır. 2022-ci ildə 1283 manat dəyərində təbii qazdan istifadə etmiş, iddiaçı tərəfindən 874 manat məbləğində ödəniş edilmiş, 409 manat məbləğində qalıq borc qalmışdır. 2023-cü ildə 983 manat dəyərində təbii qazdan istifadə etmiş, 50 manat məbləğində ödəniş edilmiş, 933 manat məbləğində qalıq borc qalmışdır. 2024-cü ildə 857 manat dəyərində təbii qazdan istifadə etmiş, 932 manat məbləğində ödəniş həyata keçirilmişdir. 2025-ci ildə isə 572 manat dəyərində təbii qazdan istifadə etmiş, 875 manat məbləğində isə ödəniş həyata keçirilmişdir. Artıq ödənilmiş pul vəsaitləri iddiaçının adına hesablanmış lakin ödənilməmiş borc məbləğinə silinmişdir. Sübutların tədqiqi: İş materiallarında olan Cavabdeh İB tərəfindən tərtib edilmiş xx.xx.2021-ci il tarixli ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulması barədə aktda təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar edilməsi barədə qeydlər aparılmışdır. Cavabdeh İB-nin nümayəndələri tərəfindən tərtib edilmiş və imzalanmış aktdan görünür ki, iddiaçının mənzilində qaz sayğacından kənar təbii qazdan istifadə edildiyinə görə təbii qaz təchizatı qaynaq vasitəsilə dayandırılmışdır. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən təsdiq edilmiş xx.xx.2021-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnaməyə əsasən dəymiş ziyanın həcminin 15120 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2021ci ilin oktyabr ayı üzrə 1512 manat məbləğində borcunun olması, 2022-ci ilin aprel ayında isə abonent hesabından 1512 manat məbləğində borcun silinməsi əks olunmuşdur. Abonent saldosunun “ayın sonuna borc” bölməsində İddiaçı 2025-ci ilin avqust ayına 1510,81 manat məbləğində borcunun olması qeyd edilmişdir. Bakı Regional Qazın Satışı Departamentinin rəisi Zamin Mehrəliyev tərəfindən Baş direktorun satış üzrə müavininə ünvanlanmış borcun başqa istehlakçı hesabına keçirilməsi haqqında məktubun surətindən görünür ki, Ağayev Vaqifə hesablanan 1512 manat dəymiş ziyan səhv olaraq İddiaçı ünvanına yazılmışdır, buna görə də, səhvən yazılmış dəymiş ziyanın düzəliş olunması üçün aidiyyatı üzrə şöbəyə göstəriş verilməsi xahiş olunmuşdur. Bakı Regional Qazın Satışı Departamenti tərəfindən xx.xx.2022-ci il tarixdə tərtib edilmiş istehlakçının qaz təsərrüfatının inventar Aktında qeyd edilmişdir ki, sayğaca baxış keçirilən zaman dəymiş ziyana dair aktların Ağayev Vaqifə məxsus olması, İddiaçı kənar xəttdən istifadə etməməsi müəyyən edilmişdir. İddiaçı təqdim edilmiş 1 saylı akta əsasən İddiaçı 1510 manat məbləğində debitor borcu olması və borca görə təbii qaz təchizatı dayandırılmışdır. İşin müəyyən edilən halları: İddiaçı Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsində yerləşən fərdi yaşayış evi üzrə **********00115 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. İddiaçı barəsində təbii qazdan qeyri-qanuni istifadənin aşkar edilməsi faktına görə Cavabdeh İB tərəfindən xx.xx.2021-ci il tarixli ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması barədə akt tərtib edilmişdir. Aktda qeyd edilmiş pozuntuya əsasən 15120 m3 miqdarında ziyanın dəyməsi müəyyən olunmuş və 1512 manat məbləğində borc hesablanmışdır. Sonradan həmin borcun texniki səhvə yol verilərək, iddiaçının adına olan abonent koduna hesablandığı aşkar edilərək, 2022-ci ilin aprel ayında iddiaçının abonent hesabından silinmişdir. Abonent saldosundan müəyyən olunur ki, iddiaçı 2020-ci ildə 59,40 manat dəyərində təbii qazdan istifadə etmiş, heç bir ödəniş olmamışdır. 2021-ci ildə 780,30 dəyərində təbii qazdan istifadə etmiş, 293 manat məbləğində ödəniş edilmiş, 2022-ci ildə 1283 manat dəyərində təbii qazdan istifadə etmiş, iddiaçı tərəfindən 874 manat məbləğində ödəniş edilmiş, 2023-cü ildə 983 manat dəyərində təbii qazdan istifadə etmiş, 50 manat məbləğində ödəniş edilmiş, 2024-cü ildə 857 manat dəyərində təbii qazdan istifadə etmiş, 932 manat məbləğində ödəniş həyata keçirilmiş, 2025-ci ilin ilk 8 ayı ərzində isə 572,11 manat dəyərində təbii qazdan istifadə etmiş, 875 manat məbləğində isə ödəniş həyata keçirilmişdir. Hazırda İddiaçı Cavabdeh İB tərəfindən hesablanmış 1510 manat məbləğində borcun silinməsini tələb edir. Tətbiq edilən hüquq normaları: Azərbaycan Respublikası Konstitusiyası Maddə 26, İİ hissə. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 442. Öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə” Qaydaları: Maddə 2.2.2. İstehlakçı tərəfindən istifadə olunmuş qazın qaz sayğacının göstəricisiı əsasən dəyərinin tam ödənilməsini ondan tələb etmək paylayıcının hüququdur. Maddə 2.3.1. Qaz sayğacının göstəricisinə əsasən hesablanmış və Paylayıcı tərəfindən təqdim edilmiş (göndərilmiş) hesabat üzrə qazın dəyərini tam ödəmək istehlakçının vəzifəsidir. Maddə 5.5. Qaz paylayıcısının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya paylayıcı tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi: Maddə 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi: Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyərək, iddia ərizəsinin dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iddiaçı 1510 manat borcun akt əsasında cərimə olaraq hesablandığını iddia etsə də, məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçının yaşadığı ünvana dair xx.xx.2021-ci il tarixdə ******* nömrəli təbii qazdan istifadə qaydalarının pozulmasına dair akt tərtib edilərək, iddiaçının təbii qazdan kənar xətt vasitəsilə istifadə etməsi əsası ilə abonent koduna 1512 manat məbləğində borc hesablanmışdır. Lakin, sonradan iddiaçının xx.xx.2022-ci il tarixli müraciəti əsasında sayğaca əməkdaşlar tərəfindən baxış keçirilmiş və İddiaçı sayğacdan kənar xətt vasitəsilə istifadə etməməsi, dəymiş ziyanın X1 əvəzinə səhvən iddiaçıya hesabandığı aşkar edilmişdir. Nəticədə 2022-ci ilin aprel ayında yol verilmiş yanlışlıq aradan qaldırılaraq 1512 manat məbləğində borc iddiaçıya məxsus abonent hesabından silinmişdir. Hazırda iddiaçının silinməsini tələb etdiyi borcun isə qaz sərfiyyatına görə hesablandığı müəyyən edilmişdir. Belə ki, həm cavabehin nümayəndəsinin izahatı, həm də iş materiallarında olan iddiaçının adına abonent saldosu əsasında müəyyən olunur ki, iddiaçı 2020-ci ildə 59,40 manat dəyərində təbii qazdan istifadə etmiş, heç bir ödəniş olmamışdır. 2021-ci ildə 779,70 dəyərində təbii qazdan istifadə etmiş, 293 manat məbləğində ödəniş edilmiş, 2022-ci ildə 1283 manat dəyərində təbii qazdan istifadə etmiş, iddiaçı tərəfindən 874 manat məbləğində ödəniş edilmiş, 2023-cü ildə 983 manat dəyərində təbii qazdan istifadə etmiş, 50 manat məbləğində ödəniş edilmiş, 2024-cü ildə 857 manat dəyərində təbii qazdan istifadə etmiş, 932 manat məbləğində ödəniş həyata keçirilmiş, 2025-ci ildə ilk 8 ayında isə 572,11 manat dəyərində təbii qazdan istifadə etmiş, 875 manat məbləğində isə ödəniş həyata keçirilmişdir. Abonent saldosunun “ayın sonuna borc” bölməsində İddiaçı 2025-ci ilin avqust ayına 1510,81 manat məbləğində borcunun olması qeyd edilmişdir. Məhkəmə hesab edir ki, 1510,81 manat məbləğində borc iddiaçının istifadə etdiyi lakin dəyərini ödəmədiyi təbii qazdan istifadəyə görə yaranmış borc olduğundan, cavabdeh 1510,81 manat məbləğində borcu iddiaçının abonent hesabına hesablamaqda və iddiaçıdan tələb etməkdə haqlı olmuşdur. Beləliklə, məhkəmə işin məhkəmə iclasında araşdırılan hallarına əsasən bu nəticəyə gəlir ki, mübahisələndirilən borc məbləği mənzildə istehlak edilmiş və sayğacın mexaniki göstəricisinə əsasən hesablanmış təbii qazın dəyəridir. Ona görə də, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası əsassız olduğundan təmin edilməməlidir. Nəticə: Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi təmin edilməsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Vüqar Nağıyev
Məhkəmə qərarları › İş №2(011)-7234/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7234/2025
04.11.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver