Məhkəmə qərarları › İş №2(011)-725/2022

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-725/2022

31.05.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-725/2022 31.05.2022 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 74 (74A) ünvanında quraşdırılmış qaz sayğacı (abonent kodu: **********10000) ilə bağlı cavabdehin əməkdaşları tərəfindən ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə hesablanmış 2028 manat məbləğində əsassız borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki halları ondan ibarətdir ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 74 (74A) saylı ünvanda yerləşən yaşayış evi üzrə **********10000 saylı abonent kodu ilə qeydiyyata alınmış, 04.05.2021-ci il tarixdə iddiaçının mənzilinə quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilərək, bu barədə ******* saylı akt tərtib edilmişdir. Cavabdeh tərəfindən 19.01.2018-ci il tarixdə ******* saylı, 28.04.2021-ci il tarixdə ******* saylı və 31.05.2021-ci il tarixdə ******* saylı təbii qazdan istifadə qaydalarının pozulması (sayğacdan kənar xətt vasitəsilə istifadə edilmə) barədə akt tərtib edilmiş və itirilmiş qazın bərpası məqsədilə hesabat aparılaraq qaz itkisinin 19.01.2018-ci il tarixli, ******* saylı akt üzrə 4632 m3 , 28.04.2021-ci il tarixli ******* saylı akt üzrə 8856 m3 olması və 31.05.2021-ci il tarixli ******* saylı akt üzrə 2160 m3 olması müəyyən edilmişdir. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində ümumilikdə 2028 manat məbləğində borcunun olması qeyd edilmişdir. İddiaçı yuxarıda qeyd edilən iddia tələbi ilə məhkəməyə müraciət edərək iddia ərizəsində qeyd etmişdir ki, cavabdehin əməkdaşları onun məlumatı olmadan yaşadığı evə gəlmiş, guya onun qazdan qeyri-qanuni, sayğacdan kənar istifadə etdiyini aşkar etmişlər. Buna görə də ayrı-ayrı vaxtlarda aktlar tərtib edilmiş, ona itirilmiş qaz sərfiyyatının bərpa edilməsi məqsədi ilə 23 yanvar 2018-ci il tarixində 926,40 manat, 29 aprel 2021-ci il tarixində 885,60 manat, 31 may 2021-ci il tarixində isə 216 manat məbləğində olmaqla, ümumilikdə 2028 manat məbləğində əsassız borc yazılmışdır. Sözügedən aktlar onun iştirakı olmadan tərtib olunmuş və yalnız Birliyin əməkdaşları tərəfindən imzalanmışdır. Akta əlavə olunmuş fotoşəkil isə ona məxsus fərdi yaşayış evində çəkilməmişdir. Başqa sözlə, ona məxsus evdə təbii qazdan qeyri-qanuni istifadə halı mövcud olmamışdır. O, öz səhhətiylə əlaqədar öz övladlarının yanında, onların evlərində qalır. 2014-cü ildən sonra ona məxsus yuxarıda qeyd etdiyi ünvanda ümumiyyətlə yaşayış olmamışdır. Onlar ailədə yaranmış müəyyən sıxıntılara görə yenidən yuxarıda qeyd etdiyi ünvanda yaşamaq qərarına gəlmişlər. Bu zaman ona məlum olmuşdur ki, cavabdehin əməkdaşları guya sözügedən ünvanda qazdan qeyri-qanuni istifadə görə borc yazmışlar. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək təmin edilməməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Məhkəmə hesab edir ki, mübahisənin düzgün həll edilməsi üçün sayğacın işlək vəziyyətdə saxlanılmasına görə istehlakçının, yaxud qazpaylayıcının cavabdehlik daşımasının müəyyən edilməsi vacibdir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi aktı qəbul etmiş orqanın üzərinə düşür. Məhkəmə hesab edir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə müəyyən edilmiş formada tərtib edilməsi nəzərdə tutulmuş aktda həm aktı tərtib edən cavabdehin əməkdaşlarının, həm də istehlakçının iştirakı nəzərdə tutulmuşdursa, mütləq qaydada istehlakçının iştirakı təmin edilməli, akt hər iki tərəfin iştirakı qaydasında tərtib edilməlidir. Əks halda, aktda qeyd edilən pozuntu hallarının həqiqətən də baş verməsi və yaxud istehlakçı tərəfindən edilməsi halları ciddi şübhə doğurur. Göstərilən qanunvericilik normasının mənasından da göründüyü kimi, aktın qəbul edilməsi üçün əsas olmuş mübahisə predmetini təşkil edən halları sübut etmək vəzifəsi həmin aktı qəbul etmiş subyektin üzərinə düşür. Cavabdeh İB hüquq normasında qeyd edilən dövlət orqanı, icra və s. orqan olmasa da, insanların həyatı əhəmiyyətli təbii qazın istehlakı sahəsində inhisarçı mövqeyə malik olduğundan məhkəmə hesab edir ki, Mülki Prosessual Məcəlləsinin 77.2-ci maddəsinin müddəalarının da eyni ilə Cavabdeh İB tərəfindən tərtib edilən aktların mübahisələndirilməsi hallarına da şamil olunmalıdır. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, təbii qazdan istifadə qaydalarının pozulması barədə aktlarda göstərilən halların sübut edilməsi vəzifəsi cavabdehə aid olduğundan həmin halların doğruluğunu təsdiq edən sübutları cavadeh məhkəməyə təqdim edə bilməmiş, konkret olaraq iddiaçı tərəfindən sayğacdan kənar təbii qazdan istifadə edilməsini cavadeh sübut edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 5.2-ci maddəsinə əsasən Qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. Bundan başqa, cavabdehin nümayəndəsi məhkəmə baxışı zamanı aktlar əsasında hesablanmış borcların iddiaçının sayğacdan kənar qanunsuz istifadəsi nəticəsində yarandığını bildirsə də, iş üzrə təyin edilmiş məhkəmə tikinti-texniki ekspertizasının 10/1350 saylı, 28.03.2022-ci il tarixli rəyinə əsasən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 74 (74A) ünvanda yerləşən iddiaçıya məxsus yaşayış evinin yerləşdiyi ünvanda sayğacdan kənar qoşulmaqla təbii qazdan istifadə halı, eləcə də, qaz borusunun sayğacadək olan hissələrində sayğacdan kənar istifadəyə xarakterik aşkar edilməmişdir. Ekspert rəyinin məhkəmə üçün digər sübutlardan üstün hüquqi qüvvəsinin olmamasını qanunvericilik müəyyən etsə də, cavabdeh ekspert rəyini təkzib edəcək sübutlarını məhkəməyə təqdim edə bilməmişdir. Ona görə də, məhkəmə ekspert rəyini daha mötəbər sübut hesab edir. Məhkəmə, həmçinin hesab edir ki, məhkəmə xərcinə daxil olan dövlət rüsumu və ekspert xərci də cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir. Belə ki, AR “Dövlət rüsumu haqqında” Qanunun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda ödəniləcək dövlət rüsumunun məbləği 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində təşkil edir. Dövlət rüsumunun hesablanması kalkulyatoru vasitəsilə aparılan hesablamaya əsasən hazırkı iddia tələbinin qiymətinin 2028 manat olduğunu nəzərə alındıqda, iddiaçı tərəfindən ödənilməli olan dövlət rüsumunun məbləği 40,28 manat təşkil edir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində pul iddiaçıdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, X5 küçəsi, ev 74 (74A) saylı fərdi yaşayış evi üzrə (abonent kodu **********10000) İddiaçı hesablanmış 2028 manat məbləğində borc silinsin. 40,28 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Ekspert tədqiqatının dəyəri kimi hesablanmış 100 manat məbləğində xərc Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar