Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7257/2024 15.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının istifadəsində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə əsassız olaraq “Azəriqaz“ İstehsalat Birliyi tərəfindən cərimə kimi yazılmış 777.32 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı hal-hazırda Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Məktəb küçəsi, ev 15-də ailəsi ilə birlikdə yaşayır. 31 yanvar 2024-cü ildə “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları ünvana yaxınlaşaraq köhnə qaz sayğacını söküb yerinə yeni qaz sayğacını aktlaşdıraraq quraşdırdılar. Yeni qaz sayğacını quraşdırdıqda köhnə qaz sayğacına heç bir borcu olmamışdır. Bir müddət qazdan istifadə etdikdən sonra terminalda 777.32 manat borc kimi qeyd edilmişdir. Bununla bağlı “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmişdir. İddiaçıya bildirildi ki, guya ki, köhnə qaz sayğacına 777.32 manat borc yaranmışdır. “Azəriqaz“ İstehsalat Birliyinin əməkdaşları iddiaçıya məlumat verdilər ki, bilirik siz sayğaca müdaxilə etməmisiz, guya ki, sayğacın hesablama mexanizmi keçən qazın həcmini qeyd etmir və bu səbəbdən də, əsassız olaraq siz cərimə ödəməlisiniz, guya ki, köhnə qaz sayğacda problem olduğu üçün qaz sayğacına cərimə olaraq 777.32 manat məbləğində cərimə pulu ödəməyini tələb etmişlər. Hansı ki, iddiaçının yaşadığı evdə sayğac mexaniki sistemi ilə işləyib, bu səbəbdən də hesab edir ki, iddiaçının qaz sayğacına heç bir borcu olmamışdır. Qaz sayğacına qəbzlə ödənişlərini vaxtı-vaxtında etmişdir və qaz sayğacına heç bir müdaxilə etməmişdir. Həmin evdə təbii qazdan istifadəyə görə indiyə qədər təbii qaza görə yaranmış borcla hər hansı bir mübahisə yaranmamışdır. İddiaçıya əsassız olaraq köhnə qaz sayğacına görə yazılan 777.32 manat məbləğində cərimə pulun silinməsi üçün şifahi olaraq “Azəriqaz“ İstehsalat Birliyinə müraciət etmişdir, lakin nəticəsi olmamışdır. İddiaçı qaz sayğacına müdaxilə etməmişdir. Hesab edir ki, Bakı şəhəri Suraxanı rayon X3 işçiləri tərəfindən tərtib edilən borclar əsassızdır. Bu səbəbdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçının nümayəndəsi iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 fevral 2024-cü il tarixli ******* saylı aktdan görünür ki, sayğacdan qazın keçdiyi, hesablama mexanizminin keçən qazın həcmini qeyd etmədiyi və sayğacın istismara yararsız olduğu müəyyən edilmişdir. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 777.60 manat borc tələb edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, 2024-cü ilin fevral ayına abonentin 777.60 manat borcu mövcuddur. İddiaçı hazırda onun abonent hesabına yazılmış 777.32 manat borcun silinməsini tələb edir. İş materiallarında olan şəhadətnamənin surətindən görünür ki, X2 iddiaçının əridir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 19.3-cü maddəsinə əsasən, yaxın qohumlara babalar, nənələr, valideynlər, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, ər-arvad, uşaqlar, övladlığa götürülənlər, nəvələr aiddirlər. 69.1-1-ci maddəsinə əsasən, fiziki şəxsin nümayəndəsi onun yaxın qohumu və ya vəkil (bu Məcəllənin 71-ci maddəsində nəzərdə tutulan şəxslər istisna olmaqla) ola bilər. Nümayəndənin məhkəmədə iş aparmaq səlahiyyəti lazımi qaydada rəsmiləşdirilməlidir. 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə ilk növbədə qeyd edir ki, işə verilmiş iddia tələbi həcmində baxılır. İş materiallarından iddiaçının 777.60 manat borcunun olduğu görünsə də, iddiaçı hazırda 777.32 manat borcun silinməsini tələb etdiyindən məhkəmə həmin məbləğə münasibətdə qiymət verə bilər. Məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 777.32 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********01910 saylı abunə koduna hesablanmış 777.32 manat məbləğində cərimə borcu silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********01910 saylı abunə koduna hesablanmış 777.32 (yeddi yüz yetmiş yeddi manat otuz iki qəpik) manat məbləğində cərimə borcu silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-7257/2024
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7257/2024
15.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver