Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7259/2021 17.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi ilə, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçının vəkili Vəkil, Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı mirasın faktiki qəbul olunması faktının müəyyən olunması və digər tələbi barədə iddiasına dair mülki işə Bakı şəhərində açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı atası X1 miras qalmış Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 14, mənzil 161 ünvanında yerləşən mənzilin (mirasın) qəbul etməsi faktının müəyyən edilməsi, 18 saylı DNK 03.11.2006-cı il tarixli 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməsinin qismən ləğv olunması və miras əmlaka dair ¼ hissədə vərəsəlik payının müəyyən olunması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İşin faktiki hallarına görə, Bakı şəhəri, Xətai rayonu, X8 küçəsi, ev 14, mənzil 161 ünvanında yerləşən mənzil (bundan sonra – Mənzil) Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlunun adına qeydiyyatdan keçmişdir. O, 04.03.2006-cı il tarixdə vəfat etmişdir. Əliyev Əbuzər (Abuzər) Rüstəm oğlunun 4 vərəsəsi olmuşdur: arvadı – Cavabdeh2, övladları – İddiaçı (iddiaçı), Cavabdeh1 və Cavabdeh3 (cavabdehlər). Cavabdeh2 02.09.2006-cı il tarixdə, Cavabdeh3 06.09.2006-cı il tarixdə, Cavabdeh1 isə 03.11.2006-cı il tarixdə, yalnız bir-birlərini (özlərini) vərəsə göstərməklə, qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün 18 saylı Notariat Kontoruna müraciət etmişlər və onlara miras əmlakdan (Mənzildən) bərabər hissələrdə irs almalarına dair 03.11.2006-cı il tarixdə qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. Mənzil hazırda 03.11.2006-cı il tarixdə verilmiş qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən cavabdehlərin mülkiyyətindədir. Bundan başqa, iddiaçı əvvəllər cavabdehlərə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyənləşdirilməsi” barədə iddiası Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7937/2019 saylı, 18.12.2019-cu il tarixli qətnaməsi təmin edilmiş, həmin qətnamədən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 tərəfindən verilmiş apelyasiya şikayəti Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5593/2020 saylı, 29.09.2020-ci il tarixli qətnaməsi ilə təmin edilərək, iddia rədd edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 20.05.2021-ci il tarixli qərarı ilə iddiaçı tərəfindən verilmiş kassasiya şikayəti isə təmin edilməmişdir. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, o, 1976-cı il təvəllüdlüdür. Ailəsi 5 nəfərdən ibarət idi. Bununla əlaqədar olaraq təxmini 30 il öncə iddiaçının ailəsinin tərkibinə uyğun olaraq 4 otaqlı mənzil istifadəyə verilmişdir. O, orada ömrünün xeyli hissəsini daimi olaraq yaşamışdır. Lakin təxmini 1995-ci ildən müəyyən səbəblərə görə başqa yaşayış sahəsinə müvəqqəti olaraq köçmüşdür. Ona görə də ailəsi daxilində gedən bəzi proseslərdən bixəbər olmuşdur. 2006-cı ildə atası X4 vəfat etmişdir. İddiaçı da hər bir övlad kimi atasını son mənzilə yola salmışdır. Hüzr mərasimlərində iştirak etmişdir, miras əmlakı olan ünvan 2 ünvanında yerləşən mənzildə xeyli müddət ərzində orada qalaraq yaşamışdır. Məişətdə yaranan problemləri həll etdirmişdir. Hətta, mənzil daxilində quraşdırılan su kranın biri xarab olduğuna görə onun təmir olunması mümkün olmadığına görə, tezə su kranı alıb usta çağıraraq problemi aradan qaldırmışdır. Mirası qəbul etməyi ilə əlaqədar digər sübutları da var. Ancaq cavabdehlərin qərəzli və aldadıcı hərəkətlərə görə mübahisə predmeti olan mənzili atasının vəfatından sonra (1997-ci ildə onun mülkiyyətinə keçmişdir) mirasın qəbulu ilə əlaqədar 18 saylı DNK-ya (hazırki Bakı şəhəri 18 saylı Notariat Ofisi) müraciət edərək təkcə özləri ələ keçiriblər. Nəticədə onların adlarına notariat kontoru tərəfindən verilmiş 03.11.2006- cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə görə onların vərəsəlik hüququ tanınmış və həmin mənzilə dair mülkiyyət hüquqları dövlət qeydiyyatına alınmışdır. Beləliklə, də onun vərəsəlik hüquqları kobud surətdə pozularaq əsassız olaraq ona çatası paydan məhrum olmuşdur. O, yuxarıda qeyd etdiyi dövrdə faktiki olaraq miras əmlakı qəbul etmişdir. Belə ki, o, hətta mənzildə möcvud olan telefon nömrəsi üçün aylıq abonent haqqını da ödəmişdir. Bütün bunlar bir daha sübut edir ki, o, miras əmlakı faktiki qəbul etmişdir. Amma buna baxmayaraq bu günə qədər atasından miras qalmış əmlakı mənzil üzrə müvafiq qanun üzrə vərəsəlik haqqında şəhadətnamə ala bilməmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəməyə göndərdiyi yazılı etirazında qeyd etmişlər ki, əvvəllər də iddiaçının “mirasın faktiki qəbul edilməsi faktının müəyyən olunması və mirasa dair payın müəyyənləşdirilməsi” barədə iddiasına Bakı şəhəri Xətai Rayon Məhkəməsində, Bakı Apelyasiya Məhkəməsində, həmçinin Ali Məhkəmədə baxılmışdır və yekun olaraq son məhkəmə instansiyasında 20.05.2021 tarixli 1(102)-2379/2021 saylı qərar çıxarılmışdır. Lakin iddiaçı bu proseslər barəsində heç bir kəlimədə qeyd etməmişdir. Bu səbəbdən, onlara da eyni məsələnin ikinci dəfə müzakirəyə çıxarılması təəcüb doğurmuşdur. İddiaçı iddia ərizələrində bir çox zəruri məqamları qeyd etməyib, bəzən isə yanlış məlumat verərək faktiki olaraq gerçək vəziyyəti təhrif etmişdir. Belə ki, sözü gedən mənzil atası X4 tərəfindən alınmışdır (1982-ci il). X5 rəsmi nigahda olduğu Cavabdeh2, uşaqları Cavabdeh3 (1975), iddiaçını (1976) və Cavabdeh1ı (1980) həmin mənzildə müvafiq qaydada qeydiyata aldırmışdır. 1995-ci ilin iyun ayında isə iddiaçı həmin mənzili ailə qurmaq məqsədi ilə özbaşına olaraq (valideynlərinin kəskin narazılığına məhəl qoymadan) tərk etmiş və ailə qurmaq məqsədilə X2 mənzilinə köçmüşdür. Təxminən iki il sonra iddiaçı məhkəmə yolu ilə boşanmış və Məmmədov Vəzir bir mənzilin alınması üçün ona 3000 dollar məbləğində pul vermişdir. Ataları humanist addım ataraq həmin məbləğin üstünü öz vəsaiti hesabına düzəldərək bir neçə ay sonra iddiaçıya Bakıxanov qəsəbəsində bir otaqlı mənzil alınmışdır. İddiaçı rəsmən boşandıqdan sonra, yeni mənzili alana qədər bir necə ay müddətində qeydiyyatsız şəkildə onların mübahisəli mənzilində yaşamışdır. Bu dövrdən sonra iddiaçı faktiki olaraq ailədən kənarda yaşamışdır. Abuzər Əliyev demək olar ki hər həftə ona maddi köməklik etmişdir. Lakin iddiaçı toplanan pulla özünə maşın almışdır. Ataları onun bu hərəkətinə çox hiddətlənmiş və hər zaman onun ləyaqətsiz övlad olduğunu vurğulamışdır. Digər tərəfdən, iddiaçı 2 il əvvəlki müraciətində bu mənzil barədə ümumiyyətlə məlumatsız olduğunu bildirmişdir. Bu məlumat tam saxtadır. Belə ki, həmin mənzil 1983-cü ildən Abuzər Əliyevin ixtiyarında olmuş və iddiaçı 1995ci ildən həmin mənzili tərk etməsinə baxmayaraq bu mənzil daima onların ailəsinin balansında olmağa davam etmişdir. 1995-ci ildən sonra, həmin mənzildə Abuzər Əliyev, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 olmaqla 4 (dörd) nəfər daimi yaşamışlar. 2006-ci ildə Abuzər Əliyev dünyasını dəyişdikdən sonra isə mənzil notariusun iştirakı ilə geridə qalan 3 nəfər sakin arasında bölüşdürülmüşdür. Hal-hazırda da mənzildə həmin 3 nəfər yaşamaqdadır. Bu faktı da iddiaçı daima bilirdi. Ona görə bu proseslərin üstündən 13 il keçtikdən sonra, iddiaçının belə saxta iddiası sadəcə acı təəsüf doğurur. Hazırkı iş üzrə miras qoyan X3 öldüyü 04 mart 2006-cı il tarixdən iddiaçının vərəsə kimi hüquqları yaranmışdır. Lakin iddiaçı həmin hüququnun davam etdiyi 6 ay müddətində qanunvericiliyin tələbinə əsasən nə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməmiş, nə də əmlakı faktiki qəbul etməsini nümayiş etdirməmişdir. İddiaçının vəkili məhkəmə iclasında iddianı müdafiə edərək, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxışı zamanı iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdilər. Digər cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmalarına baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü olması barədə sübutlarını təqdim etmədiyindən, Azırbaycan Respublikas MPM-nin 185.5-ci maddəsinə uyğun olaraq məhkəmə onların iştirakı olmadan işə baxılmasını mümkün hesab edir. Məhkəmə iddiaçının vəkilinin və məhkəmədə iştirak edən cavabdehlərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsasızdır. Belə ki, iş materialları ilə müəyyən edilir ki, iddiaçı cavabdehlərə qarşı “vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyənləşdirilməsi” barədə iddia ərizəsilə Bakı şəhər Xətai Rayon Məhkəməsinə müraciət edərək, 18 saylı DNK tərəfindən verilmiş 03.11.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin və onun əsasında Mənzilə dair cavabdehlərin adına DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş mülkiyyət hüququnun qeydiyyata alınması haqqında çıxarışın ləğv edilməsi, miras qoyan Abuzər Əliyevə məxsus Mənzilə dair iddiaçının qanun üzrə vərəsəlik hüququnun tanınaraq, həmin əmlakın ¼ hissəsinə vərəsəlik payı müəyyən edilməklə, qanun üzrə vərəsəlik hüququ haqqında yeni şəhadətnamənin verilməsi öhdəliyinin Bakı şəhəri 18 saylı Notariat Ofisinin üzərinə qoyulmasına qətnamə çıxarılmasını xahiş etmişdir. Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7937/2019 saylı, 18.12.2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmişdir. Həmin qətnamədən narazı qalan cavabdehlər Cavabdeh1 və Cavabdeh3 apelyasiya şikayəti vermiş, Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5593/2020 saylı, 29.09.2020-ci il tarixli qətnaməsi ilə apelyasiya şikayəti təmin edilərək, Bakı şəhər Xətai Rayon Məhkəməsinin 2(011)-7937/2019 saylı, 18.12.2019-cu il tarixli qətnaməsi ləğv edilmiş, iş üzrə yeni qətnamə çıxarılaraq iddiaçının iddia tələbi rədd edilmişdir. Apelyasiya məhkəməsinin qətnaməsilə müəyyən edilmişdir ki, miras qoyan Abuzər Əliyevin öldüyü 04.03.2006-cı il tarixdən iddiaçının vərəsə kimi hüquqları yaranmışdır. Lakin iddiaçı həmin hüququnun davam etdiyi 6 ay müddətində qanunvericiliyin tələbinə əsasən nə mirasın açıldığı yer üzrə notariat kontoruna müraciət etməmiş, nə də əmlakı faktiki qəbul etməsini nümayiş etdirməmişdir. Apelyasiya məhkəməsinin sözügedən qətnaməsi Ali Məhkəmənin 20.05.2021-ci il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmaqla qanuni qüvvəsini almışdır. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, iddiaçı hazırki iddia tələbi ilə, yəni “mirasın faktiki qəbul olunması faktının müəyyən olunması, mirasa dair payın müəyyənləşdirilməsi haqqında” məhkəməyə müraciət etməzdən öncə də “vərəsəlik şəhadətnaməsinin ləğvi və miras payının müəyyənləşdirilməsi” tələbilə məhkəməyə müraciət etmiş, onun sonuncu iddia tələbinə baxılarkən iddiaçının qanunla müəyyən edilmiş müddətdə və qaydada miras əmlak olan Mənzili faktiki qəbul etməməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası MPM-nin 82.3-cü maddəsinə əsasən, bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Məhkəmə qeyd edilən müddəaya əsasən, eləcə də işin şərh edilən hallarına əsaslanaraq qeyd edir ki, iddiaçının əvvəlki iddia tələbinə baxılarkən iddiaçının mirası faktiki qəbul etməməsi faktı, eləcə də 18 saylı DNK tərəfindən verilmiş 03.11.2006-cı il tarixli, 2V-01-184 reyestr nömrəli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin ləğvi və miras əmlaka dair ¼ hissədə vərəsəlik payının müəyyən olunması üşün əsasların olmamasına dair faktlar Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5593/2020 saylı, 29.09.2020-ci il tarixli qətnaməsi ilə müəyyən edildiyindən və iddiaşının hazırkı iddia tələbi ilə bağlı irəli sürdüyü faktlar eynilə əvvəlki iddia tələbi üzrə baxılan mülki işdə irəli sürülmüş işin faktiki halları ilə eynilik təşkil edtdiyindən, həmçinin Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-5593/2020 saylı, 29.09.2020-ci il tarixli qətnaməsi qanuni qüvvəsini almaqla, hazırkı işdə iştirak edən şəxslərə aid olduğundan iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd edilən Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Pərviz Zamanlı
Məhkəmə qərarları › İş №2(011)-7259/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7259/2021
17.12.2021 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver