Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-727/2025 21.02.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Bakı şəhəri Maraqlı şəxs “Qəyyumluq və Himayəçilik Komissiyası” maraqlı şəxs qismində cəlb edilməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” barədə ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, övladı xx.xx.2007-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək izahatında bildirdi ki, o, ünvan 1 ünvanında qeydiyyatdadır. X1 ilə nikahından xx.xx.2007-ci il tarixdə Bakı şəhərində Dinara adlı qız övladı dünyaya gəlmişdir. X13 da ünvan 1 ünvanında xx.xx.2012-ci il tarixdən qeydiyyatdadır. Faktiki olaraq qızı onunla birlikdə yaşayır. Qızı doğuşdan Daun sindromu ilə dünyaya gəlmişdir. X9 Azərbaycan Respublikası ƏƏSMN Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən müddətsiz olaraq birinci qrup əlillik verilmişdir. Diaqnoz olaraq “21ci xromosomun trisomiyası, meyotik ayrılmama, Daun sindromu, dərin kəmağıllıq, kobud nitq, davranış və dayaq-hərəki aparatının pozuntuları ilə” qoyulmuşdur. Qızının daima kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı vardır, müddətsiz olaraq əmək qabiliyyətsizdir, onun xeyrinə gələcəkdə müəyyən hüquqi prosedurların həyata keçirilməsi üçün qızının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi və ana olaraq özünün qızının üzərində qəyyum təyin edilməsi barədə qətnamə qəbul edilməlidir. Sonda Ərizəçi ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti “Qəyyumluq və Himayəçilik Komissiyası”nın nümayəndəsi Elçin Əhmədov ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirdi və iş üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin müvafiq rəyinin əsas götürülməsini xahiş etdi. Məhkəmə, ərizəçinin və maraqlı şəxsin nümayəndəsinin izahatlarını, dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan AA4155106 seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X7 xx.xx.2007-ci il tarixində anadan olmuşdur, doğum yeri Azərbaycan Respublikasıdır. İş materiallarında olan AZ-İ seriyalı 910140 nömrəli Doğum haqqında Şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2007-ci ildə Bakı şəhərində anadan olmuşdur, atası X8, anası Ərizəçidır. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair məlumatdan görünür ki, X6 müddətsiz birinci dərəcəli əlillik verilmişdir, qiymətləndirilmə tarixi xx.xx.2024-cü il tarixidir, ona “21-ci xromosomun trisomiyası, meyotik ayrılmama, Daun sindromu, dərin kəmağıllıq, kobud nitq, davranış və dayaq-hərəki aparatının pozuntuları ilə” diaqnozu qoyulmuşdur. Kənar şəxslərin qulluq və himayəsinə ehtiyacı var. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 3802 saylı rəyindən görünür ki, xx.xx.2007-ci il təvəllüdlü X3 Daun sindromlu şəxsdə dərin əqli gerilik aşkar olunur. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X2 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Daun sindromlu şəxsdə dərin əqli gerilik ilə diaqnozlu xəstəlik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. İş materiallarından görünür ki, Ərizəçi tərəfindən xx.xx.2024-cü il tarixdə 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Ərizəçi qızı fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi nəzərdə tutulan xx.xx.2007-ci il təvəllüdlü X2 anasıdır, X3 Daun sindromlu şəxsdə dərin əqli gerilik müəyyən edilir. X7 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarına malik deyil. X4 psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi üçün əsaslar vardır. Bununla belə, xx.xx.2007-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəlləninn 28.9-cu maddəsinə əsasən, fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin sağaldığı və ya sağlamlıq vəziyyətinin xeyli yaxşılaşdığı halda məhkəmə onu fəaliyyət qabiliyyətli sayır. Onun üzərində müəyyənləşdirilmiş qəyyumluq məhkəmə qərarına əsasən ləğv edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 305.1.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaşbacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırılır. Həmin Məcəllənin 319-cu maddəsinə əsasən, hakim işi məhkəmədə baxmağa hazırlayarkən şəxsin psixi pozuntusu haqqında kifayət qədər məlumat olduqda onun psixi vəziyyətini müəyyən etmək üçün məhkəmə-psixiatriya ekspertizası təyin edir. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş qaldırılmış şəxs açıq surətdə ekspertizadan boyun qaçırdıqda, məhkəmə psixiatrın iştirakı ilə məhkəmə iclasında şəxsin məcburi olaraq məhkəmə-psixiatriya ekspertizasına göndərilməsi haqqında qərardad çıxara bilər. Həmin Məcəllənin 320.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işə məhkəmə qəyyumluq və himayəçilik orqanının nümayəndəsinin məcburi iştirakı ilə baxır. Fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında işinə baxılan şəxs, səhhəti yol verirsə, məhkəmə iclasına çağırılır. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən,şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.2007-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilməli, onun üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilməlidir. Məhkəmə, məhkəmə xərclərinə münasibətdə isə hesab edir ki, Ərizəçi tərəfindən ödənilmiş dövlət rüsumu onun özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 306.2-ci maddəsinə əsasən, xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə məhkəmədə baxılır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 317-321-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2007-ci il təvəllüdlü X7 fəaliyyət qabiliyyəti olmayan hesab edilsin. Fəaliyyət qabiliyyəti olmayan hesab edilmiş xx.xx.2007-ci il təvəllüdlü X2 üzərində qəyyum təyin edilməsi Bakı şəhəri Xətai rayon İcra Hakimiyyəti Qəyyumluq və Himayəçilik Komissiyasına həvalə edilsin. Ödənilmiş dövlət rüsumu ərizəçinin özünə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-727/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-727/2025
21.02.2025 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver