Məhkəmə qərarları › İş №2(011)-7291/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7291/2024

30.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7291/2024 30.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, indiyə kimi ondan qanunsuz olaraq tutulan 150 manat vəsaitin ona qaytarılması və ya qazdan istifadə üçün hesabına qaytarılması üçün lazımi qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, onun abonent koduna əsassız yazılmış 159,96 manat borcun silinərək ona qaytarılmasına dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinə uyğun izahat verərək bildirmişdir ki, Xəzər rayon Xaşaxuna bağ massivində ona məxsus bağ evində qaz sayğacının oğurlanması ilə bağlı Xəzər rayon Polis İdarəsinə məlumat vermişdir. Alınmış 056-771 saylı xx.xx.2019-cu il tarixli arayışı Azəriqaz İB-yə təqdim etdikdən sonra ******* nömrəli xx.xx.2019-cu il tarixli akta əsasən evinə yeni qaz sayğacı quraşdırılmışdır. Bu yaxınlarda bilmişdir ki, onun yeni quraşdırılmış qaz sayğacına görə ondan 159,96 manat vəsait tutulurmuş. Sənədləri araşdırarkən məlum oldu ki, guya sayğacın ödənişli olmaqla quraşdırılması üçün o özü razılıq verməsi haqqında Azəriqaz İB tərəfindən akt tərtib edilmişdir, hansı ki, tərtib edilmiş aktda çəkilmiş imza onun imzası deyildir. Ona görə də bu günə qədər ondan sayğacın pulunun tutulması davam etdirilir. Nazirlər Kabinetinin 80 saylı qərarında göstərilir ki, əhali üçün sayğacların quraşdırılması, dəyişdirilməsi pulsuz olaraq həyata keçirilir. Ona görə də ondan qanunsuz olaraq tutulan 159,96 manat məbləğin silinərək ona qaytarılması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş edir. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyərək, işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Xəzər rayon Polis İdarəsinin 1-ci X2 İB-yə ünvanlanan xx.xx.2019-cu il tarixli 771 saylı məktubundan görünür ki, vərəndaş İddiaçı 1-ci PŞ-yə ərizəsi əsasında ona məxsus Qala qəsəbəsi, Xaşa-xuna bağ massivində yerləşən bağ evinə quraşdırılmış qaz sayğacının naməlum şəraitdə oğurlanması istiqamətində tədbirlər davam etdirilir. İş materiallarından görünür ki, Ağayev X1 İB-yə ərizə ilə müraciət edərək ona məxsus bağ evində oğurlanmış sayğacla əlaqədar baxış keçirilməsini xahiş etmişdir. İş materiallarında olan xx.xx.2019-cu il tarixli Oğurlanmış sayğac barədə Aktdan görünür ki, "İstehlakçı tərəfindən daxil olmuş müraciət əsasında (sayğacın itməsi və ya oğurlanması barədə hüquq mühafizə orqanlarına edilmiş müraciət olava olunmaqla) Təchizatçı tərəfindən müvvəqqəti olaraq 3 (üç) iş günü müddətinə yeni qaz sayğacının quraşdırılması və təbii qaz tahcizatı müvafiq qaydada təmin edilir. Təchizatcı tərəfindən yeni qaz sayğacı quraşdırıldıqdan sonra istehlakçının ünvanından oğurlanmış (və ya itmiş) qaz sayğacının 3 (üç) ay müddətində hüquq mühafizə orqanları tərəfindən aparılmış tədqiqatın nəticəsində tapılması mümkün olmadığı halda sayğacın təchizatçı tərəfindən ödənişsiz quraşdırılması barədə müvafiq məhkəmə qəranı təqdim edilməlidir. Əks halda yeni quraşdırılmış sayğacın dəyərinin ödənişi istehlakçı tərəfindən temin olunmalıdır. Sayğacın dəyəri istehlakçı tərəfindən odenilmədikdə qaz təchizatı xəbərdarlıq edilmədən dayandırılacaqdır. İş materiallarında olan “Qaz sayğacının olmadığı və ya işləmədiyi müddətdə qazın hesablanması” haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçıya məxsus ünvandakı fərdi yaşayış evində quraşdırılmış qaz sayğacı naməlum səbəbdən yerində aşkar olunmadığı üçün əvvəlki ayların sərfiyyatına uyğun olaraq 30 m3 hesabat aparılmış, həmçinin qbonentin vəsaiti hesabına qaz sayğacının quraşdırılması nəzərdə tutulmuşdur. İş materiallarında olan xx.xx.2024-cü il tarixli Gasrep sənədindən görünür ki, Bakı, Xəzər, Qala. Xaşa-xuna bağları, bina 0210, mənzil 6.5, üzrə abonent İddiaçı, həmin ünvan üzrə abonent kodu **********00580-dır, abonentə 10/2023 tarixi üzrə 159,6 manat borc yazılmış, bu tarixdən sonra borca görə cəmi 129 manat tutulma olmuş, cari borc 30,96 manat təşkil edir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli “Abonent Saldosu”ndan görünür ki, ünvan 2 ünvanı üzrə İddiaçı məxsus **********00580 saylı abonent hesabına “Qalıq və aktlar” əsasında 09/2023 tarixi üzrə 159,96 manat borc yazılmışdır. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən evə quraşdırılmış **********00580 abonent kodlu qaz sayğacı İddiaçı adınadır, o həmin ünvanda yaşayır və təbii qazdan qaz sayğacı vasitəsilə istifadə edir, abonentin - iddiaçının **********00580 saylı abonent hesabına “Qalıq və aktlar” qrafasında 09/2023 tarixi üzrə 159,96 manat borc yazılmışdır, hazırda həmin borc məbləği iddiaçıdan tələb edilməklə, 129 manat vəsait ondan tutulmuş, 30,96 manat cari borc qalmışdır. Məhkəmə qeyd edir ki, əvvəla, 09/2023-cü il tarixi üzrə “Qalıq və aktlar” qrafasında 159,96 manat borc yazılmasına əsas verən hər hansı sübut iş materiallarından görünmür və bu hallara dair cavabdeh tərəfindən də hər hansı sübut təqdim edilməmişdir, ikincisi, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, yəni Cavabdeh İB daşıyır, üçüncüsü, qanunvericiliyə uyğun olaraq, istehlakçının qazın talanmasında təqsirli olması inzibati xəta haqqında iş üzrə icraata başlamaq səlahiyyətinə malik olan orqan (qurum), cinayət təqibi orqanı və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb edə bilər. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edilməli, iddiaçının abonent koduna hesablanmış 30,96 manat silinməli, 129 manat məbləğ geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 8-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. İstehlakçıların ağıllı sayğaclarla təchiz edilməsi “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə uyğun olaraq həyata keçirilir. Həmin Qanunun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin Qaydaların 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıdığından və iddiaçının sayğaca müdaxilə etməsi halı müəyyən edilmədiyindən iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən itirilmiş qazın bərpası məqsədilə iddiaçının **********00580 saylı abonent koduna hesablanmış 30,96 manat silinməli, 129 manat məbləğ geri qaytarılmalıdır. Məhkəmə, dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçı dövlət rüsumu ödəməkdən azad olunduğundan, hazırki iddia tam təmin edildiyindən, dövlət rüsumu cavabdehə aid edilməli, iddianın qiyməti 1000 manatdan az olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. İddiaçı **********00580 saylı abonent koduna Cavabdeh tərəfindən itirilmiş qazın bərpası üzrə hesablanmış 30 (otuz) manat 96 (doxsan altı) qəpik borc silinsin. İddiaçı **********00580 saylı abonent kodu üzrə tutulmuş 129 (yüz iyirmi doqquz) manat məbləğində pul vəsaiti geri qaytarılsın. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəhriyar Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar