Məhkəmə qərarları › İş №2(011)-7331/2023

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7331/2023

30.11.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7331/2023 30.11.2023 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş 29 sentyabr 2017-ci il tarixli, ******* nömrəli aktın ləğvi, Cavabdeh İB tərəfindən qanunsuz olaraq hesablanmış (istehlakçı hesabı: **********00000) 464.44 manat məbləğində borcun silinməsi və əsassız olaraq 3095 m3 həcmində qazın istehlakına görə hesablanmış borca dair artıq tutulmuş məbləğin geri qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bilgəh qəsəbəsi, X3 küçəsi, ev 115 ünvanında iddiaçıya məxsus bağ sahəsi mövcuddur. Həmin bağ sahəsində Cavabdeh İB ilə olan müqaviləyə (müqavilə nömrəsi AK2-38137, köhnə kodu: **********00000, abonə kodu: **********00000) əsasən iddiaçı qazdan istifadə edir. Qaz sayğacı iddiaçının bağından kənarda, ümumi istifadədə olan yolun kənarında quraşdırılmışdır. Köhnə qaz sayğacına (sayğac nömrəsi: **********4) əsasən, Cavabdeh İB-nin əməkdaşları tərəfindən qəbz verilirdi və ona əsasən iddiaçı ödəniş edirdi. Hazırda isə yeni sayğac (sayğac nömrəsi: STS**********749) quraşdırılmışdır və kartla pul yükləyib qazdan istifadə edir. Yay aylarında bağda yaşadığı zaman müəyyən oldu ki, kart ilə yüklədiyi pul məbləğinin yarısı sayğaca oturur, yarısı isə borca silinir. Borcun hansı səbəbdən yaranması ididaçıya məlum deyildi. Belə ki, köhnə sayğacın vaxtında da istifadə edilən qaza görə ödənişlər vaxtında edilmişdir. Bununla bağlı iddiaçı Cavabdeh İB-yə müraciət etmişdir. Cavab məktubunda ilkin olaraq qeyd edilmişdir ki, qaz xətti üzərində quraşdırılan qaz sayğacı ilə istehlak edilmiş təbii qazın sərfinin dəyəri əvvəlki illər ərzində tam ödənilmədiyi üçün hesabında 447.41 manat borc yaranmış və 30 may 2012-ci il tarixindən hər ödəniş aparıldıqda hissəhissə tutulması üçün smart payment kartına yönləndirilmişdir. Daha sonra qeyd edir ki, istifadəsində olmuş G-4 markalı 1102AQ**********5 nömrəli qaz sayğacı növbəti dövlət yoxlamasına göndərilməsi məqsədilə 18 yanvar 2017-ci il tarixində yeni qaz sayğacı ilə əvəzlənmişdir. Çıxarılan qaz sayğacı dövlət yoxlamasından keçirilmiş və Cavabdeh İB-nin Metrologiya Departamentinin 30 mart 2017-ci il tarixli, MSK 29/1710-00071-1 saylı aktda, “sayğacın xətalarının normadan artıq olması, mexaniki hesablama mexanizminin qoruyucu şüşəsinin kənar təsir nəticəsində deşilməsi” rəyi verilmişdir. İstehlakçıya verilən qazın həcminin dəqiq uçotunun aparılması məqsədilə Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən tərtib edilmiş 29 sentyabr 2017-ci il tarixli, ******* nömrəli akta əsasən, qaz sayğacının qeydiyyata almadığı təbii qaz 3095 m³ müəyyənləşdirilərək istehlakçı hesabına daxil edilmişdir. Son olaraq qeyd edilmişdir ki, 30 avqust 2023-cü il tarixə iddiaçının istehlakçı hesabında ümumilikdə 464.44 manat borc mövcuddur. Bağ evində quraşdırılan qaz sayğacına iddiaçı və ya başqa şəxs tərəfindən heç bir müdaxilə edilməyib, istifadə edilən qaz sərfiyyatının ödənişi isə vaxtında edilib. İddiaçı tərəfindən qazdan qanunsuz istifadə hallarına yol verilməyib. Bağ evi olduğu üçün iddiaçı orada yalnız yayda yaşamışdır və hamıya məlumdur ki, yay aylarında qazdan istifadə minimum həddə olur. Hesab edir ki, borc əsassız olaraq hesablanmışdır və hazırda iddiaçının ödədiyi məbləğin yarısı özbaşına tutularaq iddiaçının hüquqlarını pozur. Odur ki, akt ləğv edilməli, borc silinməli, artıq tutulmuş məbləğ isə geri qaytarılmalıdır. Daha sonra iddiaçı Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən ərizə ilə məhkəməyə müraciət edərək, mülki iş üzrə Cavabdeh İB tərəfindən əsassız olaraq tələb olunan 464.44 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı tələbini müdafiə edərək onun təmin olunmasını xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: Məhkəmə araşdırması müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 27 sentyabr 2017-ci il tarixli ******* saylı aktdan görünür ki, sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin kənar təsir nəticəsində deşildiyi aşkar edilmişdir. İddiaçı yaranmış borcla bağlı cavabdeh təşkilata müraciət etmiş, 31 avqust 2023-cü il tarixdə iddiaçıya ünvanlanmış məktubdan görünür ki, iddiaçının 30 avqust 2023-cü il tarixə istehlakçı hesabında 464.44 manat borcu mövcuddur. İddiaçı hazırda 464.44 manat borcun silinməsi barədə tələblə məhkəməyə müraciət etmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. 4.7-ci bəndinə əsasən, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu: 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə hesab edir ki, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı deyil, cavabdeh özü daşıdığından, o cümlədən, sayğacın yararsız hala düşməsində iddiaçının təqsiri müəyyən edilmədiyindən, habelə zədələnmiş qaz sayğacının təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi cavabdeh tərəfindən həyata keçirilməli olduğundan, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış 464.44 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Beləliklə, məhkəmə yuxarıda sadalananlara əsasən belə hesab edir ki, iddia tələbi təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 464.44 manat məbləğində borc silinməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Odur ki, məhkəmə dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi tam təmin edildiyindən, iddiaçı da dövlət rüsumu ödəməkdən azad edildiyindən cavabdehdən 30 manat məbləğində rüsum tutulub dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna hesablanmış 464.44 (dörd yüz altmış dörd manat qırx dörd qəpik) manat məbləğində borc silinsin. Cavabdehndən 30 (otuz) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar