Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7343/2021 01.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Əliyev Şəhriyar İbrahim oğlunun sədrliyi, Bəndəliyev Zaur Taleh oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 8000 manat məbləğində kompensasiya ödənilməklə, Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən 111 saylı evin ümumi sahəsi 63,01 kv.metr olan 51-ci mənzilinə dair istifadə hüququna xitam verilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. 27.10.2021-ci il tarixli məhkəmə iclasında İddiaçı məhkəməyə iddia tələbinin arıtırılmasına dair ərizə təqdim edərək, cavabdehin ünvan 1-ə dair istifadə hüququna 10000 manat məbləğində kompensasiya verilməklə xitam verilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı N.Ə.Abasovanın nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək izahatında bildirdi ki, Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən 111 saylı evin ümumi sahəsi 63.01 kv.metr olan 51-ci mənzil 28.08.2013-cü il tarixdən etibarən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı tərəfindən verilmiş Çıxarışla iddiaçının xüsusi mülkiyyətindədir, Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)- 3763/2020 saylı, 07.10.2020-ci il tarixli qətnaməsi ilə Cavabdeh ilkin iddia tələbi qismən təmin edilərək, o, iddiaçıya məxsus mübahisəli mənzilə köçürülməsi qət edilmişdir, cavabdehin orderdə adı olduğu üçün həmin mənzilə istifadə hüququ vardır, o, 2006-cı ildən evdən çıxmışdır, evləndikdən sonra cəmi 2-3 ay orada qalmışdır, 2017-ci ilədək gəlməmişdir, hazırda iddiaçı digər oğlu və onun ailəsi ilə mübahisəli mənzildə yaşayır, ailədə 6 adamdırlar, cavabdeh kirayədə qalır, evin qiyməti aşağıdır və təmirsizdir, aylıq kirayə haqqı həmin ev üçün 200 manat təşkil edir, cavabdeh subay olanda belə mübahisəli mənzildə 5-6 ay yaşamış, iddiaçıya rahat yaşamaq istədiyini bildirmişdir, hazırkı mübahisə üzrə ona məxsus mübahisəli mənzilə dair cavabdehin istifadə hüququna xitam verilməsini və özünə müəyyən bir vaxt ərzində şərait qura bilməsi üçün ona komensasiya verilməsini məqsədəmüvafiq hesab edir, bunun üçün faktiki istifadə və sahibliyində olan Bakı şəhəri, Məhəmməd Hadi küçəsində yerləşən 51-ci mənzildən Cavabdeh Cəlaləddmoviçin 10000 manat məbləğində kompensasiya verilməklə istifadə hüququna xitam verilməsini xahiş edir. Sonda Vəkil iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək vəkili və nümayəndəsi Vəkil izahatına uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh 01.12.2021-ci il tarixli məhkəmə iclasında məhkəməyə ərizə ilə müraciət edərək iddia tələbini qəbul etdiyini, ünvan 1-ə dair istifadə hüquqlarına xitam verilməsinə 10000 manat kompensasiya veriləcəyi halda etiraz etmədiyini bildirmişdir. Sonda Cavabdeh qeyd etdiklərinin məhkəmə tərəfindən nəzərə alımasını xahiş etdi. Məhkəmə, tərəflərin izahatlarını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı, ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Xətai rayonu, M.Hadi küçəsi ev 111, mənzil 51 28.08.2012-cü il tarixdə tam mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 1958 nömrəli reyestr kitabının 180800 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan AR Daxili İşlər Nazirliyi Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* saylı, 14.09.2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır, Cavabdeh həmin ünvanda qeydiyyatda olan digər şəxsdir. İş materiallarında olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3763/2020 saylı Qətnaməsindən görünür ki, Cavabdeh ona məxsus əşyalarla birlikdə ünvan 1-ə köçürülmüşdür. İş materiallarında olan Bakı Apelyasiya Məhkəməsinin 2(103)-3459/2021 saylı 18.03.2021-ci il tarixli Qətnaməsi ilə Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)- 3763/2020 saylı Qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Alqı-satqı Ofisi tərəfindən verilmiş 29 noyabr 2021-ci il tarixli 206 nömrəli Arayışdan görünür ki, ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 63,01 kv.metr fərdi yaşayış evinə bərabər tutulan, fərdi yaşayış evlərinin kirayə haqqı orta bazar qiymətinə uyğun olaraq 200 manat təşkil edir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, M.Hadi küçəsi ev 111, 51 saylı mənzil 28.08.2013-cü ildən tam mülkiyyət hüququ əsasında İddiaçı məxsusdur, cavabdeh iddiaçının oğlu olmaqla ailə üzvüdür, qüvvədə olan Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3763/2020 saylı Qətnaməsi ilə Cavabdeh mübahisəli mənzilə köçürülmüşdür, hazırda həmin ünvanda pasport qeydiyyatındadır, istifadə hüququnun itirilməsi məqsədilə təklif edilən kompensasiya məbləği 10000 manatdır, cavabdeh iddia tələbini qəbul edir və həmin məbləğdə kompensasiya ödəniləcəyi halda mənzilə istifadə hüquqlarına xitam verilməsinə etiraz etmir. Bununla belə, cavabdehin kompensasiya verilməklə mübahisəli mənzildən istifadə hüququna xitam verilməsini istisna edən hallar məhkəmə tərəfindən müəyyən olunmadı. Məhkəmə hesab edir ki, iddiaçı mənzilin mülkiyyətçisi olduğundan Cavabdeh qarşı kompensasiya ödənilməklə mənzilə istifadə hüququna xitam verilməsinə dair iddia ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmə, kompensasiya məbləğinə münasibətdə qeyd edir ki, bu məbləğ müəyyən olunarkən, mənzilin şəraiti, həmin ərazidə olan yaşayış sahələrinin kirayə haqlarının məbləği, cavabdehin davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı, habelə tərəflərin arasında bu barədə razılığın olması nəzərə alınmalı, bu məqsədlə də təklif edilən 10000 manat məbləğdə kompensasiya ağlabatan həddə hesab edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Həmin Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə görə mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 178.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair” 16.12.2014-cü il tarixli qərarında formalaşdırılan hüquqi mövqeyə görə, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir.Mənzil Məcəlləsinin 30.2-ci maddəsində yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvünün “yaşayış sahəsindən istifadə etmək hüququ” ifadəsi ilə yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətləri əsasında yaranmış, yəni ailə hüququ sahəsinə aid olan hüququn (haqqın) həyata keçirilməsi şəkli (forması) nəzərdə tutulmuşdur. Bu hüquq, ailə qanunvericiliyinin ailənin möhkəmləndirilməsi və etibarlı ailə münasibətlərinin təmin edilməsi ilə bağlı ümumi məqsədindən irəli gələn hüquq olmaqla, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinin hüquqlarının sosial təminatı kimi çıxış edir. Bu hüququn yaranması ailə münasibətlərinin mövcudluğu ilə şərtləndiyindən, xüsusi hüquq sahəsinə aid edildiyinə baxmayaraq, onun cəmiyyətin normal mövcudluğu üçün vacib olan ailə, valideyn və uşaq institutlarını qoruyan publik hüquq komponentləri də mövcuddur.Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. Buna görə də həmin hüququn yaranması və həyata keçirilməsi üçün notariat qaydasında müqavilənin bağlanması və onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması zərurəti yoxdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “R.Ağalarovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki İşlər üzrə məhkəmə kollegiyasının 31 mart 2006-cı il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 26 sentyabr 2007-ci il tarixli qərarda təsbit olunmuş hüquqi mövqeyə görə Mülki Məcəllənin 228.2-ci maddəsində yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilməsinin tətbiq edilməsi tərəflərin hüquqlarının və qanunla qorunan mənafelərinin daha yüksək müdafiəsini təmin edir. Kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirilməsini nəzərdə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəraitlə müqayisədə oxşar yaşamaq imkanı versin. Bütün bunlar tərəflərin hüquqlarının həyata keçirilməsi üçün daha imtiyazlı hüquqi rejim yaradır. Avropa İnsan Hüquqları Məhkəməsinin “Axverdiyev Azərbaycana qarşı” işi üzrə 29.01.2015-ci tarixli qərarında təsbit olunmuş hüquqi mövqeyə görə “mülkiyyət” anlayışı müstəqil məzmuna malik olub, maddi əşyalara sahiblik ilə məhdudlaşmır və milli qanunvericilikdəki formal təsnifatından asılı deyil. Maddi əşyalar kimi əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da “mülkiyyət hüququ” kimi tanınmalı və beləliklə, bu maddənin məzmunu baxımından “mülkiyyət” hesab olunmalıdır. Mülkiyyət anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. “Gözlənti” mübahisə obyekti olan mülki maraqla bağlı hüquqi müddəaya və ya hüquqi akta əsaslandığı halda qanunidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 82.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə və kommersiya mübahisəsinə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir. Həmin Məcəllənin 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Beləliklə, məhkəmə iş üzrə tədqiq edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdehin ünvan 1 ünvanında yerləşən mənzilə istifadə hüququna iddiaçı tərəfindən 10.000 manat kompensasiya verilməklə xitam verilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh Bakı şəhəri, Xətai rayonu, Məhəmməd Hadi küçəsi 111 saylı evin, 51 saylı mənzilindən istifadə hüququna İddiaçı tərəfindən 10.000 (on min) manat kompensasiya verilməklə xitam verilsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Şəhriyar Əliyev
Məhkəmə qərarları › İş №2(011)-7343/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7343/2021
01.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna kompensasiya ödənilməklə xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver