Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-735/2025 10.04.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, Quliyeva Nərmin İsmayıl qızının katibliyi, İddiaçı Mirabbas oğlunun iştirakı ilə, İddiaçı Mirabbas oğlunun Cavabdehnə qarşı “borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia ərizəsinin dəlilləri: İddiaçı Cavabdehnə qarşı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, ev 31A (abonent kodu: **********10000) ünvanı üzrə cərimə kimi yazılmış olan 8.098,65 manat borcun Cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ev 31A (abonent kodu: **********10000) mənzildə yaşayır. Həmin mənzildə yerləşən sayğac mərhum atası X1 adına rəsmiləşdirilmişdir. Cavabdeh nümayəndələri tərəfindən həmin yaşayış evinə yoxlama apararkən akt tərtib edərək sayğacı yoxlanılması üçün laboratoriyaya göndərmişlər. Laboratoriya rəyində qeyd edilmişdir ki, guya iddiaçı sayğaca müdaxilə etmişdir və ona görə haqsız yerə cərimə borcu yazılmışdır. Bir müddət sonra qaz kartına yüklədiyi puldan tutulmaların olduğunu görmüşdür. Hesab edir ki, ona yazılmış borc qanunsuz və əsassızdır. Tərəflərin izahatları: Məhkəmə iclasında iddiaçı iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş və iddia ərizəsinin məzmununa uyğun izahat vermişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdehin nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İşin faktiki halları: İş materiallarından görünür ki, iddiaçının borcun silinməsini xahiş etdiyi ünvan 2 ünvanında yerləşən yaşayış evində quraşdırılmış **********10000 abonent kodlu sayğac iddiaçının mərhum atası X1 adına rəsmiləşdirilmişdir. İş materiallarında olan ölüm haqqında şəhadətnamədən görünür ki, X2 22 oktyabr 2016-cı ildə vəfat etmişdir. Həmin ünvanda hazırda təbii qazdan istifadə iddiaçıya məxsusdur. Məhkəmə iclasında müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğac xarab olduğu üçün yenisi ilə əvəzlənmişdir. İş materiallarında olan 30 mart 2018-ci il tarixli, 58/1652 saylı aktdan görünür ki, sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. Cavabdeh tərəfindən iddiaçıdan itirilmiş qazın bərpası məqsədilə 2010-cu ildə 46.20 manat, 2011-ci ildə 384.20 manat, 2012-ci ildə 359.40 manat, 2016-cı ildə 335.10 manat, 2018-ci ildə 1.057,80 manat, 2020-ci ildə 985.60 manat, 2022-ci ildə 18.48 manat, 2024-cü ildə 1.086,04 manat borc tələb edilmişdir. Borc məbləği ümumilikdə 4.272,82 manat təşkil edir, iddiaçı isə 8.098,65 manat borcun silinməsini xahiş edir. Məhkəmə tərəfindən mülki iş üzrə sayğacdan kənar qazdan qeyri-qanuni istifadə halının olub-olmamasının aydınlaşdırılması məqsədilə ekspertiza təyin edilmiş, iş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən təqdim edilmiş 12 mart 2025-ci il tarixli ekspert rəyinə əsasən müəyyən edilmişdir ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmiş, qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilməmişdir. Mülki işə tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunu: 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. 8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”: 6.5-ci maddəsinə əsasən qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsi: 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanunu: 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. İşə baxan məhkəmənin mövqeyi: Məhkəmə iddia tələbinə qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qaz sayğacının quraşdırıldığı ünvanda təbii qazdan istifadə iddiaçıya məxsusdur. İddiaçı hazırkı tələbində 8.098,65 manat borcun silinməsini xahiş etsə də, istifadəsində olan qaz sayğacına dair verilmiş abonent saldosunun qalıq və aktlar qrafasında olan məbləğlərdən görünür ki, onun abonent koduna ümumilikdə 4.272,82 manat borc yazılmışdır. Bu səbəbdən iddia həmin məbləğə münasibətdə təmin edilməlidir. Həmçinin, cavabdeh təşkilat məhkəmə iclasında iştirak etməmiş, borc məbləğlərini iddiaçıdan tələb etməsinə əsas olan hər hansı dəlili məhkəməyə təqdim etməmişdir. Odur ki, məhkəmə iddiaçının istifadəsində olan abonent hesabına yazılmış 4.272,82 manat borcun silinməsini qanuni hesab edir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı istehlakçı kimi qanunsuz olaraq qazpaylayıcı şəbəkəyə qoşularaq, qazdan istifadə etmədiyindən, bununla da, qazpaylayıcısı olan istehsalçıya zərər vurmadığından cavabdeh qarşısında məsuliyyət daşımır və qazpaylayıcısı zərərin ödənilməsini iddiaçıdan tələb etməkdə haqlı deyildir. Odur ki, iddia əsaslıdır, itirilmiş qazın bərpası məqsədilə cavabdeh tərəfindən iddiaçının abunə koduna hesablanmış borc silinməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununun müvafiq maddəsinin mahiyyətindən görünür ki, abonentin qaz xəttinə qanunsuz qoşulma halı aşkar edildikdə qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalı, sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. Abonentin qazın talanmasında təqsirli olması öz təsdiqini tapdıqdan sonra həmin orqan vurulmuş zərəri istehlakçıdan tələb edə bilər. Hazırkı mülki iş üzrə iddiaçıya məxsus ünvanda qazdan sayğacdan kənar qanunsuz istifadə halı əsas gətirilərək müxtəlif vaxtlarda aktlar tərtib edilsə də və həmin aktlar abonentə təqdim edilsə də, iddiaçı tərəfindən qazın talanması faktı öz təsdiqini tapmadan qaz paylayıcısı yazılmış cəriməni istehlakçıdan tələb etmişdir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, İddiaçı Mirabbas oğlunun istifadəsində olan **********10000 saylı abunə kodundan ümumilikdə 4.272,82 manat məbləğində cərimə borcu silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. İş materiallarında olan ekspertiza xərcinə dair bildirişdən görünür ki, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri 64 manat müəyyən edilmişdir. Məhkəmə məhkəmə xərclərinin bölüşdürülməsi məsələsinə qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin olunduğundan, iddiaçı da istehlakçı olaraq dövlət rüsumu ödəməkdən azad olunduğundan iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən 62.73 manat məbləğində dövlət rüsumu alınıb Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, eyni zamanda iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 manat cavabdehdən alınıb Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına ödənilməlidir. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı Mirabbas oğlunun istifadəsində olan **********10000 saylı abunə kodundan 4.272,82 (dörd min iki yüz yetmiş iki manat səksən iki qəpik) manat məbləğində cərimə borcu silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. Cavabdehndən 62.73 (altmış iki manat yetmiş üç qəpik) manat məbləğində dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə, iş üzrə keçirilmiş ekspertiza xərci olan olan 64 (altmış dörd) manat alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Dövlət xəzinədarlığı Agentliyindəki hesabına (VÖEN: **********, Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova
Məhkəmə qərarları › İş №2(011)-735/2025
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-735/2025
10.04.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver