Məhkəmə qərarları › İş №2(011)-7398/2021

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7398/2021

19.10.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7398/2021 19.10.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Həsənova Aygün Namiq qızının sədrliyi, X3 qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı “pul tələbi”nə dair iddia üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı “pul tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, 15 fevral 2019-cu il tarixli müqaviləyə əsasən Samsung Led markalı televizor üçün 390 manat ödənilməmiş hissə, 126 manat dəbbə pulu; 16 may 2019-cu il tarixli müqaviləyə əsasən HP markalı notebook üçün 365 manat ödənilməmiş hissə, 109 manat dəbbə pulu; 14 avqust 2019-cu il tarixli müqaviləyə əsasən Sony Playstation-4, Playstation-4 pult üçün 496 manat ödənilməmiş hissə, 149 manat dəbbə pulu; 18 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən HP markalı notebook üçün 1.348,80 manat ödənilməmiş hissə, 390 manat dəbbə pulu borcu; 31 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən HP markalı notebook üçün 1.676 manat ödənilməmiş hissə, 504 manat dəbbə pulu olmaqla, ümumilikdə 5.553,80 manat borc və 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 15 fevral 2019-cu il, 16 may 2019-cu il, 14 avqust 2019-cu il, 18 dekabr 2019cu il və 31 dekabr 2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh Samsung Led markalı televizor, 3 ədəd HP markalı notebook, Sony Playstation-4, Playstation-4 pult almış və nəticədə 5.553,80 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 15 fevral 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.260 manat olan Samsung Led markalı televizor üçün ümumilikdə 516 manat olmaqla, 390 manat ödənilməmiş hissə, 126 manat cərimə pulu borcu; 16 may 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.520 manat olan HP markalı notebook üçün ümumilikdə 474 manat olmaqla, 365 manat ödənilməmiş hissə, 109 manat cərimə pulu borcu; 14 avqust 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 996 manat olan Sony Playstation-4, Playstation-4 pult üçün ümumilikdə 645 manat olmaqla, 496 manat ödənilməmiş hissə, 149 manat cərimə pulu borcu; 18 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 1.649,80 manat olan HP markalı notebook üçün ümumilikdə 1.738,80 manat olmaqla, 1.348,80 manat ödənilməmiş hissə, 390 manat cərimə pulu borcu; 31 dekabr 2019-cu il tarixli müqaviləyə əsasən alğı-satqı qiyməti 2016 manat olan HP markalı notebook üçün ümumilikdə 2.180 manat olmaqla, 1.676 manat ödənilməmiş hissə, 504 manat cərimə pulu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 3.166 manat təşkil edir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək onun təmin edilməsini xahiş etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar olunmuş cavabdeh məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ilk öncə qeyd edir ki, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin faktiki hallarını araşdıraraq, toplanmış və məhkəmədə tədqiq edilmiş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalıdır. İş materiallarından görünür ki, cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış 15 fevral 2019-cu il, 16 may 2019-cu il, 14 avqust 2019-cu il, 18 dekabr 2019-cu il və 31 dekabr 2019-cu il tarixli müqavilələrə əsasən, cavabdeh Samsung Led markalı televizor, 3 ədəd HP markalı notebook, Sony Playstation-4, Playstation-4 pult almışdır. Müqavilələrə əsasən cavabdeh öhdəliyi lazımınca icra etmədiyindən 30 avqust 2021-ci il tarixə onun cəmi 5.553,80 manat borcu yaranmışdır. Cavabdehə yaranmış borcla bağlı xəbərdarlıq edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən, alğı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə, müqavilədə belə müddət nəzərdə tutulmadıqda isə bu Məcəllənin 427-ci maddəsinə uyğun müəyyənləşdirilmiş müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 600.4-cü maddəsinə görə əşyanı təhvil almış alıcı onu alğı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Məhkəmə iclasında müəyyən edildi ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış alğı-satqı müqavilələrinə əsasən Cavabdeh müqavilələr üzrə üzərinə düşən öhdəliyi lazımınca icra etməməklə müqavilələrin şərtlərini pozmuşdur. Buna görə də, iddiaçı göstərilən müqavilələrin şərtlərinin icrasını və ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Azərbaycan Respublikası MPM-in 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə məhkəmə iş üzrə tədqiq olunmuş sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi əsas borca aid hissədə əsaslıdır və tam təmin edilməlidir. Məhkəmə iddianın dəbbə pulunun ödənilməsi hissəsini də araşdıraraq hesab edir ki, iddia həmin hissədə qismən əsaslıdır. Belə ki, Azərbaycan Respublikası MM-in 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Məhkəmə hesab edir ki, 15 fevral 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 126 manat dəbbə məbləği azaldılaraq 12 manat məbləğində, 16 may 2019cu il tarixli kredit müqaviləsi üzrə 109 manat dəbbə məbləği azaldılaraq 10 manat məbləğində, 14 avqust 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 149 manat dəbbə məbləği azaldılaraq 14 manat məbləğində, 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 390 manat dəbbə məbləği azaldılaraq 30 manat məbləğində, 31 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə hesablanmış 504 manat dəbbə məbləği azaldılaraq 50 manat məbləğində müəyyən edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, 15 fevral 2019cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 390 manat, dəbbə pulu 12 manat, 16 may 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 365 manat, dəbbə pulu 10 manat, 14 avqust 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 496 manat, dəbbə pulu 14 manat, 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.348,80 manat əsas, dəbbə pulu 30 manat, 31 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.676 manat əsas, dəbbə pulu 50 manat olmaqla, ümumilikdə 4.391,80 manat pul vəsaiti Cavabdeh alınaraq iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə mülki-prosessual qanunvericiliyin tələblərinə uyğun olaraq məhkəmə xərclərinin bölüşdürülməsi məsələsini də qətnaməsində əks etdirməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 500 manatdan çox olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İş materiallarında olan qəbzdən görünür ki, iddiaçı təşkilat 30.00 manat dövlət rüsumu ödəmişdir. Azərbaycan Respublikası MPM-in 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən məhkəməyə ərizə verilərkən dövlət rüsumu kimi ödənilən 30 manat məbləğində pul vəsaitinin əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə iş üzrə sübutlara Mülki-Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddia ərizəsində qoyulmuş tələblər üzrə nəticəyə gələrkən isə Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. 15 fevral 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 390 (üç yüz doxsan) manat, dəbbə pulu 12 (on iki) manat, 16 may 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 365 (üç yüz altmış beş) manat, dəbbə pulu 10 (on) manat, 14 avqust 2019-cu il tarixli müqaviləyə əsasən ödənilməmiş əsas borca görə 496 (dörd yüz doxsan altı) manat, dəbbə pulu 14 (on dörd) manat, 18 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.348,80 (min üç yüz qırx səkkiz manat səksən qəpik) manat əsas, dəbbə pulu 30 (otuz) manat, 31 dekabr 2019-cu il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş əsas borca görə 1.676 (min altı yüz yetmiş altı) manat əsas, dəbbə pulu 50 (əlli) manat olmaqla, ümumilikdə 4.391,80 (dörd min üç yüz doxsan bir manat səksən qəpik) manat pul vəsaiti və dövlət rüsumuna görə ödənilmiş 30 (otuz) manat Cavabdeh alınaraq iddiaçı "xxxx" MMC-nin xeyrinə ödənilsin. İddia tələbi qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aygün Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar