Məhkəmə qərarları › İş №2(011)-7424/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7424/2024

17.10.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7424/2024 17.10.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə qarşı borcun silinməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İşin halları:

1. İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Ramanaq qəsəbəsi, 2-ci sahə ünvanında yerləşən fərdi yaşayış evi üzrə **********00079 saylı abonent kodu ilə qeydiyyata alınmışdır. xx.xx.2024-cü il tarixdə tərəflər arasında “Qaz paylayıcı ilə məişət qaz qurğusu isitfadəçisi arasında qazın alqı-satqısı müqaviləsi” bağlanmışdır.

2. Abonent saldosona əsasən iddiaçının yaşadığı fərdi yaşayış evinə sayğac sonuncu dəfə xx.xx.2023-cü il tarixdə quraşdırılmışdır. Təbii qazdan istifadə qaydalarının pozulması barədə cavabdehin əməkdaşları tərəfindən xx.xx.2022-ci il tarixdə ******* saylı akt tərtib edilmiş, aktda abonentin sayğacdan kənar xətt vasitəsilə təbii qazdan qeyriqanuni istifadə edilməsinin aşkar edilməsi barədə qeyd aparılaraq, Bakı Regional Qazın Satışı Departamenti tərəfindən itirilmiş qazın bərpası məqsədilə hesabat aparılmış və qaz itkisinin 60480 m3 olması müəyyən edilmişdir.

3. İddiaçının adına olan abonent saldosunun “qalıq və aktlar” bölməsində onun 2022-ci ilin noyabr ayı üzrə 7257,60 manat məbləğində borcunun olması qeyd olunmuşdur.

İddia ərizəsinin və ona etirazın dəlilləri:

a) İddia ərizəsinin dəlilləri

4. İddiaçı cavabdeh tərəfindən ona yaşadığı fərdi yaşayış evinin abonent koduna əsassız hesablanmış 7257,60 manat mələğində borcun (abonent kodu: **********00079) silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

5. İddiaçı iddia ərizəsində qeyd etmişdir ki, yuxarıda qeyd edilən ona məxsus fərdi yaşayış evinə dair cavabdehlə aralarında xx.xx.2024-cü il tarixdə AK-05292/08-24 saylı müqavilə bağlanmış və qaz xətti üzərində G-4 markalı qaz sayğacı quraşdırılmışdır. xx.xx.2022-ci il tarixdə ona məxsus fərdi yaşayış evinin qaz xəttinin baxış keçirilmiş, baxış zamanı sayğacdan qeyri-qanuni istifadə olunması barədə ******* saylı akt tərtib edilərək 7257,60 manat dəymiş ziyan hesablanmışdır. Akt tərtib edilərkən ona məlumat verilməmiş, iştirakı və imzası olmadan akt tərtib edilmişdir. Fərdi yaşayış evində 1 ədəd İran sobası, 1 ədəd qaz plitəsi və 1 ədəd qənaətçi su qızdırıcısı olduğu halda, cavabdeh dəymiş ziyanı dəmir soba, QSSQ və PQ-4 qaz cihazına görə aparmışdır.

Cavabdehin iddia ərizəsinə etirazının dəlilləri:

6. Cavabdehin nümayəndəsi etirazını yazılı şəkildə məhkəməyə təqdim etməmişdir.

Məhkəmə iclasında verilən izahatlar:

7. İddiaçı məhkəmə baxışı zamanı iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, cavabdehin nümayəndələri qış aylarında qaz xəttini çəkdikdən sonra bildirdilər ki, qaz sayğacı quraşdırılanadək qaz xəttindən istifadə edə bilərlər. O, 2-3 ay qaz sayğacı quraşdırılanadək təbii qazdan istifadə etmişdir. Qaz sayğacı quraşdırıldıqdan sonra cərimə yazılmışdır. Həmin vaxt yaşayış evində ikigözlü qaz piltəsi və dəmir soba mövcuddur.

8. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək iddia tələbinin təmin edilməməsini xahiş etdi.

Mülki işə tətbiq edilən hüquq:

Azərbaycan Respublikası Mülki Məcəllə:

9. Maddə 6.2. Fiziki və hüquqi şəxslər mülki hüquqları öz mənafelərini gerçəkləşdirmək üçün iradələrinə uyğun olaraq əldə edir və həyata keçirirlər. Onlar müqavilə əsasında öz hüquq və vəzifələrini müəyyənləşdirməkdə və qanunvericiliyə zidd olmayan hər hansı müqavilə şərtləri qoymaqda sərbəstdirlər.

10. Maddə 448.2. Borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu üçün məsuliyyət daşıyır.

“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikası Qanunu

11. Maddə 3. İstehlakçılar öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqlarına malikdirlər.

12. Maddə 18. İstehlakçıların hüquqlarının müdafiəsi üzrə dövlət siyasəti malların (xidmətlərin, işlərin) istehlakçılarının (istifadəçilərinin) qanuni maraqlarının qorunması məqsədi ilə özündə istehlak bazarında satılan malların (xidmətlərin, işlərin) texniki, təhlükəsizlik standartlarına, ticarət norma və qaydalarına uyğun olmasına dövlət nəzarətini ehtiva edir. Maddə 26. İstehlakçıların qanunvericiliklə nəzərdə tutulan hüquqlarının müdafiəsini məhkəmə həyata keçirir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”:

13. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt (1 nömrəli əlavə) əlavə edilir.

14. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir.

15. 2.5-ci bəndinə əsasən qaz qurğuları istismara qəbul olunduqdan və qazpaylayıcı şəbəkəyə qoşulduqdan sonra 5 (beş) iş günü müddətində qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı barədə müqavilə imzalanır və həmin andan etibarən istehlakçıya qazın verilməsi müqaviləyə uyğun təmin edilir Maddə 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

16. 4.6. Qaz sayğaclarının üzərində AİBNDA-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır.

17. 4.7. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8. fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

18. Maddə 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.

19. Maddə 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

20. Maddə 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

21. Maddə 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

İşə baxan məhkəmənin mövqeyi:

22. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iddianın dəlillərini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslıdır.

23. Belə ki, iddiaçı məhkəmə iclasında bildirmişdir ki, sayğac quraşdırılanadək cavabdehin işçilərinin razılığı ilə qazdan sayğacsız 2-3 ay müddətində istifadə etmişdir. Məhkəmə iddiaçının müəyyən müddət ərzində sayğacdan kənar xətdən istifadə etməsi ilə bağlı etirafını nəzərə alaraq hesab edir ki, həmin hissədə cavabdeh dəymiş zərəri sübut etmək yükündən azad edilir. Lakin məhkəmə təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində itirilmiş qaz sərfiyyatına görə iddiaçıya hesablanmış borcun məbləği ilə razılaşmır.

24. Öncə məhkəmə qeyd edir ki, sözügedən akt üzrə dəymiş ziyanın bərpasına dair tələbnamədə Fərdi yaşayış evində PQ4, QSSQ və dəmir sobadan ibarət qaz işlədicilərinin olduğu qeyd edilərək, onlara qaz sərfi nəzərə alınaraq hesabat aparılsa da, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, fərdi yaşayış evində adıçəkilən qaz işlədicilərindən yalnız dəmir soba və dördgözlü deyil, ikigözlü qaz piltəsi mövcud olmuşdur. Belə ki, iddiaçı son məhkəmə iclasında verdiyi izahatında bildirmişdir ki, sayğacdan kənar xətt vasitəsilə istifadə etdiyi müddətdə yalnız dəmir soba və ikigözlü qaz piltəsi mövcud olmuşdur, sonradan qaz sayğacı quraşdırılmış və hər ay sayğacdakı göstəricilərə uyğun ödənişləri etmişdir. Digər qaz işlədicilərinə gəldikdə isə, cavabdeh həmin qaz işlədicilərinin də mövcud olması barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Ona görə də məhkəmə hesab edir ki, sayğacdan kənar təbii qazdan istifadə edilməsi nəticəsində dəymiş zərər hesablanarkən, iddiaçının da etiraf etdiyi kimi, hesabat dövrü 90 gün, eləcə də dəmir sobanın və ikigözlü qaz piltəsinin istehlak gücü nəzərə alınmalıdır.

25. ARDNŞ-nin Şurasının xx.xx.2011-ci il tarixli 11 nömrəli Qərarına 2 nömrəli əlavə “Qaz xəttinin işlədicilərinin saatlıq qaz sərfi normaları haqqında Təlimat”ın və ARDNŞ “Nefqazelmitədqiqatlayihə” İnstitutu tərəfindən təsdiq edilmiş “Sayğacla ölçülməyən qaz həcmlərinin hesabatının aparılmasına dair metodiki tövsiyyələr”in tələblərinə əsasən qaz sobasının (dəmir sobanın) saatlıq qaz sərfi 1,4 m3 , PQ-2 tipli qaz piltəsinin saatlıq qaz sərfiyyatının isə 0,4 m3 olması müəyyən edilmişdir.

26. Qeyd edilənlərə əsasən iddiaçının kənar xətdən istifadə etməsi nəticəsində hesablanmış borcun xx.xx.2022-ci il tarixli hesabat üzrə ümumikdə isə 292,80 manat (0,4 m3 x 12 saat x 90 gün = 432 m3; 1,4 m3 x 12 saat x 90 gün = 1512 m3; 1200 m3 x 0,10 manat = 144 manat, 744 m3 x 0,20 manat = 148,80 manat; 144 manat + 148,80 manat = 292,80 manat) olmalıdır.

27. Məhkəmə hesab edir ki, təbii qazdan kənar xətt vasitəsilə istifadə nəticəsində qaz sərfiyyatına görə cavabdeh tərəfindən hesablanmış 6964,80 manat məbləğində borcun tələb edilməsi əsassızdır. Həmin borcun hesablanmasının əsassızlığını məhkəmə aşağıdakı kimi əsaslsndırır.

28. Yuxarıda qeyd edilən müddəalardan da göründüyü kimi, qanun istehlakçıların qazla təmin edilməsi üçün qazın alqı-satqı müqaviləsinin bağlanmasını, eyni zamanda, qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən aktın tərtib edilərək müqaviləyə əlavə edilməsini vacib hesab etmişdir. Həmçinin, “Qazdan istifadə Qaydaları”nın yuxarıda göstərilən müddəlarının tələblərindən görünür ki, istehlakçılar olan məişət abonentlərinin qaz sayğacı ilə təchiz edilməsi onların özləri tərəfindən deyil, müvafiq dövlət orqanı tərəfindən həyata keçirilir. Bunun üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti quraşdırılmalı olan qaz sağaclarının tipini təsdiq etməklə, onların dövlət reyestrini və sertifikatlaşdırılmasını həyata keçirir, bundan sonra istehlakçı ilə qaz paylayıcı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edilməsi barədə akt tərtib edilməklə məişət qaz istehlakçıları sayğacla təmin edilirlər.

29. Bütün qeyd edilən tədbirlər yerinə yetirildikdən və istehlakçılar sayğacla təmin edildikdən sonra istehlakçılarla qazın alqı-satqısı barədə müqavilənin bağlanması öhdəliyi də “Qazdan istifadə Qaydaları”na əsasən qaz paylayıcının üzərinə qoyulur.

30. Lakin cavabdeh iddiaçı ilə aralarında nə qazın alqı-satqı müqaviləsi, nə qazpaylayıcı şəbəkənin balans mənsubiyyət sərhəddini müəyyən edən aktı (balans mənsubiyyəti sərhədi - qaz paylayıcısı tərəfindən qazın istehlakçıya çatdırılma məntəqəsində qaz paylayıcısı və istehlakçı arasında müqavilə ilə qazpaylayıcı şəbəkənin balans mənsubiyyətini müəyyənləşdirən ayırma nöqtəsidir), məhkəməyə təqdim edilməmişdir.

31. Şərh edilənlərdən əlavə, məhkəmə qeyd edir ki, cavabdehin iddiaçıdan qazdan istifadə qaydalarının pozulmasına görə birbaşa qazdan istifadə qaydalarının pozulmasına görə dəymiş zərəri tələb etməsi də qanuna uyğun deyil. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanunun xx.xx.2022-ci il tarixdə əlavə edilmiş 13-cü maddəsinin 8-1-ci hissəsində qazdan istifadə qaydalarının pozulması hallarının sənədləşdirilməsi və buna görə dəymiş zərərin tələb edilməsinin əsasları dəqiq göstərilmişdir. Qanunun tələb etdiyi birinci addım ondan ibarətdir ki, abonentlər tərəfindən qaz xəttinə kənar qoşulma faktını aşkar etdikdə, qaz paylayıcısı (onun əməkdaşı) qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qanusuz qoşulma ilə sərf olunan qazın verilməsini dayandırmalıdır. Qazdan kənar istifadə halları və sayğaca müdaxilə aşkar edildikdə, qaz paylayıcısı (onun əməkdaşı) həmin faktı müvafiq aktın tərtib edilməsi ilə rəsmləşdirilməli və aktın bir sürəti abonentə təqdim etlməklə (məhkəmənin qənaətinə görə, burada qanunun əsas məqsədi müəyyənlik prinsipinin təmin edilməsindən və qazdan istifadə qaydalarını pozan abonenti məlumatlandırmaqla, məruz qala biləcəyi sui-istifadə hallarından öz hüquqlarını müdafiə etməsinə şərait yaratmaqdan ibarətdir), bir nüsxəsini isə qazdan istifadə qaydalarını pozan şəxsin inzibati məsuliyyətə cəlb edilməsi məsələsinə baxılması üçün enerji nəzarəti orqanına, yaxud cinayət tərkibinin əlamətlərinin olması şübhə doğurduqda, cinayət təqibi orqanına təqdim etməlidir.

32. Qanun tələb edir ki, qazdan istifadə qaydalarını pozan şəxsin təqsirli olubolmaması qaz paylayıcı tərəfindən deyil, “Qaz təchizatı haqqında” Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində göstərilən orqanlar tərəfindən müəyyən edilməli, yalnız təqsiri müəyyən edildikdən sonra qaz paylayıcı dəymiş zərəri istehlakçıdan tələb edə bilər.

33. Lakin işdən görünür ki, zərərin tələb edilməsinə əsas olmuş qanunla müəyyən edilmiş qaydaya cavabdeh tərəfindən əməl edilməmiş, aktın bir nüsxəsi nə iddiaçıya, nə də təqsirlilik məsələsinin müəyyən edilməsindən ötrü müvafiq dövlət orqanlarına təqdim edilməmişdir (yaxud bununla bağlı cavabdeh məhkəməyə sübut təqdim etməmişdir). Bu halda, iddiaçının qazdan istifadə qaydalarının pozulmasında təqsirli olması müəyyən edilməmiş olur. Qanunvericilik isə borclunun öz öhdəliklərinin təqsirli pozuntusu üçün məsuliyyət daşımasını müəyyən etmişdir.

34. Məhkəmə həmçinin, qeyd edir ki, iddiaçı istehlakçı olduğundan və qanunla dövlət rüsumundan azad olunduğundan, məhkəmədə işə baxılması ilə əlaqədar dövlət rüsumu cavabdehdən tutulmalıdır.

35. Göstərilən qanuni əsaslar “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci (iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur) və 9.1.5-ci maddəsində (istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar) nəzərdə tutulmuşdur. Odur ki, məhkəmə hesab edir ki, 89,65 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməlidir.

36. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220ci maddələrini rəhbər tutaraq məhkəmə

QƏTETDİ:

İddia qismən təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdeh tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Ramanaq qəsəbəsi, 2-ci sahə unvanında yerləşən fərdi yaşayış evinə (abonent kodu: **********00079) dair İddiaçı hesablanmış 6964,80 manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. 89,65 manat məbləğində dövlət rüsumu Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehndən alınaraq dövlət büdcəsinə ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar