Məhkəmə qərarları › İş №2(011)-745/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-745/2025

17.01.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-745/2025 17.01.2025 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi İskəndərova Əlvanə İlham qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı cavabdeh tərəfindən hesablanmış 1936 manat məbləğində borcun silinməsi və 39 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddiaçı daimi yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə 2 sahəsindəki fərdi yaşayış evində qaz sayğacın düzgün işləmədiyi üçün Cavabdeh İB-ə müraciət etmişdir. Müraciətdən sonra qaz sayğacı düzəldildi. Düzəldiləndən bir müddət sonra həmin sahə üzrə işlətdiyi qaz sayğacının **********01690 nömrəli abunə koduna 1936 manat qalıq borc yazılmışdır. Qaz sayğacı həyətin kənarında quraşdırılıb və qaz sayğacının sazlığına müqavilə üzrə Cavabdeh İB məsuliyyət daşıyır. Bu səbəbdən qaz sayğacının **********01690 nömrəli abunə koduna qeyd edilən 1936 manat qalıq borcun silinməlisini xahiş etmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə iclasında iddianı müdafiə edərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında iddiaya etiraz edərək rədd edilməsini xahiş etmişdir. İşin halları xx.xx.2024-cü il tarixində “Qaz sayğacının çıxarılması, quraşdırıması və istismara qəbulu haqqında” akt tərtib edərək istehlakçı İddiaçı ünvanında quraşdırılmış qaz sayğacı yenisi ilə əvəz edilmişdir. Aktda qeyd edilmişdir ki, sayğac göstərisi mənfi 7658 kb.m təşkil edir. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: Maddə 13

8. Bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz... 8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir...

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

Məhkəmənin mövqeyi:

Məhkəmə mülki iş materiallarını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia qismən əsaslıdır və qismən təmin edilməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, qeyd edilən ünvanda quraşdırılan abonentə məxsus qaz sayğacının mexaniki və elektron göstəricilərinin üstəüstə düşməməsinə görə abonentə 2017-ci ildə 1507 manat, 2021-ci ildə 749 manat borc hesablanmışdır. Lakin iddiaçının məhkəmə iclasında verdiyi izahatından görünür ki, o həmin borcu qəbul etmiş və ödəməyə razı olduğunu bildirmişdir. Beləliklə abonent 2256 manat borcddan 1718.97 manat borcu ödəmiş, 537.03 manat borc isə qalmışdır. Digər tərəfdən cavabdeh tərəfindən yenidən eyni əsasla 2024-cü ildə 1398.97 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı tədqiq olunmuş sübutlarla müəyyən olunmuşdur ki, cavabdeh iddiaçının evində quraşdırdığı qaz sayğacını sayğacın mənfiyə işləməsi səbəbindən yenisi ilə əvəz etdikdən sonra istehlakçıya nasaz sayğac tərəfindən qeydə alınmayan təbii qazın hesabatını mövcud qanunvericiliyin tələblərinə zidd olaraq aparmışdır. Baxmayaraq ki, qaz sayğacında yaranmış texniki nasazlıq iddiaçının təqsiri üzündən baş verməmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçı 2017-ci il və 2021-ci illərdə hesablanmış borcun ödənilməsinə dair öhdəlik götürdüyündən iddia həmin illər üzrə hesablanmış borcan qalan 537.03 manat məbləğində borcun silinməsi hissəsində əsassız hesab edilərək təmin edilməməlidir. Məhkəmə iddiaya Cavabdeh İB tərəfindən 2024-cü il üzrə 1398,97 manat məbləğində borcun silinməsi hissəsində qiymət verərək belə qənaətə gəlir ki, həmin borcun hesablanması qanunsuz və əsassız olmuşdur. Odur ki, iddia bu hissədə təmin edilərək abonent İddiaçı hesablanmış 1398,97 manat məbləğində borc silinməlidir. Məhkəmə iddianın 39 manat dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də qismən əsaslıdır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və iddiaçı tərəfindən ödənilmiş 33,99 manat məbləğində dövlət rüsumu Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi:

İddia qismən təmin edilsin. Cavabdeh İB tərəfindən abonent İddiaçı (abonent kodu: **********01690) hesablanmış 1398,97 (min üç yaz doxsan səkkiz manat doxsan yeddi qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. 33,99 (otuz üç manat doxsan doqquz qəpik) manat məbləğində dövlət rüsumu Cavabdeh İB-dən tutularaq iddiaçıya ödənilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar