Məhkəmə qərarları › İş №2(011)-7567/2025

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7567/2025

15.01.2026 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7567/2025 15.01.2026 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, məhkəmə iclas katibi Novruzova Gülsanə Emin qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı borcun silinməsi tələbi barəsində iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddia tələb: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh İB-nin əməkdaşları tərəfindən hesabalnmış 5184 manat borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddianın dəlilləri: İddianın dəlilləri ondan ibarət olmuşdur ki, edilən yaşayış evi ona məxsusdur və həmin evə Cavabdeh tərəfindən qaz xətti çəkilmişdir (Əvvəlki ev sahibi Ağəli Axundovun adınadır). Qeyd edilən müqavilənin şərtlərinə əsasən onun ünvanında mexaniki sayğac quraşdırılmışdır. Onlar hər ay mütəmadi olaraq işlətdikləri qazın dəyərini ödəmiş, cavabdehə bununla əlaqədar heç bir məbləğdə borcu qalmamışdır. Lakin Cavabdeh əməkdaşları tərəfindən sayğacı çıxararaq yoxlamaya aparılmış. Bundan sonra o onların sayğacın hara aparılmasını bilməmiş, bu barədə onlara hər hansı bir məlumat verilməmişdir. Lakin onlara məxsus köhnə sayğac aparılandan sonra Cavabdeh əməkdaşları həmin sayğaca müdaxilənin aşkar edilməsini bildirilmiş və cavabdeh tərəfindən onlara 5184 manat zərər hesablanmışdır. Bundan sonra o cavabdehə müraciət edərək, həmin borcun hansı əsasla onlara hesablanmasım soruşanda, cavabdeh ona aktı təqdim edərək, kənar təsir nəticəsində onlara məxsus sayğacın xarab olması bildirmiş və bu əsasla onlara qeyd edilən borcun hesablanmasını demişlər. Onlara məxsus Smart kart tipli sayğac çıxarılan zaman həmin sayğaca vurulan plomblar yerində olmuşdur. Halbuki, həmin plomblar cavabdehin əməkdaşları tərəfindən vurulmuş və sayğac açılan zaman da sayğacda olan plombla cavabdehin əməkdaşları tərəfindən açılmışdır. Yəni cavabdeh onu sayğacın kənarı təsir nəticəsində xarab olmasında təqsirləndirərək, ona əsassız borc hesablasa da, nəzərə alınmamışdır ki, sayğacın içində hər hansı bir kənar təsirin edilinəsi üçün açmaq gərəkdir. Sayğaca vurulmuş plombları qırmadan bunu etmək mümkün deyil. Beləliklə də sayğaca vurulmuş plombların qırılmaması nəzərə alınsa, bir daha görmək olar ki, onun tərəfindən plomb qırılmadan sayğaca müdaxilə edilməmişdir. Tərəflərin izahatları: İddiaçı məhkəmə izahat verərək iddia tələbini müdafiə etdiyini, məhkəmədən iddianın təmin edilməsi barədə qətnamənin qəbul edilməsini xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb təqdim etmədən məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən iclasın cavabdehin nümayəndəsinin iştirakı olmadan keçirilməsini mümkün hesab etmişdir. İşin halları X2 barəsində tərtib edilmiş xx.xx.2023-cü il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktda sayğacın çıxış borusunun deşik olduğu qeyd edilmişdir. Akta əsasən abonentə 5184 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin çıxarışına əsasən Bakı şəhəri, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsi, Cəfər Xəndan küçəsi, 3-cü döngə, ev 7 (yeni qaydalarla: AZ1130, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı adına xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyi X1 Agentliyi Bakı Filialının 17 dekabr 2025-ci il tarixli, 3-15-2-1/2-5039/2025 saylı məktubuna əsasən, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi üzrə abonent Axundov Ağəli barəsində (abonent kodu: **********10000) inzibati icraat başlanması dair müraciət X1 Agentliyinin Bakı filialına daxil olmamışdır. İddia tələbinin hüquqi əsasını təşkil edən normativ-hüquqi aktlar: “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası 30 iyun 1998-ci il tarixli, 513-İQ nömrəli Qanunun 01 may 2022-ci il tarixindən sonra qüvvədə olan redaksiyası Maddə 13 ...8. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir

9. Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları” 6.4. Qazlaşdırılmış obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildikdə, əvvəlki istehlakçı obyektin mülkiyyətçisi (istifadəçisi) dəyişildiyi günədək qazdan istifadəyə görə olan borcunu ödəməli, qaz paylayıcısından borcunun olmaması barədə arayış almalı və həmin arayışı yeni istehlakçıya təqdim etməlidir. Yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməlidir. Yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır.

Azərbaycan Respublikası Mülki Prosessual Məcəllləsi

Maddə 4. Müdafiə üçün məhkəməyə müraciət etmək hüququ 4.1. Bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər.

Maddə 77. Sübütetmə vəzifəsi 77.1 Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.

Maddə 119 Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 119.2. İddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır.

Məhkəmənin mövqeyi: Məhkəmə mülki iş materiallarını və tərəfin izahatını nəzərdən keçirərək belə qənaətə gəlir ki, iddia əsassızdır və təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi əvvəlki şahibi ilə Cavabdeh İB arasında qazın alqı-satqı müqaviləsi bağlanmış və Cavabdeh İB tərəfindən onun adına şəxsi hesab açılmışdır. Qeyd olunan müqaviləyə əsasən Cavabdeh İB öz üzərinə istilik enerjisinin verilişini təmin etmək, istehlakçı isə qazın dəyərini ödəmək öhdəliyini götürmüşdür. ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki sahibinin istifadəsində olan zaman sonuncuya “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” akt tərtib olunmuş və dəymiş ziyana görə 5184 manat borc hesablanmışdır. Lakin istehlakçı dəymiş ziyana görə hesablanmış borcu ödəməmişdir. Sonradan fərdi yaşayış evi sahibi İddiaçı satılmışdır. Sözügedən mənzil xx.xx.2024-cü il tarixdə sonuncunun adına rəsmiləşdirilmişdir. Göründüyü kimi, iddiaçının silinməsini tələb etdiyi borc ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin əvvəlki sahibinə hesablanmış borc məbləğidir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı həmin borcun silinməsini tələb etmək üçün subyektiv hüququ yoxdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”na əsasən, qazlaşdırılmış obyektin yeni mülkiyyətçi (istifadəçi) qazın alqı-satqısına dair yeni müqavilənin bağlanılması üçün qaz paylayıcısına 10 (on) iş günü müddətində yazılı müraciət etməli, yazılı müraciət daxil olduğu gündən başlayaraq, 3 (üç) iş günü müddətində yeni mülkiyyətçi (istifadəçi) ilə qaz paylayıcısı arasında müqavilə bağlanılmalıdır. Hazırki mülki iş üzrə iddiaçının ünvan 3 ünvanı üzrə yerləşən 0011 saylı mənzilə dair mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə öz qeydiyyata alınmışdır, o, qeyd olunan mənzilin yeni mülkiyyətçisi hesab edilir. Belə olan halda bir qayda olaraq yeni mülkiyyətçi ilə Cavabdeh İB tərəfindən “Təbii qazdan istifadə qaydaları”nda göstərilən müddət ərzində yeni müqaviləsi bağlanılmalı və İstehsalat Birliyi tərəfindən onun adına şəxsi hesab açmalıdır. Göründüyü kimi həmin qaydanın icra olunmaması üçün qanunvericilikdə heç bir şərt nəzərdə tutulmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Odur ki hazırki iş üzrə subyektiv hüquq anlayışının birinci elementi və buna müvafiq olaraq ikinci və üçüncü elementləri mövcud olmadığından, yəni iddiaçının başqa şəxslərdən tələb etmək və müdafiə hüququ yaranmadığından, İddiaçı Cavabdeh İB-yə qarşı 5184 manat məbləğində hesablanmış borcun silinməsi tələbi əsassız hesab edilməli və təmin edilməməlidir. Məhkəmə iş üzrə təqdim edilmiş sübutları və tərəflərin izahatlarını məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassızdır və təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 284-5 və 284-6-cı maddələrini rəhbər tutaraq məhkəmə

qət etdi: İddiaçı Cavabdeh İB-nə qarşı Cavabdeh İB-nin əməkdaşları tərəfindən hesabalnmış 5184 manat borcun silinməsi tələbinə dair iddiası rədd edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin mülki kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: Əminə Abbasova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar