Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(011)-7572/2021 15.12.2021 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Abbasova Əminə Rauf qızının sədrliyi, Nəsirova Samirə Şəmsəddin qızının katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı "xxxx" MMC-nin Cavabdeh qarşı borc tələbi barədə iddiaya dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı "xxxx" MMC Cavabdeh qarşı 19.11.2019-cu il tarixli müqaviləyə əsasən 80 manat ödənilməmiş hissə, 8 manat cərimə borcu, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən 37,6 manat ödənilməmiş hissə, 3,4 manat cərimə borcu, 24.04.2020-ci il tarixli müqaviləyə əsasən 530 manat ödənilməmiş hissə, 53 manat cərimə borcu, ümumilikdə 712 manat borc, 30 manat ödənilmiş dövlət rüsumunun Cavabdehdan alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, cavabdeh "xxxx" MMC ilə 19.11.2019-cu il, 17.01.2020-ci il və 24.04.2020-ci il tarixli müqavilələrə əsasən əşyalar almış və nəticədə 712 manat borc yaranmışdır. Cavabdeh müqavilələrin şərtlərini pozmuş və nəticədə 19.11.2019-cu il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 120 manat olan “Hoffmann” radiator üçün ümumilikdə 88 manat olmaqla, ondan 80 manat ödənilməmiş hissə, 8 manat cərimə, 17.01.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 56,4 manat olan “Nokia 106 Dual” telefon üçün ümumilikdə 41 manat olmaqla, ondan 37,6 manat ödənilməmiş hissə, 3,4 manat dəbbə pulu, 24.04.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 720 manat olan “Huawei P30 Lite” telefon üçün ümumilikdə 583 manat olmaqla, ondan 530 manat ödənilməmiş hissə, 53 manat dəbbə pulu borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 248,8 manat təşkil edir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, işin materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslıdır. Buna görə də iddia təmin edilməlidir. Belə ki, iş materiallarından müəyyən olunmuşdur ki, "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 19.11.2019-cu il tarixli, 01062128 saylı müqaviləyə əsasən "xxxx" MMC “Hoffmann” radiator satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 10 manat məbləğində olmaqla, cəmi 120 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 17.01.2020-ci il tarixli, 20042898 saylı müqaviləyə əsasən "xxxx" MMC “Nokia 106 Dual” telefon satmış və cavabdeh həmin əşyaya görə ödəniş cədvəli üzrə 6 ay müddətində hər ay 9,4 manat məbləğində olmaqla, cəmi 56,4 manat ödəməyi öhdəsinə götürmüşdür. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanmış 24.04.2020-ci il tarixli, 20238383 saylı müqaviləyə əsasən "xxxx" MMC “Huawei P30 Lite” telefon satmış və cavabdeh həmin əşyaya görə 30 manat ilkin ödəniş etməklə qalan məbləği ödəniş cədvəli üzrə 12 ay müddətində hər ay 57,5 manat məbləğində olmaqla, cəmi 720 manat ödəməyi öhdəsinə götürmüşdür. Həmin müqavilələrə əsasən məhsullar qüsursuz olaraq cavabdehə təhvil verilmişdir. İşin materiallarında olan 03.09.2021-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, cavabdehin 19.11.2019-cu il tarixli müqavilə üzrə 80 manat əsas, 8 manat cərimə, 17.01.2020-ci il tarixli müqavilə üzrə 37,6 manat əsas, 3,4 manat cərimə, 24.04.2020-ci il tarixli müqavilə üzrə 530 manat əsas, 53 manat cərimə məbləğində borcu vardır. İşin materiallarından müəyyən olunur ki, iddiaçı cavabdehə borcunu ödəməsinə, borcun ödənilmədiyi təqdirdə məhkəməyə müraciət edərək iddia qaldırılacağına dair məktub göndərmişdir. İddia ərizəsinə əlavə edilmiş ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Sadalanan xüsusatlara əsasən məhkəmə hesab edir ki, cavabdeh tərəflər arasında bağlanmış müqavilə əsasında iddiaçıdan nisyə mal(lar) almaq hüququna malik olduğu kimi, eyni zamanda həmin mal(lar)ın qiymətini ödəməli olmasına dair vəzifələrin daşıyıcısı olmuşdur. Cavabdeh isə göstərilən müqavilə əsasında nisyə mal almasına dair hüququndan istifadə etmiş, lakin həmin mal(lar)ın dəyərini ödəməli olmasına dair vəzifəsini yerinə yetirməmişdir. Buna görə də iddiaçı göstərilən müqavilənin şərtlərinin icrasını tələb etməkdə haqlıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə əsasən alqısatqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 600.1-ci maddəsinə əsasən alqı-satqı müqaviləsində əşyanın alıcıya verildikdən müəyyən müddət sonra ödənilməsinin (əşyaların nisyə satışının) nəzərdə tutulduğu halda alıcı ödənişi müqavilədə nəzərdə tutulan müddətdə həyata keçirməlidir. Həmin Məcəllənin 601.1-ci maddəsinə əsasən əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Qeyd edilən Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, iddiaçı ödənilməmiş məbləğlərin qaytarılmasını tələb etməkdə haqlıdır. Buna görə də iddianın həmin hissəsi əsaslıdır. Odur ki, iddianın qeyd edilən hissəsi təmin edilməlidir. Məhkəmə iddiaya tərəflər arasında bağlanılmış nisyə alqı-satqı müqavilələri üzrə hesablanmış cərimələrin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində qiymət verərək, belə qənaətə gəlir ki, iddia qeyd edilən hissədə əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 462-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. Müqavilənin tərəfləri dəbbə pulunun miqdarını sərbəst müəyyənləşdirə bilərlər və bu, mümkün zərərdən çox ola bilər. Həmin Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə işin faktiki halları və əsas borcun məbləği nəzərə alaraq hesab edir ki, iddiaçı tərəfindən tələb edilən cərimə məbləği əsas borc məbləğinə mütənasib olduğundan tələb edilən məbləğdə müəyyən edilməsini məqsədəmüvafiq sayır. Məhkəmə həmçinin iddianın 30 manat məbləğində dövlət rüsumunun cavabdehdən alınmasına dair hissəsini də araşdıraraq hesab edir ki, iddianın bu hissəsi də əsaslıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Göstərilən qanunvericilik aktı normalarına əsasən məhkəmə hesab edir ki, məhkəmə xərcləri iddianın təmin edilmiş hissələrinə müvafiq olaraq tərəflərə aid edilməli olduğundan, məhkəmə xərcinə daxil olan dövlət rüsumu cavabdehə aid edilməli və buna görə də iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq iddiaçıya ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 19.11.2019-cu il tarixli, 01062128 saylı müqaviləyə üzrə əsas borca görə 80 (səksən) manat, cərimə borcuna görə 8 (səkkiz) manat, cəmi 88 (səksən səkkiz) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq İddiaçı MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 17.01.2020-ci il tarixli, 20042898 saylı müqavilə üzrə əsas borca görə 37,6 (otuz yeddi manat altmış qəpik) manat, cərimə borcuna görə 3,4 (üç manat qırx qəpik) manat, cəmi 41 (qırx bir) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. İddiaçı "xxxx" MMC ilə Cavabdeh arasında bağlanılmış 24.04.2020-ci il tarixli, 20238383 saylı müqavilə üzrə əsas borca görə 530 (beş yüz otuz) manat, cərimə borcuna görə 53 (əlli üç) manat, cəmi 583 (beş yüz səksən üç) manat məbləğində pul vəsaiti Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. 30 (otuz) manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq "xxxx" MMC-yə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, işdə iştirak edən şəxslərə təqdim edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Əminə Abbasova
Məhkəmə qərarları › İş №2(011)-7572/2021
Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qətnamə — İş №2(011)-7572/2021
15.12.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver