Məhkəmə qərarları › İş №2(011)-7581/2024

Bakı Şəhəri Xətai Rayon Məhkəməsi Qərardad — İş №2(011)-7581/2024

19.11.2024 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(011)-7581/2024 19.11.2024 BAKI ŞƏHƏRİ XƏTAİ RAYON MƏHKƏMƏSİ Hakim Zamanlı Pərviz Mirsiyaf oğlunun sədrliyi, Həsənova Elnarə Daşdəmir qızının katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə, İddiaçılar İddiaçı3, İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbi barədə iddiasına dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar Bakı şəhəri, Xətai rayonu, Əhmədli qəsəbəsi, N.Əliyarov küçəsi, 21 nömrəli fərdi evdən və torpaq sahəsindən cavabdehlərin çıxarılmaları barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia tələbinə münasibətdə geri qaytarılmalıdır. İddiaçılar məhkəməyə ərizə təqdim edərək, cavabdehlərlə razılığa gəldiklərindən sənədlərinin geri qaytarılmasını xahiş etmişlər. Məhkəmə ərizəni və iş materiallarını nəzərdən keçirib hesab edir ki, ərizə təmin edilərək, iddia ərizəsi İddiaçı1 və İddiaçı2 tələbləri üzrə geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Həmin Məcəllənin 152.2-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. Məhkəmə digər İddiaçı3 cavabdehlərə qarşı iddia tələbinə münasibətdə hesab edir ki, iddia ərizəsi həmin hissədə baxılmamış saxlanılmalıdır. Belə ki, məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər isə işə mahiyyəti üzrə baxılmasını tələb etməmişlər. Belə ki,“Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli qərarını 5.1.maddəsinin 2-ci bəndində göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Mülki Prosessual Məcəlləsinin 259.0.6-cı maddəsinə müvafiq olaraq, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəmə iclasına gəlmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Eyni zamanda iddiaçıya izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 260.5ci maddəsinə əsasən məhkəmə iclasında iştirak etməmənin və bu haqda məhkəməyə məlumat verməmənin üzürlü səbəblərdən baş verməsi haqqında sübutlar təqdim etdiyi təqdirdə hakim ərizənin baxılmamış saxlanması barədə qərardadı ləğv edə və ərizəyə mahiyyəti üzrə yenidən baxa bilər. Həmçinin, məhkəmə hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara geri qaytarıldığından, İddiaçı1 tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu da iddiaçıya geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinə əsasən bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. Göründüyü kimi, iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin iddiaçıya geri qaytarılması qərara alındığından, ödədiyi 100 manat məbləğində dövlət rüsumu da onun özünə qaytarılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 259,268, 263- 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı3 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbi barədə iddia ərizəsi baxılmamış saxlansın. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “torpaq sahəsindən və evdən çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçılara qaytarılsın. İddiaçı tərəfindən xx.xx.2024-cü il tarixində Bakı şəhər Xətai Rayon Məhkəməsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu İddiaçı1 geri qaytarılsın. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Xətai Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Pərviz Zamanlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar