Məhkəmə qərarları › İş №2(3-8)-347/2026

Sumqayıt Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(3-8)-347/2026

12.05.2026 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn.

Azərbaycan Respublikası adından Qətnamə Sumqayıt şəhəri İş № 2(3-8)-347/2026 12.05.2026 SUMQAYIT APELLYASIYA MƏHKƏMƏSI Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlakdan çıxarılma tələbinə dair mülki iş üzrə Sumqayıt Apellyasiya Məhkəməsi Mülki Kollegiyasının hakimi Qafari Səyyad Ağaəli oğlunun sədrliyi və məruzəsi ilə, hakimlər Məmmədov Fuad Əli oğlu və X2 ibarət tərkibdə, Rəhimova Ülkər Cabbar qızının katibliyi, iddiaçı İddiaçı, cavabdeh Cavabdeh iştirakı ilə, Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlakdan çıxarılma tələbinə dair mülki iş üzrə Abşeron Rayon Məhkəməsinin e-*(***)-****/**** nömrəli, ## ###### 2025-ci il tarixli qətnaməsindən cavabdeh Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakıları müəyyən etdi: Birinci instansiya məhkəməsində icraat

1. Iddiaçı İddiaçı cavabdeh Cavabdeh qarşı əmlakdan çıxarılma tələbinə dair iddia ilə məhkəməyə müraciət edərək, cavabdeh Cavabdeh Hüquqların Dövlət Qeydiyyat haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş çıxarışa əsasən, onun xüsusi mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən əşyaları ilə birlikdə çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. Iddia tələbi onunla əsaslandırılmışdır ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışa əsasən Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0.046 ha torpaq sahəsi ##.##.2023-cü ildən İddiaçı xüsusi mülkiyyətindədir. Təxminən 1 il əvvəl həmin torpaq sahəsində iddiaçı tərəfindən fərdi yaşayış evi tikilmişdir. Cavabdeh 2024-cü ildə iddiaçının xüsusi mülkiyyətində olan həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evinə köçmüş və hal-hazırda orada yaşayır. Cavabdeh iddiaçının gəlinidir, lakin oğlu ilə gəlini arasında olan nikah pozulma prosesində olduğu üçün hazırda iddiaçının cavabdehlə münasibətləri tamamilə korlanmışdır. Məlumat üçün bildirir ki, torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququnun əmələ gəlməsi üçün tərəflər arasında hər hansı əsasda və formada razılaşma mövcud deyil. Bu baxımdan cavabdehin torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən istifadə hüququ yaranmamışdır. Bundan başqa, cavabdehin qalmağa başqa yaşayış sahəsi mövcuddur və o, ünvan 1 ünvanında qeydiyyatdadır. Hazırda cavabdeh iddiaçıya məxsus torpaq sahəsindən və həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evindən çıxmır. Nəticədə iddiaçının mülkiyyət hüquqları pozulmuşdur. Odur ki, iddiaçı pozulmuş hüquqlarının bərpası üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

3. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi ilə (hakim M.Abbasova) iddianın təmin edilməsi, Cavabdeh əşyaları ilə birlikdə İddiaçı mülkiyyətində olan Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsindən və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən çıxarılması, məhkəmə xərclərinin iddiaçının özünə aid edilməsi qət edilmişdir.

4. Birinci instansiya məhkəməsi iddia tələbinin təmin edilməsini cavabdehin mübahisəli mənzildə məskunlaşması həmin mənzilin mülkiyyətçisi olan iddiaçının hüquqlarınının pozulmasına səbəb olması ilə əsaslandırmış və məhkəmənin gəldiyi bu nəticə cavabdeh Cavabdeh tərəfindən mübahisələndirilərək qətnamənin ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və onlara etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

Apellyasiya şikayətinin dəlilləri

5. Cavabdeh Cavabdeh Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsindən apellyasiya şikayəti verərək, qətnamənin ləğv edilməsi və iddia tələbinin təmin olunmaması barədə yeni qətnamə qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etmişdir.

6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyət kəsb edən halları tam araşdırmamış, bəzi hallara isə heç bir dəlil olmadan onun əleyhinə qiymət vermiş, ümumiyyətlə iddiaçı ilə onun arasında olan münasibətlərə, fərdi yaşayış evinin hansı vəsait hesabına tikilməsi düzgün hüquqi qiymət verməmişdir. Məhkəmənin yalnış hüquqi qiymət verdiyi məsələ ondan ibarətdir ki, məhkəmə iddia ərizəsində göstərilən və heç bir halda dəlillərlə sübuta yetirilməyən halı, yəni onun başqa bir yaşayış sahəsinə malik olmağı barədə gəldiyi qənaət yalnışdır. O, ünvan 2 ünvanında qeydiyyatda olsa da, həmin ev artıq yoxdur. Çoxdan plana düşərək sökülmüşdür. Sənəd üzərində mövcud olan, lakin faktiki mövcud olmayan bir ev digər yaşayış sahəsinin mövcud olması kimi qəbul edilə bilməz. Bundan başqa məhkəmə tərəflər arasında, yəni onunla iddiaçı arasında olan münasibətlərə, mübahisəli torpaq sahəsinin hansı vəsait hesabına əldə edilməsinə, fərdi yaşayış evini kimin vəsaiti hesabına tikilməsinə hüquqi qiymət verməyib, ümumiyyətlə həmin xüsusatları araşdırmamışdır. Qeyd edir ki, torpaq sahəsi iddiaçının adına rəsmiləşdirilməsi formal xarakterlidir. Həmin torpaq sahəsi 38 min manata onun keçmiş həyat yoldaşı tərəfindən birgə vəsait hesabına əldə edilmiş və birgə vəsait hesabına da fərdi yaşayış evi tikilmişdir. Sənəd üzərində iddiaçının fərdi yaşayış evinə gözlənti hüququ olsa da belə, həmin torpaq sahəsinin alınması və fərdi yaşayış evinin tikinsinə sərf edilmiş vəsaitdə onun da haqqı var, həmin vəsaitlər birgə nikah dövründə və birgə aparılmış təssüraf hesabına çəkilmiş xərclərdir. Qeyd edir ki, torpağın alınması üçün 38000 (otuz səkkiz min) manat, fərdi yaşayış evinin tikintisi üçün isə 100000 (yüz min) manat vəsait sərf edilib. Həmin vəsaitin hamısı da 2023-2024-cü illərdə, yəni evlilik vaxtı həyata keçirilib. Iddiaçı özünə məxsus evi – Abşeron rayonu Fatmayi kəndində fərdi yaşayış evi var. Onun yaşadığı evə nə iddiaçının bir ədəd belə olsa şəxsi əşyaları var, nə də iddiaçı 1 gün belə həmin evdə yaşamışdır. Bunu sübuta yetirəcək şahidlər də mövcuddur. Evli olduğu dövrdə də münasibətlər normal olduğundan, keçmiş həyat yoldaşı ona, uşaqlara hörmət və qayğı göstərdiyindən nə vaxtsa onunla boşanıb, onu evdən çıxardıb başqa bir qadınla evlənəcəyini düşünmədiyindən torpaq sahəsinin qaynanasının-iddiaçının adına rəsmiləşdirilməsinə etiraz etməmişdir. Baxmayaarq ki, torpaq sahəsi iddiaçının adınadır, həmin torpaq sahəsinin keçmiş həyat yoldaşı Xəyal Kazımov və onun birgə təsərrüfatı nəticəsində yığdığı vəsait hesabına əldə edildiyindən və üzərində fərdi yaşayış evi inşa edildiyindən onun da orada istifadə və pay hüquqları mövcuddur. Torpaq sahəsinin alınması və fərdi yaşayış evinin tikintisə xərclənmiş ümumi vəsait 138000 manat olduğundan həmin vəsaitin yarı hissəsi- 69000 (altmış doqquz min) manatı ona məxsus vəsait olmuşdur. Odur ki, ona məxsus vəsait hesabına əldə edildiyindən həmin vəsait ona ödənilmədən onun torpaq sahəsi və üzərində inşa edilmiş fərdi yaşayış evindən çıxarılması qanunsuzdur və apellyasiya instansiyası məhkəməsi bu xüsusata və iddiaçı ilə onun arasında olan münasibətlərə düzgün hüquqi qiymət verməli, bununla da, birinci instansiya məhkəməsinin qətnaməsi ləğv edərək, iddia tələbini rədd etməlidir. Onun hüquqi savadının olmaması və hüquqlarını təkbaşına müdafiə edə bilməməyi birinci instansiya məhkəməsinin müvafiq araşdırma aparmasına maneə yarada bilməzdi. Bu xüsasatları məhkəməyə bildirməyinə baxmayaraq, Abşeron Rayon Məhkəməsi nə şahidləri dindirdi, nə fərdi yaşayış evinin qiymətləndirilməsini həyata keçirdi, nə də iddiaçının (təqaudüçüdür) təqaüd hesabına yaşayışını təmin edən yaşlı bir qadının hansı vəsaitlə 38 min manata torpaq sahəsi alıb 100000 min manatdan çox tikintiyə xərcləyə biləcək maddi imkanın olub-olmamasını araşdırdı. Əgər torpaq sahəsi və fərdi yaşayış evi iddiaçıya məxsusdursa, niyə həmin evdə 1 ədəd belə olsa, ona məxsus fərdi əşyası yoxdur. Bütün bu xüsusatlar məhkəmə tərəfindən araşdırılmalı olan halda araşdırılmamışdır. Nəticədə ədalətsiz qətnamə qəbul etmişdir.

Apellyasiya şikayətinə qarşı tərəfin etirazının dəlilləri

7. Apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim edilməmişdir.

Apellyasiya icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında dindirilən cavabdeh Cavabdeh apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin təmin edilməsini məhkəmə kollegiyasından xahiş etdi.

9. Məhkəmə kollegiyasının iclasında dindirilən iddiaçı İddiaçı apellyasiya şikayətini qəbul etməyərək, apellyasiya şikayətinin təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etdi. Tətbiq edilən hüquq

10. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 372. Apellyasiya instansiyası məhkəməsində işə baxılmanın hədləri (...) 372.1. Apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7. Apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır.

Maddə 384. Apellyasiya instansiyası məhkəməsinin səlahiyyətləri 384.0. Apellyasiya instansiyası məhkəməsi: (...). 384.0.1. qətnaməni dəyişmədən, apellyasiya şikayətini isə təmin etmədən saxlaya bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

11. Məhkəmə kollegiyası tərəfindən Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsinin qanuniliyi və əsaslılığı tam yoxlanılmışdır.

Apellyasiya instansiyası məhkəməsinin mövqeyi

12. Iş materiallarını araşdırıb, məruzəçini və tərəflərin izahatlarını dinləyib, eləcə də apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qətnamə dəyişdirilmədən saxlanılmalıdır.

13. Hazırkı iddia tələbi xüsusi mülkiyyətdə olan torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılma barədədir.

14. Abşeron rayonu, Mehdiabad qəsəbəsində yerləşən 0,48 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsinə əsasən iddiaçı tərəfindən alınması və həmin əqd əsasında sonuncunun adına ##.##.2023-cü il tarixdə verilmiş çıxarışa əsasən İddiaçı xüsusi mülkiyyətində olması, ##.##.2023-cü il tarixli alqı-satqı müqaviləsi əsasında sonuncu mülkiyyətində olan torpaq sahəsinin 0,048 ha hissəsindən 0,022 ha hissəsini Orxan Cabbarlıya satması və yerdən qalan 0,024 ha hissəsinə ##.##.2023-cü il tarixli çıxarışa əsasən iddiaçının xüsusi mülkiyyətində olması, eləcə də torpaq sahəsinin iddiaçıya məxsus əvvəlki mənzilin satışından əldə edilmiş pul vəsaiti hesabına əldə edilməsi işin mübahisəsiz halıdır.

15. Işin digər mübahisəsiz halına əsasən cavabdehlə iddiaçının oğlu Xəyal Kazımovla nikahı Binəqədi Rayon Məhkəməsinin ##.##.2025-ci il tarixli qətnaməsinə əsasən pozulmuşdur.

16. Işdən görünür ki, iddiaçı Bakı şəhərində yerləşən mənzili sataraq əldə etdiyi vəsait hesabına mövcud torpaq sahəsini aldığını və sonradan həmin torpaq sahəsi üzərində öz vəsaiti hesabına mübahisəli evi inşa etdiyini, cavabdehin isə həmin evə heç bir hüququnun olmadığına istinad edərək, torpaq sahəsi və üzərində inşa etdiyi evdən cavabdehin əşyaları ilə birlikdə çıxarılmasını tələb etmiş, cavabdeh də öz növbəsində ##.##.2013-cü il tarixdən iddiaçının oğlu Xəyal Kazımov ilə rəsmi nikaha girməklə ailə qurduğunu, gəlin köçdüyü vaxtdan Bakı şəhəri, 8-ci mkr, M.Nərimanov küçəsi, ev 13, mənzil 53-də yaşadığını, həmin mənzilin satılaraq iddiaçının övladları arasında bölünərək, həmin məbləğdən 75.000 manatı əri Xəyal Kazımovla birlikdə onların payına düşdüyünü və həmin puldan 30.000 manata Mehdiabad qəsəbəsində yerləşən torpaq sahəsini aldığını, qalan pulla onun atası və qardaşının maddi köməkliyi ilə hazırkı fərdi yaşayış evini tikərək köçüb yaşadıqlarını bildirərək, iddiaya etiraz etmişdir.

17. Məhkəmə kollegiyası aşağı instansiya məhkəməsinin gəldiyi nəticə və əsaslandırma ilə razılaşaraq hesab edir ki, cavabdeh Cavabdeh iddiaçı İddiaçı münasibətdə Ailə Məcəlləsinin 15-ci fəslinə uyğun özünün saxlanılmasını tələb etmək hüququ olan şəxs olmadığından, başqa sözlə desək, iddiaçının ailə üzvü hesab edilmədiyindən, cavabdehin mübahisəli evə hüquq əldə etmədən həmin evdə qalması, mülkiyyətçi olaraq iddiaçının hüquqlarını məhdudlaşdırdığından və onu mülkiyyət hüququndan doğan hüquqları həyata keçirməsini qarşısını aldığından, cavabdeh Cavabdeh torpaq sahəsi və üzərindəki evdən çıxarılmasını tələb etməkdə iddiaçı haqlı olmuşdur.

18. Məhkəmə kollegiyası cavabdehin mübahisəli torpaq sahəsinin alınması üçün 38.000 manat, evin tikintisi üçün 100.000 manat vəsait sərf etməsi barədə apellyasiya şikayətinin dəlilinə gəldikdə isə qeyd edir ki, cavabdeh qeyd olunan halları təsdiq edən hər hansı bir sübutları məhkəməyə təqdim etmədiyindən, əsaslı hesab edilə bilməz.

19. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi Mülki Məcəllənin 157.2. maddəsinin tələbi ilə uzlaşdığından, iddianı təmin etməklə cavabdehi əşyaları ilə birlikdə torpaq sahəsi və üzərində inşa edilmiş evdən çıxarılması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslıdır.

20. Azərbaycan Respublikası MPM-nin 385.2. maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz.

21. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq hesab edir ki, birinci instansiya məhkəməsi hazırki işin faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmişdir. Hazırkı iş üzrə məhkəmə qətnaməsinin apellyasiya qaydasında ləğv edilməsi üçün əsaslar olmadığından, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qətnaməsi dəyişdirilmədən saxlanılmalıdır.

22. Şərh edilənləri və Azərbaycan Respublikası MPM-nin 384.0, 384.0.1, 385.2, 392, 393, 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası, QƏT ETDİ Cavabdeh Cavabdeh apellyasiya şikayəti təmin edilməsin. Abşeron Rayon Məhkəməsinin ## ###### 2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 2 (iki) ay müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən vəkil vasitəsilə) verilə bilər. Qətnamədən kassasiya şikayəti verilmədikdə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 (iki) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar