Azərbaycan Respublikası adından QƏTNAMƏ Şirvan şəhəri İş № 2(106)-1612/2025 16.12.2025 ŞİRVAN APELLYASİYA MƏHKƏMƏSİ Şirvan Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının hakimləri Sadıqov Mirlətif Süleyman oğlu (sədrlik edən, məruzəçi), Novruzova Aytən Nazim qızı və Əsədli Mahir Abdulla oğlundan ibarət məhkəmə tərkibində, X10 oğlunun katibliyi, Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi evindən çıxarılmaları tələbinə dair mülki iş üzrə Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 1752/2025 nömrəli qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinə Şirvan Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. İşin halları: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən fərdi yaşayış evindən çıxarılmaları tələbinə dair iddia ərizəsilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında yerləşən Hüquqların Dövət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli RX seriyalı ******* nömrəli çıxarışla ona məxsus olan 0.0269 ha torpaq sahəsindən və həmin torpaq sahəsinin üzərində yerləşən ümumi sahəsi 181.0 m2, yaşayış sahəsi 48.4 m2, köməkçi sahəsi 132.6 m2 olan 2 mərtəbəli 2 otaqlı fərdi yaşayış evindən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1992-ci il tarixdə Lənkəran şəhərində anadan olmuşdur. Onun qeydiyyatı ünvan 2 ünvanı olsa da, yaşadığı yer anası və qardaşlarının yaşadığı yer, yəni ünvan 3 ünvanındadır. O, hazırda ailəsilə birlikdə Almaniyada yaşayır. Cavabadehlər Cavabdeh1 onun bibisi, Cavabdeh2 həmin bibisinin yoldaşı, Cavabdeh3 və Cavabdeh4 isə bibisinin qızlarıdır. Bibisi Cavabdeh1 çoxdan ailə qurmuş və Lerik rayonuna gəlin köçmüşdür. ünvan 4 ünvanı onun mərhum babası, yəni ata anasının ev ünvanı olmuş, həmin ünvanda (həyətdə) iki ev yerləşmiş, babası hələ sağlığında sözügedən evi, yəni ümumi sahəsi 181.0 m2, yaşayış sahəsi 48.4 m., köməkçi sahəsi 132.6 m2 olan 2 mərtəbəli, 2 otaqlı fərdi yaşayış evini ona bağışlamışdır. Babasının ona bağışladığı həmin evə dair Hüquqların Dövlət qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən xx.xx.2017-ci il tarixli Çıxarış da verilmişdir. X11 xəstə olanda bibisi Cavabdeh1 atasına qulluq etmək üçün demək olar ki, hər həfdə gəlib həmin mənzildə qalmışdır. Sonradan bibisi həmin mənzildə daimi qalmağa başlamışdır. Onun ayrıca evləri olduğu üçün bibisinin hər həftə Lerikə gedib-gəlməsinin çətin olmasını, həm babasının səhhətini, həm də ki, qohumların sözünü nəzərə alıb bibisi Cavabdeh1 babasına baxması üçün ona məxsus evdə qalmasına icazə vermişdir. Daha sonra bibisinin ailəsi də gəlib həmin evdə məskunlaşmışlar. Babası 2014-cü ildə vəfat edəndən sonra yenə də böyüklərin sözü ilə bibisi və onun ailəsinin ev tapana kimi bir müddət evində qalmalarına razılıq vermişdir. xx.xx.2017-ci il tarixdə atası xəstəlikdən vəfat etmişdir. Bundan sonra da o yenə də bibisi və onun ailəsinə kirayə ev tapana kimi evində qalmalarına icazə vermişdir. Lakin, son bir il ərzində artıq cavabdehlərə dəfələrlə evini boşaltmaları üçün müraciətlər etsə də, cavabdehlər evindən çıxmaq istəmirlər və evdən çıxarılacaqları təqdirdə özlərini yandıracaqları ilə onun anasını hədələyirlər. Odur ki, məcbur qalıb iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. **********367-10301 reyestr nömrəli əmlaka dair xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarış və onun verilməsinə əsas olmuş sənədlərin təsdiq edilmiş surətlərinin verilməsi ilə bağlı məhkəmə tərəfindən edilmiş sorğuya da Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətindən cavab məktubu göndərilmişdir. Məhkəmədən göstərilənləri nəzərə alıb iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh1 etirazında göstərmişdir ki, xx.xx.1966-cı ildə ünvan 5 ünvanda yerləşən ev onun valideynlərinə məxsusdur. Onun hazırda 59 yaşı var və 59 ildir valideynlərinə məxsus olan həmin evdə yaşayır. Orada 4 qız uşağı dünyaya gətirmişdir. İki qızı həmin evdən gəlin köçmüş, 2 qızı isə hazırda həmin ünvanda onunla bir ailədə yaşayır. O, həmin evdə doğulduğu üçün, həmin evdə qeydiyyatdadır. İddiaçının və onun nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmir və tələblə razı deyil. Belə ki, valideynlərinə məxsus olan miras evdə onun vərəsə kimi yaşamaq hüququ var. Həm də valideynlərinin bütün övladlarının (vərəsələrin) həmin evdə məcburi payı var. X12 uzun illər yataq xəstəsi olmuşdur və onun yanında yaşamaqla bərabər, ona yataq xəstəsi kimi 20 il xidmət etmişdir. O, 1987-ci ildə Lerik rayonun vətəndaşı Cavabdeh2 Şövlət oğlu ilə ailə həyatı qurmuş, Lerik rayonuna gəlin getsə də, atasının istəyi ilə həyat yoldaşı ilə onun yanında yaşamışdır. Hətta atası sağ olarkən vəsiyyətnamə yazmış, yaşadığı evi vəsiyyətnamə ilə vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə evdən oğurlanmışdır. Atası öləndən sonra onu aldadaraq imza etdirmişlər. Sonradan başa düşmüşdür ki, evi qardaşının oğlu X3 adına keçiriblər. İddiaçı hazırda Almaniyada yaşayır, onun Lənkəranda 2 yerdə 4 və 5 otaqlı evi var. Bütün bu xoşagəlməz iddialar anası Aybənizin tələbidir. O, atasının vərəsəsi olmaqla ondan qalan miras əmlakdan pay istəyir, həm də bu miras payı onun bacıları da tələb edirlər. O, həmin evdə doğulub böyümüşdür. Ailə qurduqdan sonra da ailəsilə bərabər 30 ilə kimi atasına məxsus olan evdə yaşamış, hazırda da orada yaşayır. Həmin ev uçulmaq və dağılmaq vəziyyətində olanda həyat yoldaşı ilə həmin evi əsaslı təmir etmişlər, ora həyət qapısı qoydurmuşlar. İddiaçı onlara qarşı ədalətsiz olaraq iddia qaldırır və onun iddia tələbində böyük haqsızlıq görünür. İddia tələbinin heç bir hüquqi əsası olmadığı üçün iddianın rədd edilməsini məhkəmədən xahiş edir. İş materiallarında olan xx.xx.2017-ci il tarixli ********** qeydiyyat nömrəli ƏMDX yanında DƏDK və RPHŞ-nin hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən olan **********67-10301 reyestr nömrəli Çıxarışdan müəyyən edilir ki, ünvan 1 ünvanında yerləşən 0.0269 ha torpaq sahəsi və ümumi sahəsi 181 kv.m olan fərdi yaşayış evi İddiaçı məxsusdur. Bu barədə daşınmaz əmlakın dövlət reyestində 46 nömrəli reyestr kitabının 69 nömrəli vərəqində qeydiyyata alınmışdır və hüququn yaranması əsası onun bağışlanmasıdır. İş materiallarında olan ƏMDK yanında DƏDRX-nin 10 saylı ərai idarəsinin xx.xx.2017-ci il tarixli 12431 inventar nömrəli texniki pasportu və ona əlavə olunan torpaq sahəsinin planından görünür ki, **********67-10301 reyestr nömrəli ünvan 1 ünvanında yerləşən 2 mərtəbəli 2 otaqlı, ümumi sahəsi 181.0 m2, yaşayış sahəsi 48.4 m2, köməkçi sahəsi 132.6 m2 olan fərdi yaşayış evinin hüquq subyekti İddiaçıdur. İş materiallarında olan xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinin təsdiq olunmuş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0155 ha torpaq sahəsi və həmin torpaq sahədə yerləşən ümumi sahəsi 181 kv.m olan fərdi yaşayış evi tam olaraq mülkiyyətçisi X5, yəni hədiyyə edən tərəfindən hədiyyə alan İddiaçı bağışlanmışdır. İş materiallarında olan AZ-İ № 505074 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2012-ci il tarixdə kəskin ürək çatışmazlığından ölmüşdür. İş materiallarında olan AZ-İ № 889492 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2017-ci il tarixdə kəskin qaraciyər komasından ölmüşdür. İş materiallarında olan 382121 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Cavabdeh2 Şövlət oğlu və X6 xx.xx.1987-cı il tarixdə 73 nömrəli nikah akt qeydi ilə nikahlarını bağlamışlar. Nikah bağlandıqdan sonra ərə Cəbiyev, arvada Cəbiyeva soyadı verilmişdir. İş üzrə qəbul edilmiş məhkəmə aktları: a) Birinci instansiya məhkəməsində icraat. İddiaçı qətnaməsi ilə (hakim: Elvin Ələsgərov) iddianın təmin edilməsi, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı məxsus ünvan 1 ünvanında 0.0269 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 181.0 kv.m olan yaşayış sahəsi 48.4 kv.m, köməkçi sahəsi 132.6 kv.m olan iki mərtəbəli iki otaqlı fərdi yaşayış evindən çıxarılması və həmin evin İddiaçı təhvil verilməsi, iddiaçı tərəfindən işin məhkəməyə verilməsi üçün ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi qət edilmişdir. Apellyasiya şikayətinin və ona etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları: b) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh1 apellyasiya şikayətində bildirmişdir ki, işə birinci instansiya məhkəməsində baxılarkən o, məhkəmədə iştirak etməmişdir. Lakin məhkəməyə etiraz ünvanlayaraq aşağıdakıları qeyd etmişdir. xx.xx.1966-cı ildə ünvan 5 ünvanda yerləşən ev onun valideynlərinə məxsusdur. Onun hazırda 59 yaşı var və 59 ildir valideynlərinə məxsus olan həmin evdə yaşayır. Orada 4 qız uşağı dünyaya gətirmişdir. İki qızı həmin evdən gəlin köçmüşdür, 2 qızı isə hazırda həmin ünvanda onunla bir ailədə yaşayır. O, həmin evdə doğulduğu üçün həmin evdə qeydiyyatdadır. İddiaçının və onun nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etmir və tələblə razı deyil. Belə ki, valideynlərinə məxsus olan miras evdə onun vərəsə kimi yaşamaq hüququ var. Həm də valideynlərinin bütün övladlarının (vərəsələrin) həmin evdə məcburi payı var. X12 uzun illər yataq xəstəsi olmuşdur və onun yanında yaşamaqla bərabər, ona yataq xəstəsi kimi 20 il xidmət etmişəm. O, 1987-ci ildə Lerik rayonun vətəndaşı Cavabdeh2 Şövlət oğlu ilə ailə qurmuşdur, Lerik rayonuna gəlin getsə də, atasının istəyi ilə həyat yoldaşı ilə onun yanında yaşamışdır. Hətta atası sağ olarkən vəsiyyətnamə yazmış, yaşadığı evi vəsiyyətnamə ilə vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə evdən oğurlanmışdır. Atası öləndən sonra onu aldadaraq imza etdirmişlər. Sonradan başa düşmüşdür ki, evi qardaşının oğlu X3 adına keçiriblər. İddiaçı hazırda Almaniyada yaşayır, onun Lənkəranda 2 yerdə 4 və 5 otaqlı evi var. Bütün bu xoşagəlməz iddialar anası Aybənizin tələbidir. O, atasının vərəsəsi olmaqla ondan qalan miras əmlakdan pay istəyir, həm də bu miras payı onun bacıları da tələb edirlər. O həmin evdə doğulub böyümüşdür. Ailə qurduqdan sonra da ailəsilə bərabər 30 ilə kimi atasına məxsus olan evdə yaşamışdır, hazırda da orada yaşayır. Həmin ev uçulmaq və dağılmaq vəziyyətində olanda həyat yoldaşı ilə həmin evi əsaslı təmir etmiş, ora həyət qapısı qoydurmuşlar. İddiaçı onlara qarşı ədalətsiz olaraq iddia qaldırır və onun iddia tələbində böyük haqsızlıq görünür. Qeyd edir ki, o, həmin evdə heç bir etirazsız və mübahisəsiz 30 ildən yuxarı qeyd edilən evdə yaşamışdır. O, həmin evdə yaşayarkən və xəstə atasına qulluq edərkən iddiaçı tərəfin yadına valideynləri düşməmişdir. O özü öz valideyninə qulluq etmişdir. Onun ən ağır vaxtında yanında olmuş və götür-qoyunu etmişdir. Məhz buna görə də valideyni həmin evi ona vəsiyyət etmişdir. Bundan əlavə, həmin ev uçulmaq təhlükəsində olanda da o həmin evə xərc çəkərək əsaslı təmir etdirmişdir. Onda da iddiaçı heç vaxt hər hansı bir xərc çəkməyə yaxın durmamışdır. Yəni ki, açıq-aşkar görünür ki, o həmin evdə yaşamış və həmin evdə haqqı olmuşdur. İddiaçı tərəfin həmin evdə heç bir haqqı olmamışdır. Məhkəmə isə bunların heç birini araşdırmamışdır. Həmçinin onun həmin evdə qeydiyyatının olması da araşdırılmalı məsələlərdən olsa da, məhkəmə yenə bunu da araşdırmaq istəməmişdir. Həmçinin qeyd edir ki, atası vəfat etdikdən sonra həmin evin qardaşının adına necə keçməsi də araşdırılmamışdır. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1752/2025 saylı qətnaməsinin tamamilə ləğv edilməsini və iddianın təmin edilməməsini xahiş etmişdir. c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri: Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. d) Məhkəmə iclasında iştirak edən şəxslərin izahatları: Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 apellyasiya baxışı zamanı apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər. İddiaçı nümayəndəsi Nümayəndə ərizə ünvanlayaraq üzrlü səbəbdən iştirak edə bilməyəcəklərini bildirərək, iştirakları olmadan işə baxılmasını və apellyasiya şikayətinin təmin edilməməsini xahiş etmişdir. Digər cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmiş və gəlməmənin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə tərkibi Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 376.2-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışının hədləri: Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra - MPM): 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372-ci maddəsinin apellyasiya baxışının hədləri barədə müddəalarının həmin Məcəllənin 372.1 və 372.7-ci maddələrinin tələbləri baxımından şərh edilməsinə dair” 20 may 2011-ci il tarixli Qərarında qeyd edilir ki, “Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 372.1-ci maddəsinə uyğun olaraq apellyasiya instansiyası məhkəməsi həmin Məcəllənin 372.6-cı maddəsində nəzərdə tutulduğu hallarda birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını mübahisələndirilən hissəsində apellyasiya şikayətinin dəlilləri həcmində yoxlayır. Bununla əlaqədar olaraq, apellyasiya instansiyası məhkəməsi qətnamənin mübahisələndirilməyən hissəsinə toxunmamalıdır. Qətnamənin tərəflərin mübahisələndirilməyən, onun əsaslılığını şübhə altına alınmayan hissədə ləğv edilməsi və ya dəyişdirilməsi dispozitivlik və çəkişmə prinsipinin pozulması kimi qiymətləndirilməlidir.” Odur ki, məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri həddində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1752/2025 nömrəli qətnaməsinin yoxlanılmasını zəruri hesab edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 52.3-cü maddəsinə əsasən istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası MPM-in: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 372.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. 372.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qətnaməsinin əsaslılığını onun düzünə və ya dolayısı ilə mübahisələndirilən hissəsində, şikayət qərarın ləğv edilməsinə yönəldikdə və ya apellyasiya şikayətində və ona etirazlarda ifadə olunmuş dəlillərə əsasən mübahisənin predmeti bölünməz olduqda isə tam yoxlayır. 372.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi: Azərbaycan Respublikası MPM-in 372.1-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi tam hüquqlu məhkəmə kimi işə, işdə olan və əlavə təqdim olunmuş sübutlar əsasında mahiyyəti üzrə baxır. Həmin Məcəllənin 372.7-ci maddəsinin tələbinə görə apellyasiya instansiya məhkəməsi şikayətin dəlillərindən asılı olmayaraq, məhkəmənin maddi və prosessual hüquq normalarına riayət etməsini yoxlayır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayan Cavabdeh1 apellyasiya şikayətində Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)- 1752/2025 nömrəli qətnaməsinin ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün əhəmiyyətli olan halları kifayət qədər araşdırmış, mübahisə predmeti ilə bağlı tərəflərin yaranmış qarşılıqlı münasibətləri üzrə hüquqi nəticəyə gələrkən tətbiq edilməli olan maddi hüquq normalarını tətbiq etmişdir. Odur ki, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1752/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayəti təmin edilməməlidir. Buna baxmayaraq tərəflərin ədalətli məhkəmə araşdırması hüququnun qorunması baxımından cavabdeh tərəfin apellyasiya şikayətində göstərdiyi dəlillərin apellyasiya instansiyası məhkəməsi tərəfindən araşdırılması və onlara hüquqi qiymət verilməsi zəruridir. Belə ki, “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsində qeyd edilir ki, “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir...” İş materiallarından göründüyü kimi, ünvan 6 ünvanında yerləşən fərdi yaşayış evi iddiaçının babası (Cavabdeh1 atası) xx.xx.2012-ci il tarixdə vəfat etmiş X2 xüsusi mülkiyyətində olmuş, sonuncu vəfat etdikdən sonra iddiaçının mərhum atası X5 həmin əmlakı miras olaraq tam həcmdə qəbul edib mülkiyyət hüququnu qeydə aldırmış və xx.xx.2017-ci il tarixli daşınmaz əmlakın bağışlanması müqaviləsinə əsasən İddiaçı bağışlamış, sonuncu həmin evə mülkiyyət hüququ əldə etmişdir. Cavabdeh apellyasiya şikayətində göstərir ki, onun mübahisəli mənzildə qeydiyyatının olması da araşdırılmalı məsələlərdən olsa da, məhkəmə bu halı araşdırmamışdır. Onun mənzildə yaşamaq hüququ vardır. Kollegiya cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.1 və 228.2-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrinin şərh edilməsinə dair Konstitusiya Məhkəməsinin Plenumunun 16 dekabr 2014-cü il tarixli Qərarında qeyd olunur ki, Mülki Məcəllədə “istifadə” sözü mahiyyətcə müxtəlif institutlarla bağlı müddəalarda geniş şəkildə işlədilmişdir. Mülki qanunvericilikdə “istifadə hüququ” ifadəsi əmlak hüquqlarının hər hansı bir növünü deyil, müəyyən bir hüququn həyata keçirilmə şəklini (formasını) ifadə edir. Buna müvafiq olaraq qeyd edilməlidir ki, Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində nəzərdə tutulan yaşayış binasının tərkib hissəsindən “istifadə hüququ”nun mahiyyəti və həcmi Mənzil Məcəlləsinin 30.2-ci maddəsində nəzərdə tutulan yaşayış sahəsindən “istifadə etmək hüququ”nun mahiyyəti və həcmindən fərqlidir. Hər iki məcəllədə yaşayış sahəsindən istifadə etmək imkanı nəzərdə tutulsa da, bu istifadəni təmin edən hüquqi əsaslar fərqlidir. Mülki Məcəllənin 228-ci maddəsinin məzmunundan məlum olur ki, həmin maddədə yaşayış binasının tərkib hissəsindən istifadə etmək səlahiyyətini təmin edən hüquq, mülki qanunvericilikdə məhdud əşya hüquqlarına dair nəzərdə tutulan bütün xüsusiyyətləri özündə əks etdirdiyinə görə məhdud əşya hüququdur. Bundan fərqli olaraq, yaşayış sahəsi mülkiyyətçisinin hüquqlarının məhdudlaşdırılmasının digər əsaslarından biri kimi Mənzil Məcəlləsinin 30.1 və 30.2-ci maddələrində göstərilən ailə münasibətləri əşya hüquqlarına aid edilə bilməz. Belə ki, Mənzil Məcəlləsinin 30-cu maddəsində göstərilən şəxslərin yaşayış sahəsindən istifadə edə bilmələrinə hüquqi əsas yaşayış sahəsinin mülkiyyətçisi ilə bağlanan müqavilələr və onlara əsasən həyata keçirilən mülki hüquqi əməliyyatlar sayəsində əldə edilən hüquqlar deyil, məhz yaşayış sahəsinin mülkiyyətçisi ilə olan ailə münasibətləri sayəsində yaranan hüququn həyata keçirilməsidir. Beləliklə, Mənzil Məcəlləsinin 30-cu maddəsində mülkiyyətçiyə məxsus yaşayış sahəsindən onun ailə üzvünün istifadə etməsinə əsas verən hüququn yaranması və xitamı mülki qanunvericiliyin deyil, ailə qanunvericiliyinin müvafiq normaları ilə tənzimlənir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarına əsasən Mənzil Məcəlləsinin 60-cı maddəsininin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. Həmin qərarda həmçinin göstərilmişdir ki, mənzil mübahisələrinə məhkəmələr tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. Həmin qərarda həmçinin göstərilir ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin 1-ci hissəsində nəzərdə tutulan norma tərəflərin öz hüquqlarından sui-istifadə hallarının qarşısını almağa yönəlir, onlara imkan verir ki, məhkəmə vasitəsilə öz qanuni hüquqlarının qorunmasını, qarşılıqlı hüquq və vəzifələrdən yaranan oxşar münasibətlərin tənzimlənməsini həyata keçirsin. Avropa İnsan Hüquqları Məhkəməsi “Gillounun Birləşmiş krallığa qarşı” iş üzrə 24 noyabr 1986-cı il tarixli qərarında qeyd etmişdir ki, şəxs qaldığı yerin 8-ci maddədə nəzərdə tutulan mənada “mənzil” sayılması üçün həmin yerlə yetərli və davamlı əlaqələrinin olduğunu sübut etməlidir. Cavabdeh1 apellyasiya baxışı zamanı izahatında göstərmişdir ki, 1987-ci ildə ailə həyatı quraraq, həmin evdən Lerik rayonuna qayınatasına məxsus evə gəlin köçmüş, 1991-ci ilə kimi Lerik rayonunda yaşamışdır. Daha sonra isə Rusiya Federasiyasına getmişlər. 4 övladı var, uşaqların ikisi Lerik rayonunda yaşadıqları evdə, biri Rusiya Federasiyasında, digəri isə Lənkəran rayonunda anadan olmuşlar. 2009-cu ildə Rusiya Federasiyasından Azərbaycana qayıdaraq mübahisəli evdə yaşamağa başlamışlar. Göründüyü kimi, cavabdeh 1987-ci ildə ailə qurarkən möhkəm təməllərə əsaslanan daimi nikah münasibətlərində olmaq niyyətində olmuş və mübahisəli mənzildən könüllü şəkildə çıxaraq yeni ailəsi ilə daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getmişdir. Belə olan halda isə cavabehlərin mənzildən istifadə hüququ itirilmişdir. Məhkəmə kollegiyası onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 27.1-ci maddəsinə əsasən, fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. Şəxsin bir neçə yaşayış yeri ola bilər. On dörd yaşına çatmamış şəxslərin yaşayış yeri valideynlik hüquqlarını itirməmiş valideynlərinin yaşayış yeri sayılır, qəyyumluq altında olan şəxsin yaşayış yeri isə qəyyumun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun Ü.Rəhimovanın şikayəti üzrə 2009-cu il 25 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, şəxsin (digər ailə üzvlərinin) mənzilə mülkiyyətçinin şifahi razılığı əsasında köçməsi və mənzilə qeydiyyata düşməsi onun Mülki Məcəllənin 228.5-ci maddəsinin tələblərinə görə həmin mənzildən istifadə hüququ əldə etməsinə səbəb olmur. Konstitusiya Məhkəməsinin Plenumu “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli Qərarında qeyd etmişdir ki, yaşayış sahəsinin mülkiyyətçisinin razılığı ilə onun mülkiyyətində olan yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Beləliklə, göstərilənlərə əsasən belə nəticəyə gəlinir ki, yaşayış yeri üzrə qeydiyyata alınma həmin yaşayış sahəsindən istifadə hüququnun yaranmasını ehtiva etmir. Belə ki, qanunvericilik istifadə hüququnun yaranması faktını şəxsin həmin mənzilə qeydiyyatının olub-olmamasından asılı etməmişdir. Göründüyü kimi, evə daimi qeydiyyat icazə xarakteri daşımadığından əmlak hüquqları yaratmır. Cavabdeh apellyasiya şikayətində göstərir ki, mərhum atası X1 olarkən vəsiyyətnamə yazmış, yaşadığı evi vəsiyyətnamə ilə vəsiyyət etmişdir. Həmin vəsiyyətnamə evdən oğurlanmışdır. Atası öləndən sonra onu aldadaraq sənədə imza etdirmişlər. Sonradan başa düşmüşdür ki, evi qardaşının oğlu X3 adına keçiriblər. Kollegiya apellyasiya şikayətinin qeyd olunan dəlilinə münasibət bildirərək qeyd edir ki, Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Cavabdeh isə qeyd olunan hallara dair nə birinci, nə də apellyasiya instansiya məhkəməsinə hər hansı sübut təqdim etmişdir. Odur ki, apellyasiya şikayətinin qeyd olunan dəlili əsassızdır. Cavabdeh həmçinin apellyasiya şikayətində göstərir ki, mübahisə predmeti olan ev uçulmaq təhlükəsində olanda da o həmin evə xərc çəkərək əsaslı təmir etdirmişdir. Açıqaşkar görünür ki, o həmin evdə yaşamış və həmin evdə haqqı olmuşdur. İddiaçı tərəfin həmin evdə heç bir haqqı olmamışdır. Məhkəmə isə bunların heç birini araşdırmamışdır. Həmçinin onun həmin evdə qeydiyyatının olması da araşdırılmalı məsələlərdən olsa da, məhkəmə bu halı da araşdırmamışdır. Kollegiya apellyasiya şikayətinin həmin dəlilinə münasibət bildirərək qeyd edir ki, Mülki Məcəllənin 157.7-ci maddəsinə əsasən vicdanlı sahib əmlaka zərər yetirmədən ondan ayrıla bilən öz yaxşılaşdırmalarını özündə saxlaya bilər. Yaxşılaşdırmaları bu cür ayırmaq mümkün olmadıqda vicdanlı sahib əmlakın dəyərindən artıq olmamaq şərti ilə, onu yaxşılaşdırmaq üçün çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb edə bilər. Cavabdehin də çəkdiyi məsrəflərin əvəzinin ödənilməsini tələb etmək hüququ vardır. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və hesab edir ki, birinci instansiya məhkəməsi iş üçün mühüm əhəmiyyəti olan bütün faktiki halları aydınlaşdırmış, gəldiyi nəticə isə işin faktiki hallarına uyğun olmaqla qanuni və əsaslı olmuşdur. Azərbaycan Respublikası MPM-in 217.1-ci maddəsinin tələbinə görə məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Qətnamənin qanuniliyi dedikdə onun mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılması başa düşülür. Qətnamənin əsaslılığı dedikdə isə qətnamənin iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətlərinə uyğun olması başa düşülür. Qətnamə o vaxt əsaslı hesab edilir ki, onda baxılan iş üçün əhəmiyyətli olan, qanunun tələblərinə uyğun olaraq işə aid edilən və mötəbər sübutlarla təsdiq olunan faktlar əks etdirilmiş olsun, məhkəmənin iş üzrə müəyyən edilən faktlardan irəli gələn nəticəsi onda şərh olunsun, habelə qətnamədə göstərilən hallar işin materiallarına uyğun olsun. Beləliklə, məhkəmə kollegiyası yekun olaraq hesab edir ki, birinci instansiya məhkəməsinin qətnaməsindən verilmiş apellyasiya şikayəti faktlar nöqteyi-nəzərdə qanuni və əsaslı olan məhkəmə qətnaməsinin ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikası MPM-in 385.2-ci maddəsinə əsasən birinci instansiya məhkəməsinin faktlar nöqteyi-nəzərindən qanuni və əsaslı olan və mahiyyəti üzrə düzgün olan qətnaməsi yalnız formal mülahizələrə görə ləğv edilə bilməz. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış sübutları tədqiq edərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassızdır. Apellyasiya şikayətinin təmin edilməsi, Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1752/2025 nömrəli qətnaməsinin ləğv edilməsi üçün Azərbaycan Respublikası MPM-in 385-ci maddəsində nəzərdə tutulan əsaslar yoxdur. Azərbaycan Respublikası MPM-in 402.1-ci maddəsinə əsasən mülki işlər üzrə qəbul edilmiş qətnamənin mübahisələndirilən hissəsində iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə isə müvafiq olaraq on min manatdan az olan əmlak xarakterli iddialar üzrə qətnamələr istisna olmaqla, apellyasiya məhkəmələrinin mülki və kommersiya kollegiyalarının və Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin mülki və kommersiya kollegiyalarının qətnamələrindən kassasiya şikayəti verilə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 382, 384.0.2, 385.2, 392, 393 və 405-ci maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Qət etdi: Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Lənkəran Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(049)-1752/2025 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılsın. Qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay müddətində Şirvan Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər. Apellyasiya instansiyası məhkəməsinin qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 2 ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(106)-1612/2025
Şirvan Apellyasiya Məhkəməsi Qətnamə — İş №2(106)-1612/2025
16.12.2025 · Torpaq mübahisələri - Torpaq sahəsinin boşaldılması - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver